Redaktor seçimi
AzTU-nun rektoru Vilayət Vəliyev "bazarkom" kimi -
Kosmetoloq İradə Məmmədovadan YENİ XƏBƏR:
Avrasiya Hospitalında həkimlər ölüm faktını gizlədib?! - müəmmalı 3000 manat, liftin qırılması və ...+
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində ŞOK KORRUPSİYA:
Yardımlının “mer”i dövlət büdcəsini yardım fondu bilir –
Əziz Əzizov dövlətin pulun belə “ƏZİZləyir” – 
Dördmərtəbəli evin beşinci mərtəbəsi –  Elşad Həsənov "romantikası"nın səbəbi nə? /  
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının "ŞOK" yaradan tenderləri…-
Günün xəbəri

Millət vəkilindən "saxta terror"la bağlı açıqlama

 

Fransız “Molla Nəsrddin”i qələm və silahın savaşınamı qurban gedib

 

"Xeberinfo.com":  Fransada elan olunmuş üç günlük milli matəm növbəti dəfə sübut etdi ki, terrorun əli çox uzundur və onu milli, dini, coğrafi sərhədlərə ayıranda bir gün bədəlini özün ödəməli olursan. Beynəlxalq  koalisiya qüvvələrinin 13 illik ayaq səsləri Əfqanıstandan hələ tam kəsilməyib və antiTaliban hərbi əməliyyatlarının qanı əfqan torpağında tam qurumayıb, lakin budur, əli silahlı üç şəxs Avropanın tən ortasında peyda olaraq günün günorta çağı çox sərbəstliklə qanlı terror aktını həyata keçirir, on nəfər jurnalisti, iki polis əməkdaşını qətlə yetirir və yenidən dünyanı 11 sentyabr hadisələrinin ictimai şokuna qərq edir. Vaxtilə inqilab kabusunun dolaşdığı Parisin küçələrində hökm sürən nizamı pozanlar yüksək rifah və təhlükəsizlik şəraitində yaşayan insanları səhəri diri gözlü açmağa vadar edirlər. 
Doğrudanmı, İŞİD artıq qapını döymədən və “əcəl zəngi”ni basmadan hər yerə ayaq aça bilir və döyüş meydanını ofislərə, yaşayış məskənlərinə dəyişməyi bacarır? Yaxud necə olur ki, həftəlik bir nəşrin öz işini planladığı pik saat, deməli, redaksiya heyətinin tam tərkibdə toplaşdığı bir zaman başqa biriləri üçün də əlverişli əməliyyat vaxtına çevrilir və sovet generalı Kalaşnikov avtomatını yaxın Şərqdən gətirib indi də Fransada bir jurnalın komandasını qanına qəltanda istifadə edirlər? Cinayət yerinə bələd olmadan dəqiq koordinat üzrə necə hərəkət olunub, yaxud daxili satqınların yardımından istifadə edilibmi - bütün bunlar istintaqın işidir, amma baş vermiş faciənin qlobal nəticələrini onun kriminal detalları ilə pərdələmək mümkün deyil.  
“Karikaturalara görə intiqam” aldıqlarını bağıraraq sakit və kimsəsiz küçədə kiminsə kameralarına düşməyə ümid bəsləyən maskalı muzdlular az qala nümayişkaranə şəkildə islamı və müsəlmanları hədəfə çevirdilər. Düzdür, qəddarlıqla qətlə yetirilən insanlarla həmrəyliyini nümayiş etdirməyə çıxan minlərlə fransalı, Berlin sakini, yaxud Londonlu etirazçılar hələ ki, yalnız söz azadlığına qarşı yönələn barbarlığı pisləməklə, ölənlərin xatirəsini anmaqla məhdudlaşıblar, amma qarşıdakı günlərdə bütün Avropada “əcinnə ovu”na çıxılacağı, reaksionist və qatı dini əqidə daşıyıcılarının tapılıb cəzalandırılacağına şübhə yeri yoxdur. Onsuz da son həftələr Almaniyadan tutmuş İsveçədək, artan müsəlman sayına qarşı kəskin milli dirəniş açıq meydanlara çıxmışdı, indi budur, hər cür antimiqrant qanunvericiliyinə, təhlükəsizlik tədbirlərinə qərar vermək üçün ortada ən azı 12 cəsəd var. Kütlə ilə bir sırada addımlayan  prezident Olandın milli qəzəbi sakitləşdirmək üçün ona müsəlmanların qanı halal edilib. O, hazırda 21-ci əsrin Napoleonu kimi dünya yürüşlərinə çıxmaq üçün beynəlxalq tərəfdaşları ilə gizli sövdələşməyə başlaya bilər.
