Benzinin qiyməti bahalaşacaq?
Tarif Şurası xəbərlərə reaksiya verdi; bəs iqtisadçılar nə deyir?
"Xeberinfo.com": Dünya bazarında neftin qiyməti ucuzlaşmaqda davam edir. APA-nın xəbərinə görə, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 0,35 dollar azalaraq 1 barelə görə 66,46 dollar olub. ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 0,39 dollar ucuzlaşaraq 69,25 dollar təşkil edib.
Bu tendensiya Amerikada və əksər Avropa ölkələrində, həmçinin qonşu Gürcüstanda və Türkiyədə də müşahidə olunur. Paralel olaraq da benzinin ucuzlaşması ilə müşahidə olunur. Azərbaycanda isə yanacağın qiyməti ilə bağlı hələ ki heç bir dəyişiklik müşahidə olunmur. İqtisadçı ekspertlər xaricdən idxala olunan yanacağın ucuzlaşacağı ilə bağlı proqnozlar versələr də, bunun əksini iddia edənlər də var.
Belə ki, ötən gün istiqlal.az saytında verilən məlumata görə, gələn ilin ilk iş günündə, yanvarın 5-də Azərbaycanda benzin bahalaşa bilər. Bu barədə artıq Dövlət Neft Şirkətinin təklifləri Tarif (Qiymət) Şurasına təqdim edilib. Bu barədə istiqlal.az-a hökumətdəki mənbələrdən məlumat daxil olub. Mənbə bildirib ki, dünya bazarında neftin ucuzlaşmasından büdcəyə dəyən ziyanı kompensasiya etmək üçün hökumət ilk növbədə yanacaq məhsullarının qiymətini qaldırmaq niyyətindədir: “Qeyri-neft sektoru bu itkiləri kompensasiya etmək gücündə deyil. Ona görə də hökumət bu itkiləri elə qeyri-neft sektorunun hesabına ört-basdır etmək istəyir. Ancaq bu, çox riskili bir addımdır. Çünki yanacağın bahalaşması avtomatik olaraq hərəkətin bahalaşmasına, bu isə bütün ölkə üzrə bahalaşma dalğasının güclənməsinə səbəb olacaq. Neftin dünya bazarında ucuzlaşmasının Azərbaycan neqativ təsirləri fonunda bu addım iqtisadi böhrana gətirib çıxara bilər. Ancaq hökumətin başqa yolu da qalmayıb. Büdcə 70 faiz neft gəlirlərindən asılıdır”.
Qeyd edək ki, benzin sonuncu dəfə Tarif Şurasının qərarı ilə 2013-cü il dekabrın 3-də bahalaşıb. AI-95 benzininin pərakəndə satış qiyməti 1 litr üçün 80 qəpik, AI-92 və AI-80 markalı avtomobil benzininin pərakəndə satış qiyməti 1 litr üçün 70 qəpik müəyyən edilib. Hazırda Aİ-95 YDM-lərdə yoxdur, onun əvəzində “Premium-95" markalı benzin 95 qəpiyə satılır.
2015-ci il yanvarın 5-dən AI-95 benzininin pərakəndə satış qiyməti 1 litr üçün 1 manat, AI-92 və AI-80 markalı avtomobil benzininin pərakəndə satış qiymətinin 1 litr üçün 90 qəpik həddində müəyyən ediləcəyi gözlənilir.
Bəs görəsən, iqtisadçı ekspertlər benzinin qiymətində hansı istiqamətdə dəyişikliklərin olacağını proqnozlaşdırır? Yuxarıda iddia olunan qiymət artımı gerçəkləşə bilərmi?
İqtisadçı ekspert Samir Əliyev “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, benzinin indiki halda bahalaşmasına heç bir iqtisadi əsas görmür: “Prosesi analiz edəndə nəticələr göstərir ki, hər iki növ benzinin qiyməti aşağı salınmalıdır. İdxal olunan benzindən söhbət gedirsə, onun maya dəyəri əsasən neftdən asılı olduğuna görə neftin qiyməti ilə formalaşır. Neft bahalaşanda bir qayda olaraq benzinin də bahalaşmasını müşahidə edirik və ya əksinə, neft ucuzlaşanda benzinin ucuzlaşmasını müşahidə edirik”.
Ekspertin sözlərinə görə, artıq dünya bazarında neftin ucuzlaşması ilə bir çox ölkələrdə, Amerikada, Avropa ölkələrində benzin də ucuzlaşıb: “Məsələn, Gürcüstanda Aİ 95 markalı benzinin qiyməti Azərbaycanla müqayisədə ucuzdur. İdxal olunan Aİ 95, Aİ 98 benzini ucuzlaşdığına görə Azərbaycanda da onun ucuzlaşmasına ehtiyac var.
