Ermənilər bu təxribata da əl atdı:Tezliklə Laçın yolunda postumuz qurulacaq!
Partiya sədri Tiqran Arzakantsyan çağırış edib ki, guya ekofəallar sülhməramlıların karvanlarını yoxlayır, ona görə ruslar aksiyanı dağıtmalı imiş; Azərbaycan lideri isə Zəngəzur dəhlizinin hər iki başında, Laçınla Ermənistan arasında nəzarət-buraxılış məntəqələrinin yaradılmasını təklif etdi
Laçın yolundakı dinc etiraz aksiyası 72 gündür davam edir. Nə qədər ki, Azərbaycanın haqlı tələbləri yerinə yetirilməyib, aksiya da bitməyəcək.
Yenixeber.org: Azərbaycan Prezidenti İlham Əliyev Münhendə Ermənistan baş naziri Nikol Paşinyanla görüşdən sonra bu mövzuda danışarkən bir daha Bakının haqlı tələblərinə diqqət çəkib. Prezident hesab edir ki, erməni tərəfinə həm Zəngəzur dəhlizinin, həm də Laçın yolunun giriş-çıxışında nəzarət-buraxılış postlarının qoyulması barədə təklif edib və İrəvandan cavab gözləyir: “Yaxşı olardı ki, Ermənistan və Azərbaycan tərəfləri öz keçid məntəqələrini yaratsınlar. Ermənistanla sərhəddə Laçında və Zəngəzur dəhlizinin hər iki tərəfində olmalıdır. Bunun zərurətindən əvvəl də danışmışdıq, lakin bu gün (fevralın 18-də - red.) mən Blinkenin iştirakı ilə keçirilən görüşdə bunu rəsmən bəyan etmişəm və biz Ermənistan tərəfdən rəsmi cavab gözləyəcəyik. Bizim bu mövqeyimiz həm Avropada, həm də Amerikada məntiqli kimi qəbul edilir”.
Dövlət başçısının sözlərinə görə, yəqin ki, nəzarət-buraxılış məntəqələrini ikitərəfli qaydada Ermənistan-Azərbaycan sərhədində yaratmaq təklifini müzakirə etmək üçün onlara bir qədər vaxt lazımdır: “Çünki biz sərhədlərin delimitasiyası haqqında danışırıqsa, nəzarət-buraxılış məntəqələri olmadan bu, mümkün deyil. Biz kommunikasiyaların açılması haqqında danışırıqsa, əlbəttə ki, həm Zəngəzur dəhlizinin hər iki başında, eyni zamanda, Laçın rayonu ilə Ermənistan arasındakı sərhəddə nəzarət-buraxılış məntəqələri yaradılmalıdır”.
Bu, əlbəttə ki, legitim bir təklifdir və Laçın yolu ilə bağlı İrəvanın manipulyasiyalarını, blokada isterikasını kəsərsiz edə bilər. Enində-sonunda onsuz da Azərbaycan buna nail olacaq, özünün suveren ərazisində postlar quracaq. Ermənilər Laçın yolu ilə daha nə istəyir, onu keçirə bilməyəcəklər. O dövr arxada qaldı.
Əfsus ki, kapitulyant tərəf öz düşmənçiliyindən əl çəkmək istəmir. Bu da yeni fakt. Ermənistandakı “Vətənin gücü” partiyasının sədri Tiqran Arzakantsyan iddia edib ki, artıq Laçın yolundakı etirazçılar Rusiya sülhməramlıların avtomobillərini yoxlamağa başlayıblar. Bu barədə o, özünün facebook səhifəsində yazıb və Rusiyanı aksiyaçılara qarşı tədbir görməyə, ümumiyyətlə, aksiyanı dağıtmağa çağırıb. Aydındır ki, erməni tərəfinin bu qəbildən isteriyası hər şeydən öncə aksiyanı nüfuzdan salmaq, Rusiyanı Azərbaycana qarşı qaldırmaq, iki ölkə münasibətlərini gərginləşdirməkdir. Çünki 3 aydır Azərbaycan əleyhinə apardıqları yalan, şər-böhtan kampaniyası artıq yerimir. Əlahəzrət faktlar imkan vermir. Məlum olur ki, Qarabağdakı bir ovuc erməninin artıqlaması ilə ərzağı da var, dərmanı, suyu da. Acından ölən də yoxdur. Çünki Azərbaycanın hədəfi bu deyil. Humanitar yüklər üçün heç bir maneə mövcud deyil, olmayacaq. Bəs etirazçılar Rusiya sülhməramlılarının maşınını yoxlayıbmı, belə bir hal olubmu?
Alparslan İmamqulun
Hərbi analitik Alparslan İmamqulunun bildirdiyinə görə, Ermənistanın nə istəməsinin əhəmiyyəti yoxdur: “Zəngəzur dəhlizindən Avropanın faydası olacaq. Buna Çin maraq göstərirsə, Türk dünyasının marağı varsa, 762 milyard dəhlizin açılmasını gözləyirsə, Ermənistana nə edə bilər? Rusiyanın da bu kommunikasiyanın açılmasında maraqları var. Bu məsələ həll edilmiş sayılır. Sadəcə, zaman tələb edir”. Hərbi ekspertin fikrincə, tezliklə Laçın yolunda gömrük postumuz qurulacaq: “Bunu mən informasiya olaraq bildirirəm”. A.İmamqulu Laçınla Ermənistan sərhədində, o cümlədən Zəngəzur dəhlizinin hər iki başında nəzarət-buraxılış məntəqələri qurulması təklifi ilə bağlı qeyd etdi ki, nə yolla olursa-olsun bir nəzarət mexanizmi qurulacaq: “Ali Baş Komandan da bunu söylədi”.
Asif Nərimanl
Siyasi şərhçi Asif Nərimanlının sözlərinə görə, Əliyev bildirir ki, Bakı Münhendə keçirilən görüşdə “həm Zəngəzur dəhlizinin hər iki başında, eyni zamanda Laçın rayonu ilə Ermənistan arasındakı sərhəddə nəzarət-buraxılış məntəqələri yaradılmalıdır” təklifini rəsmi olaraq irəli sürüb. Ekspertin fikrincə, bu, “Zəngəzur və Laçın dəhlizləri eyni rejimlə işləməlidir” mövqeyinin rəsmi şəkildə elan edilməsidir. “Zəngəzur dəhlizi 10 noyabr bəyanatında Azərbaycandan Naxçıvana "maneəsiz keçid"in verilməsi məntiqi ilə əksini tapsa da, Ermənistan razılaşmada “dəhliz” ifadəsinin olmadığına istinad edərək, bundan imtina edir. Və Rusiyadan fərqli olaraq, Qərb Azərbaycandan Naxçıvana gedən yolun “dəhliz” yox, “yol” məntiqi - nəzarət-buraxılış məntəqəsinin quraşdırılması ilə açılmasından yanadır. Bu məsələ ilk dəfə Brüssel görüşündə gündəmə gələndə Bakı “Zəngəzur və Laçın dəhlizləri eyni rejimlə işləməlidir” prinsipini irəli sürdü və bu gedişlə hər iki platformada - Qərb və Rusiya masasında proseslərin inkişafına uyğun qazanclı çıxmaq manevri etdi: Ermənistan Zəngəzurdan dəhliz vermirsə, o zaman Azərbaycan Laçın dəhlizinə nəzarət-buraxılış postu qurur; Laçından dəhliz keçirsə, 10 noyabr razılaşmasına uyğun Zəngəzurdan da dəhliz verilməlidir. Bu, həm də beynəlxalq oyunçuların - Qərbin və Rusiyanın istəklərini Azərbaycanın maraqlarına uyğunlaşdırmaqdır. Əliyevin sözlərindən aydın olur ki, Münhen görüşündə kommunikasiyanın hansı prinsiplə açılması müzakirə olunub. İrəvan “yol məntiqi”ni irəli sürüb, Bakı da buna uyğun təklif verib: Zəngəzur dəhlizinin hər iki başında - həm Azərbaycandan Ermənistana, həm də Ermənistandan Naxçıvan MR-ə daxil olan hissəsində və Laçın rayonu ilə Ermənistan arasında - Laçın dəhlizinin Gorusa çıxan hissəsində nəzarət-buraxılış məntəqəsi yaradılır. Bu təklif - hər iki dəhlizin eyni rejimlə işləməsi Rusiyanın bölgədəki maraqlarına uyğun deyil, lakin Moskva buna görə təklifi verən Bakıya qarşı hər hansı irad belə bildirə bilməz, çünki prosesin bu istiqamətdə inkişafını İrəvan şərtləndirir", - deyə A.Nərimanlı düşünür.
Təhlilçinin sözlərinə görə, Bakının bu təklifi əslində Ermənistandan daha çox beynəlxalq oyunçulara ünvanlanıb: “Qərb Rusiyaya üstün gələrək, "dəhliz məntiqini" gündəmdən çıxararsa, Laçın dəhlizinə nəzarət-buraxılış məntəqəsini quracağıq; Rusiya Qərbin önünü kəsərək, 10 noyabr razılaşmasının icrasını ön plana çıxararsa, Laçından “dəhliz” verən Bakı Ermənistan ərazisindən də “dəhliz” ala biləcək. İndi Bakının rəsmi şəkildə irəli sürdüyü təklifə İrəvan cavab verməlidir. Ermənistanın cavabı görüşdə verməməsi təsadüfi deyil, çünki bunun Rusiya tərəfindən sərt qarşılanacağını anlayırlar və belə demək mümkünsə, “ümid etdikləri Qərb masasından qazanclı çıxmaq istədikləri yerdə, özlərini daha çətin vəziyyətə salırlar”. “Müsavat”