"Vəziyyət elə gərgindir ki, birdən hansısa artilleriya yaylım atəşi açılsa..." - Qarabağ düyünü
Dağlıq Qarabağ münaqişəsinin danışıqlar yolu ilə nizamlanması imkanı 20 il bundan əvvələ nisbətən indi daha məhduddur. Manevrlər üçün məkan daralır və burada ən kəskin, ən ağrılı məsələ budur ki, ermənilər təkcə Dağlıq Qarabağın özünü nəzarətdə saxlamırlar
Yenixeber.org: Bu fikirlə "Azadlıq" radiosunun "Exo Kavkaza" proqramına müsahibəsində Qarabağ üzrə nüfuzlu britaniyalı ekspert, Karnegi fondunun elmi əməkdaşı Tomas de Vall çıxış edib. Ekspert 30 il bundan əvvəl Dağlıq Qarabağ Muxtar Vilayətinin Azərbaycanın tərkibindən çıxmaq barədə separatçı qərarından sonra münaqişənin necə inkişaf etdiyinə və hansı mərhələyə gəlib çatdığına nəzər salıb.
"Mən belə düşünürəm ki, münaqişənin istənilən həll variantında Dağlıq Qarabağ ermənilərin nəzarəti altında qalacaq. Lakin burada Dağlıq Qarabağ ətrafındakı ərazilərin məsələsi də var, hansı ki, həmin ərazilər Dağlıq Qarabağ muxtariyyətinin tərkibində olmayıblar. Bu Azərbaycan rayonları da erməni qoşunlarının işğalı altındadır. Əlbəttə, Azərbaycan bu ərazilərin itirilməsi ilə heç vaxt barışmayacaq, hansı ki, orada yarım milyondan çox azərbaycanlı yaşayıb və onlar indiyə qədər qaçqın statusundadır. Digər tərəfdən erməni tərəfi möhkəm təhlükəsizlik təminatı almasa bu rayonları qaytarmaz. Hesab edirəm ki, 20 il bundan qabaq məsələni həll etmək daha sadə idi, nəinki indi"-Tomas de Vall bildirib.
Ekspert qeyd edib ki, hərbi əməliyyatların yenidən başlanması riski həmişə yüksək olaraq qalır. Onun fikrincə Azərbaycan və Ermənistan prezidentləri müharibə istəmirlər. "Kim riksə gedib bu cür təhlükəli münaqişəni alovlandırmaq istəyər? Hansı ki, kütləvi insan tələfatına və dağıntılara gətirib çıxaracaq. Lakin digər tərəfdən münaqişədə gərginlik dərəcəsi çox yüksəkdir. Qarşılıqlı sözlü təhdidlər və təmas xəttinə ağır silahların-artilleriyanın, aviasiyanın cəmləşdirilməsi. Orada çox ciddi militarizasiya gedir. Bu da o deməkdir ki, cəbhədəki komandirlərin də öz çəkisi var-birdən hansısa artilleriya yaylım atəşi açılsa, atəşkəsin hansısa ciddi pozulması halı baş versə o, təcili qərar qəbul etməlidir, ola bilsin bu zaman o heç Bakıya və ya Yerevana zəng vurmağa da imkan tapmasın. Və bu situasiyada əlbətdə ki, risk çox böyükdür", - britaniyalı ekspert deyib.
Tomas de Vall bildirir ki, xarici oyunçular Qarabağ münaqişəsinin təhdid olduğunu görür. Lakin Vaşinqtonda, Brüsseldə və digər paytaxtlarda prioritetlər başqadır-Suriya, İran, Şimali Koreya və əlbətdə ki, Ukrayna.
"Münaqişənin alovlanması riski yüksək olaraq qalır və mənim fikrimcə indi bu məsələyə daha çox diqqət ayırmaq, daha ços səy göstərmək daha yaxşı olardı, nəinki nə vaxtsa birdən münaqişə alovlanandan sonra", - Tomas de Vall əlavə edib.