İkinci bir məsələ isə ölkə daxilində istehsal olunan benzindir. Bu, dövlət tərəfindən tənzimlənir və qiyməti də ona uyğun müəyyən edilir. Xatırlayırsınızsa, ötən ilin dekabr ayında benzinin qiyməti bahalaşdı. Əsas kimi də o gətirildi ki, benzinin maya dəyərində oturan aksiz vergisi artırılıb. Sonra isə fevral ayında aksiz vergisi aşağı salındı. Məsələ burasındadır ki, aksiz vergisi əvvəlki səviyyədən də aşağı salındı, ancaq benzinin qiyməti ucuzlaşmadı. Ancaq belə halda avtomatik olaraq benzinin qiyməti aşağı salınmalı idi".
Samir Əliyev onu da dedi ki, Azərbaycanda benzinin bahalaşmasının büdcəyə birbaşa təsiri yoxdur: “Burada SOCAR-ın gəlirləri artacaq. Bu şirkətin də dövlət qarşısında öhdəliyi var. Neftin, benzinin qiymətindən asılı olmayaraq hər il SOCAR-dan müəyyən miqdarda vəsait dövlət büdcəsinə köçürülür. Ona görə hesab edirəm ki, Tarif Şurası nəinki benzinin qiymətinin bahalaşması, əksinə, ucuzlaşması barədə fikirləşməlidir”.
Milli Məclisin İqtisadi siyasət komitəsinin sədri Vahid Əhmədov da qeyd etdi ki, neftin ucuzlaşması ilə benzinin də qiyməti azalmalıdır: “Benzinin əsas xammalı neft olduğu üçün neftin qiyməti ucuzlaşdığı təqdirdə benzinin də ucuzlaşması gözlənilir. Diqqət yetirirsinizsə, Gürcüstanda, Türkiyədə və digər ölkələrdə benzinin qiyməti aşağı düşüb. Biz də benzini xaricdən idxal etdiyimiz üçün qiymət nisbətən aşağı salınmalıdır. Bu, birbaşa Tarif Şurasının ixtiyarında olan məsələdir. Benzinin qiyməti tənzimlənən qiymətlər siyahısına daxildir. Ona görə də benzinin qiymətində müəyyən dəyişiklik olmalıdır. Ucuzlaşma mütləq olmalıdır. Çünki neftin ucuzlaşması prosesi davam edir və bizim proqnozlarımıza görə, bu, gələn ilin birinci yarısına qədər davam edə bilər. Tarif Şurası bu barədə qərar verməlidir”.
Tarif Şurasının mətbuat katibi Abbas Əliyev isə “Üç nöqtə” qəzetinə açıqlamasında qeyd edib ki, Tarif Şurasında bu məslə müzakirə olunmur: “Yalnız Azərbaycanda istehsal olunan yanacağın qiyməti Tarif Şurası tərəfindən tənzimlənir. Lakin yerli istehsal olan yanacağın da qiymətinin aşağı salınması hazırda Tarif Şurasında müzakirə olunmur”.
Dünyada yanacağın qiyməti düşdüyü halda, Tarif Şurasında belə bir müzakirənin getməməsini isə Abbas Əliyev belə əsaslandırıb: “Yanacağın qiymətinin tənzimlənməsində təkcə neftin dünyadakı qiyməti əsas götürülmür. Qiymətin müəyyənləşdirilməsində bir sıra başqa amillər də nəzərə alınır: Tarif tənzimlənməsi həyata keçirilərkən istehlakçıların və istehsalçıların maraqlarının uzlaşdırılması, iqtisadiyyatda dinamik və intensiv inkişafa əlverişli şəraitin yaradılması, resurslardan məqsədyönlü və səmərəli istifadə edilməsi, subsidiya və dotasiyaların mərhələlərlə aradan qaldırılması, əhalinin alıcılıq qabiliyyəti, tələb-təklif səviyyəsi, malın ölkədaxili istehsal şərtləri, dünya bazar qiymətləri və sair kimi amillər nəzərə alınmaqla optimal qiymətlərin tətbiqi prioritet hesab olunur. Hazırda neftin dünyadakı ucuz qiyməti isə bu amillərdən sadəcə biridir. O ki qaldı idxal olunan ”Aİ-95 premium" benzininə, bu növ yanacağın qiymətini Tarif Şurası müəyyənləşdirmir. Onun qiyməti bazar tərəfindən tənzimlənir".
Qeyd edək ki, ötən illərdə də Tarif Şurası benizinin bahalaşmayacağını demişdi. Lakin bundan az sonra yanacağın qiyməti gecə ilə artırılıb. Bu üzdən növbəti “bahalaşmayacaq” vədinə də inanmaq olmur.