Ağ Ev təsdiqləyir ki, Kiyev müttəfiqlərindən əks-hücum planının detallarını gizlədir, xüsusi briqadalar yaradılıb, şiddətli döyüşlər gözlənilir; iki ekspertin fərqli proqnozu: “Yazda qızışacaq, payızda bitəcək...”
Rusiya-Ukrayna müharibəsinin gedişatının hansı yöndə dəyişəcəyi ilə bağlı müxtəlif rəylər səslənir. Son günlər belə proqnozlar üstünlük təşkil edir ki, Ukrayna Rusiyaya qarşı genişmiqyaslı əks-hücuma hazırlaşır. Bildirilir ki, bu məqsədlə xüsusi olaraq 8 briqada yaradılıb.
Yenixeber.org: Ukraynanın daxili işlər naziri İqor Klimenko da açıqlama yayıb. Onun sözlərinə görə, hazırda Rusiyanın Ukrayna ərazisindən çıxarılmasına hazırlıq gedir, əks-hücum üçün yeni briqadalar formalaşdırılıb. Nazir briqadaları silahla təchiz etdiklərini bildirib: “Bizim əlavə komandalar yaratmaq planımız var, çünki buna tələbat var və imkanlarımız kifayət qədərdir”. Yeni briqadaların 2-3 həftəlik təlim keçəcəyini bildirən Klimenko qeyd edib ki, bu briqadaların vəzifəsi hərbi əməliyyatlar zamanı müdafiə qüvvələri ilə əks-hücum hərəkətlərini yerinə yetirməkdir. Ukraynanın daxili işlər naziri döyüş tapşırığı verildikdən sonra briqadaların müdafiə qüvvələrinin komandanlığına keçəcəyini vurğulayıb. Amma digər bir rəy Ukraynanın silahlarının tükənmək üzrə olmasıdır.
Rusiya-Ukrayna müharibəsi ilə bağlı məxfi məlumatları ehtiva edən Pentaqon sənədlərində isə Ukraynanın gözlənilən əks-hücumunun təhlükə altında olduğu iddia edilib. Pentaqon sənədləri Ukraynada hava hücumundan müdafiə sistemlərinin tükənmək üzrə olduğunu ortaya qoyub. Fevral ayında hazırlanan hesabatda Ukraynaya məxsus "S-300" sursatlarının tükənəcəyi tarixin mayın 3-ü olduğu vurğulanıb. Rusiyanın aylardır davam edən hava hücumlarının qarşısını almaq üçün sərf olunan sursatın miqdarının hesablanması ilə bu nəticəyə gəlinib. Müharibə başlayandan bəri ciddi itkilər verən Rusiya Hərbi Hava Qüvvələrinin münaqişənin ən şiddətli bölgəsi olan Baxmutda əvvəlkindən daha aktiv rol oynadığı müşahidə edilib. Buna Ukraynanın hava hücumundan müdafiə imkanlarının azalmasının səbəb olduğu iddia edilir. Mümkündür ki, bu hesabat Qərbi Ukraynaya təcili olaraq daha çox silah göndərməyə təşviq etmək məqsədi də daşısın. Bir sıra ekspertlər hesab edir ki, may və iyun aylarında baş verəcək şiddətli toqquşmalar müharibənin finalı da ola bilər.
Bu arada siyasi icmalçı İbrahim Nəbioğlu da maraqlı bir proqnoz verib. Onun Ukrayna ilə bağlı verdiyi proqnozların əksinin təsdiq olunduğunu nəzərə alsaq, bu açıqlama kifayət qədər ilgincdir. O bildirib ki, 2-3 həftəyə Krım körpüsü olmayacaq. O, müharibənin finalı ilə bağlı iki variant olacağını hesab edir: Rusiya parçalanacaq; Ukraynaya astronomik kompensasiya ödəyəcək. Digər ekspertlər necə hesab edir, hazırda ətrafında danışılan yeni gedişat, may və iyun döyüşləri müharibənin finalıdır, yoxsa bundan sonra vəziyyət daha da dalana dirənə bilər?
