“ABŞ-Çin qarşıdurması güclənir”.
Yenixeber.org: Bunu saytımıza açıqlamasında politoloq Elxan Şahinoğlu deyib. Politoloq qeyd edib ki, Çinin hərbi ritorikası getdikcə sərtləşir:
”Vaxtilə yalnız iqtisadi zəmində güclənən və dünyadakı hərbi qovğalardan yan keçən Çin siyasətini dəyişir. Çin həbrçilərinin bugünlərdə Hindistanla sərhəddə törətdiyi təxribat da bundan xəbər verirdi. İki ölkə arasındakı sərhəddə baş verən insident Pekinin əzələ nümayişi idi. Çinin növbəti hədəfi Honkonq və Tayvan adasıdır. Honkonq uzun illər Böyük Britaniyaya məxsus olub, 1997-ci ildə xüsusi statusla Çinə qaytarılıb. “Bir dövlət, iki sistem” Honkonqun maraqlarına zidd deyildi, idarəetməsini qoruyurdu. Ancaq son illər Çin fəal surətdə Honkonqun daxili işlərinə qarışmağa başlayıb. Vaşinqtonun son hesabatına görə, “bir dövlət, iki sistem” statusu artıq işləmir və Pekinin məqsədi Honkonqa nəzarəti tam ələ keçirməkdir. ABŞ prezidenti Donald Tramp da bu haqda açıqlamalar verib. Pekində eyni zamanda Tayvan adasıyla bağlı da oxşar planlar hazırlanır. Tayvanın Çinə zorən birləşdirilməsi mövzusu fəal müzakirə olunur. Pekində məsələni danışıqlar yolu ilə həll etməyə üstünlük verirlər, ancaq alınmasa, hərbi variantı da istisna etmirlər”.
Elxan Şahinoğlunun fikrincə, Tayvanın əsas müdafiəçisi və qoryucusu ABŞ-dır:
”Çinin Tayvanı ələ keçirmək təşəbbüslərinə Vaşinqton seyirçi qalmayacaq. Vaşinqton 1979-cu ildə Çini rəsmən tanımasına baxmayaraq, Tayvana hərbi yardımını heç zaman kəsməyib. ABŞ Konqresinin Tayvana hərbi yardımı əsaslandıran xüsusu qanunu da var. Pentaqon Tayvanla birgə bölgədə hərbi təlimlərə də ara vermir. Buna baxmayaraq, keçmiş illərdən fərqli olaraq Pekində Vaşinqtonla qarşıdurmadan çəkinmirlər. Məsələn, Çinin baş qərargah rəisi general Li Tsoçen deyib ki, Tayvan bütün hallarda Çinin materik hissəsinə birləşdirilməlidir. Maraqlıdır ki, Çin əhalisi arasında Tayvanı hərbi yolla materikə biləşdirməyin tərəfdarları da artır. Məsələn, sosial şəbəkədə Tayvanı hərbi yolla birləşdirməyə çağırış edən səhifəyə 750 milyon baxış olub”.
Politoloq hesab edir ki, Çin Tayvanın özündə də tərəfdar qrupu formaslaşdırmağa çalışır: “Çin Honkonqa vaxtilə təklif etdiyini Tayvan rəhbərliyinə də təklif edir: “Gəlin “bir dövlət, iki sistem” əsasında birləşək”. Ancaq hadisələrin müşahidəsi göstərir ki, “bir dövlət, iki sistem” Pekin üçün müvəqqəti xarakter daşıyır. Pekin qonuşulqdakı çinlilərin də kommunist sistemi çərçivəsində yaşamasına çalışır. Tayvanda və Honkonda yaşayan çinlilərin əksəriyyəti üçün kommunizm modelini özləri üçün yolverilməz sayırlar.
Beləliklə, bölgədə yeni gərginlik ocağı yaranır. ABŞ və Çin koronavirusla mübarizə aparmalarına, insan və maliyyə itkilərinə baxmayaraq, hərbi ritorikalarını zəiflətmirlər. Rusiya 2008-ci ildə Gürcüstanla apardığı müharibə, Abxazıya və Cənubi Osetiyaya qoşun yeritməsi, o cümlədən 2014-cü ildə Krımı ilhaq etməsi, Donbasda separatizmə dəstək verməsi səbəbindən əsas təhlükəli dövlət elan edilmişdi. Ancaq son bir-iki ildə Çin Rusiyanı qabaqlamağa “müvəffəq” olub və beynəlxalq aləm Çini ram etməyin yollarını arayır”.(qaynarinfo)