“Təhlükə var ki, bu dəhlizlə Rusiya Ermənistana silah da daşıyacaq...”-
Xəbər verildiyi kimi Rusiya ilə Gürcüstan arasında Abxaziya və Cənubi Osetiyadan keçən nəqliyyat dəhlizlərinin açılması barədə razılıq əldə olunub.
Yenixeber.org: Bu razılaşmaya əsasən Gürcüstan separatçı bölgələrlə inzibati sərhədində yüklərə nəzarət etmək üçün gömrük məntəqəsi açacaq. Rusiya tərəfdən isə sərhəd-gömrük monitorinqini İsveçrənin SGS şirkəti həyata keçirəcək.
Rusiya xarici işlər nazirinin müavini Qriqori Karasin “Kommersant”a müsahibəsində bildirib ki, razılaşmada Gürcüstan-Rusiya sərhədi barədə söz açılmır. “Hətta razılaşmanın adında kimin kimlə ticarət edəcəyi barədə hissə boş buraxılıb. Rusiya tərəfinin anlayışına əsasən bu ticarətin üç tipi var: birincisi, Rusiya ilə Gürcüstan arasında, ikincisi Rusiya ilə Abxaziya və Cənubi Osetiya arasında, üçüncüsü Gürcüstanla Abxaziya və Cənubi Osetiya arasında. Mahiyyətcə bu razılaşma Gürcüstanı məcbur edir ki, Abxaziya və Cənubi Osetiyanı müstəqil gömrük ərazisi kimi tanısın”-Karasin bildirib.
Lakin Gürcüstan tərəfdən danışıqları aparan baş nazirin müavini Zurab Abaşidze deyir ki, Tiflis Abxaziya və Cənubi Osetiya ilə təmas xətti boyu gömrük postları yerləşdirmək niyyətində deyil.
“Heç bir gömrük postu olmayacaq. Rusiya tərəfdə İsveçrə şirkətinin müşahidə məntəqələri yerləşdiriləcək və onlar işğal olunmuş ərazilər üzərindən Gürcüstana gələn yüklərə baxış keçirəcək. Gürcüstanın nəzarətində olan ərazilərdə isə gömrük terminalları yaradılacaq və orada yükləri gömrükdən keçirmək mümkün olacaq”-Abaşidze “Kavkazskiy uzel”ə bildirib.
Baş nazirin müavini əlavə edib ki, onlar məsələni siyasiləşdirməyə hazırlaşmırlar və heç bir sərhədlərdən söhbət getmir. Ancaq Rusiya ilə Gürcüstan arasında yük axınının nizamlanmasından söhbət gedir. Onun sözlərinə görə, Gürcüstanla Rusiya arasında dəhlizin işləməyə başlaması üçün hələ vaxt lazımdır.
Gürcüstanlı iqtisadçı Georgi Xuxaşvili isə deyir ki, bu dəhliz Rusiyaya Ermənistanı öz orbitində saxlamaq üçün lazımdır. Onun sözlərinə görə, təsadüfi deyil ki, 2018-ci ildə Rusiya İsveçrə şirkətinə sərhədlərin monitorinqi üçün nəzərdə tutulan vəsaiti birinci ödəyib.
“Bu gün Ermənistan Rusiyadan getdikcə daha çox uzaqlaşır. Onların ümumi sərhədləri yoxdur, Rusiyanın Ermənistana iqtisadi təzyiq rıçaqları da zəifləyir. Ona görə də Rusiya Ermənistana yüklərin daşınmasını artırmaq istəyir”-ekspert deyib.
Digər gürcü ekspert David Darçiaşvili də hesab edir ki, Nikol Paşinyan daha çox Qərbə meyllidir, Rusiya isə Ermənistanı öz təsir dairəsində saxlamaq istəyir.
“Yük daşımalarını artırmaqla Rusiya Ermənistanı öz maraq sferasında saxlamağa cəhd edir”-Darçiaşvili deyib. Onun sözlərinə görə, belə təhlükə var ki, Rusiyadan Ermənistana Gürcüstan üzərindən hərbi yüklər də daşınacaq.
Barışıq məsələləri üzrə keçmiş dövlət naziri Paata Zakareişvili isə bildirir ki, bu razılaşma təhlükəsizlik baxımından Gürcüstan üçün heç nəyi dəyişmir. Çünki gömrük nəzarəti ancaq Gürcüstanın nəzarətində olmayan ərazilərdən keçib Gürcüstanın özünə və ya üçüncü ölkələrə, o cümlədən Ermənistana gedən yük maşınlarına tətbiq olunacaq.
“Abxaziya və Cənubi Osetiyaya daşınan silahlara isə heç kim nəzarət etməyəcək”- o bildirib.
Qeyd edək ki, Rusiya ilə Gürcüstan arasında bu razılaşma Azərbaycanda da ciddi qayğı ilə izlənilir. Çünki razılaşma Ermənistanın uzun illərdən sonra nəqliyyat blokadasından faktiki çıxmasına imkan verəcək.(virtualaz)
F.Məmmədov