İbrahim Nəbioğlu
“Ukrayna öz müttəfiqlərindən gələcək əks-hücum planının detallarını gizlədir ki, əməliyyata ziyan vuracaq məlumat sızıntısına yol verilməsin”. “Politico” nəşri özünün Avropa siyasi dairələrindəki mənbələrinə istinadla yayıb. Ağ Evin Milli Təhlükəsizlik Şurasının nümayəndəsi Con Kirbi Ukrayna rəhbərliyinin hücum əməliyyatının detallarını Qərbdən gizlətdiyi barədə məlumatı dolayısı ilə təsdiqləyib: “Onlar əvvəlcədən nəyisə bizə məlumat verməyə borclu deyillər. ABŞ real vaxt rejimində Ukraynaya kəşfiyyat məlumatları ötürməkdə davam edir. Biz onların əvvəlcədən bizə nəyi isə xəbər etməsi üzərində köklənməmişik. Bizim diqqətimiz ona yönəlib ki, onlar hərəkətə keçməyə hazır olan anda lazım olan hər şeylə təmin olunsunlar”. Ukrayna Rusiyanın Bryansk vilayətindəki aerodroma PUA-larla zərbələr endirib. Rusiya mətbuatı məlumat yayıb. Məlumata görə, hücumda 5 PUA iştirak edib. Onlardan 2-si vurulub, 2-si aerodrom ərazisində partlayıb, 1 PUA isə ümumiyyətlə tapılmayıb. Bildirilib ki, hücum nəticəsində AN-24 “Ruslan” təyyarəsi ciddi zədələnib. “Nə ukraynalılar, nə də ruslar bu il qələbə qazana biləcək”. Bu sözləri ABŞ Silahlı Qüvvələrinin Birləşmiş Qərargah Rəisləri Komitəsinin rəhbəri Mark Milli deyib. O bildirib ki, yaz əks-hücumu ilə bağlı hazılıqlarda Ukraynanın təxminən 10 briqadası və tank briqadaları hazırlanıb və təchiz edilib. M.Millinin sözlərinə görə, Ukrayna hazırda əks-hücuma və müdafiəyə hazırdır: “Lakin düşünürəm ki, hər iki tərəfin öz siyasi məqsədlərinə çatması il ərzində çətin, olduqca çətin olacaq. Açığı desək, bunun bu il baş verəcəyini düşünmürəm”.
Bəs müharibəni izləyən və təhlil edən azərbaycanlı siyasətçilər və təhlilçilər hansı proqnozları irəli sürürlər?
Natiq Cəfərli
REAL Partiyasının Siyasi Komitəsinin üzvü Natiq Cəfərlinin fikrincə, Rusiyanın Ukraynaya təcavüzü, davam edən qanlı müharibə bitmək üzrədir: “Rusiya qalib gələ bilmədi, bilməyəcək, amma Kreml həm də məğlub olmadı, olmayacaq. Hərbi-siyasi "pat" vəziyyəti yaranır, yaxın 3-5 ayda döyüşlər qızışacaq, amma payız-qışa doğru münaqişə “dondurulacaq”, uzun-uzadı danışıqlar sürəci başlayacaq, atəşkəs tez-tez pozulacaq, yeni yaradılacaq danışıq mexanizmi, əsasən atəşkəsin pozulmaması üçün çalışacaq. Amma ortaya hamını qane edəcək həll mexanizmi qoyulmayacaq. Beləliklə də illərlə davam edəcək danışıqlarda hamı Rusiyada hakimiyyət dəyişikliyini gözləyəcək, amma danışıqlar masasına kimin necə, hansı üstün mövqedə oturması yaxın 3-5 ayda müəyyən olunacaq".
