Yenixeber.org: HƏMAS-ın İsrailə hücumundan sonra Yaxın Şərqdə münaqişə yenidən alovlanıb. Oktyabrın 7-də HƏMAS döyüşçülərinin İsrailin Qəzzaya yaxın ərazilərində mülki əhaliyə və əsgərlərə hücum etməsi nəticəsində 1400-dən çox insan həlak olub, 200-ə yaxın adam girov götürülüb.
Ardınca İsrail ordusu Qəzza bölgəsinə yönəlik misli görünməmiş bombardımana başlayıb. İnzibati və yaşayış binalarının dayanmadan atəşə tutulması nəticəsində minlərlə insan həyatını itirib. Xüsusilə, ötən gecə İsrail ordusu Qəzzada bir xəstəxananı bombalayıb, nəticədə yüzlərlə insanın həlak olduğu bildirilir.
ABŞ və Avropa ölkələri müharibədə İsraili müdafiə edir. Amerikadan və Britaniyadan İsrailin yardımına hərbi gəmilər göndərilib.
İran isə İsrailin Qəzza zolağında quru əməliyyatını “qırmızı xətt” hesab edir. İran rəsmiləri açıq şəkildə bəyan edirlər ki, İsrail Qəzzanın işğalının “qırmızı xətt” olduğunu dərk etməlidir. Hətta, İran Prezidenti Rəisi bildirib ki, İsrailə qarşı ən sərt tədbirlərə əl atılacaq.
Öz növbəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İsrailin son addımlarını, xüsusilə, xəstəxananın bombalanması nəticəsində mindən çox insan həlak olmasını sərt tənqid edərək, dünya ictimaiyyətini bu vəhşiliyə son vermək üçün hərəkətə keçməyə çağırıb.
Rusiya-Ukrayna müharibəsinin ardınca Yaxın Şərqdə alovlanan müharibəni bəzi ekspertlər Üçün Dünya müharibəsinin başlanğıcı kimi qiymətləndirirlər. Onların qənaətinə görə, ABŞ və Böyük Britaniyanın İsrailə dəstək məqsədilə hərbi gəmirlər göndərməsi, Rusiya və Çinin isə Fələstini dəstəkləməsi qlobal müharibənin başlanğıcıdır.
Politoloq Cümşüd Nuriyev deyib ki, İsrail-Fələstin münaqişəsi tezliklə bitməyəcək: “Bu müharibədə udan tərəf İsrail olacaq. İsrail Qəzzanı təmizləyənə qədər müharibəni davam etdirəcək. Beynəlxalq münasibətlər sistemi kifayət qədər girginləşib. Dünyaya nəzarət uğrunda ciddi mübarizə gedir. Əvvəlki dövrlərlə müqayisədə bu dəfə tərəflər daha amansızdır. Bölünmüş dünyada konkret tərəflər var və onlar bir-biri ilə açıq şəkildə döyüşürlər. Rusiya-Ukrayna müharibəsi və Yaxın Şərqdə baş verənlər zamanı bunu aydın görürük. Baxmayaraq ki, müharibəni HƏMAS başladıb, İsrail də uzanmasında maraqlıdır. İstəyir ki, məsələni kökündən həll etsin. Bu sırada Fələstinin bir dövlət kimi mövcudluğunun aradan qaldırılması və s. amillər var. Yəqin ki, bu müharibə hələ çox davam edəcək”.
Bununla belə, müsahibimiz hesab edir ki, Üçüncü Dünya müharibəsinin başlaması real deyil: “Onsuz da dünyanın hər yerində müharibələr davam edir. Lakin qlobal miqyasda müharibə real deyil. Çünki aparıcı ölkələrin nüvə silahı var. Üçüncü Dünya müharibəsi nüvə müharibəsidir. Bu isə dünyanın sonu deməkdir. İqtisadi və siyasi maraqların ön plana çıxdığı, dünyaya nəzarət uğrunda mübarizənin şiddətli mərhələyə qədəm qoyduğu bir şəraitdə dünya gücləri buna getməyəcək”.
Mövzu ilə bağlı gözləntilərini bizimlə bölüşən keçmiş maliyyə naziri, iqtisadçı alim Fikrət Yusifov söyləyib ki, əksər müharibələrdə olduğu kimi, bu müharibə iqtisadi maraqlar ucbatından davam edir: “İsrail il ə Fələstin arasında uzun müddətdir davam edən münaqişəni onların fərqli dəyərlərə malik olması, daha çox da dini amillərlə bağlayırlar. Lakin bu, belə deyil. Bu münaqişənin kökündə konkret olaraq torpaq və maddi nemətlərin bölüşdürülə bilməməsi dayanır. Regionda iki dövlətin yaradılması ilə bağlı müzakirələr zamanı Fələstinin maraqları təmin edilməyib”.
“Şübhəsiz ki, bir müddət sonra bu müharibə də səngiyəcək. Amma münaqişə bitməyəcək. Sadəcə nisbi sakitlik yaranacaq. Ən dəhşətli məqam isə ondan ibarətdir ki, münaqişəni yatırmağa və bölgəyə sülhün gəlməsinə çalışdığını bəyan edən aparıcı diplomatik oyunçular İsrail ilə Fələstin arasında düşmənçiliyi qızışdırırlar. Onlar hər zaman çalışıblar ki, bu münaqişə uzansın. Çünki özlərinin bunda marağı var”, - deyə həmsöhbətimiz vurğulayıb.
Yusifovun fikrincə, müharibə və münqaişələrdən yeganə qurtuluş yolu ikitərəfli təmaslara keçməkdir: “Nə zaman ki, ABŞ və Qərb, eləcə də digər dövlətlər İsrail-Fələstin münaqişəsindən öz iqtisadi və siyasi maraqları naminə istifadə etməyə çalışacaq, münaqişə hələ uzun müddət davam edəcək. Müəyyən dövrdə nisbi sabitlik əldə olunsa da, bir neçə ildən bir yerini şiddətli müharibələrə verəcək. Belə münaqişələrdə itirən birbaşa vuruşanlar, qazanan isə onları qızışdıranlar olur. Diplomatik oyunçular silah satışı və digər üsullarla müharibələrdən ciddi gəlirlər əldə edirlər. Onlar sözdə dialoqun vacibliyindən danışsalar da, reallıqda bunun əksini edirlər. Rusiya-Ukrayna müharibəsi və Yaxın Şərqdə baş verənlərin Üçüncü Dünya müharibəsinə gətirib çıxaracağına gəldikdə isə, bunu real saymıram”.(AYNA)