Bakı-Moskva münasibətlərində gərginlik siqnalı:kiberhücum izi və siyasi fon

Ekspert: “Rusiya postsovet məkanında təxribatlarını gücləndirəcək”
Yenixeber.org: 2025-ci il fevralın 20-də bir sıra Azərbaycan media resurslarına qarşı həyata keçirilən kiberhücum Rusiyadan təşkil olunub. Bu barədə parlamentin xarici müdaxiləyə qarşı mübarizə komissiyasının sədri Ramil Namazov məlumat verib.
Onun sözlərinə görə, hücumun arxasında Rusiya qurumları ilə əlaqəli olan və dövlət təsisatları, diplomatiya, müdafiə və KİV-ə qarşı əməliyyatlarda ixtisaslaşan APT29 (Cozy Bear) adlı haker qrupu dayanır. Hücum yüksək texniki səviyyədə icra olunub.
Namazov qeyd edib ki, bu cür addımlar Bakı və Moskva arasında imzalanmış müttəfiqlik bəyannaməsinin ruhuna ziddir.
Onun sözlərinə görə, hücumun mümkün səbəblərindən biri də Azərbaycanda qeydiyyatdan keçməyən “Rus Evi”nin bağlanması və Sputnik agentliyinin nümayəndəliyinin ləğv edilməsinin müzakirə olunması ola bilər.
Parlamentin müvəqqəti xarici müdaxiləyə qarşı mübarizə komissiyasının iclasında deputat Rasim Musabəyov bildirib ki, kiberhücumlar hərbi əməliyyatlarla eyni səviyyədə qiymətləndirilir və buna görə də Azərbaycanın aidiyyəti qurumları bu insidenti Rusiya tərəfi ilə müzakirə etməlidirlər.
O, belə hücumların təkrarlanmasının artıq siyasi xarakter ala biləcəyini vurğulayıb.
Komissiya sədri Ramil Namazov da bu mövqeyi dəstəkləyib və əlavə edib ki, Moskva ilə artıq danışıqlar aparılır: “Bu cür addımlar münasibətlərimizə ziddir”, – deyə o bildirib.
Bu məlumatın niyə məhz indi yayılması maraq doğurur. Bu, 9 May tarixinin yaxınlaşması ilə əlaqəli ola bilərmi? Moskva həmin gün keçiriləcək paradda postsovet məkanından maksimum sayda qonağın qatılacağına ümid edir. Bəlkə bu, arzuolunmaz ssenaridir və Azərbaycan rəhbərliyi bundan yayınmaq niyyətindədir.
Müstəqil politoloq Xəqani Cəfərli saytımıza açıqlamasında bununla bağlı fikirlərini bölüşüb.
Onun sözlərinə görə, Ramil Namazovun yerli media resurslarına qarşı həyata keçirilən kiberhücumların Rusiyadan qaynaqlandığı barədə açıqlama verməsi təsadüfi deyil.
"Əvvəla qeyd edim ki, kiberhücumların hansı ölkədən edildiyinin məhz indi müəyyənləşdirilməsinin inandırıcı olduğunu düşünmürəm. Belə əməliyyatların mənbəyi adətən hücumun ilk saatlarında, bəzən isə ilk dəqiqələrində üzə çıxarılır. Sadəcə, uyğun zaman və şərait lazım olur ki, hücumun haradan edildiyini açıqlamaq qərarı verilsin. Mənim fikrimcə, Milli Məclis komissiyasının sədri Ramil Namazovun kiberhücumların Rusiyadan qaynaqlandığı barədə bəyanatı son günlər beynəlxalq münasibətlər sistemində baş verən hadisələrlə birbaşa bağlıdır.
ABŞ-ın Ukrayna ilə nadir torpaq elementləri üzrə razılaşma imzalaması, ABŞ və Avropa İttifaqının Rusiyaya qarşı yeni sərt sanksiyalara hazırlaşması, eləcə də Donald Trampın birinci prezidentliyi dönəmində milli təhlükəsizlik müşaviri postunu tutan Con Boltonun Putinin Ukrayna ilə kifayətlənməyəcəyini və Azərbaycana, Gürcüstana, Ermənistana və Orta Asiya respublikalarına da hücum etməyə cəhd edəcəyini bəyan etməsi təsirsiz ötüşə bilməz”, – deyə ekspert bildirib.
O, əlavə edib ki, ABŞ Senatının 100 üzvündən 72-si Rusiyaya qarşı sərt sanksiyaları dəstəkləyəcəyini bəyan edib. “Bu sanksiyaların Rusiya ilə sıx münasibətdə olan bütün ölkələri əhatə edəcəyi də gözlənilir. Oxşar sanksiyaların tətbiqini Avropa İttifaqı da planlaşdırır. Əgər bu ehtimallar təsdiqlənsə, Rusiya ilə münasibətlər təhlükəli və zərərli xarakter alacaq. Bütün dövlətlər üçün bu vəziyyətdən yayınmaq olduqca vacibdir.
Təsadüfi deyil ki, ABŞ prezidenti Donald Trampın 8 may tarixini rəsmi olaraq faşizm üzərində Qələbə Günü elan etməsindən sonra Putinin 9 may paradı da siyasi rəqabət mövzusuna çevrilib. Məncə, bu rəqabətdə tərəf kimi iştirak etmək bizim üçün məqsədəuyğun olmaz. Düşünürəm ki, Ramil Namazovun kiberhücumun Rusiyadan qaynaqlandığı ilə bağlı son bəyanatı da məhz bu proseslərlə bağlıdır. Ümumiyyətlə isə bir neçə ay əvvəl səsləndirdiyim xəbərdarlığı təkrarlamağı faydalı sayıram: yaxın gələcəkdə postsovet respublikalarının Rusiya ilə münasibətlərində gərginlik qaçılmaz olacaq. Çünki Rusiya Ukraynada məqsədlərinə çata bilmir və Qərblə rəqabətdə uduzduqca postsovet məkanında təxribatçı davranışlarını artıracaq. Bunun qarşısını almaq mümkün olmasa da, ən yaxşı yol bu kimi təxribatlara hazır olmaqdır”, – Xəqani Cəfərli vurğulayıb.(pressklub)
Rauf Orucov