TÜRKİYƏNİN AVRASİYAYA YERLƏŞMƏ ƏMƏLİYYATININ KOD ADI: “S-400″… –Ankaradan ABŞ-ın silah bazarına gözlənilməz zərbə -ARAŞDIRMA
Ərgün Dilər
“Takvim”, Türkiyə, 25 iyul 2019-cu il
Yenixeber.org: Həyatın normal axışını izləməklə Türkiyə ilə ABŞ arasında yaşanan böhranın haraya doğru gedəcəyini görmək və bu haqda nə isə yazmaq heç də çətin deyil. Bununla çox adam maraqlanır. Bir çox adam baş verən hadisələrdən doğan suallara cavab axtarır. Heç uzatmadan qeyd edək ki, Türkiyə ilə ABŞ arasındakı münaqişə çox böyüyəcək.
İddialı səslənsə də, bunu görmək heç də çətin deyil. ABŞ-ın yaşaması üçün dünyada hegemon güc olması lazımdır. Və bu hegemon güc Türkiyənin bölgədəki varlığını “böyük” olaraq davam etdirməsinə qarşıdır. Bu səbəblə, türk dövlətinin anatomiyası ilə oynamaq istəməkdədir.
Türkiyə Cümhuriyyəti müstəqilliyinin sərhədlərinə yönəlik həyata keçiriləcək əməliyyatı qəbul etməyəcəyinə, ABŞ da böyük olmaqdan vaz keçməyəcəyinə görə, münaqişə qaçılmazdır və böyüyəcəkdir. Qarşıdakı dövrdə bunu görəcəyik.
S-400 əsla və qəti olaraq sadəcə bir Hava Hücumundan Müdafiə (HHM) sistemi deyildir. Həm də Türkiyənin dünyadakı mövqeyini göstərməkdədir. NATO-dan uzaqlaşmasının işarəti, ABŞ-dan qopmasının da işarət fişəngidir. Qərbdən ayrılıb Avrasiyaya yerləşmə əməliyyatının kod adıdır. Bu, haradan baxırsınız, baxın, ABŞ-ın bölgədəki gücünü bitirən bir addımdır. Gedən mübarizənin səbəbi də budur.
Bu səbəblə, ABŞ sanksiyalar haqqında qərar versə də, onların tətbiq edilməsi üçün tələsməyəcək. Türkiyədəki ABŞ əleyhdarlığının pikə çatmaması üçün astaca gələcəklər. Gəlməyə çalışacaqlar.
Tramp və “dərin ABŞ” bu məsələdə fərqli düşünmür. Elə bu mərhələdə F-35 haqqında qərar gəlib. “Lockheed Martin” şirkətinin Baş icraçı direktoru Merilin Hyuson, 2020-ci ilin mart ayından etibarən Türkiyənin istehsal prosesindən çıxarılacağını açıqlayıb. O, ABŞ-ın sabiq müdafiə nazirləri Mattis və Şanahana, indi də Mark Esperə yön verən şəxsdir. Yəni, “dəmir ledi”dir. Merilin Hyusonun sözləri ABŞ-ın müdafiə nazirinin sözlərindən daha təsirli və güclüdür. Bilənlər bilir.
ABŞ Prezidenti Tramp da bəzən müdafiə nazirlərinin sözlərinə elə də ciddi fikir verməz, lakin Hyusonun sözlərinə diqqətlə qulaq asar və dəyərləndirər.
Merilin Hyusonun Türkiyə haqqında ilk dəfə açıqlama verməsi “Lockheed Martin” şirkətinin ölkəmizi hədəfə aldığını göstərir. Bu, baş verməsi mümkün – gözlənilən hadisələri açıqlayıcı bir addımdır. Fikirlərində nə tutduqlarını buradan görmək heç də çətin deyil. Çünki “Lockheed Martin” şirkəti, S-400-ün “MIM-104F Patriot PAC-3”ün dünyadakı ən böyük rəqibi olması səbəbilə, Türkiyəni düşmən elan edib.
Türkiyənin S-400 alması ilə birlikdə, “Lockheed Martin” şirkətinin çox böyük maddi ziyana düşəcəyi aydındır. Ona görə ki, F-35 alacaq ölkələrin hamısına “MIM-104F Patriot PAC-3” müdafiə sistemləri də satacaqdı.
İndi Türkiyənin S-400 almağa qərar verməsilə birlikdə, F-35 proqramında olmayan ölkələr də S-400 almaq üçün ilk addımı atıblar. S-400-ün hissələrini daşıyan rus yük təyyarələrinin Türkiyəyə enməsindən sonra 17 ölkənin təmsilçiləri Rusiya ilə ilkin görüşlərini keçiriblər. Hamısı birdən S-400 tələb edib.
Böyük bir oyunu pozacaq böyük həmlələr gəlirdi. Baş verənləri sadəcə “Lockheed Martin” şirkətinin maddi itkilərilə açıqlamaq yetərli olmazdı. Bu, əlbəttə, önəmli idi. Ancaq ABŞ-ın milli təhlükəsizliyinin artıq risk altında olması daha önəmli idi. Bu, maddi ziyandan çox böyük olan bir şey idi.
NATO-nu bir gəmi kimi düşünsək, Türkiyə, yəni təşkilatın önəmli oyunçusu olduğu yerdən gəminin su almasına izin verdi. ABŞ-ın milli təhlükəsizliyi baxımından, NATO onun ən önəmli müdafiə gücü idi. Türkiyənin bu həmləsindən sonra NATO-nun kimyasının pozulacağı bir həqiqətdir. Ardınca, heç eşitmədiyimiz problemlər çıxacaq. Bu addım eyni zamanda başqa hadisələrə hamilə olan bir addımdır.
Merilin Hyuson, S-400-lərin Türkiyə sərhədlərini keçərək ölkəyə daxil olmasını NATO və ABŞ silah gücünün son 20 ildə aldığı ən ağır zərbə olaraq göstərib. Yəni, durum bu qədər ciddidir.
ABŞ-ın gücü BMT üzvü olan 198 ölkədən 176-a amerikan silahlarını satmasında idi. Yəni, Pentaqon texnologiyalardan istifadə edərək bu silahların kimin əlində və hansı təyyarədə olduğunu, nə zaman atəş edildiyini və hansı hədəfə getdiyini görə bilirdi.
İndi S-400-lərlə başlayacaq yeni dövr Vaşinqtona ciddi təhlükəsizlik riski hiss etdirəcək. Məsələn, çox maraqlı bir detal var. 25 martda Rusiya Venesuelaya S-400 göndərib. Bu, gizli saxlanılsa da, Vaşinqtonun bu informasiyanı öyrənməsinə izin verilib. O andan etibarən, ABŞ-ın Venesuelanı işğal etməsi planı təxirə salınıb. Çünki ABŞ təyyarələri işğal üçün havaya qalxdığı anda, bəlkə də, quş kimi ovlanacaqdı. ABŞ sisteminin gücü və təsirinin, əslində, bir nağıl olduğu bütün dünyaya duyuralacaqdı. Bolton əməliyyatın keçirilməsini iştahla istəsə də, S-400-lər oyunu pozurdu…
İndi ABŞ, S-400-lərin Venesueladan geri alınması üçün Rusiya ilə gizli təmaslarını davam etdirir. Putin ağıllı adamdır. Əgər ABŞ Putinin istədiyi güzəştlərə gedərsə, S-400-lər təkrar Moskvaya geri dönə bilər. Bax, elə o andan etibarən də ABŞ Venesuelanı işğal edər.
Bu məlumatı ABŞ-da ilk dəfə dilə gətirən şəxs də Merilin Hyuson oldu. Məlumatı verdiyi şəxs isə Milli təhlükəsizlik müşaviri Con Bolton idi. Anlayacağınız odur ki, iki div arasında bazarlıq davam edir.
Türk dövlətinin verdiyi qərar bütün bu güc balansı içində dəyişməz. Hansı partiyanın, hansı şəxsin hakimiyyətə gəlməsi əhəmiyyətli olmaqla birlikdə, Türkiyənin Avrasiyadakı yerinə təsir etməz. Bu qərar artıq verilmişdir. Gördüyüm budur.
Doğrusu, siyasi partiyalara baxdıqda dəyişikliyi görmək olur. Artıq bir sıra məsələdə partiyalardan eyni səs çıxmaqdadır. Böyük dövlətlər öz maraqlarına toxunan məsələlərdə belə edərlər. Artıq Türkiyə də bu tezlikdədir. Türkiyə yeni koordinatında öz yoluna davam edəcəkdir. Hücum olacaqmı? Olacaq. Amma yoldan döndərməyə yetməyəcək.
Unutmayın, ABŞ və NATO həmişə hərbçilərlə gələr və çevrilişlərlə nəticə alardı. Ölkəyə nəzarəti təmin edərdi.İndi türk əsgəri birbaşa ABŞ-ın qarşısında yer almaqdadır. “Çuval hadisəsi”ndən sonra bağlar qopdu. Vaşinqton bunu indi başa düşür. Durum budur.
Tərcümə: Strateq.az