Professor Ramazan Siracoğlu yazır:"BİZƏ YAXIN, UZAQ İRAN..." - Araşdırma
Professor Ramazan SİRACOĞLU
Ötən həftənin ən önəmli hadisəsi Azərbaycan, Rusiya və İran dövlət başçılarının Tehranda bir araya gəlməsi və üçtərəfli əməkdaşlıq fəaliyyətlərinin daha da genişləndirilməsi ilə bağlı birgə razılığa gəlmələri oldu.
enixeber.org: Azərbaycan Respublikasının dünya nəhəngi Rusiya dövləti və regionun ciddi nüfuz sahibi İran İslam Respublikası ilə paritet əsaslar zəmnində, tamhüquqlu tərəfdaş kimi çıxış etməsi olduqca qürurverici mənzərədir.
Azərbaycan və Rusiyada olduğu kimi, İranda da kütləvi informasiya vasitələri dövlət başçılarının zirvə görüşünə geniş yer vermişdilər. Azərbaycanda baş verən bütün hadisələri ciddi və diqqətlə izləyib təhlil edən İran mediasında keçən əsrin 90-cı illərinin ikinci yarısından etibarən Azərbaycan Respublikasının yüksələn xətlə inkişaf etməsi, etibarlı iqtisadi-siyasi tərəfdaşa çevrilməsi, daxili və xarici siyasətində istiqrarlı mövqə tutması ön plana çəkilir. Məsələn, “Əsr-e İran” qəzetinin 01.11.2017-ci il tarixli sayında“Azərbaycan, İranla yaxşı münasibətdə hesab olan şimal qonşularımızdandır”
آذربایجان از همسایگان شمالی کشور ما محسوب می شود که از سطح روابط خوبی با ایران برخوردار(است. عصرایران ١٠ آبان ١٣٩٦
yazısı buna sübutdur.
Bakı-Tiflis-Ceyhan kəmərinin çəkilməsi nəticəsində Azərbaycanın önəmli enerji təminatçısına çevrilməsi, onun Cənubi Qafqaz bölgəsində regional və transregional arenada rəqabət gücünü artırması da mətbuatda vurgulanır:
لوله باکو – تفليس – جيحان، جمهوري آذربايجان به عنوان يک کشور تأمين کننده انرژي مورد توجه قرار گرفت و قفقاز جنوبي را به عرصهاي براي رقابت کشورهاي منطقهاي و فرامنطقهاي قرار داد
İran İslam Respublikasının ali dini rəhbəri Ayətullahül-üzma ağaye Seyyid Əli Xamenei və Azərbaycan Respublikası Prezidenti İlham Əliyev cənablarının görüşündə iki ölkə arasında əlaqə və əməkdaşlığın genişləndirilməsinin vacibliyi bir daha vurğulanmışdır.
İranın nüfuzlu media orqanlarından sayılan “Ettelaat”da – اتلاعات – qeyd olunur ki, 1992-1995-ci illərdə Azərbaycanın xarici ticari əməkdaşlığında İran birinci yeri tutsa da, sonralar Azərbaycanın Türkiyə və Rusiya bazarlarına çıxışı nəticəsində İran bu birinciliyi əldən vermişdir. İran mətbuatında Avropa standartları ilə inkişaf edən Azərbyacan Respublikasında milli və dini ənənələrin qorunmasına xüsusi önəm verməsi təqdirəlayiq hal kimi qeyd edilir. İran kütləvi informasiya vasitələrində Azərbaycan Respublikasının xarici siyasətinin əsas hədəfinin Qağlıq Qarabağın və işğal olunmuş digər ərazilərin Ermənistandan geri alınması olduğu vurğulanır: اولويت سياست خارجي جمهوري آذربايجان بازپس گيري مناطق اشغالي قره باغ ازارمنستان است
Azərbaycan Respublikası ilə İran İslam Cümhuriyyəti arasında normal siyasi, iqtisadi, mədəni münasibətlər yüksələn xətlə irəliləməsi, Bakı-Moskva-Tehran; Bakı-Ankara-Tehran münasibətlərinin istiqrarlı və səmərəli şəkil alması bu regionun perspektivsiz və sərsəm ideyaları ilə artıq Kremlin də səbr kasasını dolduran birilərinin yuxusunu ərşə çəkir, saca düşmüş qovurğa kimi qovrulur, müxtəlif cildə (daha çox da zavallı görkəminə ) girərək beynəlxalq təşkilatlardan ianə – ( yəni, dilənçi payı ) almaqla yırtıq-sökük büdcəsini doldurmağa çalışır, gecə-gündüz fitnələr qurur – gah Tehrana, gah Moskvaya qaçır, gah da xeyriyyə konsertləri təşkil etdirib yardım toplayır.
