"Terrorizmin bütün formalarını qınayırıq"
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov İslam Əməkdaşlıq Təşkilatı Üzv Dövlətlərinin Xarici İşlər Nazirlərinin illik əlaqələndirici görüşündə çıxış edib.
"Xeberinfo.com": Xarici İşlər Nazirliyindən verilən məlumata görə, E.Məmmədyarov deyib ki, İƏT-ə üzv olan bir sıra dövlətlərdə hazırda baş verən dəyişikliklər, onların təhlükəsizliklə bağlı üzləşdiyi və artan hədə və problemlər, həmçinin bir sıra üzv ölkələrdə pisləşən humanitar vəziyyət dərin narahatlıq mənbəyi olaraq qalır: "Bu hədə və problemlər, xüsusilə üzv dövlətlərin suverenliyi, siyasi müstəqilliyi və ərazi bütövlüyü ilə bağlı olanlar İƏT çərçivəsində artan həmrəylik tələb edir. Yalnız prinsiplərimizə ciddi sadiq qalmaqla və siyasi yekdilliyi əldə tutmaqla, biz davamlı sülh, təhlükəsizlik və İslam dünyasının rifahı naminə mühüm qərarların qəbul olunduğu və həyata keçirildiyi qurum kimi İƏT-in təsisatlandırılmasına nail ola bilərik".
Nazir bildirib ki, Ermənistan və Azərbaycan arasında münaqişənin baş verməsindən sonra İƏT BMTTəhlükəsizlik Şurasının müvafiq qərarlarına əsaslanaraq, Ermənistanın Azərbaycan ərazilərinə qarşı hərəkətlərinin təcavüz olduğunu açıq aşkar elan edib və Azərbaycan əleyhinə güc tətbiqini və ərazilərin işğalını mümkün olan ən qəti ifadələrlə mühakimə edib: "Fürsətdən istifadə edərək, mən bir daha Azərbaycan xalqı və ilk növbədə qaçqın və məcburi köçkünlərimiz adından İƏT Üzv Dövlətlərinə həmin məsələdə Azərbaycana göstərdikləri dəstək və həmrəyliyə görə səmimi qəlbdən öz təşəkkürümü bildirmək istərdim.
E.Məmmədyarov deyib ki, Azərbaycan Fələstin xalqına sülh əldə etmək və Şərqi Əl-Qüds paytaxt olmaqla, müstəqil dövlət yaratmaq uğrunda mübarizəsinə tam dəstəyini bir daha təsdiq edir: "Azərbaycan Yaxın Şərqə sülh və sabitlik gətirəcək və bütün səyləri o sonluğa səfərbər edəcək “iki—Dövlət həll yolu”na sadiqdir.
BMT Baş Assambleyası tərəfindən Baş Qərargah və BMT ofislərində BMT Üzv Dövlətlərinin bayraqları ilə bərabər qaldırılacaq Fələstin dövlətinin də bayrağı daxil olmaqla, qeyri-üzv müşahidəçi dövlətlərin bayraqlarının qaldırılmasına dair bu yaxınlarda qəbul olunan qətnamə Fələstin Dövlətinin BMT-nin tam hüquqlu üzvü olmaq uğrunda qanuni iradəsinin daha bir göstəricisi olmuşdur.
Keçən bir neçə ay ərzində Bəhreyn, Kamerun, Misir, Küveyt, Nigeriya, Türkiyə və Yəməndə törədilmiş terror aktları bir daha terrorizm əleyhinə mübarizənin ön cəbhəsində olan ölkələr və xalqlar ilə güclü həmrəyliyə, eləcə də gücləndirilmiş beynəlxalq əməkdaşlığa və bu bəlanı aradan qaldırmaq üçün individual və kollektiv səylərə ehtiyacın olduğunu nümayiş etdirmişdir. Biz həlak olmuş şəxslərin ailələrinə, eləcə də terror hücumlarına məruz qalmış dövlətlərin hökumətləri və xalqlarına dərin hüznlə başsağlığı veririk".
Nazir bildirib ki, Azərbaycan zorakı ekstremizm və terrorizmin bütün təzahür və formalarını qəti şəkildə qınayır: "Bütün terror aktları motivindən asılı olmayaraq qəbuledilməzdir, ağır cinayət sayılır və qınanmalı və mühakimə olunmalıdır.
Eyni zamanda, terrorizmlə müharibə hər hansı bir dini və ya mədəniyyəti hədəf almaq üçün istifadə oluna bilməz və olunmamalıdır. Bu prinsip hər bir terrorizm əleyhinə strategiyanın bir hissəsi olmalıdır. Biz bir daha İslamafobiyanın həyəcan təbili çalacaq formada artması ilə bağlı dərin narahatçılığımızı bildiririk. Bizim dinə qarşı bütün hücumları qəti qınayırıq və onlara ifadə azadlığı bəhanəsi altında hər hansı bir bəraət qazandırmaq cəhdlərini rədd edirik".
O qeyd edib ki, İslam və müsəlmanlara qarşı nifrət aşılayan səhv mənfi rəylərin yaranmasını dayandırmaq üçün İƏT üzv olan ölkələrin səylərini daha da gücləndirilməsi tələb olunur: "Azərbaycan İƏT-in proqramlarını və təşəbbüslərini dəstəkləyir və İƏT-in Onillik Fəaliyyət Proqramı və onun əsasında nəzərdə tutulmuş müvafiq tədbirlərin həyata keçirilməsinə xüsusi əhəmiyyət verir. Bu xüsusda, biz gələn onillik ərzində həyata keçiriləcək yol xəritəsi ilə bizi təmin edəcək “İƏT-2025: Fəaliyyət Proqramı”nın ən qısa müddətdə qəbul olunmasını səbirsizliklə gözləyirik".