Ermənilərin “üçüncü erməni dövləti” xülyası-“Kürdüstan”a müştəri çıxıb
Ekspert: “Həm Kürdüstanın ”Artsax"ı tanımasını istəyir, həm də Kürdüstan ərazisinə köçmüş ermənilərə avtonom hüquqlar tələb edir"
Yenixeber.org: “2018-ci il martın 21-dən erməni dili İraqın şimalında elan edilmiş ”kürd dövlətində" dövlət dili statusuna gətiriləcək". Bu barədə İrəvanda keçirdiyi mətbuat konfransında erməni ekspert Karen Ovannisyan ttps://ru.armeniasputnik.am/politics/20170927/8811485/ehkspert-armyane-zainteresovany-v-provozglashenii-nezavisimosti-kurdistana.htmlbildirib. Onun sözlərinə görə, məhz bu səbəbdən yerli erməni icması referendumda Kürdüstanın “müstəqilliyinə” səs verib. (İstiPress)
Sözügedən yazıda qeyd olunur ki, əgər plan baş tutarsa, Türkiyə və Azərbaycan İraqın şimalında öz ərazi bütövlükləri üçün yeni təhdidlə qarşı-qarşıya qalacaqlar. Ərbil rejimi müxtəlif variantlarda çəkdiyi xəritələrdə az qala Türkiyənin 60 faizinə, Şimali Azərbaycanın Naxçıvan və Zəngəzur ərazilərinə, həmçinin Cənubi Azərbaycanın Urmiya vilayətinə, Təbriz vilayətinin isə yarıdan çoxuna iddia edir. Həmin ərazilərin erməni dərslik kitablarında yer alan uydurma “Böyük Ermənistan” xəritələrinə salındığı nəzərə alınarsa, Bərzani rejiminin ermənilərin tarixi avantürasına xidmət etdiyini anlamaq olar. Ermənilər isə sevinclə Ermənistandan və qondarma Dağlıq Qarabağdan sonra “üçüncü erməni dövlətinin yaradılacağını” gözləyirlər.
Ekspert İlham İsmayıl “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, XX əsrin sonu, XXI əsrin əvvəli dünyada separatizmin çiçəklənməsi dövrüdür: “Buna səbəb ilk növbədə SSRİ-nin və Yuqoslaviyanın dağılması oldu və proses daha çox Avropada yayıldı. Son olaraq aktivləşən separatçı qüvvələrə xaricdən olan maddi və siyasi dəstəyin artması, daxili mərkəzi hakimiyyətlərin zəifləməsi oldu. Kürdüstan dövlətinin yaranacağı haqqında ideya 27 ildir ki, yol gəlirdi və bu dövlətin yaranması istəyənlərin də, istəməyənlərin də gözünün qarşısında hər gün böyüdü və ”müstəqillik referendumu" ilə nəticələndi".
İ.İsmayılın sözlərinə görə, Türkiyənin Ərbildən ucuz neft alverinə elə başı qarışdı ki, referendumun günü təyin olunanda Ərdoğan “şaşırdım” dedi: “Kürdüstanın referendum yolu ilə müstəqillik əldə etməsi Ermənistanın, yəni Qarabağ separatçılarının çörəyinə yağ çəkmək kimi oldu. Bu, üçüncü erməni dövləti deyil, amma perspektivdə Kürdüstanın Türkiyə ərazisinə iddiası davam edir. O ərazilər ki, ermənilər oranı ”Qərbi Ermənistan" hesab edir və nə vaxtsa kürdlərlə əlbir olub öz aralarında bölmək planlarını cızırlar. Suriyadan, Bağdaddan, xüsusilə Hələbdən qaçan ermənilər, bəzilərinin dediyi kimi, Qarabağa deyil, məhz kütləvi şəkildə Ərbilə köçmüşdülər və bölgənin neftin hesabına sürətlə inkişafını görüb orda məskunlaşmağa başladılar. Ermənistan konsulluğu referendumdan əvvəl açıb. Etiraf etmək lazımdır ki, erməni diplomatiyası istər Qarabağ məsələsində, istərsə də Ermənistanın gələcəkdə hansı geopolitik düşərgədə olacağını müəyyənləşdirməkdə daha strateji addımlar atır, nəinki biz".
