“Yurdçularla 5 il 5 ay mübarizə apardıq” -Mirmahmud Mirəlioğlu
Xeberinfo.com: Siyasi partiyalar məqsədi, məramı, ideyası olanların toplaşdığı bir məkandır. İllərdir ki, cəmiyyətdə siyasi çəkiyə malik olanların siyasi iradə formalaşdırmağa çalışdıqları ortadadır. Bir partiyanı ərsəyə gətirmək, onu cəmiyyətə təqdim etmək asan deyil. İşin mənəvi tərəfi kimi, maddi tərəfi də var.
Partiyalar, həm də vətəndaş cəmiyyətinin və hüquqi dövlətin əsas təsisatlarından biridir.
Bəs Azərbaycanda siyasi partiyalar necə yaranıb və onlara adı kim qoyub?
Modern.az saytının partiyalarla bağlı növbəti rubrikasında Böyük Quruluş Partiyasından danışacağıq. Beləliklə “...partiyamızdır” rubrikasında növbəti yazını təqdim edirik.
Klassik Xalq Cəbhəsi Partiyası 2006-cü ildə yaradılıb. Partiyanın sədri Mirmahmud Mirəlioğludur.
Məcburiyyətdən yaranan ad
Mirmahmud Mirəlioğlu partiyanın ilk yaranma tarixindən danışarkən bunları deyib.
“Klassik Xalq Cəbhəsi Partiyasının adı məcburiyyətdən yaranıb. Bildiyiniz kimi, 1989-cu ildə Azərbaycan Xalq Cəbhəsi təsis olunaraq, o zamankı qanunlara görə qeydiyyatdan keçib. 1995-ci ildə Azərbaycan Xalq Cəbhəsi məcburiyyətdən sentyabr ayında partiyaya çevrilib. Biz də bu partiyada iştirak etmişik. 2000-ci ildə Əbülfəz Elçibəy dünyasını dəyişəndən sonra “yurdçular”la mübarizədə Azərbaycan Xalq Cəbhəsi Partiyası adı uğrunda gedən mübarizə 5 il 5 ay davam edib. Bu da 2000-ci ildən 2006-cı ilin mart ayına qədər sürüb. 5 il 5 ay qeydiyyatsız fəaliyyətdən sonra biz 2006-cı ildə Klassik Xalq Cəbhəsi Partiyası (KXCP) adını seçmişik”.
“Partiyadan gedənlər olub”
Mirmahmud Mirəlioğlu partiyadan gedənlər barədə də danışıb.
“Klassik Xalq Cəbhəsi Partiyası bəzi insanların hesabına formalaşıb. KXCP ilk vaxtlar təşkilat olaraq fəaliyyət göstərib. Təşkilat ayrılanda 80-20% nisbətində olub. Yurdçular 20%, cəbhəçilər 80% olub. Yəni 80% bizimlə birgə olub. Bütün bunlara baxmayaraq, sonuna qədər mübarizə aparmışıq. Partiyada olan insanların köməkliyi ilə qurultay keçirmişik. Azərbaycan hakimiyyətinin hüquqi nihilizminin nəticəsi olaraq biz partiya işinə getmişik. Düzdür, 5 il 5 ay müddətində dözməyən insanlar olub. Bir çoxları başqa partiyaya gediblər. Başqa partiyalarda rəhbərliyə qədər yüksəliblər. Bu cür hallar olub. Biz isə indiki vəziyyətlə barışmalı olmuşuq”.
“İki dəfə zərbə almışıq”
Partiya sədrinin sözlərinə görə, partiya 2 dəfə zərbə alıb.
“İlk hərəkat zamanından tutmuş ad dəyişikliyinə gəlib çıxmışıq. Biz yeni partiya təsis etməmişik. Simalar da yeni deyildi. Artıq biz mübarizə yolu keçmişdik. Mübarizədə iştirak edən insanların xeyli hissəsi Elçibəy komandasında olub, hakimiyyətdə təmsil olunmuşdular. Bizim üçün ad dəyişikliyindən sonra çox ağır oldu. Bizə birinci zərbə Elçibəyin dünyasını dəyişməsi idi. İkinci zərbə isə parçalanma idi. Biz o təcrübədən çıxış edərək qərargaha nail olduq. Halbuki, qərargahımız yox idi. Hakimiyyətdə olub getmişdik. Qərargah da alınmışdı. 2004-cü ildə cəbhəçilərin xüsusi təşəbbüsü ilə üzvlərimizin və rəhbərlikdə olan insanların yaxından iştirakı ilə az da olsa mülkümüzü əldə edə bildik”.
Partiya dağıla bilərmi?
Partiya sədri, son illər KXCP-də maliyyə çətinliklərinin olmasına da diqqət çəkib.
“İndi hər şey sıfırlanıb. Xüsusilə, son illərin devalvasiyaları partiyamız üçün çətinlik yaradır. Dövlət büdcəsindən maliyyələşmirik. Üzvlük haqqı toplaya bilmirik. İctimai əsaslarla bu və ya digər formada işlərimizi görürük.Maliyyə çətinlikləri ucbatından partiya bağlana bilməz. Azərbaycanda ideologiyaya bağlı olan partiya maliyyə böhranı ilə üzləşdiyinə görə bağlana bilər. Əgər bağlanarsa, bu o deməkdir ki, ideologiyanın daşıyıcıları yoxdur. Çətinlik hamıda olduğu kimi, bizdə də var. Yaşayıb mübarizə aparırıq. İnanırıq ki, istəklərimizə də mütləq çatacağıq. Azərbaycan bütöv olacaq. Bizim də ömür payımıza nə düşəcəksə, onu da yaşayacağıq. İstiqlalında payımız olubsa, bütövləşməsində də iştirak edərik”.