Xarici ölkələrdən Rəisinin ölümünə -REAKSİYALAR
İran Prezidenti İbrahim Rəisi və digər dövlət rəsmilərinin olduğu helikopter qəzaya uğrayıb. Helikopterin göyərtəsində xarici işlər naziri Hüseyn Əmir Abdullahian, Təbrizin imam cüməsi Ayətullah Əli Haşim, Şərqi Azərbaycan vilayətinin valisi Malik Rəhməti də olub. Onların hamısı həlak olub.
Yenixeber.org xəbər verir ki, dünya liderləri İran Prezidenti və digər şəxslərin vəfatı ilə əlaqədar başsağlığı ünvanlayıblar. Onlardan bəzilərini təqdim edirik:
Həlak olanların cəsədləri Təbrizə göndərilib, Əhvazda vida mərasimi keçiriləcək. Rəisi və digər rəsmilərin helikopter qəzasında həlak olması ilə əlaqədar ölkədə milli matəm elan olunub. Həmçinin bu həftə İranda bütün idman tədbirləri də ləğv edilib. Helkopterin qəzaya uğraması barədə xəbrdən sonra Prezident İlham Əliyev buna reaksiya verən ilk dövlət başçısı olub.
Azərbaycan Prezidenti İlham Əliyev:
"Dost və qardaş İran İslam Respublikasına və xalqına üz vermiş ağır itki - İran İslam Respublikasının Prezidenti Seyid İbrahim Rəisinin, xarici işlər naziri Hüseyn Əmir Abdullahiyanın və digər müşayiət edən şəxslərin helikopter qəzasında faciəli surətdə həlak olması xəbəri bizi olduqca sarsıtdı. Prezident Seyid İbrahim Rəisinin simasında İran xalqı bütün həyatını ölkəsinə fədakarlıqla və sədaqətlə xidmət etmiş görkəmli dövlət xadimini itirdi. Onun əziz xatirəsi qəlbimizdə daim yaşayacaqdır".
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan:
"Dost və qardaş İran xalqına və hökumətinə, xüsusilə İran İslam Respublikasının Dini Rəhbəri cənab Əli Xameneiyə, cənab Prezidentin və digər həlak olan şəxslərin ailələrinə dərin hüznlə başsağlığı verirəm. Mən onun vəzifədə olduğu müddətdə İran xalqının və regionumuzun sülhü naminə göstərdiyi səylərin şəxsən şahidi olmuş bir həmkar kimi cənab Prezidenti hörmət və minnətdarlıqla xatırlayıram. Biz Türkiyə olaraq, dəfələrlə etdiyimiz kimi, bu çətin və kədərli günlərdə qonşumuz İranın yanında olacağıq".
Rusiya Prezidenti Vladimir Putin:
"Seyid İbrahim Rəisi bütün həyatını Vətənə xidmətə həsr etmiş görkəmli siyasətçi idi. O, haqlı olaraq həmvətənləri tərəfindən yüksək hörmətə və xaricdə mühüm nüfuza malik idi. O, Rusiyanın əsl dostu kimi ölkələrimiz arasında mehriban qonşuluq münasibətlərinin inkişafına əvəzsiz şəxsi töhfə verib, münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə çatdırılması üçün böyük səylər göstərib”.
Ermənistan Baş naziri Nikol Paşinyan:
"İran İslam Respublikası Prezidentinin və onu müşayiət edən heyətin helikopter qəzası nəticəsində həlak olması məni sarsıtdı. Ermənistan Respublikasının hökuməti və xalqı adından əziz dostum və həmkarım Prezident Seyid İbrahim Rəisinin, xarici işlər naziri Hüseyn Əmir Abdullahianın və onları müşayiət edən şəxslərin faciəvi ölümü ilə əlaqədar səmimi başsağlığı və təsəlli sözlərimi çatdırıram".
Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişel:
"Aİ helikopter qəzasında Prezident İbrahim Rəisinin və xarici işlər naziri Əmir Abdullahianın, eləcə də onların nümayəndə heyətinin və ekipajının digər üzvlərinin vəfatı ilə bağlı səmimi başsağlığı verir. Düşüncələrimiz həlak olanların ailələri ilədir".
Misir, Venesuela, İordaniya, Şri-Lanka, Suriya, İraq, Hindistan, Pakistan liderləri də bağsalığı ünvanlayıb.