Ekspert qeyd etdi ki, dünyada baş verən istənilən separatizmə Ermənistanın dəstək verməsi təbiidir: “Bu gün vassalı olduğu Rusiya da öz daxilində separat ocaqları (Çeçenistan, Tatarıstan, Başqırdıstan) yatırdığından, amma Krımı ”bədnam referendumla" işğal etdiyindən Ermənistana “Kürdüstan”ı dəstəkləmə tapşırığını verə bilmir. Ermənistan üçün Kürdüstanın yaranması həm Qarabağ acısından, həm də Türkiyə acısından çox önəmlidir. Kürdlər üçün də bu gün erməni qardaşdır. Referendumdan sonra Ərbil 52 dövlətə müraciət edib ki, müstəqillik referendumunu dəstəkləsinlər, o cümlədən Ermənistana. Ermənistana müraciət standart formada deyil, qardaş “Artsax” dövləti ilə perspektiv əlaqələr və əməkdaşlığın zəruriliyi, Qarabağ təcrübəsini öyrənmək təklifləri haqqında danışırlar. Ermənistan isə Kürdüstana cavabda əlavə -ikitərəfli mənfəət axtarır. Həm Kürdüstanın “Artsax”ı tanımasını istəyir, həm də Kürdüstan ərazisinə köçmüş ermənilərə avtonom hüquqlar tələb edir. Ermənilər də Nalbəndyanın referenduma soyuq münasibətini qınayır və kürd-türk məsələləri üzrə ekspert Karen Ovanisyan “əvvəl-axır ermənilər Kürdüstan içində dövlət statusu alacaqlar” kimi fikirlər də söyləyə bilir. Kataloniyadakı referendum da ermənilərin əl-qolunu açan hadisədir. Burda həm də Rusiya ilə mövqelər üst-üstə düşür. Rusiya Avropanın parçalanmasına strateji hədəfi kimi baxır, zəifləmiş Avropa Rusiya üçün çox əlverişlidir və beynəlxalq ekspertlər Kataloniya referendumunda açıq “Rusiya izi” görürlər. Ermənistan da Kataloniya referendumunu dəstəkləyir-həm Qarabağa görə, həm ağasına görə".
Politoloq Arzu Nağıyev isə ermənilərin iddiasını absurd sayır: “Bu açıqlama ancaq ermənilərdən gələ bilər. Sadəcə olaraq, ermənilər Kürdüstan kartından istifadə edərək ermənilərin də orada etnik bir qurum şəkildə yaşadıqlarını göstərmək istəyirlər. Məlumdur ki, Qərb, ümumiyyətlə, İraqı məhz sünni, şiə, kürd prinsipinə uyğun bölmək istəyir, Kürdüstanda isə sünni, şiə, ələvi və yezidi məsələləri var. Ermənilər isə bunun çoxluqların heç birinə uyğun gəlmirlər. Digər tərəfdən, onların iddia etdiyi Kərkük, Ərbil və Səncər əsasən türklərin yaşadığı ərazilərdir, heç belə götürəndə kürdlərin də iddiası olmamalıdır. Sadəcə olaraq, bu əraziləri İŞİD-dən təmizləyəndə peşmərgə mühüm əməliyyatlarda iştirak edib və buna görə də referendumda öz əraziləri kimi göstəriblər. Əvvəllər də - Kürdüstan muxtariyyət kimi olanda ermənilərin, ümumiyyətlə, nə idarəçiliyə və digər məsələlərə dəxli olmayıb. Yəni bütün bu bəyanatlar ancaq və ancaq pay bölgüsündən nə isə qoparmaq arzusu ilə yaşamaqdır”.