Benzinin qiymət artımının "multieffektiv" təsiri
Ekspertlər deyir ki, yanacağın bahalaşması nəqliyyatda gediş haqqının və xidmət sahələrində qiymət artımlarına gətirib çıxara bilər; taksilər artıq qiyməti qaldırıb; un məhsullarının da bahalaşacağı gözlənilir
"Xeberinfo.com": Məlumata görə, dünya bazarında neftin qiyməti görünməmiş həddə qədər enib. Hazırda bir barel neft 50 dollar civarındadır. Buna uyğun olaraq da çox ölkələrdə benzinin də qiymətinin ucuzlaşdığı bir vaxtda Azərbaycanda benzin bahalaşdı. Yanvarın 12-də axşam saatlarında Tarif Şurasının iclasında neft məhsullarının tariflərinə baxıldı və müvafiq tarif tənzimlənməsi aparıldı.
Vergi Məcəlləsinə edilən dəyişikliklərə əsasən, ölkədə həm istehsal olunan, həm də idxal olunan avtomobil benzini, dizel yanacağı və maye qazın hər litrinin topdansatış qiymətinə 2 qəpik əlavə edilməklə yol vergisinin tətbiqi təmin olundu.
Yol vergisi əlavə olunduqdan sonra Aİ-92 markalı avtomobil benzininin pərakəndə satış qiyməti 1 litr üçün 72 qəpik, dizel yanacağının pərakəndə satış qiyməti isə 1 litr üçün 62 qəpik müəyyən edildi.
Tarif Şurasının bu qərarı cəmiyyətdə ciddi narazılığa səbəb oldu. İstər mediada, istərsə də sosial şəbəkələrdə gedən müzakirələrin də əsas mövzusu benzinin qiymətinin 2 qəpik artması oldu. Hazırda cəmiyyəti bundan sonra sərnişindaşımada və digər sahələrdə xidmət haqlarının artıb-artmayacağı sualı narahat edir.
“Yeni Müsavat”a müsahibəsində hökumətin bu qərarını təhlil edən iqtisadçı ekspert, Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban bildirdi ki, ölkədə benzinin bahalaşması ilə bağlı iqtisadi zəmin yox idi: “Burada əsas məsələ Azərbaycanın iqtisadi vəziyyəti ilə bağlıdır. Buna görə də hökumət 2014-cü ilin dekabrında Vergi Məcəlləsinə dəyişikliklər etdi və yol vergisini artırdı. Bu 2 qəpiyin Dövlət Neft Şirkətinə aidiyyəti yoxdur, bu, vergi olaraq dövlət büdcəsinə gedəcək. Bu iki qəpiklə hökumət büdcədə nəyəsə nail olmağı hədəf götürməyib. Bir ildə maksimum 3 milyon litr benzinin istehlak edildiyini nəzərə alsaq, bunu 2 qəpiyə vuranda elə də böyük rəqəm etmir. Hökumət bu 2 qəpiyin hesabına daha uzaqgörən addımlara hədəflənib və bu prosesin multieffektiv təsirini gözləyir. Bu təsir özünü bir neçə ay sonra göstərəcək. Bu da hökumətin sonrakı qərarları ilə birbaşa bağlı olacaq.
Benzinin qiymətinin bahalaşması müxtəlif sahələrdə qiymət artımları üçün ilkin addım rolunu oynayır. Benzinin 2 qəpik bahalaşması nəqliyyatda gediş haqqının artmasına səbəb ola bilər, nəqliyyat sektorundakı artım xidmət sahələrində qiymət artımlarına gətirib çıxara bilər. Çünki nəqliyyat xərcləri bütün sahələrdə mühüm yer tutur. Deməli, hər sahədə 5-10% qiymət artımı gözləmək olar. Bu da ümumi ticarət dövriyyəsinin artmasına zəmin yaradacaq. Həmin gəlirlərin vergiyə cəlb olunan hissəsi isə dövlət büdcəsinə daha çox vəsaitin yönəlməsinə əsas verəcək”.
Ekspertin fikrincə, hökumətin həyata keçirdiyi bu vergi siyasətinin səbəbi, 2015-ci ilin büdcəsi formalaşarkən neftin bir barelinin qiymətinin 90 dollar götürülməsidir: “Bu il büdcə 1,7 milyard kəsirlə ilə başlayıb. Bu çox böyük kəsirdir və Azərbaycanda dövlət büdcəsində heç vaxt bu qədər böyük kəsir olmamışdı. Artıq neftin bir bareli 45 dollardır, yəni büdcədə nəzərdə tutulduğundan iki dəfə ucuzdur. O zaman belə düşünürdülər ki, neftin ucuzlaşması müvəqqəti xarakter daşıyır və yenidən əvvəlki həddə qədər bahalaşa bilər. Ancaq neftin qiymətinin nə qədər düşməsini proqnoz etmək artıq mümkün deyil, bu gün bir bareli 45 dollara satılan neft 30-35 dollardan da aşağı düşə bilər. Belə olan şəraitdə büdcənin kəsiri iki dəfədən çox artaraq 3-4 milyarda çata bilər. Düzdür, 2014-cü ildə büdcəyə 1,3 milyard manat qənaət edilmişdi. Bu, qismən o kəsiri qapatsa da, real kəsiri əvəz etmək mümkün deyil.
Burada ilkin variant Neft Fondundan transferlərin edilməsidir. Ancaq Neft Fondundan bu il büdcəyə 10,3 milyard manat transfer olacaq və bundan daha artıq transfer etmək Neft Fondunun kəsirlərini artıra bilər. Neft Fondunun builki gəlirləri 7 milyard dollar nəzərdə tutulur. Ancaq bu qurumun da öz xərcləri var, büdcəyə transferdən əlavə, Cənub qaz dəhlizi layihəsinə 3 milyard ayırmalar olacaq. Belə olan halda Neft Fondundan daha 3 milyard transfer etmək fondun illik kəsirlərini artıra bilər və hökumət buna getməz. Bu səbəbdən hökumət ölkənin daxili resurslarından, yəni vətəndaşların xərcləmələrindən istifadə etmək qərarına gəlib”.
İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat xidmətinin rəhbəri Abbas Əliyev isə “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, burada hər hansı gəlir artımından söhbət getmir, dəyişən sadəcə yol vergisinin ödənilməsi mexanizmidir: “Əvvəllər avtonəqliyyat vasitələri texniki baxışdan keçərkən yol vergisi ödəyirdilər. Yeni qaydalara görə, benzin alarkən yol vergisini də ödəmiş olacaqlar. Benzinin hər litrinə artırılan 2 qəpik yol vergisinə hesablanacaq. Burada sadəcə yol vergisinin ödənilməsi mexanizmi dəyişilib. Əgər əvvəllər bu birdəfəlik ödəniş şəklində həyata keçirilirdisə, artıq sürücülər yol vergisini hissə-hissə və uzun müddətə ödəyəcək. Əvvəllər avtomobildən nə qədər istifadə edilməsindən asılı olmayaraq yol vergisi müəyyən olunmuş məbləğdə ödənilirdi, indi isə avtomobildən daha az istifadə edən şəxs daha az vergi ödəyəcək”.
Abbas Əliyev onu qeyd etdi ki, yol vergisinin benzinin qiymətinə əlavə olunması sərnişin daşımada xidmət haqlarının artırılmasına əsas vermir: “Nəqliyyat Nazirliyindən və Bakı Metropolitenindən gediş haqlarının artırılması ilə bağlı heç bir müraciət daxil olmayıb və Tarif Şurasında bu məsələ müzakirə olunmur”.
Qeyd edək ki, sərnişindaşıma xidməti ilə məşğul olan dövlət qurumları mətbuata açıqlamalarında gediş haqlarının artırılması ilə bağlı hər hansı müzakirələrin aparılmadığını bildiriblər.
Bakı Metropoliteni” QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev isə “Anspress”ə açıqlamasında bildirib ki, metronun qiyməti ilə bağlı Tarif Şurasına müraciət olunmayıb və ümumiyyətlə, bu məsələ Bakı Metropolitenində müzakirə edilmir.
Nəqliyyat Nazirliyinin mətbuat katibliyinin rəisi Namiq Həsənov isə APA-ya açıqlamasında deyib ki, Nəqliyyat Nazirliyi ictimai nəqliyyatda gediş haqlarının artırılması ilə bağlı Tarif Şurasına müraciət etməyib və hələlik qiymət artımı gözlənilmir.
Rəsmilərin arxayın açıqlamalarına baxmayaraq, yanvarın 13-də qiymət artımı səhər saatlarından artıq özünü göstərməyə başlayıb. Bundan istinadən edən bəzi taksi sürücüləri süni şəkildə qiymətləri artırıblar. Onlar bunu benzinin qiymətinin bahalaşması ilə əlaqələndiriblər. Ümumilikdə paytaxtda apardığımız müşahidələr də onu göstərdi ki, artıq taksilər gediş haqqını qaldırıblar. Taksilərin təklif etdikləri qiymətlər ötən günlə müqayisədə 1, 2 manat fərqlidir.
İqtisadçı Vüqar Bayramov da taksilərin gediş haqqını qaldırmasını təsdiqləyib: “Benzinin qiymətinin artmasından istifadə etməyə çalışanlar var. Belə ki, bu gün səhərdən etibarən bəzi işbazlar qiymətləri süni şəkildə artırıblar. Bu gündən taksilərin gediş haqqını artırmaları müşahidə olunur”.
Mütəxəssislərin fikrincə, xüsusilə buğdanın qiymətində artım qeydə alınacaq. Doğrudur, dünya bazarında buğdanın qiyməti düşüb. Lakin Azərbaycan Rusiya və Qazaxıstandan buğda alır. Rusiya isə ixrac olunan buğdanın hər tonunda qiymətləri 37 avro bahalaşdırıb. Qazaxıstan da Rusiyanın qiymət artımından bəhrələnərək məhsulunu fərqli qiymətə təklif edir. Azərbaycanda isə 2014-cü ildə əvvəlki ilə nisbətən buğda səpini 114 min hektar azalıb. Bu il su ilə bağlı problemlər də yaranıb, suvarma aparılmayıb. Buna görə də çörəyin qiymətində artımın baş verəcəyi gözlənilir.