“Rusiya Qarabağ məsələsini həll etməyəcək”
Vəfa Quluzadə: “Biz hətta müstəqilliyimizdən də imtina etsək, Moskva buna getməyəcək”
"Xeberinfo.com": Son günlər türk dövlətlərinin birliyi və əməkdaşlıq imkanlarının daha da inkişaf etdirilməsi istiqamətində davamlı müzakirələrin şahidi olmaqdayıq. Türkiyənin Bodrum şəhərində keçirilən türkdilli dövlət başçılarının zirvə sammiti bu istiqamətdə növbəti addım oldu. Bu mənada hesab olunur ki, Qarabağın azadlığı istiqamətində uğurlara nail olmağın bir yolu da türk dövlətlərinin birgə fəaliyyətindən, təcavüzkara qarşı vahid mövqe sərgiləməsindən keçir.
Yeri gəlmişkən, Bodrum sammitində Azərbaycan rəhbərliyinin qazaxıstanlı həmkarına təşəkkürü də diqqət çəkir. “Ölkələrimizin üzv olmadığı bəzi təşkilatlarda Əməkdaşlıq Şurasına üzv ölkələrin fəaliyyəti də böyük önəm daşıyır. Mən bu gün xüsusilə hörmətli Nursultan Nazarbayevin addımını qeyd etmək istəyirəm. O, bu yaxınlarda Astanada Avrasiya İqtisadi İttifaqının təsis toplantısında Ermənistanın bu təşkilata üzvlüyü ilə bağlı Azərbaycan tərəfinin narahatlığını ifadə edib. Biz buna görə hörmətli Nursultan Abişeviçə minnətdarlığımızı bildirmək istəyirik”, - deyə Azərbaycan prezidenti İlham Əliyev Türkiyənin Bodrum şəhərində Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) IV Zirvə toplantısındakı çıxışında deyib.
Prezident vurğulayıb ki, Azərbaycan xalqı Nazarbayevin hərəkətini yüksək qiymətləndirir: “Bu, əsl dostluq, qardaşlıq addımı idi. Eyni zamanda, bu addım ədalətə və beynəlxalq hüquqa söykənir. Çünki ölkələrin beynəlxalq birlik, BMT tərəfindən tanınan sərhədləri toxunulmazdır. Ölkələrin ərazi bütövlüyü toxunulmazdır. Ərazi bütövlüyü hər bir ölkənin suverenliyini əks etdirən əsas məsələdir. Bildiyiniz kimi, Azərbaycanın ərazi bütövlüyü uzun illərdir ki, pozulubdur. Ermənistan Azərbaycana qarşı işğalçılıq siyasəti aparır. Bu siyasət nəticəsində 20 faiz torpağımız işğal altındadır, bir milyondan artıq qaçqın-köçkün vardır. Bizə qarşı etnik təmizləmə siyasəti aparılmışdır, Xocalı soyqırımı törədilmişdir. Bu gün dünyanın 10 ölkəsi Xocalı soyqırımını rəsmən soyqırımı kimi tanıyır”.
Türkiyənin Qarabağ məsələsində Azərbaycana verdiyi dəstək qədər digər dövlət başçılarının da ortaya siyasi iradə qoyması Ermənistanın susdurulması istiqamətində əhəmiyyətli rol oynaya bilər. Bu arada məlumat yayılıb ki, yaxın vaxtlarda Azərbaycanda Azərbaycan və Türkiyə Silahlı Qüvvələrinin bölmələrinin iştirakı ilə birgə hərbi təlimin keçirilməsi də planlaşdırılır. APA-ın hərbi mənbələrə istinadən yaydığı məlumata görə, Azərbaycan tərəfdən tabor, Türkiyə tərəfdən isə bölük səviyyəsində qatılım olacaq hərbi təlim iki ölkə arasında hərbi əməkdaşlıq sazişi çərçivəsində həyata keçirilir.
Təlimin məqsədi Türkiyə və Azərbaycan Silahlı Qüvvələrinin bölmələri arasında dostluq, əməkdaşlıq və birgə fəaliyyəti inkişaf etdirməkdir. Təlim qərargah və səhra hissəsindən ibarət olacaq. Qeyd edək ki, bu ilin yanvarında Türkiyədə iki ölkənin Silahlı Qüvvələrinin iştirakı ilə “Qış-2014" adlı hərbi təlim keçirilib. Naxçıvanda keçirilən birgə təlimlərə düşmənin qıcıqlı münasibətinin nəticəsidir ki, son vaxtlar cəbhənin Naxçıvan istiqamətində gərginlik artıb.
“Türkiyə açıq deməlidir ki, Azərbaycan yeni təcavüzə məruz qalarsa, ona hərbi dəstək verəcək” |
Mövcud situasiyanı, türk dövlətlərinin birliyinin Qarabağ məsələsinin həllinə təsirini sabiq dövlət müşaviri, politoiloq Vəfa Quluzadə ilə müzakirə etdik:
- Qarabağ məsələsinin həllində həm türk dövlətləri, həm İslam Konfransı Təşkilatının üzvləri, demək olar ki, bütün müsəlman aləmi müsbət mövqe tutub, Azərbaycanı dəstəkləyir. Amma məsələnin mahiyyəti ondan ibarətdir ki, erməni dövlətini yaradan rus imperiyası olub. Erməniləri Türkiyədən, sovet dövründə də dünyanın harasından deyirsinizsə, erməniləri köçürərək Azərbaycan torpaqlarında yerləşdirib. Ona görə bu, Rusiyanın strateji məsələsidir. Gəlin baxaq, görək türkdilli dövlətlərin Rusiyaya nə qədər təsir imkanları var. Onların hamısı Rusiya ilə əlaqələrə malikdir, ancaq Rusiyaya təsir imkanları yoxdur. Rusiyaya yeganə təsir imkanlarına malik olan ABŞ, NATO və Avropadır. Amma Rusiya strateji məsələlərdə geri çəkilmək istəmir və Rusiya nüvə dövlətidir. Ona görə də nüvə imperiyası ilə hesablaşırlar. O səbəbə görə sözsüz ki, Türkmənistan, Qırğızıstan, Qırğızıstan, hətta Bodruma gəlməyən Özbəkistanın Azərbaycan torpaqlarının işğalına münasibətləri birmənalıdır, onlar işğalın əleyhinədir. Lakin onlar bu torpaqları işğaldan azad etmək imkanlarına malik deyillər.
- Özbəkistan sammitdə iştirak etməsə də, bildiyimizə görə rəsmi Daşkəndin Ermənistanla diplomatik əlaqələri sıfır həddindədir. Deməli, bu faktı da nəzərdən qaçırmaq olmaz...
- Özbəkistanın prezidentini mən təqdir edirəm və ona şəxsi simpatiyam var. O, olduqca milli ruha malik olan şəxsiyyətdir və Özbəkistanda müstəqilliyin, azadlığın banisidir. 20-30-cu illərdə Sovet İttifaqı gəlib Türküstanı darmadağın edəndə ən mərd döyüşənlər özbəklər olub. Rusiya təbliğatında isə döyüşkən özbəklərə basmaçılar deyiblər. Yəni basqınçılar rusların özləri ola-ola bu adı özbəklərə, işğala qarşı müqavimət göstərənlərə qoyublar. Bu, manqurtaşdırma siyasətinin təzahürüdür və bu barədə də Çingiz Aytmatov çox gözəl deyib. Özbəkistanın işğalçı Ermənistanla münasibətlərdə məsafə saxlaması çox gözəl haldır və ədalətli bir mövqedir. Lakin Özbəkistan Rusiya ilə əlaqələrindən imtina da edə bilməz. Ermənistan ikinci dərəcəli məsələdir, əsas məsələ Rusiya amilidir. Bizim Ermənistanla heç bir əlaqəmiz yoxdur. Amma mən inanmıram elə bir adam olsun ki, Azərbaycan torpaqlarını Ermənistanın işğal etdiyini və bizim də bu işğala son qoymağa gücümüzün çatmadığını düşünsün. Bu torpaqları kim və nəyə görə işğal edib, məlumdur.
- Bodrum sammitinin 2015-ci ildə ermənilərin qondarma soyqırımı hay-küyünə qarşı bir layihə olduğunu, yaxud Krım hadisələrindən sonra yarana biləcək təhlükələri önləmək niyyətindən irəli gələn tədbir olduğunu güman etmək olarmı?
“Əgər Qarabağ məsələsi həll olunsaydı, Azərbaycan Ermənistanla əlaqələrini bərpa etsəydi, Türkiyə ilə sərhədlər açılsaydı, Azərbaycan milyardlarla dollarını rus silahına verərdimi?” |
- Mən hesab etmirəm ki, “soyqırım”ın 100 illiyi böyük bir hadisədir. Soyqırım olmayıb. Ermənilər soyqırımı müzakirə etməkdən, arxivləri türklərə açmaqdan boyun qaçırırlar. İkincisi də ermənilər hay-küy salırsa, türk dünyası niyə bu hay-küydən qorxmalıdır? Türkiyə müstəqil dövlətdir və lazım gələndə öz müttəfiqi Amerika ilə də razılaşmır, mübahisə edir, istədiyi kimi hərəkət edir. Ona görə də saxta soyqırım məsələsini indidən böyük bir hadisə kimi qəbul etmək olmaz.
- Rusiya XİN başçısı Lavrovun Azərbaycana səfəri nə ilə bağlı ola bilər? Bunun türk sammiti ilə bağlılığı mümkündürmü? Yaxud Rusiyanın Qarabağ məsələsinin həllində ciddi addımları gözləniləndirmi?
- Mən inanmıram ki, Rusiya bu məsələni həll etsin. Onlar müxtəlif variantlar deyəcək, sözlər verəcək, əvəzində müxtəlif tələblər irəli sürəcəklər ki, bu tələblərə əməl etsəniz onda biz bu məsələ ilə ciddi məşğul olarıq. Bundan artığını gözləmirəm. Əgər bu dəqiqə Qarabağ məsələsi həll olunsaydı, Azərbaycan Ermənistanla əlaqələrini bərpa etsəydi, Türkiyə ilə sərhədlər açılsaydı, Azərbaycan milyardlarla dollarını rus silahına verərdimi? Bu silahları almaqda məqsəd məlumdur. Rusiya Azərbaycanı istədiyi kimi sağır. Səbəb də odur ki, burada Qarabağ məsələsi var. Azərbaycan Rusiya ilə yaxşı əlaqələrin mövcudluğunda maraqlıdır. Aydın məsələdir ki, Azərbaycan gedib öz puluna ordusunu Qərb silahları ilə təmin etsə, bu, Rusiyanı hiddətləndirəcək. Ona görə də Rusiyanın bu boyda asılılığımıza son verib bizə “Dovay, do svidaniya” deməsi mümkün deyil. Buna kim inanar? Ona görə də Rusiya imperiyası çökməyənə qədər Qarabağ məsələsinin həllinə inanmıram. Hətta biz müstəqilliyimizdən də imtina etsək, Rusiya yenə də Qarabağ məsələsini həll etməyəcək. Moskva düşünəcək ki, Azərbaycanın müstəqilliyindən imtina etdi, Rusiyanın tərkibinə daxil oldusa da, yeni gələn hakimiyyət yenidən imperiya tərkibindən çıxmağa qərar verə bilər.
- Türkiyədə belə bir yanaşma da mövcuddur ki, türk dövlətlərinin Avrasiya İttifaqının tərkibinə daxil olması və Rusiya ilə yaxın işbirliyində olması problemlərin həllində daha ciddi amil olar, nəinki Qərblə yaxınlaşma şəraitində. Bu yanaşma doğrudurmu?
- Əgər hər hansı bir ölkəni hansısa projeyə salırlarsa, ölkə o projedən zərərdən başqa bir şey götürməyəcək. Biz Gömrük İttifaqına getmək istəmirik, bizi təpiklə ora salmaq istəyirlər.
Türkiyə də ömründə Avrasiya İttifaqına daxil olmayacaq, bunun hamısı blef, təbliğatdır. Türkiyə Avrasiya İttifaqı ilə müstəqil dövlət kimi əlaqələr qura bilər, əgər bu, onun maddi və milli marağına uyğun olarsa. Əks təqdirdə bu da olmayacaq.
- 2015-ci ildə Ermənistanla sərhədlərin açılması istiqamətində də gizli müzakirələrin aparıldığı barədə növbəti xəbərlərin ciddi əsası varmı?
- Ermənistanla sərhədlərin açılacağına inanmıram. Çünki buna bir səbəb yoxdur. Gərək bir hadisə olsun ki, sərhədlər açılsın. Türkiyə neçə dəfə bəyanat verib ki, Azərbaycan torpaqları işğaldan azad edilmədən sərhədlər açılmayacaq. Yaxşı, sərhədlərin açılmasının müqabilində Azərbaycan torpaqları işğaldan azad olunacaqmı? Çətin. Buna indidən heç bir işarə də yoxdur.
- Son günlər təmas xəttinin digər nöqtələri ilə yanaşı Naxçıvan cəbhəsində də itkilərlə müşayiət olunan gərginliklər yaranıb. Bu, nəyə işarədir?
- Bu, Azərbaycana təzyiqin artırılmasıdır. O qüvvələr əllərindən gələni edirlər ki, Azərbaycanla Qərbin əlaqələrinə zərbə vursunlar. Elə şərait yaratmaq istəyirlər ki, Azərbaycan Qərbdən çəkinsin. Bu, başqa bir şey deyil.
- Belə bir rəy formalaşmaqdadır ki, Rusiya Qarabağdakı əməliyyatlara müdaxilə edib Azərbaycana qarşı çıxarsa, Türkiyə də proseslərə hərbi müdaxilə etməlidir...
- Türkiyə çoxdan bu barədə bəyanat verməli idi. Düzdür, qeyri-rəsmi formada deyirlər ki, Azərbaycanla taleyimiz birdir. Ancaq Türkiyə açıq deməlidir ki, Azərbaycan yeni təcavüzə məruz qalarsa, ona hərbi dəstək verəcək, imkan verməyəcək ki, yeni torpaqları işğal olunsun. Ermənistanın 1997-ci ildən hərbi ittifaqı var. O ittifaqa əsasən Ermənistana hər hansı bir hücum olsa, onda Rusiya prosesə müdaxilə edəcək. Əgər erməniyə bir şey olsa, bütün KTMT üzvləri, həmçinin Rusiya Ermənistanın tərəfində döyüşəcək. Ona görə də biz təhlükəsizliyimizin təminatı ilə bağlı Türkiyə ilə zəruri müqavilə imzalamalıyıq.