İran Azərbaycandan nə istəyir?
Tehran mediası işğalçı Ermənistanla yanaşı, indi də Qarabağdakı separatçı rejimlə Azərbaycanı təhdid edir
Yenixeber.org: İran-Azərbaycan münasibətlərinin xarakteri həmişə ziddiyyətli olub. Bu münasibətlərin bütün mürəkkəbliyini və onun səbəblərini bir yazıda açmaq fikrindən uzağıq. Amma bölgədə müşahidə olunan geosiyasi gərginlik, xüsusən Suriya və İraq hadisələri, Fələstin probleminin yenidən aktuallaşması, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı diplomatik fəallığın artması, eləcə də Tramp administrasiyasının İran ətrafında çevrəni daraltması səbəbindən bu münasibətlərin qabarıqlaşan bəzi xüsusiyyətlərinə nəzər salmağı zəruri edir.
Müşahidələrimizə görə, hansısa sirli əlin göstərişi ilə İranda Azərbaycan Respublikasına münasibətdə əks təbliğata yenidən start verilib, əksinə, İran-Ermənistan münasibətlərinin inkişafı istiqamətində isə fəallıq artıb.
“İşğalçı Azərbaycan”
Görünür, İranın bəzi dairələrinin Azərbaycana qarşı hikkəsi o həddə çatıb ki, özünü separatçı-terrorçu rejimin “xarici işlər naziri” kimi təqdim edən Masis Mailyanın nüfuzlu “Şərq” qəzeti və rəsmi İRNA agentliyi vasitəsilə Azərbaycan Respublikasını “işğalçılıq”da da ittiham etməsinə çox asanca şərait yaradılır. M.Mailyan Dağlıq Qarabağ münaqişəsinin nizamlanması, ATƏT-in Minsk Qrupunun fəaliyyəti, münaqişənin həlli məsələsində İranın mövqeyindən danışıb. Qondarma “nazir” həyasızcasına iddia edib ki, “bizim ”Artsax" sərhədlərindən kənarda ərazimiz yoxdur. Bizim əlimizdə olanlar bütünlüklə “Artsax”ın əraziləridir. Bununla belə, bu gün Azərbaycanın nəzarəti altında olan “”Artsax" əraziləri var".
İndiyədək heç Rusiya nəşrləri belə Dağlıq Qarabağdakı rejimin legitimləşdirilməsi istiqamətində addım atmamışdı. Yalnız Azərbaycanın İrandakı səfirliyinin işə qarışmasından sonra İRNA-nın saytından müsahibə yığışdırılsa da, “Şərq”də öz yerində qalıb. Artıq erməni mediası həmin müsahibəni İranın Dağlıq Qarabağ rejimini tanıması kimi dəyərləndirir.
Müsahibənin müəllifi etnoqraf Salar Seyfəddinin İranda ermənilərə məxsus “Hut”tərcümə mərkəzi və İran Beynəlxalq Araşdırmalar Assosiasiyasının noyabrın 15-də Ararat mədəniyyət klubunda təşkil etdikləri konfransda “Dağlıq Qarabağda geosiyasi bərabərliklər və regionun geosiyasi gələcəyi” mövzusunda çıxışında müsahibədə səslənən tezisləri müdafiə edib. Yəni baxın, bu müsahibə bir düşünülmüş addımdır və təsadüfi deyil. Sonrakı proseslər baş verənlərin xüsusi məkrin tərkib hissəsi olduğunu təsdiqləməkdədir.
Bunun ardınca İİR-də nəşr olunan “Qanun” qəzeti də “Ermənistandakı və Dağlıq Qarabağdakı İran məscidlərinin (??!!) yerində araşdırılmış vəziyyəti” haqda hesabat dərc edir. Nəşr İranın Ermənistandakı irsini (söhbət Azərbaycan müsəlmanlarına aid İslam abidələrdən gedir) “dini dialoq şansı” kimi dəyərləndirib. Çoxsaylı rəsmi və qeyri-rəsmi beynəlxalq qurumların, o cümlədən ATƏT-in faktaraşdırıcı missiyasının və İƏT-in Dağlıq Qarabağdakı azərbaycanlılara aid dini abidlərin yerlə yeksan edilməsi haqda təsbitlərinin üzərindən isə sükutla keçilir.
Ağdam “fars şəhəri” elan edilir
Əslində İranın Ermənistanla sıcaq ilişkiləri artıq müzakirə mövzusu da deyil. Hətta iş o yerə çatıb ki, iki ölkə arasında münasibətlərin genişləndirilməsi niyyətinin arxasında İranın bəzi dairələrinin nüvə və raket proqramları ilə bağlı tətbiq olunmuş sanksiyalardan yayınmaq, habelə Türkiyə və Azərbaycana təzyiq göstərmək üçün Ermənistanın və erməni lobbisinin imkanlarından yararlanmaq niyyəti açıq şəkildə özünü büruzə verməyə başlayıb. Mahiyyət etibarilə İranın Ermənistandakı səfiri S.K.Səccadinin Şərqi və Qərbi Azərbaycan, Ərdəbil və Gilan vilayətlərinə səfər etməsi, vilayətlərin rəhbərləri və yerli Sənaye, Ticarət və Mədən Palatasında müxtəlif görüşlər keçirməsi, bunun nəticəsi olaraq noyabrın 12-də Təbriz şəhərində palatanın təşkilatçılığı ilə Şərqi Azərbaycan valiliyi və Ermənistan arasında ikitərəfli əməkdaşlığın inkişaf etdirilməsi yollarının araşdırılması mövzusunda toplantının təşkil edilməsi məhz bu məqsədin reallaşdırılması üçün atılan addımlardan biridir.
Məhz bu reallıqların nəticəsidir ki, “Qanun” İran və Ermənistan arasında qarşılıqlı əlaqələr və əməkdaşlığı sivilizasiyalararası və dini dialoqun gözəl nümunəsi kimi təqdim edir: “İranda kilsələr dövlət tərəfindən qorunur və İran ermənilərinin ictimai fəaliyyətini dəstəkləyir. Digər tərəfdən, Ermənistan və Qarabağdakı İran məscidlərinə xüsusi ehtiramla yanaşılır. Erməni tərəfi İrana bu tarixi abidələri bərpa icazəsi vermiş və bəzi hallarda bərpa təşəbbüsü ilə çıxış edib. Xüsusilə Orta Şərqdə etnik gərginlik və məzhəb fundamentalizminin tüğyan etdiyi bir zamanda bu növ əlaqələr dinlərarası dialoqa (???-red.) nümunə göstərilməlidir. Belə bir mühitdə İran və Ermənistan müştərək sivilizasiyanın varisləri kimi mədəniyyət sahəsində ideal razılaşmaya nail olub”.
“Qanun” daha sonra “Şərq”in dediklərini təkrarlayır: “Bu kiçik muxtar respublika Sovet İttifaqı dağılan zaman onun konstitusiyasına istinad edərək öz varlığını elan etdi. Qarabağlılar öz müstəqillik fəlsəfələrini digər ittifaq ölkələrinin istinad etdiyi kimi qəbul edirlər. Amma bundan dərhal sonra 1994-cü ilə qədər davam edən qanlı qarşıdurmalar baş verdi. Horadizdən başlayaraq Ermənistan sərhədinə qədər İranın şimal sərhədləri 140 kilometrlik məsafədə Dağlıq Qarabağla həmsərhəddir”.
Nəşrin iddiasına görə, “Dağlıq Qarabağ hökuməti məscidlərə heç bir zərər yetirməyib, əksinə, onların təmirinə böyük məbləğdə maliyyə vəsaiti sərf edib. Digər tərəfdən isə hüquqi nöqteyi-nəzərdən Ağdam və Şuşadakı İran məscidlərinin Azərbaycan Respublikası ilə çox cüzi əlaqəsi var. Bu məscidlər iranlıların Qafqazda, xüsusilə də Şuşadakı yadigarıdır”.
Bax, belə.
Nəşr "Gövhərağa" məscidinin Şuşanın “Yuxarı İran Məscidi” adlandırır və etiraf edir ki, “Dağlıq Qarabağ hökuməti” tərəfindən qorunan məscid “İranın özəl sektoru ilə müştərək olaraq təmir olunur”.
İrəvan şəhərindəki "Göy" məscidin isə 1996-1999-cu illərdə İranın Məzlumlar Fondu (Bonyad-e Mostəzəfan -guya ehtiyaclı şiələrə yardım etmək məqsədilə yaranmış fonddur - red.) tərəfindən təmir edildiyini və hazırda İran Mədəniyyət və islami Əlaqələr Təşkilatı tərəfindən idarə olunduğunu fəxrlə bildirir. Daha sonra nəşr “Dağlıq Qarabağın şimal-qərbində yerləşən ”Ağdam" şəhər məscidinin “Dağlıq Qarabağ hökuməti tərəfindən” İranın mədəniyyət irsi kimi təsdiqləndiyini qeyd edir. Fikir verin, hətta xunta hakimiyyətinin başçısı Serj Sərkisyan belə yaramazlıq eləmir və “Ağdamın Dağlıq Qarabağ olmadığını qəbul edirik” deyir.
Qeyd edilir ki, Ağdam məscidinin tarixi əhəmiyyətindən başqa siyasi əhəmiyyəti də böyükdür və rəsmi Bakı tərəfindən siyasi təbliğatda istifadə oluna bilər: “Bu bölgədən bir neçə kilometr aralıda Bakının silahlı qüvvələri yerləşir və gecə vaxtı ”Mirbəşir" (Tərtər - red.) şəhərinin işıqları sərhədin bu tərəfindən aydın şəkildə görünür. Bu tikilinin təmas xəttində yerləşməsi onun təmir və bərpasına imkan vermir".
“Nə baş verir” sualına, fikrimizcə, İranın İslam İnqilabı Keşikçiləri Korpusuna (SEPAH) yaxınlığı ilə tanınan “Məşreğ” qəzetində Azərbaycan Respublikası üzrə “ixtisaslaşmış ekspertlər” Əhməd Kazemi və Burhan Heşmətinin dərc edilmiş böyük müsahibəsi aydınlıq gətirə bilər.
Azərbaycanlı pasiyentlər yalnız İranda müalicə olunmalıdır, ya da şiələr üsyana qalxsın...
“Sionistlərin Azərbaycan Respublikasında 12 anti-İran strategiyası; İsrail başçılarının gecə səfərləri necə rəsmiləşdi? Nə üçün Azərbaycan müsəlmanları anti-şiə siyasətlərə etiraz etmir?” adlı müsahibədə özündən müştəbeh ekspertlər Azərbaycanın İsraillə səhiyyə, hərbi, ticarət, energetika, hətta humanitar sahədə bütün əlaqələrini təftiş edərək bunu İrana qarşı addım kimi qiymətləndirirlər. Sanki azərbaycanlı pasiyentlər yalnız İranda və ya İranın Azərbaycanda açdığı daxma tipli tibb müəssisəsində müalicə almalı, yalnız İranla ticarət qurmalı, Azərbaycan isə yalnız fars hərbçilərinin hələ yuxularında belə görmədikləri hərbi avadanlıqları nə vaxt istehsal edəcəyini gözləməlidir. Sanki biz Rusiya və Böyük Britaniyanın İran üzərində XIX əsrin ortalarından XX sərin 60-cı illərinə qədər davam etmiş boyunduruq sisteminin əvəzində bu gün İrandan eyni şərtləri qəbul etməli, bu dövlətin səhiyyəsini, yarıtmaz sənayesini, hərbisini, kənd təsərrüfatını inkişaf etdirmək üçün büdcəmizin əsas hissəsini dinməver vergisi kimi ödəməli, müstəqil xarici siyasətdən imtina etməli, İrandan gələn istənilən şəxsə “ləbbeyk” deməli, bir sözlə, İİR-in faktiki yeni ostanına çevrilməli, həmin “ostanın”ərazisinin bir hissəsinin Ermənistana peşkəş edilməsinə göz yummalıyıq.
Xatırladaq ki, azərbaycanşünaslıq üzrə “ayətullah-uzma” olan hər iki şəxs İranda respublikamız əleyhinə aparılan təbliğatın əsas fiqurlarından sayılırlar. Hər ikisi Təbrizdə doğulub, kiçik yaşlarından “Bəsic” könüllülər dəstəsinə qoşulublar. SEPAH-ın mədəni və siyasi dairələrində nüfuzlu komandirlərin sevimli davamçıları kimi ad çıxarmış hər iki şəxs o qurumun kvotası ilə də ali məktəbə daxil olublar. Bir müddət Şərqi Azərbaycan vilayətindəki “Hozeye Honəridə (mədəniyyət mərkəzində) işləyərkən əsas vəzifələri Azərbaycandan gedən ”qonaqların" pişvazında iştirak etmək olub.
Paralel olaraq Təbrizdə nəşr olunan “Məhde Azadi’ qəzetində siyasi şərhçi kimi fəaliyyət göstərən ”pişvazçılar" İranın azəri vilayətlərində “rəsmi dini-siyasi ideologiyanın” yayılmasında əldə etdikləri uğura görə Tehrana dəvət olunublar. Burda da Azərbaycanla bağlı işlərin yerinə yetirilməsində xüsusi fəallıq göstəriblər. Ə.Kazemi əvvəlcə “Səhər” kanalının, sonra isə İRİB-in (“İran İslam Respublikasının səsi” teleradio şirkəti) nümayəndəsi qismində Azərbaycanda çalışıb. 2012-ci ildə ölkədən deportasiya edilib. Hazırda isə SEPAH-ın “Qüds” qüvvələrinin siyasi ideoloji idarəsinin baş zabiti kimi ölkəmiz əleyhinə təbliğat və təxribatı məharətlə əlaqələndirir. İrandakı soydaşlarımızın iddialarına görə, onlara elə səlahiyyət tanınır ki, hökumətə tabe olan bütün digər qurumların əməkdaşları Ə.Kazemi və B.Heşmətindən çəkinirlər.
Bütün istiqamətlərdə hücum
Bir müddət öncə musavat.com İran emissarlarının postsovet məkanında, xüsusilə də Rusiya və Qazaxıstanda yaşayan azərbaycanlıları öz əhatə dairəsinə salmaq və məlum məzhəb qaydalarına uyğun dindar kontingent formalaşdırmaq cəhdləri barədə yazmışdı. Həmçinin İranın mühafizəkar dairələrinin hərtərəfli dəstəyi ilə fəaliyyətinin əsasını dini təbliğat təşkil edən internet saytlarının yaradılması və həmin resursların bilavasitə Azərbaycanın milli dövlətçilik maraqlarının əleyhinə yönəldilməsi barədə ətraflı məlumat vermişdik.
Reallıq onu göstərir ki, hətta Rusiya ərazisində fəaliyyət göstərən “Azad Talışıstan Televiziyası”nın İranın “Azariha-3", ”Teleqram" kanalı vasitəsilə təbliğ olunması, Xankəndində fəaliyyət göstərən “Talışıstanın səsi” radiosunda İran vətəndaşlarının çalışması bu media təsisatlarının arxasında İranın xüsusi xidmət orqanlarının dayandığına dəlalət edən faktorlardır.
Bundan başqa, Azərbaycan vətəndaşlarının Ali Rəhbərin Dəftərxanasının Bakı nümayəndəliyi, “Hüseyniyyə”, İran Mədəniyyət Mərkəzi, Şəhriyar adına Mədəniyyət Evi kimi qurumlar vasitəsilə Azərbaycan vətəndaşlarının “təhsilə” cəlb edilməsi, onların beyinlərinin yuyulması və fanatik ideyaların təlqin edilməsi təkzibolunmaz reallıqdır. Hətta İranın Qum, Məşhəd kimi dini mərkəzlərində təhsil almış vətəndaşlarımızdan sonrakı mərhələdə Azərbaycana qarşı istifadə olunması, “İslam dininin təbliği” pərdəsi altında yaradılan “Mübariz Ruhanilər Hərəkatı”, “Qarabağ Uğrunda İslam Müqavimət Hərəkatı”, “Əhli Beyt Hərəkatı”, “İmam Hüseyn Aşiqləri Hərəkatı” və digər bu kimi qeyri-hökumət təşkilatları vasitəsilə əhali arasında dini və İranın maraqlarına uyğun təbliğat həyata keçirilir.
Separatizmin dəstəkçisi
Azərbaycan fərqli linqvistik icmaların arasında İrandan idarə olunan nur-az.com, parstoday, tashayyo.com , rasthaber kimi saytlar xüsusi fəallıq göstərir. Adi dinc aksiyanı, yaxud dini mərasimi “şiə xalq ayağa qalxdı”, “xalq Bakı hökumətinə qarşı çıxdı” kimi təqdim edirlər. İranın rəsmi dairələrinə yaxın “Səhər” holdinqin, “Pars”Xəbər Agetntliyinin talışca səhifələrinin olması normaldır, çünki İranda talışlar və yaxın xalqların sayı Azərbaycandakı sayından 10 dəfə çoxdur. Amma səhifə onlar üçün yox, məhz Azərbaycan əhalisi üçün nəzərdə tutulduğundan, ərəb əlifbası ilə deyil, latın əlifbası ilə idarə olunur. Buna da dözümlü yanaşmaq olardı, əgər həmin səhifələrin xəbər lenti Ermənistana rəğbət, Azərbaycana nifrət aşılayan xəbərlərin üfunəti ilə dolmasaydı. Yeri gəlmişkən, bu KİV-lər də “Azərbaycan dövləti” ifadəsini işlətməkdən qaçmaqda erməni KİV-ləri ilə həmrəylik nümayiş etdirirlər.
“17 Qafqaz şəhəri” cəfəngiyyatını “kinoepopeya”ya çevirmiş Əsğər Fərdi indi İran XİN-in məsul işçisidir, amma hərdən FB-də Baba Pünhan, Bermeki Müttəqi adlarıyla etnik ədavəti qızışdıran təxribatçıların səhifələrində də boy göstərir. Həmin ad altında isə Azərbaycanda talış, son zamanlar isə pars (?-red.) separatizmi açıq tekstlə təbliğ olunur, Azərbaycan dili, xalqı, qeyri-şiə əhali ağır dillə təhqir edilir.
Sirr deyil ki, bizə sovet dövrünün mirası kimi qalsa da, Qafqaz Müsəlmanları İdarəsi keçmiş Qafqaz canişinliyi coğrafiyasında Azərbaycanın “yumşaq güc”ü kimi çıxış edirdi. Amma məhz iranlı emissarların fəal təxribatı ilə Gürcüstan və Dağıstan müsəlmanlarının QMİ-nin təsirindən çıxarılması əməliyyatı aparıldı, bu istiqamətdə mənhus fəaliyyət hələ də davam etdirir. Artıq Azərbaycanda da özünü ayətullah elan edən Qum təhsilli bir xeyli adam QMİ-nin icmalarüstü rolunu qəbul etmədiklərini bildirirlər.
Bizim “yumşaq gücümüz”ün indi ölkə daxilində belə güc olmaqdan çıxarılma cəhdi bilavasitə İrandan gəlir və təəssüf ki, hörmətli Şeyxin idarəsi zamanında bunu dərk edib önləyici addımlar atmadı. Görünür, özünü ölkəmizdə az qala yeganə dini legitimlik mənbəyi (mərceyi-təqlid) bilən bir qüvvə ilə əyişməyin təhlükəsini, deyəsən, bəziləri hələ də dərk etməkdə acizdirlər.
Bəs İsrail-Azərbaycan münasibətləri necə olmalıdır?
Azərbaycan İslam Əməkdaşlıq Təşkilatının (İƏT) üzvüdür, bu təşkilatın məhz Qüds problemi üzərində yarandığı, Fələstin məsələsinin təşkilatın sütun məsələsi olduğunu bilirik. Azərbaycan Fələstin xalqının haqlı mübarizəsini İƏT və BMT-dəki səsvermələr zamanı, eləcə də Fələstinə birbaşa yardımları ilə dəfələrlə dəstəkləyib. Amma Azərbaycan prezidentinin dəfələrlə beynəlxalq tribunalardan ifadə etdiyi kimi, Azərbaycanın ərazi bütövlüyü istənilən başqa ölkənin ərazi bütövlüyü qədər əhəmiyyətlidir. İƏT-in Qarabağ münaqişəsi həll edilmədən Ermənistanla hər cür ticari əlaqələri qınayan çoxsaylı qətnamələri kağız üzərində qalmaq üçün qəbul edilmir, əks təqdirdə, bu, Qərb ölkələrinin BMT-nin bir qətnaməsini əlüstü mürəkkəbi qurumadan icra edib (Liviya və İraqla bağlı) digərlərini on illərlə icra etməməsindən nə ilə fərqlənir? Yoxsa yankilər Tehran küçələrində at oynadan zaman gecə barlarında əylənməyin dürlü növləri ilə yanaşı, qonşulara beynəlxalq hüquqa, İslam həmrəyliyi anlayışına “ikili standart”larla yanaşmağı da təlim ediblər?
Beynəlxalq münasibətlərdə istixarə açma modeli
Qərbin yanında və yolunda olan kimdir? Hər eto-konfessional qrupu ayrı xalq kimi qeydə almaqla, hətta bədəvilərin genetik baxımdan yəhudi olduğunu “isbat etməklə” İsrail tarixi Şam ərəblərinin birliyini necə parçalayırsa, İranın bəzi dairələri də Azərbaycanın dini, mili birliyini, son zamanlar isə həm də ərazi bütövlüyünü hədəf alan işlər çevirməklə eyni məkrə sahibdir. Azərbaycan BMT-nin tanıdığı sərhədlər çərçivəsində İsrailin də, Fələstinin də varlığını qəbul edir. “İranda 40 milyon azəriyik, böyük qardaşıq” iddiasına düşənlərdən də beynəlxalq hüquqa belə sayğı tələb edirik. Azərbaycanın işğalçını təcrid etmək, mümkün qədər iqtisadi təzyiq kartından istifadə yolu ilə sülhə məcbur etmə cəhdlərini pozan yalnız bir ölkə var - İran. Hətta Gürcüstan yolu bağlananda belə Rusiyanın Ermənistana yardımları məhz İran üzərindən həyata keçirilib.
“Şərq” və “Qanun” qəzetlərində dərc edilmiş yazılar isə təsdiqləyir ki, indi İran təkcə Ermənistan vasitəsilə deyil, həm də Dağlıq Qarabağın separatçı rejimi vasitəsilə Azərbaycana təzyiq göstərmək yolu tutur. Azərbaycan eyni yolu tutub Əhvaz və Bəlucistanın məzlum xalqının müdafiəçilərinə yardım etsə, nə olar?
Orta əsrlərdə indiki İran və Əfqanıstanın ayrı-ayrı yerlərində yaranmış qısa ömürlü farsdilli xanədanların sarayında qəribə bir adət varmış. Fars xanədanları asi düşdükləri xilafət və ya türk sultanlıqlarından qorunmaq üçün dahi bildikləri dari-tacik şairi Hafiz Şirazinin divanına xüsusi ayinlə ortaya gətizdirər - “Ey Hafız-i Şirazi! Bər ma nəzər endazi. Mən talib-i yek faləm, Tu kaşif-i hər razi” deyə kitabın açılacaq səhifəsində yazılanları zamanın gərdişinə uyğun istixarə (“fal” sözü demək caiz sayılmırdı) edərlərmiş.
İndi anlamaq olmur, Hafizin divanı məzhəbçi şüarlarla kamufulyaj olunanların relikt irqçi beyinlərinə nə pıçıldayır ki, onlar gah ABŞ-ın İraq və puştulara qarşı, gah Hindistanın Pakistana qarşı, gah Rusiyanın Türkiyəyə qarşı, gah İsrailin Fələstinə qarşı, gah Səudiyyənin Mursi inqilabına qarşı, gah Çinin ABŞ-a qarşı maşası olmağı, həm də bu zaman “O olmasın bu olsun” operettasının qəhrəmanı demişkən, “əsl müsəlman” görünməyi bacarır?
Biz bu relikt irqi instinktin pıçıldadığı vəsvəsələrin dövlətlərarası münasibətlərə sirayət etməsini istəməzdik.(müsavat)
C.İSMAYIL