“Beynəlxalq təşkilatlar öz prinsiplərini qoruya bilmir”
İstanbulda keçirilən İslam Əməkdaşlıq Təşkilatı Parlament İttifaqının növbəti 17-ci sessiyası toplantısında millət vəkili Gövhər Baxşəliyevanın başçılıq etdiyi Azərbaycan nümayəndə heyəti də iştirak edib
"Xeberinfo.com": VHP-nin mətbuat xidmətindən Axar.az-a verilən məlumata görə, Təşkilatın yekun bəyamnaməsinin müzakirəsi zamanı Azərbaycan nümayəndə heyətindən millət vəkili Sabir Rüstəmxanlı çıxış edərək dünyada baş verən son hadisələrə münasibətini bildirib. S.Rüstəmxanlı Fransadakı son terror hadisəsindən sonra dünyada daha da artan anti-islam əhval ruhiyyəsi və bunun müsəlman dünyasında illər uzunu sürən qlobal savaşlar, işğalçılıq, bölücülük, beynəlxalq hüquqla daban-dabana zidd olan layihələrlə açıq və gizli bağlılığı barədə danışıb:
“Söz azadlığını müdafiə edən Avropanın “1915-ci ildə Türkiyədə soyqırımı olmayıb” deyənlərə cəza tətbiq etməsi hansı məntiqə söykənir?
ATƏT-in Minsk Qrupunun həmsədri olan Fransa terroru dövlət siyasətinə çevirmiş Ermənistanın işğalçılığına nədən “dur” demir? İllər uzunu davam edən terror əməllərinin qarşısını almaq, zorakılığa məruz qalmış bir milyon Azərbaycan insanının hüquqlarının qorunması istiqamətində nədən heç bir iş görmür? Parısdə olduğu kimi, Qarabağda, Xocalıda, Suriyada, İraqda, Əfqanıstanda, Fələstində, Türkiyədə terror qurbanı olanlar, Kıprısda, Kırımda hüquqları tapdalanan müsəlmanlar da insandır axı! Nədən bu məsələlərdə səsi çıxmayan və ya münaqişələrin dərinləşməyində maraqlı olan qüvvələr növbə özlərinə çatanda bütün dünyanı ayağa qaldırmağa çalışırlar? Beynəlxalq təşkılatlar öz prinsiplərini qoruya bilmir, böyük güclər ikili standartlarla, qərəzlə ancaq özlərinə sərf edən siyasəti dəstəkləyirlər. Bir milyard yarım insan “mənim müqəddəs kitabıma toxunma, peyğəmbərimi təhqir etmə” deyirsə, xahiş və tələb edirsə və bir ovuc cahil bu insanların inancına sayğı göstərmirsə, bunun sızin azadlığınıza nə aidiyyəti? Bu əsil vandalizmdir...”
Daha sonra Doğu Türküstan məsələsindən danışan millət vəkili deyib ki, islam dünyasının Qərbdə üzləşdiyi problemlərlə yanaşı, Şərqi də unutmamalıyıq:
“Dünyanın gözünün qarşısında Çin ağlasığmaz vəhşiliklə bütöv bir müsəlman-türk xalqını məhv etməkdədir. Uyğur xalqı Mərkəzi Asiyada islamı ilkin qəbul edən yüksək mədəniyyət sahibi olan bir xalqdır. Geniş ərazisi, çox böyük təbii sərvətləri olan Doğu Türküstan öz etnik varlığını, dilini, adət-ənənəsini məhz islam dini sayəsində qoruyub saxlaya bilib. Təkcə Kaşqar şəhərində 1500 məscid var. Çin bu xalqa müsəlman kimi yaşamağı qadağan edir. Onlar namaz qıla, oruc tuta bilmir, azan oxunmur, məscidlər bağlanıb. Bu din və vicdan soyqırımı qarşısında dünya susur, lakin biz susa bilmərik. Doğu Türküstan müsəlmanlarını müdafiə etmək bizim borcumuzdur və yekun Bəyannamədə uyğur türklərinin faciəsini bütün dünyaya bir daha xatırlatmalıyıq".
S.Rüstəmxanlı qarşılarında duran böyük problemlərin həlli üçün islam ölkələri arasında birlik və bərabərliyin güclənməsinin, bu ölkələrdə demokratiyanın, hüququn aliliyinin, ədalətin, haqqın, halallığın bərqərar olmasının, millətləri şəxsi və ailə maraqlarına qurban verən diktatorluğa son qoyulmasının zəruriliyi, bu ölkələrinin islam adına layiq bir şəkildə idarə edilməsi və inkişafının qaçılmazlığı məsələlərini də vurğulayıb.
Bundan əlavə Əməkdaşlıq Təşkilatının Humanitar, Hüquq, Sivilizasiyalar və Dinlərarası dialoq Komitəsinin yanvarın 18-də keçırılən yığıncağına sədrlik etmiş Azərbaycan nümayəndə heyətinin başçısı Gövhər Baxşəliyeva da islam dünyası ətrafında cərəyan edən oyunlar, islamı qəsdən terror qurumları ilə bağlamaq cəhdləri, beynəlxalq təşkilatların müsəlman ölkələrdəki münaqişələrin həllində maraqlı olmamaları, hadisələrə ikili standartlarla yanaşmaları barədə Azərbaycan respublikasının rəsmi mövqeyinin də ifadə olunduğu məruzə ilə çıxış edib. O, sessiya çərçivəsində keçirilən Müsəlman Qadınları Konfransında da islam aləmində qadınların problemlərı barədə danışıb.
Sessiyanın ayın 20-də keçirilən yığıncağını isə giriş sözü ilə Türkiyə Böyük Millət Məclisinin başqanı Cəmil Çiçək açıb. Və həmin gün İƏTPİ 17-ci sesiyasının işçı proqramı və gündəliyi təsdiq edilib, İƏTPİ Baş katibinin, İcraiyyə Komitəsinin məruzələri dinlənilərək sessiyanın işi yekunlaşdırılıb.