N.Cəfərli hesab edir ki, 2024-cü il tək ABŞ-da deyil, bir çox aparıcı Qərb dövlətlərində, hətta Rusiyada da seçki ilidir - seçki ilində hamı “sülh” quşuna dönəcək, seçkilərə “isti” müharibə ilə getmək istəməyəcək, bu faktor da bu ilin sonuna yaxın sülh danışıqlarının başlaması üçün əsas yaradır: “Hətta müharibədən ən çox udan, divident götürən Çin belə artıq münaqişənin uzanmasını istəmir, onlar da sülh üçün çalışmalarını artırır. Rusiyanın axmaqcasına tələyə düşərək Ukraynaya hücum etməsi bəzi bitmək üzrə olan hərbi-siyasi institutları "diriltdi", yenidən ən aktiv hala gətirdi - söhbət əsas NATO-dan gedir. 2000-ci illərin əvvəllərində NATO-nun missiyasını bitirmiş qurum olduğu müzakirəyə çıxarılmışdı, hətta ölkələrin təhlükəsizliyə bu qədər vəsait xərcləməsinin mənasız olduğu deyilirdi. Rusiyanın Gürcüstana təcavüzü NATO-ya can verdi, hətta Fransa tam olaraq NATO-ya qayıtdı, Kremlin Ukraynaya təcavüzü isə NATO-nu genişləndirərək dünyanın 1 nömrəli təhlükəsizlik “çətiri” halına gətirdi. Neytral ölkələr olan Finlandiya, İsveç NATO-ya üzv olurlar, Avstriyanın da üzvlük məsələsi müzakirəyə açıldı, hətta yüzillərdir neytral ölkə olan İsveçrə də NATO üzvlüyü haqqında düşünməyə başlayıb - ən əsası, bütün postsovet ölkələri anladı ki, Rusiyanın yüzillərlə təqdim etdiyi təhlükəsizlik “çətiri” yırtıq, tam tərsinə, əsas təhlükə mənbəyi imiş və ona görə də postsovet ölkələrinin NATO ilə yaxınlaşması sürətlənəcək".
Ramiyə Məmmədova
Siyasi ekspert Ramiyə Məmmədova müharibənin 2025-ci ilə qədər uzanacağını ehtimal edir. Onun sözlərinə görə, tərəflər maksimalist mövqedən çıxış edirlər və bu da masaya oturmağa mane olur: “Peskov dedi ki, onun lideri Zelenski ilə görüşə hazırdır. Ərdoğanın köməkçisi Kalın da Lavrova istinad edərək eyni fikri təkrarladı. Hətta yaxın gələcəkdə Rusiya və Ukrayna prezidentlərinin görüşünü istisna etmədi. Amma şərtlər ağırdır. Kreml tələb edir ki, Krımdan əl çək, tutduğum və özümə saxta referendumla birləşdirdiyim əraziləri Rusiya torpağı kimi qəbul elə, dayanaq. Zelenski isə "Krımsız olmayacaq" bildirir və rus ordusunun 1991-ci il sərhədlərinə qayıdacağı günə qədər mübarizənin davam edəcəyini açıqlayır. O baxımdan nə Moskva, nə Kiyev mövqeyində bir addım geri çəkilmir. Beləsə atəşkəsin olması üfüqdə görünmür. Anqlosakson dünyası da müharibənin uzanmasında maraqlıdır. Çünki ruslar nə qədər çox qan itirsə, nə qədər çox iqtisadi şapalaqlar alsalar, bir o qədər kollektiv Qərbə, xüsusən ABŞ və Britaniyaya sərfəlidir. Rusiyanın başını qatıblar". Ekspertin fikrincə, Türkiyə, Fransa, Almaniya kimi ölkələr danışıqlar istəyir: “Yəni Donbas uzun illər müzakirə edilsin, bir masa qurulsun, Minsk Qrupuna bənzər platformada onillərlə Ukrayna ərazilərinin mübahisəsi dialoqla davam etsin. Ona görə çox mürəkkəb yollar qalıb: ya işğal edilmiş ərazilərin ruslarda müvəqqəti də olsa qalması ilə hesablaşıb masaya oturub mənasız danışıqlar aparmaq, amma əvəzində müharibə bitir, qan tökülmür, ya da qana-qana, cana-can ukraynalılar son nəfəsinə qədər döyüşür. Bu isə illərlə savaşı uzada bilər. Rusiya üçün çətin olsa da, insan amili heç nədir və Putin bundan sonra da minlərlə buryat, çeçen, kalmık və s. millətləri "ət maşınına" verməyə hazırdır".(musavat)
Emil SALAMOĞLU