TURANIN QAPISI DÖYÜLÜR... -Səmərqənddən verilən tarixi mesajlar
Yenixeber.org: Birinci müqavilədə tərəflərdən biri Türk dövlətiydisə, ikincisində, artıq Türk dövlətlərinin birgə sazişindən söhbət gedir, özü də Türk qapısının üzərində yerləşən məkanda – türklüyün qos-qocaman ünvanlarından birinin Türkiyənin həmsərhəd bölgəsində, amma həm də tarixi Türk coğrafiyasının mərkəzində - Bir tərəfində İrəvan mahalı, Göyçə-Zəngəzur, digər tərəfdə Cənubi Azərbaycan, o tərəfdə Türkiyə...Bu müqavilənin blokadada olan Naxçıxanda imzalanması həm də Türk düşmənlərinə, Naxçıvana göz dikənlərə mesaj idi...
Sözügedən müqavilənən əsas məqsədi iştirakçı dövlətlər arasında əməkdaşlığın artırılmasıdır. Azərbaycan Prezidenti İlham Əliyevin evsahibliyi ilə, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Türkmənistan rəhbərliyi tərəfindən mzalanan bu müqavilə ilə Türk Şurası adında beynəlxalq təşkilatın qurulmasına qərar verilib! Nə yaxşı ki, o zaman belə bir mühüm addım atılıb. Amma kaş ki, 1992-ci ildə Ankarada əsası qoyulan, daha doğrusu, bərpa edilən birliyimiz daha çevik şəkildə irəliyə doğru addımlayardı, Özbəkistanın və Macarıstanın da birgəliyi şəraitində daha erkən həyata keçiriləydi bir sıra işlər. Amma yenə də günümüzə şükür!
2009-cu ildən bəri, Naxçıvan Zirvə Görüşündən başlayaraq Türk Dövlətlər Təşkilatı böyük inkişaf yolu keçib. Təbii ki, asan olmayıb, Türk qövmünün bir araya gəlməsini əngəlləmək istəyənlər, birliyimizə mane olanlar, ayağımızın altını qazanlar, qarşımıza sədd çəkənlər, daşa atanlar o qədər olub ki...Türk dövlətlərini bir-birinə qarşı qoymağa, düşmənçilik toxumu səpməyə belə, cəhd göstərdilər. Alınmadı, planları baş tutmadı. Türk kəndinə - özünə döndü və BÖYÜK OLDU!
Bu böyüklüyün daha bir nümayişi Səmərqənddə oldu- Türk Dövlətləri Təşkilatının IX Zirvə görüşündə...İzlədik, liderlərin səmimi, qardaşyana görüşlərini, ÖZBƏK elindəki isti qarşılanma mərasimlərini, tarixi çıxışları, birlik müsajlarını, qarşıdakı hədəflərlə bağlı möhtəşəm proje anonslarını və qeyri-ixtiyari “Turan ellər var olsun”- pıçıldayırıq.
Prezident İlham Əliyev hələ 13 il əvvəl Naxçıvandakı Zirvədə çıxış edərkən hədəfləri ülan etmişdi. Xatırlayaq: “Biz çox istəyirik ki, türkdilli xalqlar, ölkələr arasında birlik daha da güclənsin. Bu, bizim tariximizdir, bizim mədəniyyətimizdir, bizim köklərimizdir. Eyni zamanda, bu, bugünkü vəziyyətin reallıqlarıdır. Biz bilirik ki, beynəlxalq müstəvidə öz mövqeyini müdafiə etmək bəzi hallarda o qədər də asan olmur. Biz birlikdə olsaq, müəyyən məsələlərdə vahid mövqedən çıxış etsək və bu birliyi mütəmadi işlərlə möhkəmləndirsək, bizim beynəlxalq mövqelərimiz daha da güclü olacaqdır. Çünki türkdilli ölkələrdə bütün imkanlar vardır - təbii sərvətlər, neft-qaz yataqları, əlverişli coğrafi vəziyyət, güclü iqtisadiyyatlar, insanların istedadı, mövcud olan yeni infrastruktur. Bütün bu imkanları biz əgər bir yerə toplasaq və bir yerdə cəmləşdirsək türkdilli ölkələr dünya miqyasında böyük gücə çevriləcəkdir. Bu gücə çevrilmək üçün biz səmərəli işləməliyik. Bu, bizim əlimizdədir, bizim iradəmizdən asılıdır”.
Reallığı da xüsusi vurğulamışdı. Sitat: “Biz bilirik ki, beynəlxalq müstəvidə öz mövqeyini müdafiə etmək bəzi hallarda o qədər də asan olmur. Biz birlikdə olsaq, müəyyən məsələlərdə vahid mövqedən çıxış etsək və bu birliyi mütəmadi işlərlə möhkəmləndirsək, bizim beynəlxalq mövqelərimiz daha da güclü olacaqdır. Çünki türkdilli ölkələrdə bütün imkanlar vardır - təbii sərvətlər, neft-qaz yataqları, əlverişli coğrafi vəziyyət, güclü iqtisadiyyatlar, insanların istedadı, mövcud olan yeni infrastruktur. Bütün bu imkanları biz əgər bir yerə toplasaq və bir yerdə cəmləşdirsək türkdilli ölkələr dünya miqyasında böyük gücə çevriləcəkdir”. Və ən mühümü: “Bu gücə çevrilmək üçün biz səmərəli işləməliyik. Bu, bizim əlimizdədir, bizim iradəmizdən asılıdır. Mən çox şadam ki, bizim aramızda olan birlik son illər ərzində daha da güclənir. Dünən və bu gün hesab edirəm ki, türkdilli ölkələrin daha da sıx birləşməsi üçün çox vacib addımlar atılmışdır. Bizim bir yerdə olmağımız, qədim Azərbaycan torpağı olan Naxçıvanda yığışmağımız, ikitərəfli formatda aparılan danışıqlar, bugünkü zirvə görüşü və zirvə görüşünün nəticəsi olan imzalanacaq vacib sənədlər bizim birliyimizi daha da gücləndirəcəkdir. Bu, bizim arzumuzdur və mən əminəm ki, biz bütün arzularımıza çatacağıq”.
Əli bəy Hüseynzadənin, Ziya Göyalpın, Turqut Özalın arzu-istəkləri çin olur bu gün – möhtəşəm bir Türk birliyi daha mətin addımlarla irəliyə doğru addımlamaqdadır. Türklüyə xidmət edənlər, Türk, Turan uğrunda mücadilə aparanları pantürkizmdə ittiham edib, qətlinə fərman verənlər son nəticədə məğlub oldular: Türk Əsrində yaşayırıq! Azərbaycan Prezidenti Səmərqəddəki çıxışında da qeyd etdi ki, son 7 ay ərzində üçüncü dəfədir Özbəkistana səfər edir. Həmçinin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Qarabağa, Şərqi Zəngəzura üç dəfə səfər etməsini xüsusi xatırlatdı, digər Türk dövlətlərinin liderlərini də azad olunmuş Türk yurdlarına dəvət etdi: “Mən digər türk dövlətlərinin başçılarını da Qarabağa və Şərqi Zəngəzura dəvət edirəm”. Dəvətin gözəli buna deyərlər!
İşğaldan azad edilmiş Füzuli rayonunda Özbəkistan tərəfindən tikiləcək məktəbə və Qazaxıstan tərəfindən inşa olunacaq yaradıcılıq mərkəzinə görə Özbəkistan Prezidenti Şavkat Mirziyoyevə və Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevə minnətdarlığını bildirdi dövlət başçımız. “Bunlar Azərbaycan-özbək və Azərbaycan-qazax xalqları arasında olan qardaşlığın təzahürüdür”-söylədi. Bu da gözəl ovqat yaradan addımlardır. Təbii ki, o ölkələrin də haqqı var müqəddəs yurdlarımıza səfərlər etməyə, iş qurmağa, Qarabağın dkirçəldilməsində iştiraka. Özbəkistan Azərbaycan ərazilərini işğala görə Ermənistanla diplomatik əlaqələr qurmaqdan imtina edən qardaş ölkə kimi sınaqdan çıxdı. Türkiyə sərhədlərini qapadı, KTMT-də təmsil olunan digər Türk dövlətlər erməniləri peşiman etdilər hər dəfə...Sınaqdan çıxmış birlikdir, həm də tarixin sərt sınaqlarından.
Prezidentin dediyi kimi, vaxtilə Azərbaycanın tarixi torpağı, əzəli torpağı Zəngəzur bölgəsinin Azərbaycandan ayırıb Ermənistana birləşdirilməsi demək olar ki, böyük türk dünyasını coğrafi baxımdan parçaladı. Yəni türk dünyasının vahid bir ailə kimi, vahid bir qüvvə kimi fəaliyyəti on illiklər ərzində dayandırılıb. Sitat: “Ancaq biz bu gün qəbul edilmiş qərarlarla, atılmış addımlarla bu bağlantını daha da gücləndiririk. Düzdür, coğrafi baxımdan bu gün bizim aramızda Azərbaycanın indi Ermənistanın tərkibində olan qədim diyarı - Zəngəzur bölgəsi yerləşir. Ancaq mənəvi baxımdan, siyasi baxımdan və iqtisadi layihələrin həyata keçirilməsi nəticəsində türk dünyasının birləşməsi və bir qüvvə kimi fəaliyyət göstərməsi bu gün reallıqdır, həqiqətdir. Bu həqiqəti biz yaradırıq və bizdən asılıdır ki, bu birlik davam etsin, güclənsin və bizim xalqlarımıza yeni imkanlar yaratsın”.
Prezident Səmərqənddəki çıxışında Zəngəzur dəhlizinin bütün region dövlətlərinin inkişafına təkan verəcəyini deməklə Türk dövlətlərini bu məsələdə vahid mövqedən çıxış etməyə, Turanın quru yolunu qapadanların qarşısına birgə çıxmağa təşviq etmiş oldu. Türk dünyası əməkdaşlıq sahəsində yeni mərhələyə qədəm qoyur – tərəfdaşlıqdan inteqrasiyaya doğru. Bu, çox mühüm nailiyyətdir. Daha sıx əməkdaşlığın olmasından ötrü bütün qapıların taybatay açılması zərurəti var, yalnız hava yolu, yaxud üçüncü ölkələrin quru yolundan istifadə yetərli deyil, yollarımız da birləşməlidir, heç bir vasitəçinin, üçüncü qüvvənin, tərəfin iştirakı olmadan. Bu yolun birləşməsi isə Zəngəzur tilsiminin qırılmasından asılıdır. Budur, Türkiyə Qarabağ və Şərqi Zəngəzurda quruculuq və bərpa işlərində yaxından iştirak edir, nəhəng layihələr gerçəkləşdirilir. Bu sıraya digər Türk dövlətləri qoşulsa, necə böyük bir güc ortaya qoyular...
Türk dünyası böyük iqtisadi potensiala, enerji resurslarına, nəqliyyat yollarına və müasir hərbi imkanlara malikdir, elə isə bu imkanlar niyə səfərbər olunmasın? Dünyaya bərabər çıxarıqsa, daha möhtəşəm nəticələr əldə edərik, bu, şübhəsizdir! Türk dövlətlərini Avropa Birliyinin kandarına buraxmamaq üçün çeşidli oyunbazlıqlar edənlərə cavab olaraq Türk Dövlətlərinin elə bir birliyini qurmaq, elə bir əbədi qala tikmək olar ki, tarix boyunca yaşasın, dosta qürur, düşmənə göz dağı olsun! İnşallah ki, olacaq, Türk dövlətlərinin liderləri qətiyyətlidir, təcrübəlidir, sərkərdə babalarımızın gerçəkləşdirə bilmədikləri xəyalları reallaşdırmaq yolunda inamlıdırlar! Səmərqənd Zirvəsi bütün tərəfləri ilə olduqca səmərəli oldu, verilən mesajlar, qəbul olunan qərarlar, Səmərqənd Bəyannaməsinin imzalanması ilə... Türkmənistan Parlamenti Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov və Türkiyə Cumhurbaşqanı Rəcəb Tayyib Ərdoğanın Türk Dünyasının Ali Ordeni ilə təltif olunması, Qırğızıstan Prezidenti Sadır Japarovunsa Əlişir Nəvai mükafatına layiq görülməsi Zirvəyə əlavə rəng qatdı. Mükafatlar da doğmadır!
Türk Əsrimiz mübarək, birlik yolunda atılan təməllər daimi olsun! İnşallah Türk dövlətlərini ayrı salan yolun da birləşdiyi günə şahidlik edəcəyik! Turan qapısı döyülür. Bu qapını üzümüzə çırpmağa kimsə cəsarət edə bilməyəcək! (musavat)