Dövlətin partiyalara ayırdığı pullar hara xərclənir?(ARAŞDIRMA)
Artıq bir neçə ildir dövlət büdcəsindən siyasi partiyaların maliyyələşdirilməsi məqsədi ilə vəsait ayrılır və həmin məbləğ partalentdə təmsil olunun partiyalar arasında bölünür.
Yenixeber.org: “Siyasi partiyalar haqqında” Azərbaycan Respublikası Qanununun 17-1-ci maddəsinə əsasən siyasi partiyaların fəaliyyətinin maliyyələşdirilməsi üçün dövlət büdcəsindən ayrılmış vəsaitin 10 faizi irəli sürdüyü namizədlər Azərbaycan Respublikasının Milli Məclisinə keçirilmiş son seçkilərdə etibarlı səslərin azı 3 faizini qazanmış, lakin Azərbaycan Respublikasının Milli Məclisində təmsil olunmayan siyasi partiyalar arasında qazanılmış səslərin sayına proporsional olaraq bölünməlidir. Lakin parlamentə düşə bilməyən partiyalar 3 faizlik həddi keçə bilmədiyi üçün bu məbləğ bölünməmiş qalır.
Büdcədən ayrılan vəsaitin 40 faizi Azərbaycan Respublikasının Milli Məclisində təmsil olunan siyasi partiyalar arasında bərabər, 50 faizi isə seçilmiş deputatlarının sayına proporsional olaraq bölünür.
2016-cı ilin hesabatlarına əsasən dövlət büdcəsindən Milli Məclisdə 1 deputatla təmsil olunan siyasi partiyaya bərabər olaraq təxminən 98 min manat (98214.28), 2 deputatla təmsil olunanlara isə təxminən 113 min manat (113095.24) vəsait ayrılıb. Siyasi partiyaların 2016-cı ildə MSK-ya təqdim etdiyi hesabata görə olan mənfəət və zərərləri bu şəkildə olub.
Son statistikaya görə, parlamentdə təmsil olunan siyasi partiyalar aşağıdakı məbləğdə vəsait əldə edə bilib:
1. Yeni Azərbaycan partiyası - illik gəliri 7736860 AZN (6596979 AZN üzvlük haqlarından əldə edilib, 1139881 AZN isə dövlət büdcəsindən ayrılıb); xərclər 6373631 AZN; 1363229 AZN mənfəəti olub.
2. Ana Vətən Partiyası - illik gəliri 113095.24 AZN (vəsaitin hamısı dövlət büdcəsindən ayrılıb), xərclər 114641.61 AZN; 1546.37 AZN zərər edib.
3. Vətandaş Həmrəyliyi Partiyası - illik gəliri 113095.24 AZN (vəsaitin hamısı dövlət büdcəsindən ayrılıb), xərclər 117930.64 AZN; 3171.61 AZN zərər edib.
4. Böyük Quruluş Partiyası - illik gəliri 98605.29 AZN (391 AZN üzvlük haqlarından əldə olunub, 98214,28 AZN isə dövlət büdcəsindən ayrılıb), xərclər 98649.69 AZN; 44.40 AZN zərər edib.
5. Azərbaycan Sosial Demokrat Partiyası - illik gəliri 98214.28 AZN (vəsaitin hamısı dövlət büdcəsindən ayrılıb), xərclər 98032.15 AZN; 182.13 AZN mənfəət əldə edib.
6. Milli Dirçəliş Hərəkatı Partiyası - illik gəliri 121214.28 AZN (23000 AZN borcun və ya kreditin alınmasından əldə edilib, 98214.28 AZN isə dövlət büdcəsindən ayrılıb); xərclər 120308.47 AZN; 905.81 AZN mənfəəti olub.
7. Azərbaycan Demokrtik Maarifçilik Pariyası - illik gəliri 98214.29 AZN (digər partiyalarla nisbətdə dövlət büdcəsindən ayrılan vəsaitin həcmi 1 qəpik artıq olub), xərclər 98210.58 AZN; 3.71 AZN mənfəəti olub.
8. Azərbaycan Sosial Rifah Partiyası - illik gəliri Azərbaycan Demokrtik Maarifçilik Pariyasında olduğu kimi 1 qəpik artıq olmaqla 98214.29 AZN (vəsaitin hamısı dövlət büdcəsindən ayrılıb); xərclər 98207,96 AZN; 6.33 AZN mənfəəti olub.
*. Bütov Azərbaycan Xalq Cəbhəsi Partiyası - illik gəliri 102432.28 AZN (4218 AZN ianə şəklində əldə edilib, 98214.28 AZN isə dövlət büdcəsindən ayrılıb); xərclər 102432.28 AZN; qazanc və ya zərəri olmayıb.
10. Azərbaycan Demokratik İslahatlar Partiyası - illik gəliri 98214.28 AZN (vəsaitin hamısı dövlət büdcəsindən ayrılıb); xərclər 98275.92; 61.64 AZN zərər edib.
Vətəndaş Birliyi Partiyası Milli Məclisdə millət vəkili Sabir Hacıyevin timsalında təmsil olunsa da, partiyanın 2016-cı ildə MSK-ya təqdim etdiyi hesabatda gəlir və xərclərinin olmadığı qeyd edilib. Halbuki, partiyanın illik gəliri ən azından 98214.28 AZN olmalı idi. Məsələ ilə bağlı Sabir Hacıyevlə əlaqə saxladıq, lakin xaricdə tədbirdə olduğundan, danışa bilmədiyini qeyd etdi.
"Qaynarinfo" bir neçə partiyanın sədri və səlahiyyətli şəxsləri ilə əlaqə saxlayaraq dövlət büdcəsindən ayrılan vəsaitlərin hansı istiqamətdə xərclənməsi ilə maraqlanıb.
Millət vəkili, Böyük Qurtuluş Partiyasının (BQP) sədri Fazil Mustafa bu barədə hər il Mərkəzi Seçki Komissiyasına hesabat verildiyini və ayrılan vəsaitin əsasən partiyanın təşkilati işlərinə xərcləndiyini bildirib:
"Hər il MSK-ya partiya tərəfindən hesabat verilir. Həmin hesabatda ayrılan pulun hansı istiqamətdə xərcləndiyi göstərilir. Eyni zamanda Maliyyə Nazirliyindən tələb olunan sənədlərin içərisində partiyanın vəsaitlərinin xərclənməsinin audit rəyi də əsas götürülür ki, iki orqana bu istiqamətdə hesabat verilir. Dövlət büdcəsindən ayrılan vəsait əsasən təşkilatın saxlanmasına, rayonlarda partiya şöbələrinin yer kirayə haqqına, tədbirlərə, yerli şöbələrin konfranslarına, həmçinin əmək haqlarının verilməsi və partiyanın təbliğat materiallarının hazırlanmasına sərf olunur. Yay ayları olduğu üçün partiyanın fəaliyyəti elə də nəzərə çarpmır, lakin may ayında Türk Ordusunun Azərbaycana gəlişinin ildönümünü qeyd etmişik və bir neçə partiyanın iştirakı ilə Ali Məclisin iclası toplanıb. Yəni son 3 ayda əsasən bu istiqamətdə işlər görülüb".
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası sədrinin müavini Elçin Mirzəbəyli dövlət tərəfindən ayrılan vəsaitin təşkilati işlər üçün belə yetərli olmadığını, partiyanın xüsusi tədbirləri öz vəsaiti hesabına gerçəkləşdirdiyini deyib:
"Ayrılan vəsaitlərin hər il hesabatı verilir və bu hesabat da mətbuat orqanlarında yayımlanır. Bu, gizli bir şey deyil. İstənilən jurnalist bu araşdırmanı apara bilər. Belə ki, Mərkəzi Seçki Komitəsinin saytına daxil olaraq ayrılan vəsaitlərin hansı istiqamətdə xərcləndiyini öyrənə bilərsiniz. Yaxın zamanlarda partiyanın 15 illik yubileyi ilə bağlı tədbir keçirilməsi ilə bağlı hazırlıq prosesi gedir. Əksər insanlar məzuniyyətdə olduğu üçün tədbiri sentyabrın ikinci yarısında keçirməyi nəzərdə tutmuşuq. Amma bu vaxta qədər ayrılan vəsait əsasən təşkilati işlərə xərclənilib. Qeyd edim ki, bu vəsait o qədər də böyük deyil. Yəni aya bölünəndə ofislərin saxlanılmasını, rayon təşkilatlarına maliyyə dəstəyinin verilməsini, ezamiyyətləri və s. hesablayanda ayrılan vəsaitin hətta bu xərclər üçün də yetərli olmadığını görə bilərsiniz. Dövlətin ayırdığı pul bir o qədər çox deyil ki, bununla hər hansısa xüsusi bir tədbir həyata keçirmək mümkün olsun. Böyük tədbirləri biz əsasən öz imkanlarımız hesabına həyata keçiririk".
Millət vəkili Fazil Ağamalının parlamentdə təmsil etdiyi Ana Vətən Partiyasının mətbuat xidmətinin rəhbəri Tünzalə İsmayılova da xərclərin partiyanın saxlanılmasına sərf edildiyini qeyd edib:
"Vəsait əsasən icarə və əmək haqlarının verilməsi istiqamətində xərclənilir. Yay fəsli olduğu üçün məzuniyyətdə olmuşuq. Məzuniyyət dövrünə qədər rayonlara ezamiyyətlərimiz olub ki, orada partiyanın fəaliyyəti istiqamətində müxtəlif tədbirlər keçirilib".
Azərbaycan Sosial Rifah Partiyasının sədri Xanhüseyn Kazımlı bu məsələlərlə mühasiblərinin məşğul olduğunu və xərclərin necə lazımdırsa, o şəkildə xərcləndiyini qeyd edib:
"O məsələ ilə mühasibimiz məşğul olur. Partiyanın qərargahı və digər məsələlər var ki, ayrılan pullar bu istiqamətdə necə lazımdırsa xərclənir. Mühasibatlıqdan başı çıxan biri gəlib, ondan nə lazımdırsa soruşa bilər".
Azərbaycan Sosial Demokrat Partiyasının sədri Araz Əlizadə isə bu barədə mətbuata heç bir açıqlama verməyəcəyini, hesabatı yalnız MSK-ya təqdim etdiklərini bildirib:
"Mən bu hesabatı mətbuata yox, yalnız MSK-ya verirəm".
Qeyd edək ki, 2015-ci ildə Azərbaycan Respublikasının Milli Məclisinə V çağırış seçkilərinin nəticələrinə əsasən Yeni Azərbaycan Partiyasından əlavə aşağıdakı siyasi partiyalar öz deputatları ilə təmsil olunurlar:
Çingiz Səfərli