PUTİNİN ORTA ƏSR ARZULARI:Rusiya təhkimçilik dövrünə qayıdır - TƏHLİL
Dina Xapaeva
“Project Syndicate” (Çexiya)
Bütün dünyada keçmişin ictimai və siyasi ədalətsizliyinə düzəlişlər edildiyi halda, Rusiya öz müstəbidlərini müqəddəsləşdirir, onlardan ən pislərinə heykəllər ucaldır. Bu, Rusiya siyasətini orta əsrlərə qaytarmaq istəyən ultra-milliyyətçi konservatizm fenomeninin təzahürüdür.
Yenixeber.org: 2016-cı ilin oktyabrında Rusiyanın mədəniyyət naziri Vladimir Medinskinin təqdiri ilə ölkənin Oryol şəhərində, ilk dəfə olaraq, İvan Qroznıya (Qorxunc İvana) abidə qoyulub. Bir ay sonra ultra-milliyyətçi Rusiya Liberal Demokratik Partiyasının lideri Vladimir Jirinovski Moskvada Leninqrad prospektinin adının dəyişdirilməsi və İvan Qroznı adlandırılmasına çağırış edib. Bu ilin iyul ayında prezident Vladimir Putin məlum zülmkara rəğbətini xatırladaraq, bildirib ki, "böyük ehtimalla, İvan Qroznı heç kimi, hətta oğlunu öldürməyib".
Əksər tarixçilər razılaşırlar ki, İvan ləqəbini doğruldub; o, nəinki oğlunu və digər qohumlarını öldürüb, həm də 1565-ci ildən 1572-ci ilə kimi Rusiyanı qana boğan dövlət təmizləmələrinə – “opriçina”ya da (İvan Qroznının çarlığı dövründə güclü mərkəzi hakimiyyət yaratmaq uğrunda mübarizəyə “opriçina”, çara dayaq olan xüsusi qoşunlara “opriçniklər” adlanırdı. Opriçniklərin yəhərinə it kəlləsi və süpürgə bağlanılırdı. Bu, o qorxunc dövrdə onların rəmzi idi – tərc.) göstəriş verib. O, həmçinin Rusiyanın məğlubiyyətinə səbəb olan Livon müharibəsində orduya rəhbərlik edib, son nəticədə dövlət hərc-mərcliyə və iflasa yuvarlanıb.
İvan Qroznıya müasir pərəstişin təməlini İosif Stalin qoyub (Məhz onun dövründə rus çarı haqqında bədii film çəkilib – tərc.). 2000-ci illərin ortalarından etibarən, Rusiyanın Avrasiya Partiyası – faşistpərəst mistik Aleksandr Duqinin rəhbərlik etdiyi siyasi hərəkat – İvanı "xalis" rus ənənəsinin ən yaxşı təcəssümü olaraq qəbul edib: avtoritar monarxiya.
Duqinin "avrasiyaçılıq" markası Rusiya demokratiyasından olan-qalanı da hakimi-mütləqlə, "yeni orta əsrlərlə" əvəzləməyi müdafiə edir. İdeal gələcəkdə, Duqinə görə, ölkə orta əsrlərdəki ictimai-sosial quruluşa dönəcək, imperiya bərpa olunacaq, pravoslav kilsəsi mədəniyyət və təhsilə nəzarət edəcək.
1990-cı illərdə marginal olan avrasiyaçılıq son illərdə Rusiyada xeyli populyarlaşıb, ifrat sağçıların “İzborski Klub” adlanan təşkilat yaratmasına vəsilə olub. Bir neçə dəfə Putin rus ideologiyasının vacib bir hissəsi kimi avrasiyaçılığa istinad edib, hətta onu köhnə sovet ölkələrinin köklü ticarət zonasının, Avrasiya İqtisadi İttifaqının təməl prinsipi adlandırıb.
Avrasiyaçılıq ultra-milliyyətçi qruplara birləşmək üçün ortaq zəmin yaradıb. Həmçinin totalitarizmin simvolları (İvan Qroznı və Stalin) və yeni dəstək legionları ilə təmin edib.
Onların arasında siyasi terroru idarəetmənin ən təsirli vasitə olduğunu düşünən və "yeni opriçina" – sabit anti-Qərb, mühafizəkar inqilab çağırışı edən Avrasiya Partiyasının üzvləri var. Avrasiya Partiyasının Siyasi Şurasının üzvü və “Üçüncü imperiya” utopik romanının müəllifi olan Mixail Yuriyevin fikrincə, opriçniklər yeganə siyasi sinif olmalı və qorxu ilə idarə etməlidirlər.
İvan Qroznı – Rusiyada bərpa olunan yeganə orta əsr qalığı deyil. Mədəni lüğət də geri qayıdır. Məsələn, "xolop" (kölə, qul, təhkimli – tərc.) sözü Rusiyada müasir quldarlığa paralel olaraq, linqvistik dövriyyəyə girib. Qlobal Quldarlıq İndeksindən alınan məlumatlar göstərir ki, hazırda bir milyondan çox rus tikinti sənayesi, ordu, kənd təsərrüfatı və seks ticarətin əsirdir. Üstəlik, “xolop”ların "sahibləri" də özlərini günümüzün “barin”ləri (mülkədar – tərc.) kimi davranırlar.
Hətta rus məmurları müasir köləliyə razılıq verirlər. Konstitusiya Məhkəməsinə sədr olan Valeri Zorkin rəsmi “Rossiyskaya qazeta”da («Российская газета») yazıb ki, təhkimçilik hüququ uzun müddətdir Rusiyanın "sosial yapışqanı"dır.
Başqa bir orta əsr termini – "hökmdarın qulluq adamları” kimi tərcümə edilən“lyudi qosudarevı” – yüksək rütbəli bürokratların nəfinə geri qayıdır.
Təhkimçilik üçün xiffət mütləqiyyət quruluşuna qayıdış arzusunu mədh edir. Rusiyanın tanınmış ziyalıları, o cümlədən kinorejissor Nikita Mixalkov, jurnalist Maksim Sokolov və rus pravoslav kilsəsinin xadimi Vsevolod Çaplin Putinin taxta çıxarılması çağırışı edir və vəsatət üçün onlayn imza toplayırlar.
Qeyd edək ki, 2012-ci ildə Putin rejiminə qarşı etirazlar da Putinin özü deyil, əksinə, avrasiyaçılıq əleyhinə yozuldu.
Neo-orta əsr Rusiyasında Avrasiya konsepsiyasına Putinin cəsarətli dəstəyi ilə stalinizmin tarixi xatirəsini canlandırır. Duqinə görə, "Stalin sovet imperiyasını yaradıb" və "Qorxunc İvan" kimi "sovet cəmiyyətinin və sovet xalqının ruhunu" ifadə edir. Buna görə də, Rusiya şəhərlərində Stalin abidələrinin çoxalması təəccüblü deyil. Neo-medievalizm (yeni orta əsrçilik – tərc.) terrorla tətbiq edilən bərabərsizlik, kasta və klana əsaslanan sosial qayda-qanun üçün nostalji hissinə köklənib.
Tarixi müstəbidlərin yenidən dəbə mindirilməsi bu cür qeyri-müasir, radikal antidemokratik və ədalətsiz dəyərlərin yenidən canlandırılmasını əks etdirir. İvanın müasir pərəstişkarları üçün keçmiş – sadəcə proloqdur.
Tərcümə: (Strateq)