Hətta keçmiş məhbus, indi ölkəsinin bütün müsəlmanlarının heysiyyatı üzərindən taxt-taca doğru addımlayan Xodorkovskinin çağırışı ilə bütün dünya mediası karikaturalar sərgisinə dönsə də, bundan Məhəmməd peyğəmbərin ilahi missiyası heç bir ziyan çəkməyəcək. Əsas Quranı terrorçuların əlindən almaqdır” 
Biz qanlı cinayəti hakimiyyətə bağlamaq istəyən, onu konspirativ nəzəriyyələrlə əlaqələndirib BMT-də Fələstinə səs verən Fransa hökumətinin Reyxstaqı yandıran alman faşistləri ilə eyni cür hərəkət etdikləri barəsindəki versiyalara qatılmaq istəmirik. Onsuz da qəsd nəzəriyyələri həmişə qüvvədə olub, amma başıpozuq iki müsəlman gəncinin əlinə silah verənlərin deyil, qurban gedən dinin və xalqların taleyi bizim üçün daha önəmlidir. 
Cinayətdə şübhəli bilinən Səid və Şərif qardaşlarının maskalı sifətləri arxasında hansı mərkəzlərin dayandığını təyin etmək Roma papasına güllə atan Əli Ağcaya fitva verənlərı tapmaq qədər çətindir. Hər halda terror qruplarının rəhbərləri müxtəlif kəşfiyyat mərkəzlərinə bağlıdır və onlar artıq neçənci dəfədir ki, nəzarətdən çıxıb silahı onlarına ağalarına qarşı çevirirlər.
Əslində “Şarli Hebdo”nun satirası bütün dövrlərdə dözülməz olub. Kraliça Mariya Antuanetta  zamanında az qala müqəddəslik qazanmış vərəqələrdə saray əyanlarının həyatı gülüş hədəfinə çevrilir və kəskin qınanırdı, amma xalqın qəbul etdiyi ədəbi janrlar öldürücü tənqidi daha təsirli və qəbuledən formaya salmaqda ən yaxşı vasitə idi. İnqilab zamanı da şəkilli illüstrasiyaların geniş oxucu kütləsi vardı. Hakimiyyətdə bir-birini əvəz edən müxtəlif siyasi qüvvələr və şəxsiyyətlərin surəti isə heç bir zaman naşirlərin qələmindən kənarda qalmayıb.
Həmin ənənələrə sadiq olan müasir Avropa nəşrləri söz azadlığını müqəddəs dəyərə  çevirərək heç kəsin onlar üzərində tabu yarada bilməyəcəyinə arxayın bir şəkildə yollarını davam etdiriblər.
Onların hədəflərində  nəinki müqəddəs dini liderlər, eləcə də hazırki dövlət başçıları, bankirlər, yaxud siyasət adamları  olub. Ona görə də təkcə müsəlman cəmiyyətləri ilə deyil, başqa milli qruplarla, yaxud fərdi adamlarla ixtilaflar keçmiş redaktorların işdən getməsi ilə, yaxud bütün kollektiv üzvlərinin imzalarını gizlətmələri ilə nəticələnib. Antisemit fəaliyyətinə görə cəzalandırılan sabiq rəhbərlərin mövcudluğu ümumən mətbuat azadlığının sərhədləri haqda orada hər zaman antaqonist baxışların olduğunu təsdiqləyir.
Əcəba, fransız “Molla Nəsrəddi”ni həqiqətənmi  öz qətliamına doğru az qala şüurlu gəlib və Monteskyönün ardıcılları qələmlərinin haqqını indi ağır ödəməli olublar? 
