TÜRKİYƏ İQTİSADİYYATINDA BÖHRAN DAVAM EDƏCƏK –Albayrakın islahat paketi investorları inandıra bilməyib
Nevzat Devranoğlu
“Reuters”, 12.04.2019
On il davam edən güclü artımdan sonra Türkiyə iqtisadiyyatının 2019-cu ildə kiçilməsi gözlənilir və iqtisadçılar lirənin son dövrdə məzənnə itirməsindən sonra daha çox geriləmə proqnozlaşdırırlar.
Yenixeber.org: Ölkə iqtisadiyyatı ötən ilin dördüncü rübündə, valyuta böhranı ilə lirənin dollarla müqayisədə təxminən 30% ucuzlaşmasının ardınca, 3% azalıb. İnflyasiya 15 illik yüksəkliyə çatıb və sərmayə şirkətlərinin qaçışı, xarici borcların artması və bank sektorunda kredit faizlərinin artmasına səbəb olub.
Bu il iqtisadiyyat artıq 0,3 kiçilib, halbuki hökumət 2,3% artım proqnozlaşdırmışdı. Amma 2,3 faizlik artımla bərabər, 5 faizlik geriləməyə dair geniş proqnozlar da var idi.
Son dəfə Türkiyə iqtisadiyyatı 2009-cu ildə 4,7 faiz kiçilib. 2010-cu ildən 2017-ci ilə qədər, dünya maliyyə böhranından sonra ucuz kapitalın yaratdığı tikinti bumu sayəsində onun mürəkkəb artım tempi 6,6% təşkil edib.
Reuters-in sorğusuna əsasən, iqtisadiyyatın 2019-cu ilin ilk iki rübündə – 3,4 və 1,2% azalması gözlənilir. Üçüncü rübdə isə artım 2,1% olacaq.
Birinci rübün ÜDM-i mayın 31-də açıqlanmalıdır.
Sorğu, həmçinin göstərib ki, 2020-ci ildə böyümə 2,7% səviyyəsində olacaq.
Beynəlxalq Valyuta Fondu Türkiyədə 2,5% azalma və 2020-ci ildə 2,5% böyüməni proqnozlaşdırır.
Cümə günü keçirilən anket sorğusu ümumən üç ay əvvəl keçirilmiş analoji sorğudan bədbindir və Türkiyədə iqtisadi durumun pisləşməyə başladığına şahidlik edir.
“İnvest Investment” in iqtisadçısı Müəmmər Kömürcüoğlu deyib: “İqtisadiyyatın ilin ikinci yarısında müsbət artım zonasına qayıtmasını gözləyirik. Amma bu, kövrək bərpa olacaq, həmçinin siyasi və geosiyasi inkişaflara bağlıdır”.
İslahat məsələsi
Ötənilki valyuta böhranı Mərkəzi Bankın müstəqilliyi, habelə Ankara ilə Vaşinqton arasındakı əlaqələrin pisləşməsi ilə əlaqədar narahatlıqlardan irəli gəlirdi.
NATO üzrə iki müttəfiqin Suriya siyasəti və Türkiyənin Rusiyadan raket əleyhinə müdafiə sistemini alması ilə bağlı şübhələri hələ də saxlayır.
Maliyyə naziri Berat Albayrak Çərşənbə günü islahat paketini açıqlayıb. Paket əsasən borcların restrukturizasiyası, böyük şirkətlərin sıxışdırdığı dövlət bankalarının yenidən sərmayələşdirilməsini hədəfləyir.
Analitiklərin sözlərinə görə, bu islahatlar BVF-nin nəzarəti altında həyata keçirildiyi təqdirdə, investorların etibarını bərpa edə bilər.
Türkiyənin BVF və ya digər xarici təşkilatdan maliyyə istəyib-istəməyəcəyi soruşulduqda, 6 respondent “yox” cavabı verib.
2023-cü ildə prezident və parlament seçkilərinin planlaşdırıldığını nəzərə alan respondentlər növbədənkənar seçkilərin keçirilməsini gözləmir.
Albayrakın islahatları arasında inflyasiya səviyyəsini aşağı salınması var. O, oktyabr ayında 25 faizdən yuxarı hədlə 15 illik yüksəkliyə çatıb. Mart ayında isə 20% olub.
Sorğunun nəticələrinə görə, ilin ikinci rübünün sonuna qədər illik inflyasiyanın 17,5%-ə enməsi gözlənilir və ikinci rübün sonundan etibarən ilin sonuna qədər 15,5%-ə enəcək. 2020-ci il sonuna qədər bu göstəricinin 11,8%, 2021-ci ilə isə 9,1% olacağı gözlənilir.
Sorğuya əsasən, həmçinin, keçən il şişmiş, lakin iqtisadiyyatın yavaşladığı dövrdən bəri cari kəsirin (bu il ÜDM-in 2,4 faiz səviyyəsindədir) əvvəlki ilə nisbətən 6 faiz aşağı düşməsi gözlənilir.
Mərkəz Bank sentyabr ayında faiz dərəcəsini 24 faiz artırıb və bəzi investorlarda maliyyə-pul siyasətinin vaxtından əvvəl asanlaşması ilə bağlı narahatlıq var.
Prezident Tayyib Ərdoğan faiz dərəcələrini “düşmən” elan edib, yaxın keçmişdə Mərkəzi Bankı faiz dərəcələrini aşağı salmağa çağırıb.
Mərkəz Bankın rəhbəri Murat Çetinkaya bildirib ki, inflyasiya “inandırıcı inkişaf” göstərməyənə qədər sərt maliyyə-pul mövqeyi saxlanılacaq.
İqtisadçılar Mərkəzi Bankın təxminən ilin sonuna qədər əsas dərəcəni 19.25 səviyyəsinə endirəcəyini və iyul ayına qədər hər hansı bir endirim etməyəcəyini proqnozlaşdırırlar.Tərcümə: Strateq.az