Yenixeber.org: Habelə Nikol bəyan edib ki, Ermənistan sərhədçiləri avqustun 1-dən Zvartnots hava limanında müstəqil xidmətə başlayacaq. Ermənistan sərhədçiləri Rusiya tərəfinə avqustun 1-dən etibarən Zvartnots hava limanında müstəqil xidmətə başlayacaqlarını bildiriblər. “Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan bu məsələni necə səsləndirib bilmirəm, lakin bizim müvafiq qurumlarımız Rusiyaya rəsmi məktub göndərərək, dəstək olduqlarına görə onlara minnətdarlıqlarını bildiriblər”, - Paşinyan qeyd edib.
Xatırladaq ki, Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan 6 mart tarixində jurnalistlərə açıqlama verərək bildirib ki, Ermənistan tərəfi Zvartnots hava limanından Rusiya hərbçilərinin çıxarılması ilə bağlı Moskvaya rəsmi müraciət ünvanlayıb. Qriqoryanın demişdi ki, Zvarnots hava limanında rus sərhədçilərin ermənistanlı hərbçilərlə əvəz edilməsi üçün bütün imkanlar var və hakimiyyətin mövqeyi ondan ibarətdir ki, hava limanında Ermənistan Sərhəd Xidməti fəaliyyət göstərməlidir. Onun ardınca Kremlin mətbuat katibi Dmitri Peskov demişdi ki, Zvartnotsda rus sərhədçiləri ilə bağlı Ermənistanın qərarı rəsmi şəkildə çatdırılmayıb. Ermənistanın müstəqilliyi tarixində onun hava limanıı sərhədlərini Rusiya sərhədçiləri qoruyub. Faktiki olaraq indi İrəvan Rusiyanı ərazisindən qovur. Buna Kreml hansı cür reaksiya verəcək? İrəvanı cəzalandırmaq üçün hansı mexanizmlər işə salına bilər və bu, bölgədəki duruma necə təsir göstərə bilər? Azərbaycanın bu prosesdə marağı nədir? Əgər Ermənistan qarışarsa, sülh prosesi də pozulacaqmı?
Elşən Musayev: “Avropa Ermənistan üzərindən Rusiyaya yeni cəbhə açmaq istəyir”
Demokratik Maarifçilik Partiyasının sədri, deputat Elşən Musayev Avropanın Rusiyaya qarşı ikinci cəbhəni Ermənistan üzərindən açmaq niyyətində olduğunu bildirdi: “Əlbəttə ki, Zvartnotsla bağlı Ermənistan tərəfinin ard-arda verdiyi bəyanatlar elə-belə məsələ deyil. Bu, Rusiyaya qarşı açıq demarş deməkdir və hesab edirəm, cavabı da çox ağır olacaq. Hətta artıq bunun ilkin işartıları belə var. Məsələn, Peskovun açıqlamasına diqqət edin: “Ermənistan müstəqil olduğu dövrdən etibarən onun hava limanı sərhədlərini həmişə Rusiya qoruyub”. Yəni siz heç bir zaman özbaşına qərar verməmisiz, həmişə bizdən asılı, bizim sərhədçilərə möhtac olmusuz.
Yaxşı bəs məsələ nədir? Məsələ budur ki, Qərb, konkret olaraq Amerika və Avropa Ermənistan üzərindən Rusiyaya yeni cəbhə açmaq istəyir. Üstəlik, hər gün fərqli istiqamətlərə yönələn, yerində qərar tuta bilməyən, kvartalda bir dəfə qucaq dəyişən Ermənistan hakimiyyətinin də bu məsələdə həvəsli görünməyi Qərbin növbəti provokasiya planları üzərində işləməsini sürətləndirir. Bilmirəm, Avropa Paşinyana nə söz verib. Amma o söz hər nədirsə, Ukraynaya veriləndən daha artıq deyil. Ola bilməz. Buna dəqiq əminəm. Ona görə də Ermənistanın Zvartnots və KTMT ilə başlayan həmlələri, Rusiyanı kəskin şəkildə qıcıqlandırması təbii ki, cavabsız qalmayacaq. Putin komandası bu qəfil üzdöndərməni Ermənistana bağışlamayacaq və Paşinyanın başı çox ciddi şəkildə ağrıyacaq. Ya da belə deyək: bu xəmir hələ çox su aparacaq.
Ermənistan həqiqətən bədbəxt ölkədir. O anlamda ki, nə müstəqil siyasəti var, nə sabit mövqeyi, nə də praqmatik lideri. Ermənistanı xüsusən son 30 ildə idarə edənlər hər şeyi qatıb qarışdırıblar, ölkəni böyrü üstə qoyublar. Paşinyan isə məlum tənəzzülü tam kulminasiya nöqtəsinə çatdırıb. Halbuki bu adam zamanında sülh müqaviləsinin imzalanması üçün yetərli cəhdlər etsəydi, verdiyi sözləri tutsaydı, bölgədə normal münasibətlərin bərqərar olması üçün çalışsaydı, indi vəziyyət bu yerlərə qədər gəlib çıxmazdı. Paşinyan niyə bu günə qaldı? Çünki müharibədəki uğursuzluğundan dərs çıxarmadı. Sadəcə, hakimiyyətini qorumaq haqda düşündü. Zaman udmağa çalışdı. Fransanın sözü ilə oturub-durmaqla, dəxlisiz bəyanatlar verməklə, Avropaya ən uğursuz məqamda sığınmaqla çox mənasız və məzmunsuz bir siyasi xətt, istiqamət götürdü. Götürdü və batdı. Və bundan sonra da bata-bata gedəcək".
Rusif Məmmədsoy: “İki ölkə arasında hazırda baş verənlər bizim üçün məqbuldur”
Politoloq Rusif Məmmədsoy gedən proseslərin tam olaraq Azərbaycanın xeyrinə cərəyan etdiyini söylədi: “Əvvəla, onu qeyd edim ki, Rusiya ilə Ermənistan arasında problemlərin olmasından və ya bu problemlərin genişlənməsindən narahat olmaq lazım deyil. İki ölkə arasında hazırda baş verənlər bizim üçün məqbuldur. Ermənistanın bu gün sərgiləmiş olduğu ritorikaya gəlincə isə bu məsələ ilə bağlı xeyli qaranlıq məqamlar da mövcuddur. Məsələn, hazırda bəyanatlar səslənsə də, real addımlar görmürük. Nikol Paşinyan başda olmaqla Ermənistan rəhbərliyi Zvartnots hava limanında erməni hərbçilərin rus sərhədçilərini əvəz etməlidir açıqlamaları hələ o demək deyil ki, Rusiyadan imtina edə biləcəklər. Əvvəla, bəzi iddialara görə, Avropa İttifaqı Ermənistana söz verib ki, Gürcüstan kimi Ermənistan vətəndaşlarına da vizasız gediş-gəliş imkanı yaradılacaq. Lakin şərt kimi də hava limanında rus sərhədçilərinin göndərilməsi qoyulub. Hər halda, bütün bunlar hələ ki iddiadır. Yəni istənilən halda Ermənistanın Rusiyadan belə asanlıqla imtina etməsi deyil. Tutaq ki, ruslar Zvartnotsdan getdi, bəs Türkiyə və İranla sərhəddə kim dayanacaq? Ermənistanın bunun üçün potensialı varmı? Bunlar açıq qalan suallardır. Nikol Paşinyanın iddiaları da absurddur. Məsələn, Nikol deyir ki, biz KTMT-dən çıxırıq, Avrasiya İttifaqından isə yox. Təbii ki, bu açıqlama özü-özlüyündə qüsurludur. Rusiya buna imkan verərmi? Təbii ki, yox. Sergey Lavrov Antalyada, ardınca isə Mariya Zaxarova Ermənistanla bağlı sərt açıqlamalar verdilər və sual verdilər ki, bizimləsən, ya yox. Yəni qərar verməlisən. Rusiya özü də Ermənistanla bağlı qəti addımlar atmır. Bunu şərtləndirən amillər də kifayət qədərdir. Rusiya istəsə, Ermənistana qarşı ciddi təsir və təzyiq metodlarından istifadə edə bilər. Ermənistanın birmənalı şəkildə Rusiyadan enerji asılılığı var. Bundan əlavə, Ermənistan mallarını ölkəyə buraxmazsa, İrəvanda ciddi proseslərin şahidi ola bilərik, lakin etmir. Ona görə etmir ki, Paşinyan bundan ciddi şəkildə istifadə edərək anti-Rusiya əhval-ruhiyyəsini daha da gücləndirəcək. Amma sadəcə, bununla bitmir. Hazırda Rusiyanın Ukraynadakı işğalçılıq siyasəti ona qarşı sanksiyalarla nəticələnib. Bu sanksiyalar onu alternativ yollarla bazarlara çıxmaq kimi məcburiyyətlər qarşısında qoyub. Rusiyanın sanksiyalardan yayınmasında müstəsna rol oynayan ölkə isə Ermənistanın elə özüdür. Bütün bunları göz önünə aldıqda bu proseslərdə tərəflərin səmimi, yoxsa ssenari oynadıqları ilə bağlı da suallar yaranmış olur. Hər bir halda əgər Ermənistan həqiqətən də Qərbi bölgəyə gətirmək eşqinə düşərsə və buna real addımlarla şərait yaradarsa, Rusiyanın bir çox müstəvidə müdaxiləsini izləyə bilərik ki, Ukraynada aparılan savaş da buna mane ola bilməz”.(musavat)
Cavanşir ABBASLI