Siyasi partiyalara ayrılan pullar hara və hansı məqsədlə xərclənir?
Əli Əliyev: “Bu, susmağın müqabilində hakimiyyət tərəfindən verilən rüşvətdir”
Hafiz Hacıyev: “Tahir Kərimlinin bir özüdür, bir də papkasıdır”
Yenixeber.org: Vəhdət Partiyasının Mərkəzi Seçki Komissiyasına (MSK) təqdim etdiyi 2018-ci il üzrə maliyyə hesabatında əks olunan məlumata görə, 2018-ci il üzrə gəliri 117 857 manat olub. Halbuki, bu vəsait partiya sədri Tahir Kərimli Milli Məclisdə təmsil olunduğuna görə dövlət büdcəsindən ayrılıb. Vəhdət Partiyası ötən il üzvlük haqlarından gəlir əldə etməyib.
Məlumata görə, Partiyanın xərcləri 117 853 manat olub. Yəni ayrılan vəsait tam xərclənib, 4 manatı fərqi isə bilərəkdən qeyd ediblər. Maraqlıdır ki, bir möhürü, bir sədri olan Vəhdət kimi partiya dövlətin ayırdığı 117 857 manat hara xərcləyib, nə iş görüb və MSK-ya verilən hesabat araşdırılırmı?
Qeyd edək ki, indiyədək MSK-ya 2018-ci il üzrə maliyyə hesabatını qeydiyyatdan keçən 55 siyasi partiyadan 48-i verib.
Onu da nəzərə çatdıraq ki, Azərbaycanda siyasi partiyaların maliyyələşdirilməsi üçün 2018-ci ilin dövlət büdcəsində 3 milyon manat vəsait nəzərdə tutulmuşdu. Milli Məclisdə təmsil olunan siyasi partiyalara vəsait “Siyasi partiyalar haqqında” Qanunun 17-1-ci maddəsinə əsasən bölünür. Bu qanuna görə, dövlət büdcəsindən ayrılmış vəsaitin 10 faizi irəli sürdüyü namizədlər Milli Məclisə keçirilmiş son seçkilərdə etibarlı səslərin azı 3 faizini qazanmış, lakin parlamentdə təmsil olunmayan siyasi partiyalar arasında qazanılmış səslərin sayına proporsional olaraq bölünür.
Qanunvericiliyə əsasən, siyasi partiyaların maliyyələşdirilməsi üçün ayrılmış vəsaitin 40 faizi Milli Məclisdə təmsil olunan siyasi partiyalar arasında bərabər, 50 faizi isə seçilmiş deputatlarının sayına proporsional olaraq bölünür.
Hazırda Milli Məclisdə 12 siyasi partiya mandat sahibidir.
Bunlar aşağıdakılardır:
1. Yeni Azərbaycan Partiyası (sədr İlham Əliyev, 69 deputat)
2. Vətəndaş Həmrəyliyi Partiyası (sədr Sabir Rüstəmxanlı, 2 deputatları – Fəzail İbrahimli, Rafael Hüseynov)
3. Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası – (sədr Qüdrət Həsənquliyev, 1 deputat)
4. Demokratik İslahatlar Partiyası – (sədr Asim Mollazadə, 1 deputat)
5. Böyük Qurtuluş Partiyası – (sədr Fazil Mustafa, 1 deputat)
6. Milli Dirçəliş Hərəkatı Partiyası – (sədr Fərəc Quliyev, 1 deputat)
7. Ana Vətən Partiyası – (sədr Fəzail Ağamalı, 1 deputat)
8. Vətəndaş Birliyi Partiyası – (sədr Sabir Hacıyev, 1 deputat)
9. Azərbaycan Sosial Rifah Partiyası – (sədr Xanhüseyn Kazımlı, 1 deputat)
10. Vəhdət Partiyası – (sədr Tahir Kərimli, 1 deputat)
11.Azərbaycan Demokratik Maarifçilik Partiyası – (sədr Elşən Musayev, 1 deputat)
12. Azərbaycan Sosial Demokrat Partiyası – (sədr Araz Əlizadə, 1 deputat)
Parlamentdə 69 deputatı olan hakim Yeni Azərbaycan Partiyası 2018-ci ilin dövlət büdcəsindən ümumilikdə 1 milyon 367 min 857 manat vəsait alıb.
Milli Məclisdə 1 deputatla təmsil olunan Böyük Quruluş Partiyasının ötən il dövlət büdcəsindən aldığı vəsait 117 min 857 manat təşkil edib.
Parlamentdə 1 deputatla təmsil olunan digər 9 partiyanın da hər birinə 117 min 857 manat vəsait ayrılıb. Bunlar Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası, Demokratik İslahatlar Partiyası, Milli Dirçəliş Hərəkatı Partiyası, Ana Vətən Partiyası, Vətəndaş Birliyi Partiyası, Azərbaycan Sosial Rifah Partiyası, Vəhdət Partiyası, Azərbaycan Demokratik Maarifçilik Partiyası, Azərbaycan Sosial Demokrat Partiyası.
Milli Məclisdə 2 deputatla təmsil olun Vətəndaş Həmrəyliyi Partiyasının ötən il büdcədən aldığı vəsait 235714 manat olub.
“Onların verdiyi hesabat inandırıcı deyil”
Vəhdət Partiyasına ayrılan vəsaitin xərclənməsi ilə bağlı Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev fikirlərin belə ifadə etdi: “Mən bir söz deyə bilmərəm onlar pulu hara xərcləyiblər. Amma hamı bilir ki, bunlar təyinatlı olaraq parlamentə düşüblər. Daha doğrusu, siyasi seçim nəticəsində düşüblər. Ona görə də onların verdiyi hesabat da inandırıcı deyil. Çünki ölkə miqyasında partiyanın fəaliyyətini görmürük. Hər halda mən görməmişəm”.
“Bu, o partiya sədrlərinə susmaqlarının müqabilində verilən puldur”
“Əlbəttə ki, Milli Məclisdə olan partiyalara bu qədər vəsaitin ayrılması doğru deyil. Bu, saxta sistemin reallıqlarıdır. Nə qədər ki, bu sistem var, belə də davam edəcək. Bunlar saxta yolla təyin etdikləri adamlara bu cürə pul verəcəklər. Bu, o partiya sədrlərinə susmaqlarının müqabilində verilən puldur. Çünki onlar müxalifət nomenklaturası ilə parlamentdə oturublar, amma bir dəfə də olsun hakimiyyətin iri miqyaslı addımlarına etiraz etmirlər, o cümlədən büdcə qanunu qəbul ediləndə də quzu kimi oturub, orada səslərini çıxartmırlar. Onlar saxta yolla ora salınanda da məqsəd o idi ki, hesabat üçün müxalifət nomneklaturasında kimsə olsun, amma o adamlar ölkədə talançılıqlara mane olmasınlar, sistem belədir. Bu, susmağın müqabilində hakimiyyət tərəfindən verilən rüşvətdir”,-deyə VİP sədri vurğuladı.
“Bu qədər qaçqını, şəhid ailəsi, acı olan insanların pulunu kəsib Tahir Kərmiliyə vermək ədalətsizlikdir”
Vəhdət Partiyasının ayrılan vəsaitin tam xərclənməsi ilə bağlı Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev isə dedi ki, Tahir Kərimlinin bir özüdür, bir də papkasıdır, bir dənə də qələmidir, qələminin də pastası qurtarıb, Milli Məclisdə yazmağa qələmi də yoxdur: “Tahir Kərimli dövlətin ayırdığı pulu aparıb özünə İsmayıllıda bağ evi tikib. Ona görə də bu işlərə ciddi nəzarət olunmalıdır. Əlbəttə, bu cür məsələlərdə o cür yaltaqlara pul verərlər, bizə vermirlər ki. Biz də sıfırla hesabat vermişik. Bizə maliyyə yardımı ayırmırlar. Guya ki, parlamentdə təmsil olunan partiyalara ayırırlar. Mən bunu tahir kərimlilərin dövlət tərəfindən pulla ələ alnması kimi düşünürəm. Mərkəzi Seçki Kommissiyası yoxlasın, görək, onun özündən başqa partiyasında ikinci bir adam varmı, varsa kimlərdir, adını desin. Yəni anormal bir şeydir. Mən buna çox anormal baxıram. Guya, qanuna istinadən Milli Məclisdə təmsil olunan partiyalara bu maliyyəni verirlər. Amma mən düşünürəm ki, ölkədə bərabəlik, paralellik yoxdur. Ölkədə elektoratı olan partiyaların heç birinə maliyyə yardımı ayırmırlar, o cümlədən Müasir Müsavat Partiyası bu günə qədər hələ dövlət tərəfindən bir qəpik pul almayıb. Buna baxmayaraq 63 rayon və şəhər təşkilatımız var. Kimsə də hara gedəndə elə birinci bizim təşkilatlarımız ilə maraqlanır. Təşkilatlarımızı adbaad deyə bilərik. Bütün rayon təşkilatlarının telefonlarını da elan edə bilərik. Amma neynəmək olar ki, bu gün bu dövləti dağıdanlar, yeyənlər, o cümlədən parlamentdə oturan partiyalar hamısı xəyanətkarlıqla məşğul olan insanlar olub. indi gəlib yaltaqlanmaqla parlamentə düşüblər, deputatdılar. Nə iş görüblər? Bir onlar deyil, bir neçələri var. Gəlin, bunlara əhəmiyyət verməyək. Bunu dəfələrlə demişik. Deyir, saqqız çox çeynəndə çürüyür. Ona görə, gərək, insanların özləri ona yol verməsin ki, Tahir Kərmiliyə neçə min manat pul ayırıblar. Bu qədər qaçqını, şəhid ailəsi, acı olan insanların pulunu kəsib Tahir Kərmiliyə vermək ədalətsizlikdir. Guya ki, parlamentdə təmsil olunur. Hər halda, bunu yuxarıda oturanlar düşünsə daha yaxşı olar”.
“Bunlar deputat nişanından istifadə edib, özlərinə var-dövlət toplayan insanlardır”
“Təbii ki, bu pullar onların susdurulması üçün verilir. Elədir. Bu, hələ ayrılan puldur. Məndə olan məlumata görə bunların hərəsinə aylıq 20-30 min haradansa pul verirlər. Onlar elə ona görə dillənə bimilər, gözükölgəlidirlər, qıpıqdırlar. Heç bir məmur haqqında tələbkarlıqla nəsə soruşa bilmirlər. Bunların bir vəzifəsi axşama kimi o nazirin, bu nazirin qapısında sülənməkdir. Yəni bunlar deputat nişanından istifadə edib, özlərinə var-dövlət toplayan insanlardır və bunları da Azərbaycan xalqı yaxşı tanıyır ki, kimlərdir. Həmin partiyaları susdurmaqdan ötrü təkcə dövlət tərəfindən ayrılan pulla kifayətlənsəydilər nə var idi ki. Lazım gələndə dövlət başçısını şantaj edirlər ki, bizim də maaşları artır, filankəsinki belədir. Ona görə, onların bir hissəsi şantajyor deputatlardır. Hər halda, mən düşünürəm ki, bundan sonra orada axırıncı oturuşlardır, bundan sonra olmayacaqdır. Onların bu günə kimi Azərbaycan dövlətinə, xalqına bir qəpik xeyri varsa, dursunlar, desinlər. Buna təbii baxmaq lazımdır. Çünki o pulu, hətta ondan da artığını verirlər ki, Oktay Əsədov kimi adamın arvadının “Priton” saxlamasına göz yumsunlar. Bəlkə də Oktay Əsədov da elə o “Priton”dan gələn pullardan onlara verir. Ona görə də bunların hamısı gözüqıpıq adamlardır. Hər halda məsələlər ciddidir və ciddiləşə-ciddiləşə də gedir. Ölkədəki vəziyyəti təhlil edəndə hər gün vəziyyətimiz ağırlaşır, Allah özü bu millətə kömək olsun”,-deyə partiya sədri qeyd etdi.(hurriyyet.org)
Şamo EMİN