İqtidara qarşı sanksiya layihəsində Rusiya kəşfiyyatı izi
Konqres “Azərbaycan Demokratiya Aktı” sanksiya layihəsini “arxivə” göndərir; Pentaqon Ağ Evdən Azərbaycan prezidentinə daha ciddi dəstək verilməsini və etimad göstərilməsinin istəyir; Pentaqondakı mənbə: “Qərbin regionda maraqlarını təmin edən siyasi və iqtisadi layihələrə 2016-2017-ci illərdə nəzarət İlham Əliyevə veriləcək”
Xeberinfo.com: Ötən saylarımızda xəbər vermişdik ki, bir neçə həftədir Amerika və Azərbaycan nümayəndələri mütəmadi olaraq Vaşinqtonda görüşlər keçirir. Məlumatlarda iddia olunurdu ki, Vaşinqton həbsdə olan siyasi məhbusların azad olunmasını, o cümlədən Milli Demokratiya və Amerika Respublikaçılar institutlarının Bakıda fəaliyyətinin bərpa edilməsini istəyir.
Azərbaycan isə qondarma Qarabağ rejiminə maddi dəstəyin dayandırılmasına, bəzi anti-Azərbaycan dairələrinin Amerikada fəaliyyətini durdurmağa, iqtidara qarşı hazırlanmış “Azərbaycan Demokratiya Aktı” sanksiya layihəsinin gündəmdən çıxarılmasına çalışır.
Bildirilirdi ki, Pentaqon və Amerikanın Enerji Nazirliyi sanksiya qərarının qəbul edilməsinə qarşıdırlar, bunun yanlış olduğunu sübut etməyə və basda Ağ Ev olmaqla, Konqresi də belə bu qanun layihəsinin qəbulu fikrindən daşındırmağa çalışırlar.
Sanksiya məsələsində iqtidarla razılaşma ola biləcəyini “Azərbaycan Demokratiya Aktı” layihəsinin müəllifi kimi tanınan konqresmen Kristofer Smitin Bakıda iki dəfə prezident İlham Əliyevlə görüşdüyünü xatırlatması və dövlət başçısının martın sonunda ABŞ-da keçiriləcək nüvə sammitində iştirakı zamanı da bir araya gələcəyini deməsi də bu məsələdə anlaşma olacağına işarə sayıla bilərdi.
“Yeni Müsavat”ın müxbiri diplomatik mənbələrdən bu müzakirələrlə bağlı yeni sensasion bilgilər əldə edib. Məlumatda iddia olunur ki, ABŞ-ın əsas təsisatlarından sayılan Pentaqonun Azərbaycan məmurlarına və ölkə rəhbərliyinin ətrafina sanksiya tətbiq olunmaması üçün apardığı səylər nəticə verməkdədir. Belə ki, Pentaqon artıq basda Konqres və Ağ Ev olmaqla, Amerikanın digər qərar və təsir institutlarını inandirib ki, əslində bu sanksiya layihəsinin qəbulu Rusiyanın və prezident Vladimir Putinin maraqlarına xidmət edərdi. Çünki sanksiya qərarının veriləcəyi halda ABŞ-ın regionda strateji tərəfdaşı olan Azərbaycanın vəziyyəti pisləşəcək, Kremlə yaxın “beşinci kolon” prezident İlham Əliyevin manevr imkanlarını kifayət qədər məhdudlaşdırmaq şansı əldə edəcək.
Məlumatda daha bir sensasion iddia da yer alıb. Bildirilir ki, əslində bu sanksiya layihəsinin gündəmə gəlməsi üçün Rusiya kəşfiyyatı da “işləyib”. Rusiya dolayi yolla rəsmi Bakının “cığallıqları” ilə bağlı Vaşinqtona məlumatlar ötürərək, Bakıdakı rəsmilərə qarşı sanksiya layihəsinin qəbulunda maraqlı olduqlarını büruzə veriblər .
Mənbənin iddiasına görə, Rusiyanın bu məsələdə maraqlı olmasını Mərkəzi Kəşfiyyat İdarəsi də təsdiqləyib və bu barədə həm Konqresə, həm də Ağ Evə məruzə təqdim edib. Qaynağımız iddia edib ki, Konqresdəki təsirli fiqurlarla, o cümlədən müəlliflə sanksiya layihəsini tam gündəmdən çıxarmamaq, amma hazırkı mərhələdə “arxivə” göndərməklə bağlı anlaşma əldə olunub. Qeyd olunur ki, Azərbaycan hakimiyyəti ilə daha geniş münasibətlərin qurulmasında maraqlı olan, hətta göründüyü kimi, rəsmi Bakıya lobbiçilik edən Pentaqon Ağ Evdən prezident İlham Əliyevə daha ciddi dəstək verilməsini və etimad göstərilməsinin istəyir.
Pentaqon hesab edir ki, prezident İlham Əliyev neftin yaratdığı böhrana baxmayaraq ölkəsində stabilliyi qorumağa nail olub və mövqeləri möhkəmdir. Bu səbəbdən də Pentaqon rəhbərliyi yaxın illərdə də İlham Əliyevin hakimiyyətdə qala biləcəyini proqnozlaşdırıb və bu səbəbdən də Ağ Ev administrasiyasını “daha çıxarlı” siyasət yürütməyə razı salıb.
Daha bir sensasion təfərrüat da var; məlumatda iddia olunur ki, Azərbaycan prezidentinin Nyü-Yorka səfəri zamanı ona “yeni xətt üzrə tərəfdaşlıq” təklif ediləcəyi gözlənilir. Bildirilir ki, Qərb dairələri indi Azərbaycan prezidentini regionda ən ciddi tərəfdaş hesab edir; bu da təsadüfi deyil: “Gürcüstanın siyasi rəhbərliyi Mixail Saakaşvilidən sonra qeyri-müəyyən , Azərbaycan rəhbəri isə ardıcıl və balanslaşmış siyasət yürüdür. Bu səbəbdən də regionda Qərbin maraqlarını təmin edən siyasi və iqtisadi layihələrə 2016-2017-ci illərdə nəzarət İlham Əliyevə veriləcək. Bu iki il ərzində Qərblə İlham Əliyev arasinda tərəfdaşlıq daha da güclənərsə, o zaman bu nəzarət mexanizmi daha da geniş sferani əhatə edə bilər”,- deyə, sensasion məlumatda bildirilir.
Qaynağımız Qərbin Azərbaycan, Gürcüstan, Ukrayna və Türkiyə prezidentlərinin birgə görüşünün reallaşmasına çalışdığını da deyib. Xəbərdə bildirilir ki, ayrı-ayrılıqda Rusiya aqressiyasını üzərində hiss edən bu ölkələrin ticari-siyasi əməkdaşlığına Qərb tam dəstək vermək niyyətindədir və belə bir görüşün ilk olaraq Bakıda keçirilməsini istəyir.
Qeyd edək ki, gələn ay - aprelin 25-26-da Bakıda mədəniyyətlərarası dialoqla bağlı geniş tədbir keçiriləcək. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İlham Əliyevlə Ankaradakı görüşündə bu tədbirə gələcəyinin deyib. Gözlənilir ki, Ukrayna prezidenti Pyotr Poroşenko və Gürcüstanın dövlət başçısı da həmin vaxt Bakıya gələcəklər...
Sensasion məlumatlarla bağlı əlavə xəbər və şərhləri gələn sayımızda dərc edəcəyik.
“Yeni Müsavat”