Dünən aparıcı televiziyalarda yayımlanan kadrlarda diqqətimi daha çox cəlb edən səhnə silahın qələmə qarşı olması idi. Bu yerdə bütün dünyada ayağa qalxan insanlara islamın sülhpərvərliyindən, onun dincliyə və hüzura xidmət etdiyindən danışmaq əbəs görünər. Ən dəhşətlisi isə, indi artıq heç kəsin inkar edə bilməyəcəyi islamın demokratiyaya, avropalıların mədəniyyətinə və mövcudluğuna təhlükə kimi təqdim olunmasıdır. Xatırladaq ki, 63 milyonluq əhalisi olan Dümanın vətənində 5.4 milyonluq - yəni, 8.5 faizlik islam xalqları yaşayır.
Amma əvəzində elə bir müsəlman dini lideri yoxdur ki, katolik mərkəzinin funksiyanı yerinə yetirib bütün islam ümmətini öz arxasınca aparsın. Sayları 1.7 milyardı keçən, rəsulu Məhəmməd olan Allahın bəndələri müxtəlif siyasi rejimlərin, cərəyanların,  məzhəblərin, alimlərin, seyidlərin, ayətullahların, müştehidlərin fitvasında və sərəncamında yetim qalıb. Hamısının getdiyi məscid bir, qulluq etdikləri məqsəd ayrıdır. Qazandıqları hacılıq statusu yüksək mənəvi mərtəbədən daha çox sosial imtiyaz və cəmiyyət ierarxiyasında mühüm pilləkəndən başqa bir şey deyil. Məgər Allah vahiddirsə, onun yaratdığı din insanları niyə bu kökə qoyub?
Ona görə də Parisdə axan 12 karikaturaçının qanı milyonlarla ərəbin qətlindən hasil olan mayedən daha müqəddəs tutulur. Xristianların dini lideri İsa Məsihliyə gedən yolda bir dəfə çarmıxa çəklibsə, islam etiqadı yolunda 15 əsrdir ki, edamlar, kütləvi qırğınlar bitib tükənmək bilmir. Dar ağacına mismarlanan müsəlmanın ağrısı və əzabı isə onları peyğəmbərə çevirmir. Əksinə, yeni-yeni savaşların baş səbəbinə çevrilir.
İndi mübarizə aparsalar da Qərbin azadlığı bundan ibarətdir. Onlar sözün qarşısında yasaq tanımaq istəmirlər. Din milyardlarla insanın inanc yeri, mənəvi istinadgahı ola bilər, amma fransız şüurunda bu, totalitar ideologiyalardan başqa bir şey deyil. Vaxtilə marksistlərin dediyi kimi, ən yaxşı halda tiryəkdir. Belə olan halda hər şeyin yol verilənliyi bir çoxlarına riyakarlıq kimi görünə bilər və kimsə iddia edər ki, məgər Hitleri iblis elan edib onun törətdiyi Xolokostu tanımayanlara qarşı nə üçün cəza kəsirlər? Bəlkə İran iddiasında haqlıdır ki, Adolf düz edib və söhbət az sayda yəhudinin qətli ilə İsrail dövlətinin yaradılmasına zəmin hazırlamaqdan gedib. Lakin cavabın heç bir əhəmiyyəti yoxdur. Bütün hallarda qəzetlərin təhqir hüququ, başqasının sitayiş etdiyi simvollara əl uzatmaq haqqını Avropa qanunvericiliyi tanıyıb. Bu hökmdür və onunla hesablaşmağa hər kəs məhkumdur.
Razılaşmırsan, istəmirsən o şəkilləri görəsən, oxuma, baxma, yan keç, fərqli olduğunu sübuta yetir.
Maraqlıdır ki, xüsusilə də keçmiş sovet cəmiyyətləri, ateist keçmişinə dayanaraq xatırladır ki, bolşeviklər bütün kilsələri və məscidləri yandırmalarına, din xadimlərini qətlə yetirmələrinə baxmayaraq, müqəddəs dəyərləri çirkləndirməyə, onu iyrənc simada təqdim etməyə heç vaxt çalışmayıb. Amma elə bu kifayət edib ki, allahsız bir cəmiyyət qurmaq istəyən kommunistlər dindən uzaq dursunlar. Hətta o mənəvi kompleks indi də adamların canından çıxmayıb. “Molla Nəsrəddin”in ironiyasını və acı satirasını unuda bilməyən müasir insanımızın Quranın sətirləri arasında cin axtarmasını görmək o qədər də çətin deyil. Halbuki Mirzə Cəlilin davamçısı olmaq istəyən “Şarli”nin redaktoru, indi hüznlə dəfn edilən Stefan Şarbonye üçün milyonlarla müsəlmanın qəzəbinə səbəb olacaq addımlardan özünü heç vaxt kənarda saxlamayıb.
Məgər Salman Rüşdinin “Şeytanın ayələri” müsəlmanların gözündə daha yüngül cinayət idi? İranın dini lideri ingilis yazıçının ölümünə fərman vermişdi. Bununla belə, Britaniya kraliçası öz növbəsində azadlıq ideallarını tərənnüm edən pakistanlı qələm adamını ən yüksək ordenlə təltif edərək, onu güclü şəraitdə qoruyub sağlığını təmin etdilər. Nə yaxşı ki, onu öldürməyiblər. Çünki üstündən görün nə qədər keçib, amma Salmanın kitabı Quranın heç bir səhifəsini belə yerindən tərpətməyib. 
İndi təkcə söz azadlığı yox, həm də müsəlmanlar dünənki “Kalaşnikov” avtomatı ilə susdurulub. Dözümsüzlük, cihad ruhu, küçələrdə qurban adına kəsilən heyvan başlarının az qala milli-dini yaşantıya çevrilməsi, mədəniyyətlərarası uyuşmazlıq, xristianlıq ruhu ilə islamın kəskin ziddiyyətləri dünyanın baş ağrısına dönüb.
11 sentyabr yeni dünya nizamının əsas planına çevrildiyi kimi, indi də Şərq-Qərb qarşıdurmasının dərinləşəcəyi qaçılmazdır.
İslam ölkələrinin yenidən fəthi planını çox gözləmək lazım gəlməyəcək.Fransa prezidenti bu yaxınlarda Liviyaya təzədən daxil olmağın zəririliyini göstərmişdi. Bəşər Əsədin hakimiyyətdən getməsinə dair fərman bu yaxınlarda elan olunacaq.
Ukrayna münaqişəsinin arxa plana keçəcəyini düşünməyin. Düzdür, Oland Rusiya əleyhinə sanksiyaları bundan artıq genişləndirməyin Avropaya baha başa gələcəyini bəyan etmişdi. Ancaq əsas hədəf İraq olacaq.
Müttəfiqlərin Yaxın Şərqə hücumu 21-ci əsrin böyük müharibələrinin anonsunu verməyə bizə imkan yaradır. Əl-Bağdadinin başını Üsəma Bin Laden kimi yerə qoyandan sonra Suriyanı yenidən təşkil edəcəklər.
Növbə digər ərəb rejimlərinindir.
Peyğəmbər isə onun kitabı üstündə oturan səudiyyə milyarderlərini də, körfəz şeyxlərini də əslində əli silahlı cəlladlar kimi dərindən seyr etməklə məşğuldur. 7-ci əsrdə dünyaya zühur edərkən hər cür təhqirə, pisliyə, ədalətsizliyə məruz qalan Allah elçisi üstündən əsrlər keçəndən sonra onun adını qorumaq üçün insan qanı tökənlərlə mübarizə qarşsındadır. Hətta keçmiş məhbus, indi ölkəsinin bütün müsəlmanlarının heysiyyatı üzərindən taxt-taca doğru addımlayan Xodorkovskinin çağırışı ilə bütün dünya mediası karikaturalar sərgisinə dönsə də, bundan Məhəmməd peyğəmbərin ilahi missiyası heç bir ziyan çəkməyəcək. Əsas Quranı terrorçuların əlindən almaqdır. Belə qüvvəni daxildə yetişdirə bilməyən xalqlar isə xaricdən xilaskar gözləməyə məhkumdurlar.
Əgər qələm müqəddəsdirsə, qoy o, silaha qalib gəlsin!
Zahid ORUC, Milli Məclisin deputatı

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam