Yenixeber.org: “Humanitar böhran” bəhanəsi ilə Azərbaycana 17 gündür təzyiq kampaniyası davam edir. Həm də anti-Türk isteriyası daşıyan bu iyrənc kampaniyanın önündə yenə xaricdəki, özəlliklə ABŞ və Fransadakı erməni lobbisi, bu lobbinin çirkli pullarına satılmış vicdansız amerikalı konqresmenlər və ABŞ Dövlət Departamentinə yaxın bəzi nüfuzlu qəzetlər və əlbəttə ki, Fransa hökuməti gedir. Bu da daha iki fakt.
Srağagün sərhəddəki “Spayka” TIR-larına Fransadan olan “humanitar” yük maşını da qoşulub. Guya həmin maşında Fransanın bir sıra bölgələrindən toplanan 20 ton ərzaq məhsulu var (Kim zəmanət verə bilər ki, içində silah-sursat yoxdur?).
Qeyd edək ki, İrəvandan Xankəndiyə ilk olaraq 19 TIR göndərilmiş, sonra isə daha 2 TIR sərhədə gəlmişdi. Beləcə, onların sayı azalmaq əvəzinə, artaraq indi 22 olub.
Eyni gündə məlum olub ki, ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin rəhbəri, arvadı erməni olan Robert Menendezin tapşırığı ilə amerikalı nümayəndələrdən ibarət bir qrup Ermənistana səfər edib. Senatın Xarici Əlaqələr Komitəsinin ofisinin nümayəndələri - Sara Arkin və Demian Mörfi artıq yük maşınlarının dayandığı sərhəd Kornidzorda olublar.
Vilayət administrasiyasının mətbuat xidmətinin məlumatına görə, nümayəndə heyətini Sünik (Qərbi Zəngəzur) qubernatoru Robert Qukasyan müşayiət edib. “Senat Komissiyası aparatının nümayəndələri Laçın dəhlizi ətrafındakı vəziyyətlə yerində tanış olublar”, - məlumatda qeyd edilir.
Avqustun 7-də onlar Robert Qukasyan və Gorus şəhərinin meri Aruş Aruşanyanla görüşüblər. Onlara sərhəddəki vəziyyət, guya Laçın dəhlizinin bağlanması və “Dağlıq Qarabağdakı humanitar durum” barədə məlumat verilib.
Bir daha vurğulayaq ki, amerikalı nümayəndələr ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin sədri Robert Menendezin tapşırığı ilə Ermənistana gedib. Aydındır ki, bu cür daha bir saxta “yoxlama missiyası” təşkil etməkdə məqsəd əldə “əsasları” çoxaltmaq və məsələni erməni lobbisinə satılan Menendes kimilərin əli ilə Senatın gündəliyinə daşımaqla hansısa anti-Azərbaycan sənədinin qəbuluna nail olmaqdır.
İkinci yandan, on gün qabaq ABŞ-ın İrəvandakı səfiri sərhəddə olub. Digər 16 səfirlə birgə. Məgər səfirin Vaşinqtona ötürdüyü informasiya yetərli deyil ki, indi də okeanın o tayından bir qrup basa-basa Laçın postunun yaxınlığına gəlib?
Məlum məsələdir ki, bu erməni lobbisi və onun çörəyini yeyən konqresmen-senatorlar “humanitar böhran” şousuna yeni “nəfəs” verməklə onu dünya gündəmində saxlamağa çalışırlar.
Cənubi Qafqaz Tədqiqatlar Mərkəzinin sədr müavini Fuad Çıraqov hesab edir ki, Menendez proseslərdə “açar” fiqurlardan biridir. “Yeni Müsavat”a şərhində politoloq erməni lobbisinin psixoloji təzyiq cəhdinə diqqət çəkdi: “ABŞ Konqresi və demokratlar tarixən ermənilərin beynəlxalq miqyasda özlərinin ”məzlumlaşma" silahından istifadə etdikləri ən mühüm platformalardan və hədəflərindən biridir. Təsadüfi deyil ki, bütün müqavimətlərə baxmayaraq uzun illər qondarma “erməni soyqırımının” məhz bu platformada tanıdılması üçün böyük vaxt və enerji sərf edərək, onun tanıdılmasına nail oldular. Ermənilər özlərinin “məzlum” və “əzilən” obrazlarını istismar etməklə Azərbaycana qarşı törətdikləri cinayətlərə bəraət qazandırmağa çalışıblar.
Hazırda erməni lobbisi Azərbaycana qarşı psixoloji təzyiq vasitəsi kimi əlində olan bütün vasitələri səfərbər edib. Senator R. Menendez özünün ən qatı ermənipərəst mövqeyi ilə məşhurdur, onun yoldaşı Nadine Arslanyanı da hamı tanıyır. Bu senator ermənidən çox ermənipərəstlik edən birisidir. Məhz bu adama görə Bayden administrasiyası Türkiyəyə F-16-ların modernləşdirilməsi ilə bağlı vədi yerinə yetirə bilmir. Məhz bu adama görə administrasiya Azərbaycana yeni səfir təyin etsə də, onu Senatda təsdiq üçün dinləmələrə çıxara bilmir. Ona görə də Dövlət Departamentinin nə deməsinə, məlumatı Vaşinqtona göndərməsinə baxmayaraq ABŞ qanunvericiləri də bura gəlib. Burada həm də erməni lobbisinin təsiri ilə Azərbaycana psixoloji təzyiq cəhdi var. Erməni lobbisi şübhəsiz ki, bu məsələni Konqresə çıxarıb hansısa sənədin və ya bəyanatın qəbul edilməsinə çalışmaqdadır. Digər tərəfdən bu qanunvericilər gələcək seçkilərdə erməni lobbisi qarşısında hesabatlarında Azərbaycana qarşı təzyiqlərdə iştirak etdiklərini deyəcəklər".
Siyasi şərhçi Elçin Mirzəbəyli bildirdi ki, ABŞ-ın federal prokurorları senator Menendezin həyat yoldaşı Nadine Arslanyanın müəyyən şəxslərdən rüşvət kimi hədiyyə və xidmətlər qəbul etməsini araşdırır. O qeyd etdi ki, Senatın Xarici Əlaqələr Komitəsinin ofisinin nümayəndələrinin Komitəsinin ermənipərəst rəhbəri Robert Menendezin tapşırığı ilə “humanitar yük” şousuna qatılmaları Azərbaycana qarşı həyata keçirilən vahid təxribat xarakterli ssenarinin tərkib hissəsidir: “Menendezin bu şounun təşkilatçılarından biri olduğuna isə zərrə qədər də şübhə yoxdur. Robert Menendez erməni əsilli Nadine Aslanyanla ailə həyatı qurmadan xeyli öncə erməni diasporu ilə sıx əlaqədə olub və müxtəlif dövrlərdə onlardan bahalı hədiyyələr alıb. ABŞ-ın federal prokurorlarının Menendezə qarşı irəli sürdüyü ittihamlardan birində Menendezin hələ 2005-ci ildə erməni lobbi təşkilatlarından 250 min ABŞ dolları və müxtəlif hədiyyələr aldığı bildirilir. 2015-ci ildə Menendezə qarşı 14 maddə, o cümlədən ”dövlət vəzifəsində olan zaman vəzifə durumunun şəxsi maraqları ilə bir araya sığmaması" faktının gizlədilməsi maddəsi üzrə ittiham irəli sürülüb. Federal Təhqiqatlar Xidmətinin bununla bağlı hesabatında qeyd olunur ki, Menendez oftalmoloq Salomon Melgenin qanunla problemlərdən qaçması, habelə onun Dominikan Respublikasında sahibkarlıq fəaliyyətinin və maraqlarının irəliləməsinə kömək etmək üçün öz vəzifəsindən sui-istifadə edib. Təhqiqat 2013-cü ildə - anonim şəxs senatorun Melgen ilə Dominikan Respublikasına birgə səfərlərindən birində onun qeyri-adekvat hərəkətlərindən şikayət edəndə başlayıb. Davam edən təhqiqat zamanı Menendez ilə Melgen arasında sıx münasibətlərin olması faktı üzə çıxıb.
Bu münasibətlər sayəsində Robert Menendez doktor Melgendən müəyyən qədər hədiyyə, seçki kampaniyası və Dominikan Respublikasına şəxsi səfərləri üçün pay şəklində yüz minlərlə dollar alıb. Təhqiqatın əvvəlində Robert Menendezin xərci Melgen tərəfindən ödənilmiş şəxsi səfərləri ilə bağlı faktlar üzə çıxarılanda, senator iki şəxsi səfərə görə doktora 58.500 dollar ödəyib. O bildirib ki, bu səfərlər maliyyə marağının olmaması haqqında dövlət deklarasiyasında sadə diqqətsizlik üzündən qeyd olunmayıb. Bundan başqa, 2012-ci ildə, Robert Menendez ABŞ Senatına yenidən seçilməzdən əvvəl, o, nalayiq davranışda, o cümlədən Dominikan Respublikasında iki azyaşlı fahişə ilə münasibətdə olmaqda ittiham edilmişdi. 2022-ci ildən ABŞ-ın Manhetten Federal Prokurorluğu və Federal Təhqiqat Bürosu (FTB) Nyu-Cersi ştatından olan senator Robert Menendez və onun erməni əsilli arvadı Nadine Arslanyanın “IS EG Halal” ət şirkətindən lüks avtomobil və Vaşinqtonda mənzil hədiyyə almaları barədə məsələni araşdırmağa başlayıb. Menendez Arslanyanla 2020-ci ilin oktyabrında evlənib. Onun 2021-ci ilin may ayında federal orqanların tələbinə uyğun olaraq təqdim etdiyi maliyyə hesabatına görə, onlar Nyu-Cersidəki nüfuzlu şəxslərdən toy hədiyyələri alıblar. 2022-ci ilin martında Menendez bu hesabata düzəliş edərək arvadına məxsus, dəyəri 100 min dollardan 250 min dollara qədər olan qızıl külçələri də daxil edib. Lakin senatorun maliyyə hesabatlarında nə “Mercedes-Benz” markalı avtomobil, nə də mənzil barədə məlumatlar qeyd olunmayıb.
Təpədən-dırnağa çirkab və ermənilərin ovcunun içində olan Robert Menendez, “humanitar yük” şousuna qatılmaqla çox güman ki, həm də diqqəti çoxsaylı cinayət xarakterli əməllərindən yayındırmaq və erməni lobbisinin vasitəsilə siyasi toxunulmazlıq immunitetini möhkəmləndirmək istəyir".
E.Mirzəbəylinin fikrincə, hadisələrin gedişatı sübuta yetirir ki, Ermənistan və erməni lobbisi, həmçinin onlarla iş biliyində olan Qərb dairələri “humanitar yük” şousunu davam etdirməkdə və bundan istifadə edərək, Azərbaycanın Qarabağ iqtisadi rayonunun bir hissəsində yaşayan erməni azlığı ilə bağlı məsələni beynəlxalq gündəliyə çıxarmaq istəyirlər: “Bu xüsusda Ermənistanın baş naziri Nikol Paşinyanın 2021-ci ilin əvvəllərindən başlayaraq, Azərbaycan ərazilərində yaşayan erməni azlığı ilə bağlı ”beynəlxalq təminat mexanizmləri"ndən söz açmasını da təsadüfi hesab etmirəm. Beynəlxalq Cinayət Məhkəməsinin adı çirkli pulların yuyulmasında və digər hüquqa zidd əməllərdə hallanan sabiq prokuroru Luis Moreno Okamponun məlum “hesabat”ı, şübhəsiz ki, Azərbaycana qarşı həyata keçirilən təxribat kompaniyasının tərkib hissəsidir. “Humanitar yük” şousuna yeni nəfəs verməyə göstərilən cəhdin məqsədi məsələni ABŞ Konqresinin və digər təsisatların müzakirəsinə çıxarmaqla bağlı da ola bilər. Qənaətimə görə, Azərbaycan ərazilərində yaşayan erməniləri girov vəziyyətində saxlayan erməni separatçıları ilə bağlı tərəfimizdən müvafiq hüquqi addımların atılması məqsədəuyğun olardı. Məsələn, separatçıların, konkret adlar ifadə olunmaqla Qarabağ iqtisadi rayonunun erməni əhalisinin yaşadığı ərazidə məqsədyönlü şəkildə humanitar fəlakət yaratmaq niyyətində olduğunu əsas götürərək, cinayət işinə başlamaq, erməni əsilli şəxslərin separatçıların, qanunsuz hərbi birləşmələrin girovluğundan azad edilməsi üçün əsaslı hüquqi zəmin hazırlamaq və hərəkətə keçmək mümkündür.
Əslində real vəziyyət də bundan ibarətdir. Nə qədər ki, Azərbaycanın Qarabağ iqtisadi rayonunda yaşayan ermənilər separatçıların girovluğundadır, vəziyyətin ciddi şəkildə dəyişəcəyini ehtimal etmək mümkün deyil".(musavat)
Nigar HƏSƏNLİ