Putin və Nazarbayev Paşinyanı cəzalandırdı –Moskvadan baxış
Ermənistanın Baş naziri Nikol Paşinyan Avrasiya Ali İqtisadi Şurasının iclası üçün getdiyi Qazaxıstan səfərini təcili şəkildə yarımçıq qoyaraq Ermənistana qayıdıb. Yayılan məlumatlara əsasən, Nur-Sultanda Rusiya Prezidenti Vladimir Putin Paşinyanla görüşmək istəməyib. Bundan əlavə, Qazaxıstanın ilk prezidenti Nursultan Nazarbayev Paşinyandan başqa Avrasiya İqtisadi Birliyinin bütün rəhbərlərinə orden təqdim edib.
AİB kuluarlarında nə baş verib və Nikolun şəxsinə qarşı bu cür etinasız münasibət nə ilə əlaqədardır?
Yenixeber.org: Rus politoloq, PolitRUS ekspert-analitik şəbəkəsinin təsisçisi Vitali Arkov açıqlamasında bu və digər suallara cavab verib.
Onun sözlərinə görə, rəsmi İrəvan artıq ortaya çıxan informasiyalara reaksiya verib. İrəvan Avrasiya Ali İqtisadi Şurasının iclasında Nikol Paşinyanın ordenlə təltif olunmamasını onun dövlətin başında cəmi bir ildir olması, Rusiya və Qazaxıstanın milli liderləri ilə müqayisə təşkilatın fəaliyyətinə verdiyi töhfənin cüzi olması ilə izah edib. Bu izahatı məqbul hesab etmək olar.
“Ümumiyyətlə, Ermənistanın yeni baş naziri və onun formalaşdırdığı kabinetin fəaliyyətinin həm Avrasiya İqtisadi Birliyi, həm KTMT, həm də ümumən postsovet məkanında inteqrasiya proseslərinin dağıdılmasına istiqamətləndiyi haqda güclü təəssürat var. AİB-in necə çətinliklə yaradıldığını hamımız xatırlayırıq. Elə indi də təşkilatın qarşısında böyük hissəsi xarici təsirlərlə yaranan bir çox problemlər dayanır. Buna görə də layihənin yaradıcı-atası Nursultan Abişeviçin açıq-aşkar onun yaratdıqlarını məhv etmək niyyəti daşıyan gənc (Nazarbayevin yaşı və təcrübəsi ilə müqayisədə) erməni həmkarına qarşı münasibətdə hislərini anlamaq olar”, – politoloq bildirib.
Arkov əmindir ki, Paşinyanın fəaliyyətindən fayda götürənlər bəllidir.
“Onun Ermənistanın rəhbəri postunda uzun müddət qalmayacağı da aydındır: ənənəvi dəyərlərin (o cümlədən ailəvi əsasların – Ermənistanda hazırda buna qarşı da fəal iş aparılır) dağıdıcısı kimi istifadə edib, sonra da siyasi boşluğa yollayacaqlar. O, bu baxımdan nə ilk, nə də sonuncudur. Əlbəttə, çox istərdik ki, nəhayət, Ermənistanın özünün də bir vaxtlar qonşu Azərbaycanda olduğu kimi, ölkənin dirçəlişini və millətin birləşdirilməsini başlatmaq iqtidarında olan Heydər Əliyevi peyda olsun. Heydər Əliyev ortaya çıxmasa, Bakı öz suveren yolunu tutmasa, Azərbaycan da tamamilə Ermənistanın yolu ilə gedə bilərdi. Milli xüsusiyyətləri nəzərə alsaq, bunun nəticələri daha faciəvi ola bilərdi. Xoşbəxtlikdən bu baş vermədi. Bu gün Azərbaycan – Cənubi Qafqazın lideri, böyük güclərin bərabərhüquqlu tərəfdaşıdır”, – Arkov qeyd edib.
Nur-Sultanda baş verənlərə qayıdan ekspert İrəvanın Avrasiya Ali İqtisadi Şurasının iclası çərçəvində guya heç Putin-Paşinyan görüşünün planlaşdırılmaması ilə bağlı verdiyi izahatın bir o qədər də inandırıcı olmadığını bildirib.
“Bəli, tədbirin formatı ikitərəfli danışıqları nəzərdə tutmur. Ancaq hazırda Moskva ilə İrəvan arasında birinci şəxslərin iştirakı olmadan həlli mümkünsüz olan bir çox problem var. Yəni ki, qısaca olsa da, Paşinyan və Putinin müzakirə edəcəyi mövzular vardı.
İrəvanda cari ilin 1 oktyabrında Putini gözləyirlər. Rusiya liderinin həmçinin Avrasiya Ali İqtisadi Şurasının iclası çərçivəsində bu səfəri baş tutacaq. Aydındır ki, ev sahibliyi edən tərəfə hörmətinə görə Putin Paşinyanla görüşəcək. Əlbəttə, əgər o vaxta qədər erməni cəmiyyətinin Paşinyanın boş vədlərinə artan narazılığı və həyat səviyyəsinin aşağı enməsi yeni inqilaba gətirib çıxarmasa”, – ekspert söyləyib.
Arkovun sözlərinə görə, bu gün Paşinyan ilk növbədə mehriban qonşuluğu öyrənməlidir.
“İlk növbədə Azərbaycanla. Sözügedən proses (qarşıdurmadan mehriban qonşuluğa keçid) nə qədər çətin və uzun olsa da, ona başlamaq həyati vacibdir. İkincisi isə “Troya atı” deyil (görülən tədbirlərə əsasən bu gün Ermənistan məhz belədir), həqiqi müttəfiq olmaqdır. Belə olan halda hansı etibardan söhbət gedə bilər?” – ekspert fikrini tamamlayıb. (Axar.az)