Redaktor seçimi
Cəlilabadda iki məktəbin bir direktoru var?! –
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Günün xəbəri

“PUTİN QƏRBİN TAPŞIRIĞINI UĞURLA YERİNƏ YETİRİB...” -“Hər şey Rusiya dövlətçiliyinin çöküşünə doğru gedir"

Tanınmış rusiyalı politoloq və publisist Stanislav Belkovski ukraynalı jurnalist Dmitri Qordona müsahibə verib.

Yenixeber.org:  S.Belkovski həmin müsahibəsində Ukraynadakı müharibənin perspektivləri, Rusiya cəmiyyətinin müharibəyə münasibəti və Putin hakimiyyətinin gələcəyi ilə bağlı maraqlı mülahizələr və fikirlər səsləndirib.

Rusiyalı politoloq hazırda cəbhədə baş verənləri şərh edərkən deyib ki, Rusiya tərəfi üç istiqamətdə ciddi müqavimət göstərmədən geri çəkilməyə hazırdır: “Məncə, Rusiya Federasiyası izafi resurslar xərcləmədən, döyüşlər aparmadan üç mövqeni təslim etməyə hazırdır. Bunlar Nikolayev vilayətindəki Kinburn ərazisi, Luqansk vilayətinin şimalı – Svatovo və Rubejnaya şəhərləri və əlbəttə ki, Enerqodar şəhəri ilə birgə Zaporojye AES-dir. Sonuncunu Rusiya MAQATE-yə, o da bir müddətdən sonra Ukraynaya təhvil verə bilər. Ümumilikdə isə hazırda Putin Krıma doğru quru yolunu, Ukraynanın 15 faiz ərazisi ilə birgə nəzarətində saxlamaq istəyir”.

Belkovskinin fikrincə, Putin hələ də Ukrayna ilə deyil, ABŞ-la, Co Baydenlə danışıqlar masasına oturmağı arzulayır“O, özünü və ətrafını inandırır ki, ABŞ-dan başqa heç kimlə danışıq aparmır. O, hesab edir ki, Co Bayden nəyəsə razılaşacaqsa, qalan bütün dünya, o cümlədən ABŞ-ın dəstəyi olmadan hərbi sferada heç nə edə bilməyəcək Ukrayna da buna tabe olacaq. Ona görə də ABŞ-a deyir ki, Amerika və Avropa elitaları müharibənin tezliklə dayandırılmasına tərəfdar olduqları üçün və müharibənin davam etdirilməsi burjua komfortuna öyrəşən “nazlı” Avroatlantik məkanının əlavə xərclərini dəfələrlə artırdığından savaşı dayandırmaq lazımdır. Rusiya isə Krıma quru yolunu əlində saxlamaqla, müəyyən güzəştlərə getməyə hazırdır. Və bütün bunları Putin öz xalqına bir uğur kimi təqdim etmək istəyir”.

Qordon Belkovskiyə Putinlə bağlı sual verib: “Ukraynanın 4 vilayətini öz ərazisi elan edəndən sonra həmin əraziləri bir-bir tərk etdiyi göz qarşısındaykən, rusiyalılar Putinin axmaq vəziyyətə düşdüyünü anlayırlarmı?”

Belkovski bu suala təsdiqedici cavab verib və deyib ki, elə məhz bu, Putin üçün “xüsusi əməliyyat”ın ən məyusedici nəticəsidir: “Bəli. Bu gün artıq bunu anlayırlar və bu, Putin üçün “Z” əməliyyatının ən kədərli nəticəsidir... Putin hesab edir ki, rus xalqının qəlbini yalnız o başa düşə və istənilən seçkini istədiyi nəticə ilə qazana bilər. O, hesab edir ki, hansısa məqamda xalqı asanlıqla sakitləşdirə biləcək və izah edəcək ki, onunla bütöv NATO bloku müharibə edir. O, guya Ukrayna ilə savaşmır və sadəcə, NATO ona hücum edib. Bu, ən yeni doktrinadır. İndi isə NATO-nun maddi resursları və fiziki gücü dəfələrlə üstün olduğundan, müqavimət göstərə bilmir. Buna baxmayaraq, Ukraynanın 15 faiz ərazisini qopara bilib. İzah edəcək ki, Rusiyanın ərazisi elan olunan vilayətlərin bir hissəsinin Ukrayna tərəfindən azad olunması müvəqqəti güzəştdir və növbəti mərhələdə biz onsuz da qalib gələcəyik. Yəni, Putin reallıq sərhədlərindən kənardadır. Ona görə də istənilən reallığı öz qələbəsi kimi elan edəcək. O, özünü doğrultmaq üçün istənilən versiyadan istifadə edəcək. Onun aləmində rus xalqının səbr resursları sonsuz və sərhədsizdir. Qəribədir ki, ABŞ Departamenti və xüsusi xidmət orqanları da yeni hesabatlarında göstərirlər ki, Ruisyada hakimiyyət dəyişikliyinə gətirib çıxaracaq ciddi siyasi təlatümlər gözləmirlər. Yəni, onlar da bu cür düşünürlər və Putin də məhz buna ümid edir”.

Dmitri Qordonun rusiyalıları nəzərdə tutaraq, “bəs, bu, necə xalqdır” sualına Belkovski belə cavab verib: “Bu, öz taleyinə tamamilə biganə olan xalqdır. Mən də bu xalqa aidəm və hazırda baş verənlərə görə kollektiv məsuliyyət daşıyıram. Bundan imtina etmirəm. Bu, dünya tarixində ilk belə hal deyil. Hitlerin zamanında alman xalqının taleyini, millitarizmin pik nöqtəsində yapon xalqının taleyini görmüşük. Tarixi nümunələr çoxdur. Rusiya obyektiv olaraq bu rejimin çöküşünə və tövbəyə doğru gedir. Ona görə də “Z” hərbi əməliyyatı Rusiya üçün bir çox ölçülərə görə xeyirlidir. Xırdadan böyüyə qədər. Məsələn, Rusiya cəmiyyətinin əhəmiyyətli hissəsində xarici dillərə maraq xeyli artıb. Çünki hamı səfərbərlikdən xaricə qaçır və qətiyyən hərbi komissarlığa axışmırlar.

Putinin hesab etdiyi kimi, onun uğrunda ölümə getmək istəmirlər. Ən əsası isə odur ki, bu, nə vaxtsa bitməli idi. Putinin 24 fevralda başlatdığı müharibə olmasaydı, bu rejim hələ 20 il də qala bilərdi. Məhz onun sonunu, özü də tezliklə baş verməli olan sonunu şərtləndirən tarixi zərurət Putini suisidə(intihara) bərabər qərarlar verməyə itələyib. Putin hazırda dönmədən bu yola davam edir”.

Döyüş meydanında baş verənlərə toxunan Belkovski deyib ki, Putin hələ ki, nüvə silahından istifadə etmək barədə düşünmür və bu məsələdə Çinin və Hindistanın mövqeyi əhəmiyyətli rol oynayır. Bununla yanaşı, politoloq qeyd edib ki, Volodimir Zelenski yaxın zamanda Putinlə danışıqlara getməyəcək və Ukrayna Ordusu da Prezidentlə eyni mövqedən çıxış edir.

Danışıqlar mövzusuna dair suala cavab verən Belkovski deyib: “Putin müharibəni bitirəcək danışıqlar yox, sadəcə atəşkəs istəyir. Ona nə baş verdiyini özü üçün anlamaq, eləcə də ordunu təzələmək üçün vaxt qazanmaq lazımdır. Eləcə də “Qazprom” kimi enerji şirkətlərinin üzərindən sanksiyaların götürülməsinə nail olmağa çalışır... Məsələ ondadır ki, Qərbin Rusiyanı tam müflis etmək fikri yoxdur. Ən azı humanitar məsələlər baxımından balanslaşdırılmış, nazik bir sərhəd var. Qərb öz qarşısına Rusiyanı məhv etmək kimi məqsəd qoymayıb. Onun məqəsədi Rusiyanı təcrid etmək və mariqinallaşdırmaqdır. Yeri gəlmişkən, bu tapşırığı Putin özü 24 fevralda “Z” hərbi əməliyyatına başlamaqla uğurla yerinə yetirib. Ona görə də Qərb bir növ Putini dəstəkləyir. Əsas odur ki, Putin bu mövzudan kənara atlanmasın və fikrini dəyişməsin...”

“Putin sabah danışıqlar masasına otursa, onun təklifləri və istədikləri nədən ibarət olacaq” sualına cavab olaraq isə Belkovski deyib: “O, de-fakto Ukrayna ərazisinin 15-16 faizinə nəzarət və Krıma quru yolu istəyəcək və bu zaman işğal olunmuş ərazilərin hamısının ona verilməsi vacib deyil. İkincisi, Rusiyanın enerji şirkətlərinin üzərindən sanksiyaların götürülməsidir. Nəhayət, üçüncüsü odur ki, Putin hər zaman biznesmen kimi düşünüb. Böyük pullar məntiqi onun üçün hər şeyin üzərindədir. O, demokratiya, insan haqları, bəşəri dəyərlər kimi məvhumlara inanmır. Odur ki, üçüncüsü onun üçün Qərbin dondurduğu Rusiya aktivlərinin bərpa olunmasıdır”.

Ancaq Belkovskinin fikrincə, Putin bu məqsədlərinin heç birinə nail olmayacaq. Əvəzində, onun özünüməhv prosesi davam edəcək və Qərb də bu işdə ona “yardım göstərəcək”: “SSRİ dağılanda Putin Drezdendəki Sovet mədəniyyət evindən evakuasiya edildi və tezliklə Sankt-Peterburqa böyük vəzifəyə gətirildi. Onun yüksək vəzifə daşıdığı Sankt-Peterburq administrasiyası dağılandan sonra isə Moskvaya gətirildi və tezliklə Prezident oldu. Onun olduğu hər yer dağıldı və məntiqlə o, fəaliyyətinin neqativ nəticələrinə görə cavab verməli idi. Putində isə hər şey əksinə oldu. Yəni, Putinin cavabdeh olduğu sahədə vəziyyət nə qədər pis idisə, onun bundan sonrakı karyerası bir o qədər daha parlaq oldu. İndi isə onun sığınacağı, rəisi yoxdur. O, bu rolda Co Baydeni görür. Baydenə deyir ki, gəl razılaşaq və məni xilas et. Demensiyada olan Bayden isə onu xilas etməyi düşünmür. O, Putinin batmasına imkan vermək fikrindədir”.

Belkovski deyib ki, bu vəziyyət Ukraynanı qane etməsə də, ABŞ riskə getməmək üçün Rusiyanın tezliklə və dərhal çökməsinin tərəfdarı deyil. Ona görə də bir qədər gözləməyə ehtiyac var. Odur ki, onun fikrincə müharibənin aktiv fazası gələn ilin yayına qədər davam edəcək. Müharibənin bitməsini isə yalnız Rusiyanın hərbi resurslarının tükənməsi şərtləndirəcək: “Çünki Putin bu yoldan çəkilməyəcək. O, öz suisid yolunu sona qədər getməlidir. Putin sülh istədiyinə dair görüntü yarada bilər, lakin de-fakto o, əlbəttə ki, sülh istəmir. Ona sadəcə, atəşkəs lazımdır”.

Belkovskinin fikrincə, hər şey Rusiya dövlətçiliyinin çöküşünə doğru gedir: “Belə görünür ki, elita daxilində nəsə baş verəcək. Putin harasa yoxa çıxacaq... Hakimiyyətə isə onun “kollektiv xələfi” gələcək ki, həmin qüvvə də Qərblə razılığa gəlməyə məhkumdur. Hazırda Ukraynada işğal olunmuş ərazilər nə Rusiya elitası, nə də xalqı üçün heç bir dəyərə malik deyil. Yalnız Putin yenilməz və sonsuz hakimiyyət sahibi sayılanda həmin torpaqlar dəyərli idi. Lakin 24 fevraldan sonra uğur Putindən üz çevirdi. Bu, kazinodakı kimidir. Bəxtin ard-arda nə qədər gətirsə də, sonda uduzacaqsan. Putin ölümcül səhvə yol verdi. Əgər Putin Ukraynaya yox, hansısa başqa bir ölkənin(postsovet ölkələri nəzərdə tutulur-red.) üzərinə hücum etsəydi, onda hər şey alınardı. O, ilk növbədə Ukraynanın müqavimət resursunu, xüsusilə də mənəvi-psixoloji müqavimət resursunu düzgün hesablamadı. Ukrayna xalqı onun ssenarisinə tabe olmadı. Ukraynalılar artıq “Z” əməliyyatı başlayanda Putindən qorxmurdular. Çoxları qorxurdular, ukraynalılar isə yox...” “Azpolitika”  


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam