PUTİNİN NÖVBƏTİ QURBANI BƏŞƏR ƏSƏD OLACAQ!– Suriyadakı müharibə bitdimi?
Putin, Ruhani və Ərdoğan arasında Soçidə keçirilən yüksək səviyyəli görüş Suriya vətəndaş müharibəsinin sona çatmasını və münaqişənin danışıqlar yoluyla sülhə doğru getdiyini göstərir.
Yenixeber.org: Rusiya, İran və Türkiyə mətbuat katibləri bəyan ediblər ki, üç dövlət lideri “əsas məsələlər”üzrə razılığa gəliblər, amma bəllidir ki, problemlər məhz detallarda gizlənir. Soçi sammitinin Moskva, Ankara və Tehran arasındakı əməkdaşlığın sona çatmasının başlanğıcı kimi yadda qalacağı da istisna deyil.
Türkiyənin başlıca məqsədi Amerikanın müttəfiqi olan və bu yaxınlarda İŞİD-in paytaxtı Rakkanı tutan və muxtariyyat arzusunu həyata keçirmək istəyən Suriya kürdlərinə mane olmaqdır.
Ankara Suriya kürdlərini terrorçuluqda ittiham edir və Suriyada kürd muxtariyyatının tanınmasından ehtiyat edərək düşünür ki, bu Türkiyə kürdlərinin müstəqillik tələbinə stimul yarada bilər. Ankara bu məsələdə nəinki özünün NATO üzrə müttəfiqi olan ABŞ-la, həm də kürdləri dəstəkləyən Moskva ilə münaqişə vəziyyətindədir. İstifadə edilmək baxımından azlıqlar həmişə böyük dövlətlərin nüfuz uğrunda apardıqları mücadilədə faydalı olublar…
İran Suriya vətəndaş müharibəsində qalibdir və onlar bu ölkədəki mövqelərini itirmək fikrində deyillər. Səudiyyə Ərəbistanın təsir imkanlarının neytrallaşdırılması baxımından Tehranın Yaxın Şərq strategiyasında Suriya mərkəzi rol oynayır. Suriya üzərində nəzarət, həm də Suriyanın Livan üzərindəki nəzarətinin davam etdirlməsi baxımından mühüm əhəmiyyət kəsb edir.
Tehran İsraillə sərhəddə malik olan Livan vasitəsilə ABŞ-ın bir müttəfiqini, digər yandan isə, Suriyanın cənubundakı Colan təpələrindən onun başqa bir müttəfiqi olan İordaniyanı hədələyə bilər.
Beləliklə, Suriyaya təsir göstərmək siyasi təhlükəsizlik sahəsində Tehrana üstünlük verir. Suriya dəniz sahillərində yerləşən Hərbi Dəniz Donanması bazası İranın Aralıq dənizinə çıxışına təminat verir.
İran və Rusiya arasında fikir ayrılığı artacaq, çünki Moskva Suriyanın gələcəyi ilə bağlı planlarını açır. Bu isə İranın maraqları ilə ziddiyyət təşkil edir.
Putin müharibədə öz məqsədlərinə nail olub: O, Bəşər Əsədin və öz hərbi bazalarının təhlükəsizliyini təmin edib, ABŞ-dan fərqli olaraq, ərəb dünyasında öz dostlarını satmayan adam kimi hörmət qazanıb, qanlı vətəndaş müharibəsinə son qoyduğu üçün beynəlxalq ictimaiyyət tərəfindən təqdir edilir. Həm də, o, prezident seçkiləri öncəsi öz ölkəsindəki mövqeyini möhkəmləndirib.
Putin planının növbəti mərhələsi Moskvanın özünün masaya qoyduğu layihə əsasında yeni konstitusiya hazırlayacaq Suriya keçid hökumətinin yaradılmasıdır. Bundan sonra seçkilərin vaxtı müəyyən ediləcək.
Çərşənbə günü Soçi sammiti keçirildi. Bundan iki gün öncə isə Bəşər Əsəd Moskvaya çağrılmışdı. Moskvadan gələn məlumata əsasən, Putin ona öz planları barədə danışıb. Əgər deyilənlər həqiqətdirsə, onda Əsəd, özünün prezident qismindəki günlərinin bitdiyini öyrənib. Və bu o anlama gəlir ki, Putin İran və Səudiyyə Ərəbistanı arasındakı müharibədə kimin tərəfini tutacağını müəyyənləşdirib.
Daha da irəliyə getmək üçün onun Ər-Riyad tərəfindən qəbul olunması gərəkdir, çünki Əsədə qarşı mübarizə aparan mühüm təşkilatlara Səudiyyə Ərəbistanının göstərdiyi təsir böyükdür.
Şahzadə Muhamməd ibn Salman Əsədin getməsini tələb edir. ABŞ bunu həmişə tələb edib. Amerikanı buna Putinin apardığı siyasət vadar edib.
Tehran Putinin yeni konstitusiya planına və parlament seçkilərinin əleyhinədir, çünki beynəlxalq təşkilatların müşahidəsi altında keçiriləcək seçkilərdən sonra, əhali təmsilçiliyi amilinə əsasən, əksəriyyəti sünnü müsəlmanlardan ibarət olacaq parlament meydana çıxacaq.
Əsəd rejiminin 30 ildən artıqdır ki, təqib etdiyi “Müsəlman qardaşları” xalq tərəfindən seçilən parlamentdə həlledici təsir qazanmaq istəyir. Belə olan təqdirdə, Tehranın İraq üzərindən Suriya ilə yerüstü və daha sonra isə Aralıq dənizi vasitəsilə Levant ölkələri ilə əlaqə qurmaq planı batmış gəmiyə dönəcək.
Suriya münaqişəsində Rusiya-İran alyansı ümumi maraqlar üzərində tənzimlənib. Buraya İŞİD və ona bənzər terror təşkilatlarına qarşı mübarizə, ABŞ-ın Yaxın Şərqdəki təsirinə müqavimət göstərmək və Əsəd rejiminin qorunması daxildir.
İndiki mövcud forması ilə İŞİD demək olar ki, məğlub edilib. Əsəd rejimi Rusiya təyyarləri və İranın dəstəklədiyi “Hezbolla” silahlı dəstələrinin köməyi ilə xilas edilib. Amma indi artıq yollar ayrılır.
Moskva hesab edir ki, vətəndaş müharibəsi qurtarıb. İndi Kreml ordan getmək barəsində düşünür. Putinin bundan sonrakı işi Rusiyanın ABŞ və Avropa ilə münasibətlərini yaxşılaşdırmaq olacaq. Amma Tehranın nöqteyi-nəzərinə görə, əgər Suriya vassal-dövlətə çevrilməyibsə, deməli Suriyadakı münaqişə hələ başa çatmayıb.
(Politiken-Danimarka)