Cənubi Qafqaz bölgəsinin lideri Azərbaycan Respublikasının sürətlə inkişaf edərək Yaxın və Orta Şərq ölkələri ilə bərabər Avropanın da nüfuzlu tərəfdaşına çevrilməsini İran İslam Respublikası təqdir və yaxşı dərk edir, bu qarşılıqlı dostluq münasibətinin daim yüksəlməsində maraqlıdır.
Günü-gündən abadlaşan Bakının gözəlliyinə biganə qala bilməyən İran mətbuatı Bakının gözəl binalarını və memarlıq nümunələrini vəsf edərək onu Parisin və Dubayın xələfi adlandırır:
باکو، شهری با جمعیت ۲ میلیون نفری و سازه های زیبا و چشمگیری ست که از لحاظ معماری، آن را فرزند خلف پاریس و دبی می نامند.
Azərbaycan Respublikası və İran İslam Cümhuriyyəti əhalisi arasında bir çox ortaq mənəvi, tarixi, ədəbi- mədəni dəyərlər, adət və ənənələr varkən, bizi bir-birimizə bağlayan bu qədər əqidə və düşüncə müştərəkliyi mövcudkən, biz bir-birimizə yaxın olmalı ikən, sanki uzaq kimiyik, şair demiş, “bu qədər yaxın olan bu qədər uzaq olmaz” axı?! Elə özümüzdən başlayaq.
Açığını söyləsək, əksəriyyətimiz İranı gördüyümüz üç-dörd film – “Avropalı gəlin”, “Mazandaran pələngi”, “Həmsəfər”, “Uzun gecə” – əsasında tanıyır, toylarda əvvəl addımbaşı, indilərdə isə aradabir oynanılan və oxunan “Tormoz Hüseyn” (əslində bu mahnının adı “داش داش – "Daş daş”dır və çox filimlərdə fərqli sözlərlə oxunur. İranlılar, böyük qardaşa, hörmət bəslədiklərinə “dadaş”, sürətli danışıqda isə “daş” – deyə müraciət edirlər. Məsələn, Daş Qulam) havası ilə tanıyırıq. Ən yaxşı halda da ustad Şəhriyarın “Heydərbabaya salam”şeirindən İran haqqında müəyyən təsəvvürlərimiz var.
İran dünyanın böyük ölkələrindəndir. Müqayisə üçün xatırladaq ki, Böyük Britaniya, Fransa, Almaniya, İtaliya və Portuqaliya beşi bir yerdə İran qədər əraziyə malik deyil.
Azərbaycan Respublikası ilə İran arasında sərhədin uzunluğu 765 km – dir. İranın paytaxtı və ən böyük şəhəri Tehrandır.
Tehrana qədər İranın 31 paytaxtı mövcud olub. Tehran 32-ci paytaxtdır. Bu şəhər İran İslam Cümhuriyyətinin həm də iqtisadi və mədəniyyət mərkəzidir. Səfəvi xanədanlığının qurucusu Şah İsmayılın oğlu I Təhmasib 1554-cü ildə müdafiə məqsədilə onun ətrafına 114 bürclü (Qurani-Kərimdəki surələrin sayı qədər) qala çəkdirmişdir.
Kərim xan Zəndin zamanında da Tehranda xeyli abadlıq işləri görülmüşdür. Bu şəhərin 7 min il yaşı olsa da, Ağa Məhhəmməd şah Qacarın zamanında – 1794-cü ildə paytaxta çevrilib.
Qədim Tehranın əsasını 5 məhəllə: Bazar, Çala meydan, Səngləc, Odlacan və Ərg təşkil edirdi. "Tehran" sözünün dəqiq mənası bəlli olmasa da, "Şəmran" sözünün qarşılığı olaraq ته – təh – isti, ران – ran – ətək, dib – mənalarından yarandığı ehtimal edilir.
Tehranda civarı ilə birlikdə, təxminən, 15 milyon əhali yaşayır və işləyir.
Xaricdən Tehrana və xaricə uçan təyyarələr şəhərdən 30 km aralıda yerləşən İmam Xomeyni adına “Tehran” hava limanından istifadə edir. Bu aeroport 1981-ci ildə inşa olunub. Daxili uçuşlar isə 1938-ci ildə istifadəyə verilmiş “Mehrabad” aeroportundan gerçəkləşdirilir.
Tehranın iqlimi semiarid (yarım quraq iqlim) sayılır. Ən aşağı temperatur göstəricisi yanvar, maksimum isə iyul ayına aiddir. Hazırda Tehran 11 şəhristana bölünür, onlara “fərmandar”lar başçılıq edirlər. Tarixi abidələrlə çox zəngin şəhərdir. 1971-ci ilin 16 oktyabrında açılışı olmuş “Azadlıq bürcü”– برج آزادی – Tehranın simvoluna çevrilib.
Tamamilə ağ mərmərdən inşa olunmuş bu bürcün hündürlüyü 45 metr, özülünün sahəsi isə 400 kv. metrdir. Müasir Tehran şəhəri yüksəkliyi 3964 m olan Toçal dağının – كوه توچال – cənub yamacındadır. Tehranın şimali-şərqində 50 km uzaqlıqda zirvəsi 5610 metrə çatan Dəmavənd yerləşir. Tehranın ən böyük məscidi “Müttəhəri məscidi"dir- مسجد مطهری -. Qacarlar dönəminə aid edilən bu məscidin əvvəlki adı “Sepəhsalar məscidi” – مسجد سپهسالار – olub.
Fars ədəbi dilinin əsasını Tehran şivəsi təşkil edir. Tehranlılar öz şəhərlərinə تهرون – Tehrun deyirlər. Ümumiyyətlə, tehranlilar sözlərin birinci və ikinci hecasındakı –a– səsini – u – kimi tələffüz edirlər: nan-nun, can-cun, an-un, xane-xune, badam-badum, işan-işun, zindan-zindun, aməd-uməd, nə midanəm- nə midunəm; ilk hecadakı – ə- səsini isə -a- kimi deyirlər: bəhar-bahar, bəhanə- bahanə, berou- barou, bexor-baxor; tehranlılar sözü qısaltmağı da sevirlər: miquyəm-migəm, mixahəm-mixam, çe tour- çetu, hənuz-hənu, miyayəm-miyam. təşne həstəm- təşnəme vs; cümlələrdə –dige – ədatını da çox işlədirlər: vaysa dige- paşo dige və s.
Danışıqları Şiraz, İfahan, Mazandaran şivəsindən fərqli, olduqca melodik və şirindir. “Baba” və “qurban” sözləri dillərindən heç düşmür. Tehranlılar tanımadıqları qadınlara hörmət əlaməti olaraq, “bibi” və “baci/abaci” –deyə müraciət edirlər. (Abaci- ağa bacı- böyük bacı-ifadəsinin xəfiflədilmiş şəklidir; -şahbacı- deyənlər də var). Diqqət ediləndə tehranlıların tez-tez به تو چه؟ – be to çe?- yerinə “sənə nə?” ifadəsini işlətdiklərini duymaq mümkündür. Çox qonaqsevər və gülərüzlüdürlər.
SSRİ-nin süqutundan sonra Azərbaycan və İran dövlətləri arasında gəliş-gediş artsa da, əksəriyətimizin təsəvvüründə sovet ideoloqlarının İran haqqında bizlərə təqdim etdikləri trafaret, basmaqəlib fikirlər formalaşıb. XX əsrin ikinci yarısında bütün dünyanı heyrətə və təlatümə gətirən İran islam inqilabı haqqında səthi məlumatlarla kifayətlənmişik. 1980-1988-ci illərdə İran-İraq müharibəsində SSRİ birmənalı şəkildə İraqa hərbi-iqtisadi dəstək verdiyindən, o dönəmin mediası hadisələri qərəzli və birtərəfli işıqlandırdığından, biz mövcud vəziyyəti olduğu kimi deyil, sovet ideoloqlarının görmək istədikləri şəklində görmüşük.
Bütün Qərb, sol, kommunist, marksist, trotskiçi mətbuat ciddi-cəhdlə dünya ictimai şüurunda XX əsrin fenomeni, İran İslam Cümhuriyyətinin qurucusu, inqilab rəhbəri Ayətullah İmam Xomeyninin mənfi obrazını yaratmağa çalışsa da, istənilən nəticə alınmadı. Dünya politoloqları, özlərini siyasətşünas adlandıranlar Ayətullah İmam Xomeynidə 2500 illik monarxiya ənənəsi olan İranda siyasi təbəddüllat yarada biləcək gücü dəyərləndirməkdə aciz qaldılar. İmam Xomeyninin söyləmiş olduğu
“آمریکا از انگلیس بدتر، انگلیس از آمریکا بدتر، شوروی از هر دو بدتر، همه از هم بدتر، همه از هم پلیدتر.
“Amerika İngiltərədən daha pis, İngiltərə Amerikadan daha pis, Sovetlər İttifaqı hər ikisindən daha pis, hamısı bir-birindən bətər; hamısı hamısından murdardır” – fikri o zamanlar həm Şərq, həm də Qərb blokunda bomba effekti yaratmışdı.
İran xalqının qəzəbindən İran şahını nə Qərb, nə də Şərq havadarları qoruya bildilər. Axı çox deyil, islam inqilabından cəmi bir neçə il əvvəl, 15 oktyabr 1971-ci ildə Pasarqadda – Persepolisdə, SSRİ Ali Soveti Rəyasət Heyətinin sədri N. V. Podqornı da daxil olmaqla dünyanın 62 ölkəsinin başçısının İranda monarxiya quruluşunun 2500 illiyi ilə bağlı qatıldığı təntənəli mərasimdə İran şahı Əhəməni xanədanlığının banisinin sərdabəsi önündə təkəbbürlə “آسوده بخواب زیرا كه ما بیداریم – Asude bexab, zira ki, ma bidarim – Rahat uyu, çünki biz oyağıq” söyləmişdi və orada iştirak edən dövlət başçıları da məmnunluqla onu alqışlamışlardı?
Qərb havadarlarının dəstəyinə, qorxunc gizli polis təşkilatı SAVAKın (سازمان اطلاعات و امنیت کشور – Sazman-e Ettelaat və Əmniyyət-e Keşvər-) amansız önləmlərinə güvənib xalqın istəklərini, ehtiyaclarını, durumunu görməzdən gəlməyin bədəlini ödədi şah. Xalqın içindən yetişən, gənc yaşlarından istibdada qarşı qorxu bilmədən mücadilə edən, bu yolda zərrə qədər tərəddüdə qapılmayan, tükənməz güc və enerjisini xalqdan götürən, xalqı ilə bir arada nəfəs alan, güclü zəka, parlaq dərrakə sahibi İmam Xomeyni imkansız görünəni mümkün qıldı.
“Ettelaat” qəzətinin 1979-cu il 17 yanvar tarixli sayında cəmi iki söz yazılmışdı:“شاه رفت – şah rəft – şah getdi“.
Bu iki söz milyonların küçə və xiyabanlara axışmasına, bir-birinə sarılmasına, milyonların bir ağızdan yorulmaq bilmədən ekspromt olaraq “الله اكبر خمینی رهبر –ALLAHu əkbər, Xomeyni rəhbər” şüarı səsləndirməsinə səbəbiyyət verdi. Xalq öz həqiqi rəbərinə olan sevgisini bu sözlərlə təzahür etdirirdi. Çağlayan dağ şəlaləsinin gur səsini xatırladan bu səs yüz illərin arasından gəlirdi sanki. Bu səsdə sürgünlərdə, zindanlarda, işgəncələrdə cismən həyatını itirənlərin də səsləri vardı.
Tehran prospektlərindən yüksələn “مرگ بر شاه، مرگ بر آمرضكا، مرگ بر شوروی – Mərg bər şah, mərg bər Amrika, mərg bər Şurəvi”- Şaha ölüm, Amerikaya ölüm, Sovet İttifaqına ölüm” – səsləri İranda bir dönəmin sonu, yeni dönəmin başlanğıcı anının gəldiyinin carçısı oldu.
Mübaliğəsiz demək olar ki, İran (yeri gəlmişkən, “İran dövləti” siyasi termini 1935-ci ildən işlənməyə başlamışdır), sözün əsl mənasında, öz siyasi müstəqillik və suverenliyinə İmam Xomeyni və silahdaşlarını sayəsində qovuşdu.
Tərəddüdsüz demək olar ki, nə Pəhləvi, nə də Qacarlar xanədanlığı zamanında İran müstəqil xarici siyasət yeridə bilmişdir. Qacarlar və Pəhləvilər strateji məsələlərdə Böyük Britaniya, çar Rusiyası, ABŞ və SSRİ-nin göstərişləri əsasında fəaliyyət göstərmişlər.
