Dünya gücləri yenə Bakını seçdi -gündəmdə nələr var?
Azərbaycan paytaxtı növbəti dəfə qlobal miqyasda siyasi-diplomatik fəaliyyətin mərkəzinə çevrilir; Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov və NATO-nun Avropada Müttəfiq Qüvvələrinin Ali Baş Komandanı Tod Volters danışıqlar aparmaq üçün Bakıya gəliblər
Yenixeber.org: Rusiya Federasiyası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov və Bakıda NATO-nun Avropada Müttəfiq Qüvvələrinin Ali Baş Komandanı Tod Volters danışıqlar aparmaq üçün fevralın 6-da Bakıya səfər ediblər. “Yeni Müsavat” xatırladır ki, artıq beşinci dəfədir ki, bu növ görüşlər keçirilir. Bu formatda görüş 2017-ci ilin fevralından başlayıb. O vaxt 2017-ci ilin sentyabrında V.Gerasimov ABŞ Silahlı Qüvvələrinin Birləşmiş Qərargah Rəisləri Komitəsinin rəhbəri, general Cozef Danford ilə müzakirələr aparmışdı. Həmin ilin sentyabrında NATO Hərbi Komitəsinin rəhbəri, general Petr Pavel ilə general V.Gerasimovun görüşü də Bakıda keçirilmişdi. 2018-ci ilin aprelində yenə də Bakıda V.Gerasimov-K.Skaparrotti görüşü baş tutmuşdu. Ötən ilin mayında isə Skaparottini Tod Volters əvəz edib. Yəni bu T.Uoltersin Bakıda V.Garsimovla sayca ikinci görüşüdür.
Hər iki general Prezidentin qəbulunda
Onlar əvvəlcə Azərbaycan prezidenti İlham Əliyevlə görüşüblər. NATO Müttəfiq Qüvvələrinin Avropadakı Ali Komandanı Tod Voltersin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşdə NATO-Azərbaycan əlaqələri müzakirə edilib. Rusiya Federasiyası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimovun Azərbaycan prezidenti ilə görüşündə də iki ölkə arasında hərbi-strateji sahələrdə əməkdaşlıq müzakirə olunub. Məlumatı Rusiya Federasiyası Müdafiə Nazirliyinin İnformasiya və Kütləvi Kommunikasiya Departamentinə istinadən "RİA Novosti" yayıb.
Tərəflər Prezidentə görüşün təşkili üçün minnətdarlıq ediblər. Onlar Bakının NATO-Rusiya formatında görüşünün keçirilməsi üçün münasib məkan olduğunu, Azərbaycanın artıq beşinci dəfədir ki, belə bir tədbirə ev sahibliyi etməsinin əhəmiyyətini vurğulayıblar.
Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Valeri Gerasimov Bakıda azərbaycanlı həmkarı general-polkovnik Nəcməddin Sadıkovla görüşüb. Bu barədə Rusiya Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, tərəflər beynəlxalq və regional təhlükəsizlik məsələlərini müzakirə edib, habelə hərbi və hərbi-texniki əməkdaşlığa dair fikir mübadiləsi aparıblar: “Bundan əlavə, Xəzərdə qarşılıqlı əlaqələri davam etdirməkdə maraqlı olduqlarını təsdiqləyiblər”.
Bakı görüşündə masada nələr var?
ABŞ və Rusiya arasında qlobal miqyasda prinsipial əhəmiyyət daşıyan əsas müzakirə mövzuları şübhəsiz ki, Suriya və İran mövzusudur. Məlumdur ki, SEPAH komandalarından biri Qasım Süleymaninin öldürülməsindən sonra İran ətrafında gərginlik daha da artıb. İran ABŞ-ın Avropadakı müttəfiqlərinə-NATO-ya üzv ölkələri də hədəf kimi göstərir. Eyni zamanda hazırda Tehran və Moskva Suriya məsələsində də yaxından əməkdaşlıq edir. İran ətrafında gərginlik azalmadığı, Suriyada isə yenidən terror aktlarının artdığı üçün Rusiya Baş Qərargah rəisinin NATO generalı ilə görüşməsinə zərurət yaranıb. Üstəlik, NATO-Rusiya münasibətlərində də ənənəvi gərginlik qalmaqdadır. Daha bir müzakirə mövzusu Liviyadakı ikihakimiyyətlilikdir. Rusiya bu məsələdə də əsas oyunçulardan birinə çevrilib. Eləcə də NATO-Rusiya münasibətlərində ənənəvi müzakirə predmeti var: Rusiya NATO-nun sərhədlərinə doğru yaxınlaşması fonunda gərginliyi azaltmağa meyllidir.
Azərbaycan dünyanın qlobal müzakirələr məkanı kimi...
Beləliklə, dünyanın iki böyük hərbi gücünün vacib və aktual qlobal məsələləri Bakıda müzakirə etməyə qərar verməsi səbəbsiz deyil. Azərbaycan bütün parametrlərinə görə bu cür yüksək səviyyəli müzakirələrə uyğun bir məkandır. Cənubi Qafqazda məhz Azərbaycanın müzakirə məkanı kimi seçilməsi ciddi önəm daşıyır. Məlumdur ki, Azərbaycan müstəqil və dinamik inkişaf edən, daxili sabitliyə nail olmuş bir dövlətdir. Uzun müddətdir ki, Azərbaycan regionda bu sabitlik səviyyəsinə görə digər ölkələrdən fərqlənir. Daxili sabitlik sürətli islahatlarla müşayiət olunur. Bu iki faktor Azərbaycanı Cənubi Qafqazın geosiyasi qovşağına çevirib. Azərbaycan bütün istiqamətlərdə Cənubi Qafqazın lider dövləti mövqeyinə çıxıb.
Qərb və Rusiya üçün önəmli olan hərbi-müdafiə xarakterli mövzuların Azərbaycan paytaxtında müzakirə edilməsi həm də regional münaqişələrin ədalətli həlli üçün bir şansı ifadə edir.
Problemin digər aspekti müstəqil dövlət quruculuğu kursu ilə sıx bağlıdır. Azərbaycan regionda yeganə dövlətdir ki, suverenliyini, müstəqilliyini və xarici siyasətdə balanslaşma prinsipini tam saxlaya bilib. Bakı müstəqil dövlət quruculuğu prosesini beynəlxalq hüquq normaları çərçivəsində ardıcıl olaraq aparır. Bu sırada bütün dünya üçün əhəmiyyətli olan layihələr həyata keçirir. Avropa Azərbaycanı enerji təhlükəsizliyində vacib tərəfdaş hesab edir, Rusiya bütün istiqamətlərdə əlaqələrin strateji tərəfdaşlıq səviyyəsinə qalxmasına nail olub, İranla yaxın əməkdaşlıq mövcuddur, Türkiyə ilə qardaşlığa söykənən bir neçə əməkdaşlıq formatı var, Gürcüstanla Azərbaycanın münasibətləri də strateji xarakter daşıyır.
Azərbaycanın ABŞ və Avropa ilə də sıx əlaqələri mövcuddur. O cümlədən Bakı NATO ilə yaxından əməkdaşlıq edir. Müxtəlif beynəlxalq əməliyyatlarda aktiv iştirak edir, logistik xidmət göstərir. Azərbaycan hərbi sahədə Rusiya ilə ən sıx əlaqələri olan ölkələrdəndir. Təsadüfi deyil ki, Rusiya Azərbaycana ən çox silah satan dövlətdir.
Bütün bunlar, təbii ki, Bakının ABŞ və Rusiya generallarının rahat görüşüb müzakirə aparmaq məkanı olduğunu təsdiqləyir. Prezident İlham Əliyevin bu görüşlərin əhəmiyyəti haqda maraqlı fikirləri var. Prezidentin dedikləri bu mövzu üçün ən uğurlu sonluq ola bilər. "Dünyada BMT-yə üzv olan 200-ə yaxın ölkə var və bu ölkələr arasında bu görüş məhz Azərbaycanda keçirilir. Avropada 50-yə yaxın ölkə var, ancaq bu görüş Azərbaycanda keçirilir. Nəyə görə? İlk növbədə, bizə olan inam. Azərbaycan çox etibarlı tərəfdaşdır, sözümüzlə əməlimiz arasında heç bir fərq yoxdur, verdiyimiz hər bir sözə əməl edirik və sözümüzün arxasında dayanırıq" - deyə, prezident bildirib.“Yeni Müsavat”