“Ərəb baharı”ndan sağ çıxan tək diktator: Bəşər Əsədi qoruyan güclər...
2011-ci ildən dirənən Suriya prezidentinə təkcə İran və Rusiyanın qahmar çıxması dayaq olmadı; politoloq: “Həm də insanlar dünyəvi diktatura ilə radikal şəriət rejimi arasında birincini seçdi...”
Yenixeber.org: Suriya “Şərqin qapısı”dır. Bu ölkənin dünya gücləri üçün əhəmiyyətini anlamamaq mümkün deyil. Ona görə də 2011-ci ildə “Ərəb baharı” Dəməşqə çatanda siyasi rejimin dərhal devrilməyəcəyi öncədən görünürdü. Bilinirdi ki, “Şərqin qapısı” uğrunda mübarizə regional savaşa çevriləcək, siyasi hakimiyyətə qarşı etirazları vətəndaş müharibəsi, daha sonra terrorizmə müqavimət əvəzləyəcək.
2011-ci il martın 15-də ölkənin cənubunda Dəra şəhərində bir neçə məktəblinin divarlara hökumət əleyhinə şüar yazması ilə başlayan hadisələr ilk vaxtlarda hər şey fərqli idi. Tezliklə proses Bəşər Əsədin xeyrinə işləməyi başladı - rejim əleyhinə ümumxalq mitinqləri dayandı, diqqət İŞİD, “Əl-Nusra” və digər silahlı birləşmələrə qarşı mübarizəyə yönəldi.
Regional mübarizədə isə Rusiya və İran Əsəd rejimini sona qədər dəstəklədi. Əslində bu, Moskvanın və Tehranın Əsəd hakimiyyətinə dəstəyi yox, Suriyanı Qərbin orbitinə verməmək dirənişi idi. Suriyada hakimiyyətdə kim olsaydı, İran və Rusiya analoji mövqedə dayanacaqdı. Həmçinin Çin də Suriya uğrunda savaşda anti-Qərb koalisiyasında dayandı və Əsədi qorudular.
Bununla belə, Suriyanı və onun hazırkı hakimiyyətini, konkret olaraq Bəşər Əsədi bu qədər qoruyub saxlayan və hətta dünya müharibəsinə səbəb ola biləcək amil nədir? Doğrudanmı, Bəşər Əsəd bu qədər güclü və vazkeçilməzdir? Suriya hakimiyyətinin 9 ilə yaxın davam gətirməsi və arxasında bu qədər gücün dayanmasının səbəbi nədir?
O zaman dünyada Bəşər Əsədə münasibət birmənalı idi. Hər kəsə aydın idi ki, Əsəd davam gətirə bilməyəcək. Hakimiyyətdən sürətli qopmalar, ordu generallarının, hökumət nazirlərinin müxalifətin tərəfinə keçməsi Əsəd rejiminin devrilməsinin yaxında olduğunu göstərirdi.
Ancaq Tunisdə Zeynalabidin bin Əli 1 ay, Misirdə 30 illik diktatoru Hüsnü Mübarək 3 həftə, Liviyanın 42 illik diktatoru, böyük sərvətə və gücə malik Qəzzafi 7 ay, Yəmənin “hakimi-mütləqi” Əli Abdullah Salehi isə bir il tab gətirə bildi. Bəşər Əsədin taleyi fərqli oldu. Yəni ən azı bu gün baxdıqda digər diktatorlar kimi devrilmədi və ya qaçmadı.
Politoloq Ramiyə Məmmədovanın “Yeni Müsavat”a bildirdiyinə görə, Suriyada müharibə başlamasaydı, Əsəd devriləcəkdi. Onun fikrincə, silahlı terror qruplarının ölkəyə sızması, İŞİD-in bəzi şəhərləri ələ keçirməsi situasiyanı dəyişdi: “Dünya gücləri imkan vermədilər ki, Suriya xalqı özü başladığı prosesi sona çatdırsın. Halbuki ”ərəb baharı" bu ölkəyə də sıçramışdı, xalq etirazlarının nəticəsi olaraq Əsəd hakimiyyətdən getməyə məcbur olacaqdı. Nəzərə alsaq ki, o, Mübarək və Qəzzafi kimi qətiyyətli avtoritet deyildi, dayaqları sarsılmağa başlamışdı, hökumətin içindən parçalanma varıydı. Amma indi aydın olur ki, məqsəd Əsəd rejimini devirmək yox, Suriyanı parçalamaq olub. Ona görə də Rusiya Əsədi qorumalıydı. Çünki Liviyada, Misirdə etdiyi səhvlərdən dərs çıxardı, anladı ki, müdaxilə etməsə, Qərb Suriyanı da götürəcək".
Siyasi şərhçi İranın niyə Əsədə qahmar çıxmasının səbəblərini açıqladı: “Tehran yaxşı başa düşürdü ki, Suriyadan sonra növbə onundur. Son hadisələr də bunu isbatladı. İraqda generalının öldürülməsi, sanksiyaların gətirdiyi bahalaşmaya görə şəhərləri bürüyən etiraz aksiyaları... Yəni İran bilirdi ki, prosesi Suriyada tormozlamaq lazımdır, savaşı üçüncü ölkədə aparmalıdır. Bu mənada öz generallarını, əsgərini Suriyaya göndərdi. Buna Əsədi qorumaq da demək olmaz, sadəcə, Suriyadan sonra prosesin İrana keçməməsi üçün neytrallaşdırmağa çalışdı. Bir vacib nüansı da gözdən qaçırmaz olmaz. Suriyada kütləvi edamlar, qətllər, zorakılıqlar, baş kəsmək və digər dünyanı dəhşətə gətirən olaylar Əsədə münasibəti dəyişdi. Bu hadisələrin videogörüntüləri məqsədli olaraq tez bir zamanda dünyaya yayılırdı. Belə bir informasiya savaşında Əsədin terrora, pisliyə qarşı mübarizə apardığı, daha pozitiv imici formalaşdı. Təsadüfi deyil ki, Suriyadakı böhranın ikinci ilində artıq Əsəd arxayın şəkildə xarici KİV-lərə müsahibə verərək ölkəsində terrora qarşı mübarizə apardığını bəyan edirdi”.
Ekspert hesab edir ki, Rusiya və İranın ciddi dəstəyi ilə Əsəd müharibəni udmuş sayılır: “İŞİD şəhərləri qaytarmalı olub, paytaxt elan etdiyi Rakkadan çıxıb. İndi Suriyada sabitliyin qarantı, dominant fiqur kimi Bəşər Əsəd görünür. Onun yaxın vaxtlarda hakimiyyətdən gedəcəyi görünmür”.
R.Məmmədovanın sözlərinə görə, 50 ildir dünyəvi rejimdə yaşayan, zəngin etnik və dini mozaikası olan Suriyada radikal şəriətçiləri heç də hər kəsin sevmədiyi məlum idi: “Suriyada cihad fətvaları, şəriət sistemi qurmaq çağırışları Əsədin xeyrinə işlədi. İnsanlar dünyəvi diktatura rejimi ilə radikal şəriət rejimi arasında seçim edərək üstünlüyü köhnə rejimə verdi. İndi isə elə bir alternativ qüvvə, xalqı inandıracaq dünyəvi müxalifət yoxdur ki, Əsədlə döyüşə bilsin”.(musavat)
Emil SALAMOĞLU