İmam Xomeyninin rəhbərliyi ilə gerçəkləşən islam inqilabının hərəkətverici qüvvəsinin mahiyyətini uzun zaman SSRİ başda olmaqla heç bir kəşfiyyat idarəsi və strateji araştırma idarəsi düzgün təhlil edə bilmədi. Fikirləşirdilər ki, siyasi hakimiyyətə gəlsələr də, islamçılar qətiyyən duruş gətirə bilməyacəklər, uzağı, altı aya iqtidardan gedəcəklər. Lakin bütün proqnozlara, kəhanətlərə baxmayaraq, İran islam inqilabı geniş xalq kütləsi tərəfindən müdafiə olundu, 31 may 1979-cu il referendumu ilə huquqi təsbitini də tapdı: İran İslam Cümhuriyyəti elan olundu.
O dönəmdə 1963-cü ildən SSRİ Baş Kəşfiyyat İdarəsinin (QRU) rəisi olan, Əfqanıstandakı bütün qəbilə başçılarını və onların bir-birilə əlaqələrini əzbər bilən ordu generalı P. İ. İvaşutin də islam inqilabının masştabını hesablaya bilməmişdi. Baş Kəşfiyyat İdarəsinin bilavasitə İranı, Yaxın və Orta Şərq ölkələrini araşdıran 4-cü şöbəsi, 1979-1983-cü illərdə BKİ-nin (QRU-nun) İranda rezidenti olmuş general-leytenant L. V. Şebarşin də İmam Xomeyni fenomeni qarşısında aciz qalmışdı.
İmam Xomeyninin dərin məntiqi, imanı, xalqa olan sonsuz inamı, xalqın ona verdiyi müəzzəm qüvvə bütün qüvvələrin maneə və əngəllərini dəf etmişdi.O zamanlar SSRİ Baş Kəşfiyyat İdarəsi həbsdən yenicə azad olmuş, Hezb-e Tudənin sabiq Baş katibi Nurəddin Kianuriyə gizli maddi dəstək versə də, tudəçilər öz mitinqlərinə maksimum 2-3 min adam yığa bilirdilər, getdikcə bu rəqəm daha da azalmağa başladı və nəhayət, 1983-cü ilin fevralında Kianuri SSRİ-yə casusluq əməlində ittiham edilərək, təkrar həbs olundu. Həmin ilin 19 fevralında “Pravda” qəzetində SSRİ-nin Nurəddin Kianuri adlı adamı tanımadığını iddia edən yazı da çap olunmuşdu. 1983-cü ilin 30 aprelində Nurəddin Kianuri İran televiziyası ilə çıxışında SSRİ-nin tapşırığı ilə İranda marksist fəaliyyət göstərdiyini söylədi. SSRİ-nin daha bir yalanı ifşa olundu.
İmam Xomeyni SSRİ-ni "kiçik şeytan" adlandırmaqda haqlı idi.
İran İslam Respublikası ona qarşı tətbiq edilən bütün beynəlxalq sanksiyalara, embarqolara, məhdudiyyətlərə rəğmən öz yolundan qətiyyən dönmədi. İnqilab rəhbərinin böyük uzaqgörənlik və müdrikliklə söylədiyi
من امیدوارم به یُمن برکات حضرت صاحب سلام الله علیه وروحی فداه ، این کشور ، کشور پیشرفته ای بشود : از حیث اخلاق ، از حیث دیانت،از حیث معنویات ، واز حیث همه چیزها ،مادیات وهمه چیز.
"Mən ümidvaram ki, Rəsulillah əleyhüssalamın bərəkətindən bu ölkə əxlaq baxımından, dəyanət baxımından, mənəviyyət baxımından, maddiyyat baxımdan – hər baxımdan tərəqqi edər, irəliləyər”- fikri ən ağır anlarda İran xalqına böyük mənəvi dəstək oldu.
İranlılar heç bir basqıya boyun əymədən, öz rəhbərinə inanaraq onun göstərdiyi hədəfə doğru mətin addımlarla irəliləyirlər. Onlar təhsilə, elmə xüsusi qayğı və tələbkarlıqla yanaşırlar. Tehran universitetində ciddi işgüzar şərait, məsuliyyət, qayğı və nəzarət var. Gənclər böyük sevgi ilə inqilab rəhbərinin müdrik "علم همراه تهذیبِ نفس است که انسان را به مقام انسانیت می رساند – Elm, nəfsin saflaşdrılması yolunda insanı insaniyyət məqamına çatdıran bələdçidir” kəlamına sadiqdirlər. Tələbələr öz hüquq və vəzifələrini gözəl bilirlər. Müəllimlər daim öz ciddiyyətlərini qoruyurlar. Təhsildə güzəşt yoxdur.
Dünyada məşhur olan italyan jurnalist qadın Oriana Fallaçi ( 1929- 2006 ) 26 sentyabr 1979-cu ildə İran İslam Respublikasının banisi Ayətullah İmam Xomeynidən müsahibə almış, daha sonra bu müsahibəni dəfələrlə kütləvi tirajla yayınlayaraq, inqilab rəhbərini savadsızlıqda suçlamağa çalışmışdı ki, imam Avropa musiqisinin korifeyləri olan Baxı, Bethoveni, Verdini tanımır. Zavallı qadın öz gözlərindəki tiri görə bilməmişdi. İmam Xomeyninin haqqında danışdığı Şərq filosoflarından, ilahiyyatçılarından, onların risalələrindən, kitablarından, “Nəhcül bəlağə”dən, əxbardan, kəlamdan, fiqhdən, münşəatlardan xəbəri olmayan bir qadın, azadlığı seksual sərbəstlikdə, pornoqrafik ədəbiyyatın məhdudiyyətsiz yayılmasında, televiziyalarda və kinoteatrlarda açıq-saçıqlığın nümayiş etdirilməsində, anatomik baxımdan patoloji xəstə azlıqların iyrənc əməllərinə özgürlük verilməsində, tiryakilərin, narkomanların, əyyaşların keyfi hərəkət etmələrinə şərait yaradılmasında görmüşdür. Nədənsə bu xanımın səsi haqqı çeynənələr, zindanlara atılanlar, didərginlər, köçkünlər, işsizlər, əlillər üçün, aztəminatlı ailələrin sosial müdafiəsi naminə heç eşidilmədi. İmam Xomeyninin gənclərə söylədiyi:
زندگی زیر چتر علم و آگاهی، آن قدر شیرین و انس با کتاب و قلم و اندوخته ها، آن قدر خاطره آفرین و پایدار است که همه تلخی ها و ناکامی های دیگر را از یاد می برد.
“Elm və təhsil çətri altında keçən ömür o qədər şirin, kitabla, qələmlə ülfət bağlayıb dosttluq edilən illər o qədər yaddaqalan və unutulmazdır ki, bütün digər məhrumiyyətləri unutdurur” fikri, islam dünyasını qaranlıq, cahil insanların dünyası kimi göstərmək istəyənlərə tutarlı cavabdır…
Hava limanında Vəhdət Cəlalpur adlı bir hörmətli şəxslə tanış oluram. Əlindəki qəzetdə bizim gənclərin şahmat üzrə Avropa çempionu olduğunu bildirən yazını göstərirəm. Gülümsəyir:
– Maşallah, maşallah! İdmanla maraqlanırsınız?
– Bir az, daha çox futbol və şahmatla… İnşallah, 2018-ci il Avropa çempionatında İran milli komandasını dəstəkləyəcəyəm.
– İnşallah. Sevdiyiniz komanda var?
– Əlbəttə. Azərbaycandan “Qarabağ”ı, Türkiyədən “Qalatasaray”ı, İrandan da “Traktorsazi”ni dəstəkləyirəm, bəs siz?
– Mən “Persepolis”i. Bakıdansınız?
Qürurlanıram:
– Bakıdanam.
– Bakı, əslində “Badkube”- yəni, "külək döyən” sözündəndir.
– Xeyr, Bakı elə "Bakı" sözündəndir, əski türkcədə “bakı/baku – yüksəklik, təpəlik, yoxuş” deməkdir. Əgər “bad” (külək) və “kube”- (kubidən- vurmaq, döymək, çarpmaq) sözlərindən yaransaydı, sizin varianta görə, feili sifət formasının “bad kofte” şəklində olması lazımdır.
Müsahibim bir söz demir. Sağollaşanda ona zarafatyana iki misra söyləyirəm:
Mirəvəm əz Tehran be şəhr-e Baku / Be Xoda be Baku Badkube məqu/
(Tehrandan gedirəm Bakı şəhrinə, sən ALLAH, Bakıya Badkube demə)
…Təyyarənin illüminatorundan Tehran şəhərinin möhtəşəm panoramı görünəndə, nədənsə, yadıma Ağabəyim ağanın məşhur misraları düşür:
…Tehran cənnətə dönsə,
Yaddan çıxmaz QARABAĞ…