Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Dünya iki qan arasında:böyüklərin “ədaləti”, kiçiklərin məcburiyyəti

Rauf Mirqədirov: “Düşünürəm ki, Ukrayna daha genişmiqyaslı əks-hücuma başlayacaq və ilk istiqamət Krım olacaq”

Tanınmış politoloq Rauf Mirqədirov bizimlə müsahibəsində dünya gündəmini zəbt etmiş iki müharibə - Ukraynada və Qəzzada yaşanan qanlı toqquşmalardan danışıb, proseslərin hansı məcrada cərəyan edəcəyi barədə fikirlərini bölüşüb. Beləliklə:

- Ukraynadakı müharibə bir çox proqnozları alt-üst etdi – istər müddətinə görə, istərsə də tərəflərin qələbə ehtimallarına görə. Həm də ona görə ki, son zamanlarda rusların müəyyən uğurları proqnozlaşdırılmırdı. Hazırkı mənzərəni necə qiymətləndirirsiniz?

- Əslində, gözlənilməz nəsə baş vermir. İlk dövrlərdə hər iki tərəf ildırımsürətli qələbəyə ümid edirdi və hərbi əməliyyatların gedişi də bunun göstərirdi. Xüsusilə, ruslar ən geci bir həftəyə hərbi əməliyyatları bitirməyi planlaşdırırdılar, amma alınmadı. Sonrakı dövrlərdə ukraynalıların əks-hücumunun şahidi olduq və onlar öz ərazilərinin bir hissəsini azad edə bildilər. Yəni müharibənin birinci ilində hər iki tərəfin taktikası ildırımsürətli qələbəyə hesablanmışdı və müdafiə taktikası nəzərdən keçirilmirdi.

Müharibənin ikinci ilinə keçəndə bəzi ekspertlər həddən artıq pozitiv, qeyri-rasional fikirlər səsləndirməyə başladılar. Onlar hesab edirdilər ki, Ukrayna Qərb silahlarının hesabına öz ərazilərinin böyük bir hissəsini azad edə biləcək. Lakin bu gözləntilər özünü doğrultmadı – Kiyevin əks-hücum əməliyyatı istənilən nəticəni vermədi. Mən hələ o vaxtlar müsahibələrimdə deyirdim ki, bu gözləntilər çox böyük və reallıqdan uzaqdır. Reallıq da başqa cür oldu – müharibənin ikinci ilində hər iki tərəf müdafiə taktikasını nəzərdən keçirməyə başladı, müdafiə səddi quruldu, bir neçə eşelondan ibarət müdafiə xətləri yaradıldı. Nəticədə ildırımsürətli müharibə taktikası ilə həmin müdafiə sədlərini keçmək mümkün olmadı. Yəni nə Ukraynanın yay hücumu, nə də Rusiyanın qış hücumu ciddi nəticə verdi. Və bu gün hücum əməliyyatlarını həyata keçirmək üçün tərəflərə əvvəlkindən daha böyük resurslar – həm insani, həm də hərbi-texnoloji imkanlar lazımdır. Bu cür gedişatın nəticəsi olaraq döyüşlər uzunmüddətli müharibə xarakteri almağa başladı.

Qərbin proseslərə reaksiyasına gəlincə, Qərbdə hazırda iki xətt var. Birinci xətdə müharibədən yorulma əhval-ruhiyyəsi təcəssüm olunur və onun tərəfdarları ifrat müharibə tərəfdarlarına qarşı çıxırlar. İkinci və böyük xətdəkilər isə birmənalı bəyan edirlər ki, bu müharibədə Rusiyaya güzəştə getmək və onun müharibədən qalib kimi çıxmasına imkan vermək olmaz. Fransa istisna olmaqla, aparıcı Avropa ölkələrinin heç birində bu xətt iqtidar və müxalifət düşərgələrində fikir ayrılığına səbəb olmur. Yəni Britaniyada və ya Almaniyada hökumət dəyişərsə, Ukraynaya dəstək siyasəti davam etdiriləcək. Bəli, Fransada Rusiyaya yaxın olan güclü müxalif kəsim var, amma onların da tezliklə iqtidara gəlməsini gözləmirəm.

- Bəzi Avropa dövlətləri Ukraynaya yeni hərbi texnika, silah-sursat göndərəcəyini açıqlasa da, əsas güc mərkəzindən – ABŞ-dan lazımi, real yardım gecikir. Buna diqqət çəkən bir sıra analitiklərin qənaəti güclənir ki, Amerika qəsdən yardımları yubadır və Rusiyanın tez bir zamanda məğlub olmasını və çöküşünün başlamasını istəmir. Sizin qənaətiniz nədir?

- Bu fikirlə razı deyiləm. Guya, qəsdən gecikdirilir ki, Rusiya məğlub, Ukrayna qalib olmasın. Xeyr! Bu məsələ ilk dövrlərdə ABŞ-ın daxili problemləri ilə bağlı idi. Bilirsiniz ki, bu il Birləşmiş Ştatlarda həm prezident seçkiləri, həm də Senata və Konqressə seçkilər olacaq. Bu amil Senatın və Konqressin davranışlarına ciddi təsir edir. Bəzi siyasətçilər və ekspertlər ya özlərinin konyuktur maraqları naminə, ya da situasiya ilə tanış olmadıqları üçün cəfəng fikirlər səsləndirirlər.

Məsələ nədən ibarət idi? Senatda hər şey aydın idi – burada üstünlük Demokratların əlindədir. Konqresdə isə minimal üstünlük Respublikaçıların əlindədir, Nümayəndələr Palatasında 20-25 nəfərlik qatı trampçı qrup var. Bu trampçılar da Nümayəndələr Palatasının sədrinin kim olacağını müəyyənləşdirirlər. Belə bir əcaib vəziyyətdə həmin kiçik qrup ümumən Konqressin qərarlarına təsir göstərə bilir. Ukraynaya yardım məsələsi də büdcə ilə bağlı olduğu üçün Konqressin dəstəyi zəruri idi. Bu dəstək həm də Nümayəndələr Palatasına kimin rəhbərlik edəcəyi ilə əlaqəlidir. Əgər qeyri-trampçı bir şəxs yuxarıda qeyd olunan trampçı qrupla razılığa gələ bilmirsə, o zaman trampçılar Nümayəndələr Palatasının sədrinə etimad məsələsini ortaya atırlar. Beləliklə Konqresdə Ukrayna ilə bağlı çoxluğun formalaşmasına mane olunurdu. Trampçı olmayan Respublikaçılar da qarşıdan gələn seçkiləri və Trampın dəstəyini nəzərə almağa məcbur olurdular.

Mövzu büdcə olduğu üçün Konqresdə belə bir böhran yaşanırdı. Konqress büdcəni tam olaraq qəbul edə bilmirdi. Sonradan bu problem həll olundu. Ukraynaya yardımın əngəllənməsi Amerika isteblişmentində o dərəcədə etirazlara səbəb oldu ki, Tramp özü də Ukraynaya yardım barədə bəyənatlar vermək məcburiyyətində qaldı. Bir məqamı da nəzərə almaq lazımdır ki, seçki ilində amerikalılar üçün prioritet məsələ daxili sosial-iqtisadi vəziyyət olur, onlar beynəlxalq məsələlərlə öz maraqları prizmasından maraqlanırlar. Tramp da miqrantlar və sosial-iqtisadi problem amilini önə ataraq, Baydeni və Demokratları “vurmağa” çalışırdı. Lakin proseslər göstərdi ki, son illər Amerika iqtisadiyyatı nəinki gerilədi, əksinə daha çox artım nümayiş etdirdi. Beləcə həm daxili problemlər, həm də Ukrayna mövzusunda Trampın və trampçıların arqumentləri əllərindən çıxmış oldu.

Burada önəmli bir faktoru nəzərdən qaçırmaq olmaz. Demokrat, respublikaçı, sağçı, solçu olmasından asılı olmayaraq, Amerika siyasi elitasının mütləq əksəriyyəti Rusiyanın dayandırılmasının tərəfdarıdır. Onlar heç bir halda Moskvaya güzəştə getmək fikrində deyillər. Və nəhayət, bəlkə də, bu məsələdə tam məlumatlı deyilsiniz. Qeyd etməliyəm ki, ABŞ-ın Ukrayna üçün ayırdığı silah-sursat artıq Ukraynaya gəlməyə başlayıb. Son günlərdə Ukrayna ordusunun Rusiya ərazilərinə endirdiyi zərbələrdə Amerika silahlarından istifadə olunduğu haqda söhbətlər var. Bu məqamı Putin də təəssüflə dilə gətirməli oldu, bildirdi ki, Rusiya özü birbaşa NATO ölkələrinə zərbə endirməsə də, öz raketlərini Qərbə qarşı olan üçüncü dövlətlərə verə bilər.

Bu sual ətrafında son olaraq. Düşünürəm ki, Ukraynaya ABŞ yardımlarınn böyük hissəsi yayın sonu-payızın əvvəlinə təsadüf edəcək. Zənnimcə, həmin dövrdə Ukrayna genişmiqyaslı əks-hücum əməliyyatına başlayacaq – Qərbdən, Amerikadan aldığı hərbi texnika və silah-sursatla. İstisna etmirəm ki, hücumun da əsas istiqaməti Krım olacaq. Bu hücum uğurlu olarsa, hazırkı Ağ Ev rəhbərliyinin də maraqlarına cavab verəcək.

- Ukrayna müharibəsinə paralel, dünyanın başqa bir bölgəsində də savaş gedir. Qərbdən ədalət umanlar artıq açıq şəkildə soruşurlar: necə olur ki, Qəzzada qətliam törədən İsrailə operativ və tam dəstək verildiyi halda, təcavüzə məruz qalan Ukraynaya dəstək mövzusunda tərəddüdlər var? Siz də bir ədalətsizlik, ikili standart görürsünüz?

- Bilirsiniz, hesab edirəm ki, müsəlman dünyasında insanların əksəriyyəti təbliğatın, hakim tezislərin təsiri altındadırlar. Mən demirəm ki, dünya ədalətlidir və ikili standartlar mövcud deyil. Təəssüf ki, dünya ədalətli deyil, ədalətli olsaydı, bu qədər münaqişələr olmazdı. Və siyasətçilərin addımlarına ədalət prizmasından yanaşmaq qeyri-ciddi və idealist baxışdır. Siyasətçilər maraqlardan çıxış edirlər, maraqlar isə adətən ikili standart və riyakarlıq tələb edir.

Amma qeyd etdiyiniz kimi, Ukrayna və İsrail məsələlərində böyük ölçüdə ikili standart tətbiq olunduğunu düşünmürəm. Baxın, yuxarıda danışdığımız yardım paketində Ukrayna ilə yanaşı İsrail də vardı və Birləşmiş Ştatlar Konqresdəki böhran səbəbindən İsrailə də yardım edə bilmirdi. Avropa ölkələrinə gəldikdə, onlar tərəfindən İsrailə demək olar ki, heç bir dəstək yoxdur. Əksinə, avropalı siyasətçilər İsraili kəskin tənqid edirlər. Hətta, bəzi Avropa dövlətləri Fələstinin müstəqilliyini tanıyıb. BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvündən ikisi – Britaniya və Fransa hər zaman Fələstinə dəstək nümayiş etdirib, hətta son iclasda ABŞ belə, İsrailə qarşı mövqe sərgilədi və İsrail rəsmiləri bundan təəssüf ifadə etdilər.

Müsəlman ölkələrində isə baş verənlərə eyforik və bəzən qeyri-obyektiv yanaşma sərgilənir. Məsələn, Beynəlxalq Cinayət Məhkəməsi tərəfindən Netanyahunun həbsinə order verilməsindən danışırlar, amma eyni məhkəmə tərəfindən HƏMAS-ın liderləri barəsindəki həbs qərarını dilə gətirmirlər. Ərdoğan daim Netanyahunu sərt tənqid edir, həbsinin zəruriliyindən danışır, lakin HƏMAS-ın rəhbərliyini legitim hakimiyyət nümayəndələri kimi qəbul edir, halbuki sonuncu seçkinin üstündən 20 ilə yaxın vaxt keçib.

Bəli, Birləşmiş Ştatlar İsraili müdafiə edir – haqlı və ya haqsız. Bu, Amerikanın milli maraqlarından doğur. Amma Ukraynanı da müdafiə edir axı. Təbii ki, bu da onun milli maraqları çərçivəsindədir. Dediyim kimi, siyasətçilərin addımları ədalət hissinə deyil, milli maraq faktoruna söykənir. Əgər böyük dövlətlərin davranışları beynəlxalq hüquqla uzlaşırsa, hər şey əla olur, uzlaşmadığı halda isə böyük güclər öz istəklərini yeridirlər. Beynəlxalq hüquq daha çox kiçik dövlətlər üçündür.

Məsələnin digər tərəfinə baxaq. Siz Qəzzadakı qətliamı qeyd etdiniz. Sözsüz ki, burada qərar qəbul edən şəxs kimi Netanyahu məsuliyyət daşıyır. O, törədilmiş hərbi cinayətlərə görə gec-tez məhkəmə qarşısında cavab verməlidir. Amma son gərginliyin kökü 7 oktyabr hadisəsinə dayanır. Söhbət HƏMAS-ın İsrail ərazisində törətdiyi qətliamdan gedir və imkanları olsaydı, sonadək qarşılarına çıxan hər kəsin qırıb-çatacaqdılar. Oktyabrın 8-də sosial şəbəkədə yazmışdım ki, İsrail Qəzzaya daxil olacaq, çox amansız olacaq, HƏMAS-ın bütün infrastrukturunu məhv edəcək, çoxlu sayda günahsız insan həlak olacaq və İsrail Qəzza bölgəsinin bir hissəsini ən azı bir müddətlik öz işğalı altında saxlayacaq. Mən oralarda yaşamaya-yaşamaya bunları bilirdimsə, HƏMAS-ın başındakılar hadisələrin belə cərəyan edəcəyini bilmirdilər?! Çox gözəl bilirdilər və buna baxmayaraq, həmin vəhşiliyə əl atdılar.

Təbii ki, İsrail də buna misli görünməmiş şəkildə qarşılıq verir. Əslində, İsrailin belə hadisələrə qarşı davranışı hər zaman amansız olub. Mən İsraildə səfərdə olarkən onların siyasətçiləri ilə həmsöhbət olmuşdum, özlərinə bildirmişdim ki, siz terrorçulara qarşı terrorçu kimi davranırsınız. Yəni, dövlət heç bir halda terrorçu kimi davrana bilməz, dövlət yalnız qanunlar, o cümlədən müharibə qanunları çərçivəsində davrana bilər. Təəssüf ki, Netanyahu hökuməti “bizimkiləri öldürüblərsə, biz on qatını öldürəcəyik” prinsipi ilə davranır ki, bunun da cəzası olacaq. Lakin yenə də deyirəm, bunun siyasi məsuliyyətini HƏMAS daşıyır, axı, onlar bilirdilər ki, törətdikləri əməlin qarşılığı amansız olacaq.(AYNA)

İsmayıl Məmmədli

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam