Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Astanada Türk zirvəsi:Prezident Əliyevin yubiley sammitindən dünyaya mesajları

“Biz böyük Türk dünyasının bir hissəsiyik, Türk Dövlətləri Təşkilatının beynəlxalq nüfuzu daha da artacaq”

Yenixeber.org: Noyabrın 3-də Astanada Türk Dövlətləri Təşkilatının “Türk Əsri” çağırışı altında 10-cu yubiley Zirvə görüşü keçirilib. AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edib.

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Prezident İlham Əliyevi, digər dövlət və hökumət başçılarını qarşılayıb.

Zirvə görüşündə Azərbaycan Prezidenti İlham Əliyev çıxış edib. Prezident İlham Əliyev ilk növbədə qonaqpərvərliyə görə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevə təşəkkür edib və qardaş Qazaxıstana Türk Dövlətləri Təşkilatına qarşıdan gələn sədrliyi dövründə müvəffəqiyyətlər arzulayıb. Sonra Türk Dövlətləri Təşkilatına bir il ərzində uğurlu sədrlik münasibəti ilə qardaş Özbəkistanı təbrik edib. Son 2 ildə Qazaxıstana üçüncü səfərini etdiyini bildirən Azərbaycan Prezidenti hər səfərində Qazaxıstanda uğurlu islahatların və genişmiqyaslı quruculuq işlərinin həyata keçirilməsinin şahidi olduğunu deyib və bütün əldə edilmiş uğurlar münasibətilə Qazaxıstan rəhbərliyinə təbriklərini çatdırıb.

İlham Əliyev qeyd edib ki, türk dövlətləri ilə münasibətlərin möhkəmləndirilməsi Azərbaycan xarici siyasətinin əsas prioritetlərindən biridir. Etnik və mədəni köklərimiz, dilimiz, ortaq keçmişimiz münasibətlərimizin təməlini təşkil edir. 2009-cu ildə Naxçıvan Zirvə görüşündən ötən müddət ərzində müxtəlif sahələrdə əməkdaşlığımız təsisatlanıb, Türk Dövlətləri Təşkilatı uğurlu inkişaf yolu keçib. Bu gün təşkilatımız beynəlxalq səviyyədə böyük siyasi çəkiyə və nüfuza malikdir: “Son iki il ərzində mən Türk Dövlətləri Təşkilatına üzv və müşahidəçi dövlətlərə 20 səfər etmişəm. Qardaş dövlətlərin rəhbərləri də həmin dövr ərzində Azərbaycana çoxsaylı səfərlər ediblər. Oktyabr ayında Şuşa şəhərində Birinci Türk Dünyası Mədəniyyət Forumu təşkil edilmişdir. Fürsətdən istifadə edərək, Şuşa şəhərinin 2023-cü il üçün ”Türk dünyasının mədəniyyət paytaxtı" elan edilməsinə verdiyiniz dəstəyə görə minnətdarlığımı bildirirəm.

Azərbaycan Türk dövlətlərinin iqtisadiyyatına 20 milyard ABŞ dollarından çox sərmayə qoymuşdur. Bunun əsas hissəsi Türkiyəyə qoyulan sərmayədir. Birgə sərmayə fondlarının yaradılması prosesi başlamışdır. Azərbaycan-Özbəkistan İnvestisiya Fondu və Azərbaycan-Qırğızıstan İnkişaf Fondu yaradıldı.

2022-ci ilin müvafiq dövrü ilə müqayisədə, 2023-cü ilin yanvar-sentyabr aylarında Azərbaycanın Türk dövlətləri ilə ticarət dövriyyəsi 40 faiz artmışdır.

Münasibətlərimizin inkişafı kontekstində nəqliyyat və logistika sahələri mühüm yer tutur. Azərbaycan Mərkəzi Asiya ölkələri ilə Türkiyə və Avropa bazarları arasında etibarlı tranzit ölkə kimi özünü təsdiqləyib.

Azərbaycan Şərq-Qərb nəqliyyat dəhlizinin dayanıqlı fəaliyyətinə öz dəyərli töhfəsini verir".

Azərbaycan Prezidenti sonra təəssüflə bildirib ki, bu gün dünyanın müxtəlif bölgələrində beynəlxalq hüquq normaları kobudcasına pozulur. Müharibələr, qanlı münaqişələr alovlanır. Belə olan halda, ilk növbədə, ölkələrin müdafiə potensialı təhlükəsizliyin əsas zəmanətinə çevrilir: “Hesab edirəm ki, üzv ölkələr arasında təhlükəsizlik, müdafiə, müdafiə sənayesi kimi sahələrdə əməkdaşlıq daha da artmalıdır. Bildiyiniz kimi, 30 ilə yaxın müddət ərzində Ermənistan Azərbaycan torpaqlarını işğal altında saxlamış və burada qeyri-qanuni qondarma rejim yaratmışdı. Ermənistan tərəfindən həyata keçirilmiş etnik təmizləmə nəticəsində bir milyondan artıq azərbaycanlı öz dədə-baba yurdlarından qovulmuşdur. Ermənistan şəhər və kəndlərimizi yerlə-yeksan etmiş, tarixi və dini abidələrimizi dağıtmış və təhqir etmişdir. Bütün bu illər ərzində Azərbaycan münaqişəni sülh yolu ilə həll etməyə çalışırdı. Lakin Ermənistanın məqsədi işğala əsaslanan status-kvonu möhkəmləndirmək idi. Ermənistanın baş nazirinin 2019-cu ildə o vaxt işğal altındakı Xankəndi şəhərində ”Qarabağ Ermənistandır və nöqtə" açıqlaması danışıqlara son qoydu. Ermənistan rəhbərliyi o vaxt Azərbaycanı “yeni torpaqlar uğrunda yeni müharibə” ilə hədələyirdi. 2020-ci ildə Ermənistan rəhbərliyinin təxribat xarakterli hərəkətləri və bəyanatları, o cümlədən hərbi təxribatları İkinci Qarabağ müharibəsini qaçılmaz etdi. 2020-ci ildə 44 günlük Vətən müharibəsində Azərbaycan BMT Nizamnaməsinin 51-ci maddəsinə uyğun olaraq, özünümüdafiə hüququndan istifadə edərək Ermənistanı döyüş meydanında məğlubiyyətə uğratdı və ərazi bütövlüyünü və tarixi ədaləti bərpa etdi. BMT Təhlükəsizlik Şurasının Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmasını tələb edən və 27 il kağız üzərində qalmış 4 qətnaməsinin icrasını özümüz təmin etdik. Cəmi 44 gün ərzində davam edən İkinci Qarabağ müharibəsi 10 noyabr 2020-ci il tarixində Ermənistanın kapitulyasiya aktını imzalaması ilə nəticələnmişdir.

Ermənistanın ölkəmizə qarşı işğalçılıq və etnik təmizləmə siyasətinə baxmayaraq, məhz Azərbaycan Ermənistanla sülh sazişi imzalamağa hazır olduğunu bəyan etdi və beş baza prinsipini təqdim etdi. 2022-ci ildə Ermənistan Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü tanıdığını bəyan etsə də, onun real əməlləri tamamilə məntiqsiz və təzadlı idi. Ermənistan ordusunun qalıqları Azərbaycanın suveren ərazilərində qalmaqda davam edirdi. Ermənistanın baş nazirinin bu il sentyabrın 2-də qondarma qurumun dırnaqarası “müstəqilliyi”ni təbrik etməsi və Qarabağda keçirilmiş 9 sentyabr dırnaqarası “prezident seçkiləri” ölkəmizin ərazi bütövlüyünə və suverenliyinə hörmətsizlik və birbaşa təhdid idi.

2023-cü il sentyabrın 19-da işğaldan azad edilmiş torpaqlarımızda qanunsuz erməni silahlı birləşmələri tərəfindən qəsdən yerləşdirilmiş minaların partlaması 6 mülki şəxsin və polis əməkdaşının həyatına son qoydu. Bundan sonra Azərbaycan konstitusiya quruluşunun bərpası və qanunsuz hərbi birləşmələrin zərərsizləşdirilməsi məqsədilə lokal xarakterli antiterror tədbirləri həyata keçirdi. 23 saat ərzində bitən əməliyyat nəticəsində Azərbaycan özünün suverenliyini və konstitusiya quruluşunu tam bərpa etdi. Antiterror tədbirləri nəticəsində mülki insanlara və mülki infrastruktura heç bir ziyan dəymədi. Azərbaycan beynəlxalq humanitar hüquqa tam riayət etdi. Bölgəyə iki dəfə səfər edən BMT missiyası bu faktları təsdiq etmişdir".

Dövlətimizin başçısı üç il əvvəl Vətən müharibəsi başa çatdıqdan dərhal sonra Azərbaycanın işğaldan azad olunmuş ərazilərində genişmiqyaslı bərpa-quruculuq işlərinə başladığını, bu məqsədlə artıq Azərbaycan büdcəsindən 7 milyard ABŞ dolları həcmində vəsait sərf edildiyini, növbəti il ən azı 2,4 milyard ABŞ dollarının ayrılacağının nəzərdə tutulduğunu da Zirvə görüşü iştirakçılarının diqqətinə çatdırıb: “Biz ”Böyük Qayıdış" proqramını icra edirik. Artıq keçmiş məcburi köçkünlər - bu torpaqların əsl sahibləri Laçın və Füzuli şəhərlərinə və üç kəndə qayıdıb. 2026-cı ilin sonunadək Qarabağa və Şərqi Zəngəzura 140 mindən artıq insanın geri dönməsi nəzərdə tutulur.

Füzuli şəhərində inşası başa çatmış məktəbə görə Özbəkistanın Prezidenti Şavkat Mirziyoyevə bir daha minnətdarlığımı bildirirəm. Avqust ayında birgə iştirakımızla məktəbin açılış mərasimini məmnuniyyətlə xatırlayıram. Qazaxıstanın Azərbaycana hədiyyəsi olan Füzuli şəhərində inşa edilən yaradıcılıq mərkəzinə görə Prezident Kasım-Jomart Tokayevə təşəkkürümü bildirirəm. Bunlar Azərbaycan və Özbəkistan, Azərbaycan və Qazaxıstan xalqları arasında olan dostluğun və qardaşlığın təzahürüdür".

Prezident İlham Əliyev çıxışını “Əziz dostlar, biz böyük Türk dünyasının bir hissəsiyik. Əminəm ki, dostluğumuz, qardaşlığımız əbədi olacaq. Türk Dövlətləri Təşkilatının beynəlxalq nüfuzu daha da artacaq” cümlələri ilə yekunlaşdırıb.

Azərbaycan dövlətinin başçısının çıxışı Zirvə görüşü iştirakçıları tərəfindən alqışlarla qarşılanıb.

Milli Məclisin deputatı Aydın Hüseynov bildirdi ki, Prezident İlham Əliyevin çıxışı Türk Dövlətləri Təşkilatının inkişafı, buradakı dövlətlərin bütün istiqamətlərdə güclənməsi üçün atılmalı addımları nəzərdə tutan proqram xarakterli çıxışdır. Bu çıxışda Türk dövlətlərinin iqtisadi, ticarət əlaqələrinin indiki vəziyyəti, perspektivi öz əksini tapır.

Aydın Hüseynov: “Rəqabət Məcəlləsi sahibkarlar üçün sağlam rəqabət  imkanlarını genişləndirəcək”

Aydın Hüseynov

A.Hüseynov qeyd etdi ki, Cənab Prezidentin çıxışında əsas üzərində dayandığı məqamlardan biri dünyada hüquq normalarının pozulduğu hazırkı şəraitdə dövlətlərimizin təhlükəsizliyinin gücləndirilməsinin ön plana çıxmasını nəzərdə tutan fikirləridir: “Azərbaycan dövlətinin başçısı son dərəcə vacib məsələni gündəmə gətirərək vurğulayır ki, ölkələrin müdafiə potensialı təhlükəsizliyin əsas zəmanətinə çevrilir. Prezident belə bir çağırışın qarşımızda dayandığı bir zamanda hansı addımların atılmalı olduğunu  da qeyd edib, bildirib ki, üzv ölkələr arasında təhlükəsizlik, müdafiə, müdafiə sənayesi kimi sahələrdə əməkdaşlıq daha da artmalıdır.

Cənab Prezidentin Zirvə görüşündə çıxışında Ermənistan tərəfindən həyata keçirilmiş etnik təmizləmə nəticəsində bir milyondan artıq azərbaycanlının öz dədə-baba yurdlarından qovulduğuna da yer ayırması da xüsusi vurğulanmalıdır. Bu, bir daha göstərir ki, Azərbaycan dövlətinin lideri Ermənistandan deportasiya edilmiş yüz minlərlə azərbaycanlının hüquqları məsələsini beynəlxalq müstəviyə qaldırmaqdadır".

Deputat onu da dedi ki, cənab Prezident çıxışında 44 günlük müharibəni və 2023-cü ilin 19-20 sentyabr 23 saatlıq lokal anti-terror tədbirini qaçılmaza çevirən gedişata, prosesə də işıq salıb və Qarabağdakı separatçı rejimi çökdürməklə Azərbaycanın özünün suverenliyini və konstitusiya quruluşunu tam bərpa etdiyini yüksək kürsüdən bir daha bəyan eləyib: “Lokal anti-terror tədbirləri zamanı mülki əhaliyə və infrastruktura ziyan dəymədiyinin bölgəyə səfər edən BMT missiyası tərəfindən də təsdiqləndiyinə də Prezident İlham Əliyev diqqəti cəlb etdi. Həmçinin qardaş ölkələrin liderlərinə Azərbaycanın işğaldan azad edilmiş ərazilərində quruculuq işlərinin gedişi haqda məlumat verib və bu prosesdə qardaş dövlətlərin də töhfələrini xatırladıb. Bununla İlham Əliyev qardaş dəstəyini heç zaman unutmadığını, yüksək qiymətləndirdiyini nümayiş etdirmiş oldu”.

Deputatın sözlərinə görə, Prezident İlham Əliyevin çıxışına diqqət etdikdə bir xüsusi nüansı da vurğulamaq lazımdır. Belə ki, Azərbaycan lideri çıxışına Türk dövlətləri arasında əlaqələrin, qarşılıqlı çoxsaylı səfərlərin son illərdə daha da sıxlaşması ilə başlayıb və çıxışını “Biz böyük Türk dünyasının bir hissəsiyik, dostluğumuz, qardaşlığımız əbədi olacaq. Türk Dövlətləri Təşkilatının beynəlxalq nüfuzu daha da artacaq” fikirləri ilə bitirib: “Bununla hesab edirəm ki, cənab Prezident türk dünyasının böyük təşkilatı olan Türk Dövlətləri Təşkilatının beynəlxalq səviyyəli daha da böyük nüfuza nail olmuş təşkilat olacağına əminliyini ifadə etmiş olub”.(musavat.com)

Etibar SEYİDAĞA


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam