Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

“İsmayıllı işi” üzrə məhkəmə istintaqı başa çatdı

 

 

Videolara baxıldı, Tofiq Yaqublu ilə İlqar Məmmədovun günahsız olduğu bir daha üzə çıxdı

 

"xeberinfo.com": Fevralın 17-də “İsmayıllı işi” üzrə növbəti məhkəmə prosesi keçirildi. Məhkəmə saat 10:00-a təyin olunsa da, gec başladı. Məhkəmə prosesini  Fransanın Azərbaycandakı səfirliyinin missiya rəhbərləri Oliviya Spid, Maks İveto müşahidə edirdi.
Hakim ilk olaraq, təqsirləndirilən şəxs Cəfər Cəfərovun əfv olunması haqda ərizə yazması məsələsinə toxundu. C.Cəfərov  əfv edilməsi üçün lazımi köməkliyin göstərilməsi üçün hakimə ərizə yazıb. Bunun üçün  artıq 200 nəfərdən imza da toplanılıb. Bu ərizəni məhkəmədə səsləndirəndən sonra hakim onun cinayət işi materiallarına əlavə olunması üçün müdafiə tərəfinin razılğını aldı. Daha sonra təqsirləndirilən şəxs Vasif İbrahimovun verdiyi vəsatətin təmin olunması haqda məlumat verdi. Belə ki, ötən məhkəmə iclasında V. İbrahimovun saxlanma yerinin dəyişdirilməsi ilə bağlı vəsatət verdiyini və təmin olunduğunu bildirdi.
Bu məqamda məhkəmə iştirak edən Müsavat Partiyasının üzvü Elman Fəttah  hakimin göstərişi ilə məhkəmə zalından çıxarıldı.  Hakim bunu guya E. Fəttahın proses zamanı telefondan  istifadə etməsi ilə əsaslandırdı. 
Daha sonra digər vəsatətə-əlavə şahidlərin dindirilməsi məsələsinə toxunuldu. Təqsirləndirilən Vasif İbrahimov məhkəmənin daha obyektiv, ədalətli qərar çıxarması üçün əlavə şahidlərin məhkəməyə cəlb olunmasının vacibliyini vurğuladı.
Müdafiə tərəfinin vəkilləri əlavə şahidlərin çağırılmasında heç bir problem olmadığını, prosesin uzadılmasına mane olmayacağını bildirdi.
Vəkil Nemət Kərimli də bunun təmin olunmasını xahiş etdi. 
Digər vəkil Akif Əliyev isə məhkəmədə Avropa Konvensiyasının 6-cı maddəsini xatırlatdı: “Möhtərəm hakim, hər dəfə məhkəmə qərarlarını pozmamağı tələb edirsiniz. Konvensiyanın 6-cı maddəsi var. Müdafiə tərəfinin öz lehinə əlavə şahidlərin dindirmək hüququ var. Bu məsələnin pozulması qeyri-qanunidir. Əgər biz beynəlxalq sənədə imza atmışıqsa, əməl də etməliyik”.
Dövlət ittihamçısı Fuad Musayev ənənəyə sadiq qalaraq  bu vəsatətin gərəksiz olduğunu və təmin edilməməsini dedi: “CPM-də yeni dəlil göstərilməyibsə, müzakirə olunacaq heç nə yoxdursa, deməli, təmin olunmamalıdır”.
Digər dövlət ittihamçısı da həmkarının dediklərini həmişə olduğu kimi təsdiqlədi. 
Müsavat Partiyası başqanının müavini, “Yeni Müsavat” qəzetinin köşə yazarı, təqsirləndirilən şəxs Tofiq Yaqublu bu məsələyə münasibət bildirmək istəsə də, hakim icazə vermədi. 
Hakimin qeyri-qanuni məhkəmə qərarlarını dayanmadan pozmasına, heç bir əsaslı, ciddi vəsatətləri təmin etməməyinə görə  vəkillər, təqsirləndirilən şəxslər kəskin etiraz etdilər. 
Məhkəmə davam edən mərhələdə hakim Rəşid Hüseynov “Bizim Yol” qəzetinin əməkdaşı İdrak Abbasovu şahid qismində çağırmamışdan əvvəl, dövlət ittihamçısı Fuad Musayev onun şahid kimi dindirilməsinin əleyhinə olduğunu dedi: “İdrak Abbasovdan əvvəl İsmayıllıya peşə fəaliyyəti ilə məşğul olmağa gələn digər  jurnalistlər - Mehman Kərimli, Nicat Məlikov, Qələndər Muxtarlı Tofiq Yaqublu və İlqar Məmmədovun məsələsi ilə bağlı şahid kimi dindiriliblər. Bu şahidlərdən sonra əlavə şahidin çağırılması bizə heç də yeni bir məlumat verməyəcək”.
Dövlət ittihamçısının bu çıxışından sonra məhkəmə İ. Abbasovun şahid qismində dindirilməsinə razılıq verdi.   
İ.Abbasov özü haqda qısa məlumat verdikdən sonra, hakim ona bir neçə sual verdi. 
Hakim Rəşid Hüseynov:
 -İdrak Abbasov, təqsirləndirilən şəxslərdən kimləri tanıyırsınız?
İdrak Abbasov:
-Tofiq Yaqublu və İlqar Məmmədovdan başqa heç birini tanımıram. 
Bu sual-cavabdan sonra İ.Abbasov  İsmayıllıda baş verən hadisələr haqda gördüklərindən danışdı: “İsmayıllıdakı hadisələrlə bağlı xəbəri yanvarın 23-ü axşamı sosial şəbəkələrdən almışam. Gecə saat 2-yə işləmiş Bakıdan çıxdıq. Hardasa saat 4-ə işləmiş İsmayıllıya çatdıq. Biz gələndə “Çıraq” hoteli yanırdı. İcra başçısının evinin yanındakı yardımçı binalar  də yanırdı.  Gördüklərimizi videolentə aldıq.  Havalar soyuq idi. Otel yandığından oralar isti idi deyə, geri otelə tərəf qayıtdıq, səhərə qədər orada qaldıq. Səhər şəhər sakinləri 23-ü günü tutulanların azad olmasını və bütün bu hadisələrə səbəb olan, insanları söyənlərin onlardan üzr istəməsini tələb edirdilər.  Bütün bunlardan sonra  insanların  tələbi yerinə yetirilmədiyindən toqquşmalar başladı. Bundan sonra artıq şəhər sakinlərinə qarşı rezin güllələrdən, su şırnağından istifadə olundu. Hardasa 40-45 dəqiqə beləcə nahara qədər davam etdi”.
Vəkil Fuad Ağayev  İ. Abbasovun ifadəsinə dəstək olaraq bir daha məhkəmənin nəzərinə çatdırdı ki, polislər  həmin vaxt insanlara qarşı rezin güllələrdən, su şırnağından istifadə edib. Amma dövlət ittihamçıları, hakim bütün bunları İlqar Məmmədov və Tofiq Yaqubluya sırımaq istəyir. 
İ.Abbasov ifadəsinə davam etdi: “Yanvarın 24-ü saat 16:00 olardı. Heç bir toqquşma, iğtişaş yox idi, tam sakitlik idi. Təhsil Şöbəsi ilə İcra Hakimiyyətinin binası bir-birinə yaxın yerdə yerləşir. Jurnalistlər ora gəldi. “Yeni Müsavat” qəzetinin əməkdaşı Tofiq Yaqublu da orada idi. İlqar Məmmədov da ora gəldi.  Onlarla görüşdük, danışdıq. Bizdən toqquşmaların nə vaxt olduğunu soruşdular. Mən də bir 23-dən 24-ə keçən gecə , bir də 24-ü səhər olduğunu dedim.  Yəni onları gördüyüm vaxtda tam sakitlik idi. İlqar Məmmədov dedi ki, onda gedək, çay içək.  Bəzi jurnalist dostlarım Bakıya qayıtdıqdan sonra mən digərləri ilə internet kluba getdim. Orada yazılarımızı yazdıq, video materiallarımızı montaj etdik, təxminən 2-3 saatımız belə keçdi. Sonra maşınla meydana fırlandıq. Meydan polislə dolu idi. Bir dəstə insan toplaşmışdı meydana, soruşdum, yenə bir aksiya olacaqmı, dedilər ki, hə, olacaq. Düşdük, onlarla söhbət etdik. Onlar dedilər ki. artıq  mərkəzdə başalyıblar. Sonra toqquşmalar oldu, insanlara qarşı rezin güllələr atıldı, həyətlərdən, yasxanalardan camaatı tutub aparırdılar. Gecə saat 11-12-ə qədər qarşıdurma davam etdi”.
Vəkillər İ.Abbasov ifadəsini bitirdikdən sonra sual verməyə başladılar. 
Vəkil Fuad Ağayev:
-İlqar Məmmədov və Tofiq Yaqublu İsmayıllıya gələnə qədər orada toqquşma olmuşdurmu?
İdrak Abbasov:
-Xeyr. Onlar gələndə tam sakitlik idi. Orada MTN, polis əməkdaşları var idi. 
Vəkil Nemət Kərimli:
-Yanvarın 24-də saat 4-5 arası İcra Hakimiyyəti qarşısında nə qədər jurnalist olardı?
İdrak Abbasov:
-10-a yaxın olardı.
Vəkil Xalid Bağırov:
-İsmayıllıda gördüklərinizlə bağlı videoçəkilişlər aparmısınızmı?
İdrak Abbasov:
-Bəli, buna görə hətta beynəlxalq mükafat da almışam.
Vəkil Xalid Bağırov:
-24 yanvar, günorta saatlarında çəkiliş aparmısınızmı?
İdrak Abbasov:
-Xeyr. Olsaydı, çəkərdim. Ancaq axşam saat 8-dən sonra çəkə bildim. Çəkilişləri isə həm Obyektiv TV-ə, həm də “Bizim Yol” saytına vermişəm. 
Daha sonra vəkil Xalid Bağırov İ. Abbasova məxsus olan  video süjetlərin montaj olunmayan 
15 dəqiqəlik diskini hakimə təqdim etdi və dedi ki, bu videoya heç bir müdaxilə olunmayıb. Həmin diskdə   günün ikinci yarısını əhatə edən 4 dəqiqəlik fraqment var. Bu videoda hətta vaxt göstəriciləri də var. 
Bu təqdimatdan sonra hakim Rəşid Hüseynov ona təqdim olunan video süjetlərin məhkəmədə göstərilməməsi üçün  absurd fikirlər səsləndirdi. 
Müdafiə tərəfləri, təqsirləndirilən şəxslər hakimin bu videonu göstərməmək üçün törətdiyi əngəllərə kəskin etiraz etdilər.
REAL Hərəkatının sədri İlqar Məmmədov bu video materialın montaj olunmadığını, orada özünün və Tofiq Yaqublunun olduğu  vaxtın dəqiqəbədəqiqə göstərildiyini, hətta videoda özünün  danışıqlarının  da eşidildiyini dedi.
T.Yaqublu məhkəmə qərarlarını ciddi pozanlardan birinin də hakimin özü olduğunu dedi.  Deyirik ki, biz orada olanda tam sakitlik olub. Bunu təsdiq edəcək əsas sübut-video süjetlər var. Əgər siz də ədalətin ortaya çıxmasını  istəyirsinizsə, bu videonun göstərilməsinə imkan verərdiniz. Siz bizim hüquqlarımızı gözgörəsi tapdalayırsınız. Onsuz da 15 il oxuyacaqsınız, bu videonu göstərin, getsin”.
Daha sonra T.Yaqublu İ.Abbasovdan saat 16-17 arası sakit mənzərəli video görüntünün olub-olmadığını soruşdu. İ.Abbasov isə “bəli, var” cavabını verdi.
Tofiq Yaqublu:
-Bizə qarşı saxta videolar verilib. Düzdür , həmin videolar sizə məxsus idi, amma məsələ orasındadır ki, həmin videolarda vaxt göstəriciləri dəyişdirilib. Əgər baxsanız, bilə bilərsinizmi saat neçədə çəkilib videolar?
İdrak Abbasov:
-Əlbəttə ki.
Dövlət ittihamçısı Fuad Musayev İ.Abbasovdan T.Yaqublu və İ.Məmmədovu təxminən nə qədər gördüyünü soruşdu.
İ.Abbasov ümumiyyətlə onları az gördüyünü dedi: “Tofiq Yaqublunu 2-3 dəqiqə gördüm , sonra eşitdim ki, tutublar. İlqar Məmmədovla isə 5 dəqiqə, bəlkə də çox gördüm. O, Natiq Cəfərli ilə görüşüb getdi”.
 
Vəkil Xalid Bağırov da məhkəməyə bir daha dedi ki, həmin videonu göstərməklə şahid İdrak Abbasovdan qaranlıq qalan məqamları dəqiqləşdirə bilərik.
Diskə baxılmasına müdafiə tərəfi tam razılıq verdi. Hakim və dövlət ittihamçıları yenə həmin görüntüləri göstərməmək üçün başqa bir bəhanəyə əl atdılar. Bu qədər əsaslı tələbdən sonra, “tamam , video göstəriləcək” deyən hakim, daha sonra həmin videonun təhlükəli, saxta olduğunu  söylədi. Dedi ki, bu videonun içində çox şey ola bilər.
Dövlət ittihamçıları da belə absurd fikir səsləndirdilər. Onlar dedilər ki, bəlkə heç bu video İdrak Abbasova məxsus deyil?
Vəkil Xalid Bağırov isə bu duruma belə reaksiya verdi: “Bu absurddur. Necə yəni təhlükəlidir? Mən bu videonun bütün məsuliyyətini öz üzərimə götürürəm, öz adımla da təsdiq edirəm. Başa düşmədim, bu videoda pornoqrafiya da ola bilər ki, belə tərəddüd edirsiniz göstərməyə?!”
İlqar Məmmədov “mən təkidlə tələb edirəm ki, həmin videoya baxılsın” dedi. İ.Abbasov isə dedi ki, “siz göstərin, mən baxanda biləcəyəm, bu videonu mən çəkmişəm, ya yox”.  
Nəhayət, müdafiə tərəfinin haqlı olduğunu görüb, hakim dövlət ittihamçısının etirazına baxmayaraq, videonun göstərilməsinə razılıq verdi. Videoda Tofiq Yaqublunun və İlqar Məmmədovun orada olduqları vaxt heç bir qarşıdurma, iğtişaş olmadığı bir daha göründü. T. Yaqublunun necə həbs olunması da video süjetdə var idi. T.Yaqublu “budur, baxın, məni Nizami Qocayevin maşınına mindirib apardılar” deyir.
15 dəqiqəlik videonun demək olar ki, hər iki tərəfin razılığı ilə T. Yaqublu və İ. Məmmədov olan hissələri göstərildi. Daha sonra təqsirləndirilən şəxs Mirkazım Abdullayev həbsdə keçən hər günün həyatına təhlükə olduğunu deyərək onun həbsdə qalmasının mümkünsüz olması barədə vəsatət verdi. 
Bir dəfə də olsun, heç bir əsaslı, haqlı vəsatəti təmin edilməsinə razılıq verməyən dövlət ittihamçısı Fuad Musayev bu vəsatətin də təmin olunmasını mümkünsüz hesab etdi.
Dövlət ittihamçısının bu vəsatəti də təmin etməməsi təqsirləndirilən şəxslərin, vəkillərin kəskin etirazına, əsəblərin gərilməsinə səbəb oldu. 
Məhkəmədə verilən vəsatətə  baxılması üçün hakim 10  dəqiqəlik fasilə elan etdi. Fasilədən sonra hakim Mirkazım Abdullayevin verdiyi vəsatətin əsassız olduğunu deyərək, rədd etdi. 
Bu qərardan sonra məhkəmə nahar fasiləsinə getdi. Məhkəmənin ikinci hissəsi saat 14:30-da başladı. Amma ikinci hissə məxfi sənədlər haqqında olduğu üçün qapalı keçirildi. 
Məhkəmə bitəndən sonra İlqar Məmmədovun vəkili Fuad Ağayev əsaslı vəsatətlərin bilərəkdən təmin olunmadığını dedi: "Məhkəmə rəhbərliyi tam qərəzliyini nümayiş etdirdi yenə. Belə ki, müdafiə tərəfinin bir sıra vəsatətlərini təmin eləmədi. Hətta o vəsatəti təmin etmədi ki, hökumətə yaxın APA və “Trend” informasiya agentliklərini 24 yanvar 2013-cü il tarixində verdiyi məlumatlara, videomateriallara baxış da keçirilmədi. Biz xahiş etdik ki, həmin materiallara  baxış keçirilsin. Əgər doğurdan da, İlqar Məmmədov və Tofiq Yaqublu 
İsmayıllıda olan zaman orada hansı hadisə baş vermişdisə, bu hökumətə yaxın mənbələrdə də göstərilməliydi ki, filan saatlarda hadisə baş verib. Mən özüm  həmin saytların materiallarına baxmışam. Orada elə bir məlumat yoxdur. Orada bir günortaya qədər, bir də axşam baş vermiş hadisələr, toqquşmalar haqqında məlumat var. Lakin məhkəmə bunu da etiraf etmədi. Məhkəmə Tofiq Yaqublunun iki telefon aparatı ilə apardığı danışıqlara dair izahlı qaiməsi haqda verdiyi vəsatəti də təmin etmədi.  Halbuki həmin qaimələr təqdim ediləcəyi təqdirdə, Tofiq Yaqublunun alibisi daha da ciddi şəkildə təsdiqlənmiş olur".
F.Ağayev ikinci hissədə məxfi sənədlərə baxılmasına baxmayaraq, ittihama ciddi təsir göstərəcək heç nə olmadığını dedi.
Qeyd edək ki, bununla da məhkəmə istintaqı başa çatıb və dövlət ittihamçısı çıxışa hazırlaşmaq üçün vaxt istəyib. Buna görə də, növbəti proses  fevralın 24-nə təyin olunub.
 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam