Redaktor seçimi
Fuad Muradovun "adamı" Azərbaycanı "diktatura rejimi" adlandırdı -
Bakını "Qəzza zolağına çevirən" kimlərdir(?)!:
Əmlak Məsələləri Dövlət Xidməti “Qobu əməliyyatı”na hazırlaşır:
“Əcəmi”də “can bazarı”:
Heydər Əliyevin posterini sökdürən Vüqar Sədiyev bu qədər sərvəti hansı məmurun hesabına əldə edib? -
TALIBOVLAR SƏRVƏTLƏRİNƏ SƏRVƏT QATIRLAR – Məhərrəm Talıbovun oğullarının dəbdəbəli həyatı.../
Zaur Mikayılov iri şəhərlərdə iri məbləğləri belə “yuyur” –
İcra məmurunun oğluna verilən milyonluq tenderlər -
Günün xəbəri

Qərblə Rusiya arasında qalan Ermənistan - Köçəryanın revanşist həmlələri -ŞƏRH

 

Ermənistanda 2026-cı ildə keçiriləcək parlament seçkiləri ölkə tarixinin ən vacib seçkisi olmaqla yanaşı, deyəsən, ölüm-dirim mübarizəsi olmaqla da yadda qalacaq. Bu seçkidə qərbpərəstlərlə rusiyapərəstlər son damla qanlarına qədər mübarizə aparacaqlar. Bu, gün kimi aydındır.

Yenixeber.org: Təbii ki, qərbpərəstlər qanadına hakim partiya rəhbərlik edir. Moskvadan əmr və təlimatlar alanların lideri isə şəksiz-şübhəsiz, Ermənistanın ikinci prezidenti Robert Köçəryandır. Son günlər "beşinci kolon"un və rusiyameyilli qüvvələrin aktivləşməsi isə bir sıra mətləblərdən xəbər verir.

Bir müddət əvvəl Sarkisyan və Köçəryan cəbhəsinin Ermənistanın baş naziri Nikol Paşinyana qarşı birləşəcəyi ilə bağlı xəbərlər dolaşsa da, bunun belə olmadığı üzə çıxıb. İlk olaraq, birinci prezident Levon Ter-Petrosyanın rəhbərlik etdiyi “Erməni milli konqresi”nin aktivləşməsi, keçmiş ombudsman Arman Tatoyanla münasibətlər və əlaqələr qurmasını diqqətə çatdırmaq lazımdır.

Tatoyanın üçüncü prezident Serj Sarkisyanla ciddi və sıx əlaqələrinin olduğunu nəzərə alsaq, deyə bilərik ki, Petrosyanla Serj danışıqlar aparır, Nikol Paşinyanı devirmək üçün güclərini ortaya qoymağa başlayıblar. Eyni zamanda, Azərbaycan Prezidenti İlham Əliyevin Albaniyanın paytaxtı Tiranada Ermənistanın baş naziri Nikol Paşinyanla görüşü, sülh müqaviləsi ilə bağlı səslənən fikirlər artıq paytaxt İrəvanda revanşist qüvvələri, xüsusən də yuxarıda sadaladığımız vəziyyət fonunda təklənmiş Robert Köçəryanı hərəkətə keçirib.

 

Ermənistanın ikinci prezidenti bir sıra mətbuat orqanlarını, xüsusən də cibindən maliyyələşdirdiyi KİV-ləri başına yığaraq sərsəm açıqlamalar verib, yenidən gündəmə düşüb. Açıqlamasında Köçəryan xüsusən Ermənistan-Rusiya münasibətləri, Aİ ilə bağlı addımlar, Azərbaycanla sülh müqaviləsi üzrə çeynənmiş tezislərinə müraciət edib.

Köçəryanın birdən-birə aktivləşməsini bir sıra səbəblərlə izah etmək olar. Birincisi, Moskva Ermənistan üzrə kurator olaraq, Putinin daxili siyasi məsələlər üzrə rəhbəri S.Kiriyenkonu təyin edib. Bu təyinat isə Kremlin Ermənistana sırf forpost kimi baxışını, onu müstəqil dövlət hesab etmədiyini nümayiş etdirməklə yanaşı, Köçəryan kimi "5-ci kolon"un da aktivləşməsinə, yenidən hakimiyyətlə bağlı ümidlərinin yaranmasına səbəb olub. Elə bu ümidi Robertin müsahibəsini əsasən Rusiya ilə münasibətlər üzərində qurması da sübut edir.

Bununla yanaşı, qeyd etmək yerinə düşər ki, son dövrlər erməni cəmiyyətində də sülh müqaviləsinə baxışın dəyişdiyi bir vaxtda eks-prezident sülh əleyhinə açıqlama verməsi anlaşılandır. Bu, həm də o fonda baş verir ki, Prezident İlham Əliyev Paşinyanla Tiranada görüşür, parlamentin sədri Alen Simonyan isə yaxın vaxtlarda iki dövlət başçısının təkbətək görüşünün mümkünlüyü barədə açıqlama səsləndirir. Bu isə, təbii ki, Köçəryanın Şimal ağalarının danışıqlarda iştirakının üstündən xətt çəkməklə yanaşı, imzalanacaq sülh müqaviləsində diktə etmək həvəsini də qursağında qoyur. Bu səbəbdən də yeganə çıxış yolu kimi imzalanacaq sülh müqaviləsi ilə bağlı əlindəki media resurslar vasitəsilə çaşdırıcı informasiya ötürmək, yerli ermənilər arasında sülh müqaviləsinə inamı sarsıtmaq dayanır.

 
Alen Simonyan

Elə bir neçə gün əvvəl bu Robertin oğlu Levon da Ermənistan parlamentində nifrət və türkofobiyaya görə dava salmağı bacarıb. Parlament tribunasından “Paşinyana türk deyəndə əsəbiləşmir, korrupsiyadan danışanda dəli olur” fikri parlamentdə dava-dalaşa səbəb olmaqla yanaşı, Levona ünvanlanan “sənin baban da türk olub” cümləsi qarşıdurmanın duzu-istiotu olmuşdu. Bu hadisələr isə Levon və Robertin bir mərkəzdən əmr və təlimat almaları, azərbaycanlılara qarşı nifrət yaymaları barədə fikri daha da gücləndirir.

Ölkə sülh müqaviləsi imzalamağa hazırlaşarkən müxalifətin belə bir cəfəng tezislə ortaya atılması, küləyin hansı tərəfdən əsdiyini sübuta yetirir.

Köçəryanın əsas vurğu etdiyi məqam Rusiya ilə strateji münasibətlərin bərpa edilməsinin vacibliyi ilə bağlı olub. Köçəryanın sözlərinə görə, Rusiya ilə strateji tərəfdaşlığı bərpa etmək və İran amilini də bura daxil etmək lazımdır. Belə ki, Ermənistan-Rusiya münasibətlərinə İran komponenti əlavə olunmalı, üçtərəfli formata çevrilməlidir.

Bununla kifayətlənməyən eks prezident qeyd edib ki, Rusiyanı təcrid etməyə çalışanlar özlərini təcrid edirlər. Bu isə birbaşa hakimiyyətə təhdid və hədə kimi də qəbul edilməlidir. Köçəryan Kreml aşiqliyini davam etdirməklə İrəvanın Aİ ilə yaxınlaşmasını da sərt tənqidi edib. O qeyd edib ki, Avropa Ermənistanın təhlükəsizlik məsələsini həll edə bilməz, bunu düşünmək sadəcə sadəlövhlükdür. Bu isə o deməkdir ki, Köçəryan mümkün seçkilərdə Kremlin dəstəyi ilə hakimiyyətə qayıda bilsə, əsas kursu Şimala yönəldəcək və təhlükəsizlik məsələlərindən tutmuş - bir sıra işlərdə Moskvanın dediyi ilə oturub-duracağına indidən təminat verir.

Eyni zamanda, Robert deyib ki, Avropanın məqsədi Rusiyaya zərər verməkdir və bu siyasət başqasının əlində alətə çevrilməkdədir. Göründüyü kimi, Köçəryan Ermənistanın heç bir zaman müstəqil dövlət ola bilməyəcəyini anlayır və qəbul edir ki, Moskvanın alətinə çevrilmək onun üçün daha üstündür.

Seçki məsələsinə gəldikdə, Köçəryan bildirib ki, müxalifətlə, konkret olaraq, Sarkisyan və digər iri müxalifət partiyaları koalisiya qurub seçkiyə birlikdə getmə şansı yoxdur: "Hər şeyi bir kənara qoymaq, koalisiya yaratmaq məsələsini müzakirə etmək lazımdır. Amma bu halda mən vahid cəbhə ilə seçki variantını görmürəm".

 

Bununla yanaşı, eks-prezident vurğulayıb ki, yalnız ideoloji cəhətdən bir-birinə yaxın qüvvələr seçkiyə birlikdə getməlidir. Bununla da o, Ermənistanda rusiyayönümlü siyasi qüvvələri vahid çətir altında birləşdirməyi, "beşinci kolon"a rəhbərlik edəcəyi barədə anons vermiş sayılır.

Serjlə bağlı münasibətlərdən də danışan eks prezident bildirib ki, 2018-ci ildə ona zəng edərək problemin böyüdüyünü, nəzarəti itirəcəyini bildirib. Robert qeyd edib ki, Sarkisyanın bir sıra addımları ilə razılaşmır və aralarında ciddi fikir ayrılığı var.

Göründüyü kimi, Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi ilə bağlı müsbət siqnallar ortaya çıxan kimi Köçəryanın dəstəsi aktivləşir. Bunun səbəblərindən də biri odur ki, sülh müqaviləsinin imzalanması ikinci prezidentin kabusu ola bilər. Bunu Bakı məhkəməsində Qarabağ separatçılarının ifadələrindən də anlamaq mümkündür.

Qarabağda 1980-ci illərdə separatçı hərəkata başçılıq edən Köçəryanın fəaliyyəti, “Krunk” kimi təşkilata üzv olaraq, etnik nifrət təbliğ etməsi, təbii ki, bir gün onun da qolu qandallı şəkildə Araik Arutyunyan, David Babayan, Ruben Vardanyan, David İşxanyanla eyni "skamya"da əyləşib ittihamlara cavab verməsi ilə nəticələnəcək. Bu, gec-tez baş verəcək və bu, Köçəryanın ən qorxulu reallığıdır. Reallıqdan qaçmaq üçün isə iki ölkə arasında sülh müqaviləsini mümkün qədər ləngitmək, regionda Rusiyanın nüfuzunu artıraraq yenidən Kremlin itaətkar quluna çevrilmək, status-kvonu dəyişmək nicat yolu kimi görünür. Amma hadisələrin gedişatı göstərir ki, Köçəryanın Araik və Rubenlə eyni kamerada əyləşib çay içəcəyi gün o qədər də uzaqda deyil.(Report)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam