Şuşa Bəyannaməsinin rəsmiləşdirdiyi -Azərbaycan-Türkiyə müttəfiqliyi
Dekabrın 26-da Zəngilanın Ağalı kəndində Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan mətbuata birgə bəyanatlarla çıxış ediblər.
Yenixeber.org: Prezident İlham Əliyev Türkiyə Prezidentinin Füzuliyə, Zəngilana səfərinin çox böyük önəminin olduğunu bildirib.
Rəcəb Tayyib Ərdoğanın işğaldan azad edilmiş torpaqlara ikinci dəfədir səfər etdiyini xatırladan İlham Əliyev dörd ay bundan əvvəl Türkiyə lideri ilə bərabər Şuşa şəhərində imzalanan Şuşa Bəyannaməsinin tarixi sənəd olduğunu vurğulayıb və qeyd edib ki, bu bəyannamə bizim əlaqələrimizi rəsmən müttəfiqlik səviyyəsinə qaldırıb. Füzuli Beynəlxalq Hava Limanının açılışında birlikdə iştirakımız bir daha bizim birliyimizi göstərir, gücümüzü göstərir. Onu göstərir ki, Türkiyə və Azərbaycan iki qardaş ölkə kimi hər zaman bir-birinin yanındadır: “Füzuli Beynəlxalq Hava Limanının inşası cəmi səkkiz ay davam etdi. Səkkiz ay ərzində beynəlxalq hava limanı inşa edildi. Bu hava limanının inşasında Azərbaycan və Türkiyə şirkətləri iştirak etmişlər. Yəni bu, bizim birgə uğurumuzdur.
Eyni zamanda bu gün Zəngilan rayonunda birinci özəl sərmayə layihəsinin də təməlini qoyduq. Bu sərmayə layihəsi də Türkiyə və Azərbaycanın birgə layihəsidir. Yəni, bu, bir daha onu göstərir ki, bütün işlərdə, o cümlədən işğaldan azad edilmiş torpaqlarda gedən quruculuq, bərpa işlərində də biz çiyin-çiyinə bir yerdə irəliləyirik.
Bu gün Zəngilanın Ağalı kəndindəki bu rəsmi mərasim tarixdə qalacaq. Adətən rəsmi mərasimlər paytaxtlarda keçirilir. Ancaq biz rəsmi mərasimləri bütün görüşlər zamanı keçiririk. Həm Şuşada, həm də bu gün Zəngilanda rəsmi mərasimlərin keçirilməsi, Türkiyə və Azərbaycanın Dövlət himnlərinin səslənməsi, bizim birgə addımlarımız tarixdə əbədi qalacaq. Bu tarixi biz birlikdə yazırıq. Necə ki, bütün müharibə dövrü ərzində birlikdə idik, bu gün də bir yerdəyik".
Prezident İlham Əliyev bildirib ki, İkinci Qarabağ savaşının ilk saatlarından son dəqiqələrinə qədər Türkiyə Azərbaycanın yanında olub: “Əziz qardaşım, hörmətli Cümhurbaşqanı ilk saatlarda Azərbaycana dəstək göstərdi, bütün dünyaya bəyan etdi ki, Azərbaycan tək deyil, Türkiyə Azərbaycanın yanındadır. Bu, bizə çox böyük siyasi və mənəvi dəstək, əlavə güc verdi...
Bu gün regional işlərdə, hətta dünya çapında Türkiyə və Azərbaycan əməkdaşlığı, qardaşlığı önəmli amilə çevrilib. Türkiyə Əziz qardaşımın liderliyi ilə artıq dünya çapında böyük gücə çevrilib və heç kim Türkiyəyə öz iradəsini diktə edə bilməz. Bu yaxınlarda Əziz qardaşım Türkiyənin daxili məsələlərinə müdaxilə etmək istəyənlərə elə cavab vermişdi ki, hesab edirəm bu, bütün siyasətçilər üçün örnəkdir. Öz milli ləyaqətini qoruyan, öz xalqının, dövlətinin maraqlarını, qürurunu qoruyan və müdafiə edən Lider bu gün buradadır, Azərbaycandadır, Zəngilandadır, Ağalıdadır. Biz bunu qiymətləndirməliyik. Bütün türk dünyası üçün Rəcəb Tayyib Ərdoğan amili ən önəmli amillərdən biridir".
Dövlət başçısı məlumat verib ki, gələn ay Azərbaycan Türk Şurasında sədrliyi Türkiyəyə təhvil verəcək: “Əminəm ki, Türkiyə əziz qardaşımın rəhbərliyi ilə şuraya uğurlu sədrlik edəcək. Türk dövlətləri arasındakı əməkdaşlıq və qardaşlıq əlaqələri daha da güclənəcək, beləliklə, bütün Türk dünyası üçün yeni imkanlar açılacaq”.
Azərbaycan Prezidenti Zəngəzur dəhlizinin əhəmiyyəti barədə də danışıb: “Zəngilan Şərqi Zəngəzur bölgəsində yerləşir və buradan keçən Zəngəzur dəhlizi bütün Türk dünyasını birləşdirəcək. Həm Azərbaycan, həm Türkiyə Zəngəzur dəhlizinin gerçəkləşməsi üçün əməli addımlar atır. Əminəm ki, bu addımlar yaxın gələcəkdə öz bəhrəsini verəcəkdir.
Bu gün əziz qardaşımla və qonaqlarla birlikdə böyük avtomobil yolunun təməlini qoyduq. Bu avtomobil yolu da Zəngəzur dəhlizinin bir hissəsidir. Bu avtomobil yolunun və dəmir yolunun çəkilişi nəticəsində biz istədiyimizə nail olacağıq...
Mən bu gün fürsətdən istifadə edərək Azərbaycanın azad edilmiş torpaqlarında fəaliyyət göstərən bir çox Türkiyə şirkətlərinə öz təşəkkürümü bildirmək istəyirəm. Onların yorulmaz səyləri nəticəsində bu gün bu bölgədə yollar salınır, dəmir yolları çəkilir, tunellər tikilir, infrastruktur layihələri gerçəkləşir. Bu, bir daha bizim birliyimizin, qardaşlığımızın təcəssümüdür. Tam əminəm ki, bundan sonra da Türkiyə və Azərbaycan iki qardaş ölkə kimi bir yerdə irəli gedəcək, xalqlarımız bir-birinə daha da yaxın olacaq, dövlətlərimiz bundan sonra da uğurlu əməkdaşlıq edəcək. Beləliklə, Türkiyə ilə Azərbaycanın birgə gücü daha da təsirli olacaq".
Qabil Hüseynli
Politoloq Qabil Hüseynli bildirdi ki, Şuşa Bəyannaməsinin rəsmiləşdirdiyi Azərbaycan-Türkiyə müttəfiqliyi qədər səmimi, sıx ittifaq dünyada yoxdur. Bu müttəfiqlik bütün dünya üçün nümunədir. Şuşa Bəyannaməsinin müddəaları hər keçən gün reallaşmaqda, Türkiyə Prezidentinin işğaldan azad olunmuş ərazilərimizə səfərləri ilə daha da möhkəmlənməkdədir: “İyunun 15-də imzalanan Şuşa Bəyannaməsi Azərbaycan və Türkiyə münasibətlərini yeni müstəviyə qaldırıb. Qısa zaman keçməsinə baxmayaraq artıq görürük ki, Azərbaycanın mədəniyyət beşiyi sayılan Şuşa şəhərində imzalanan bu bəyannamə necə böyük tarixi əhəmiyyətə malik sənəddir. Bu tarixi sənəd siyasi və iqtisadi məsələlər, ticarət münasibətləri, mədəniyyət, təhsil, idman, enerji təhlükəsizliyi, Cənub Qaz Dəhlizi, müdafiə sənayesi sahəsində əməkdaşlıq, qarşılıqlı hərbi yardım, Zəngəzur dəhlizi kimi mühüm məsələləri özündə əks etdirir. Artıq bu məsələlərin bir çoxunun reallaşdırılması istiqamətində ciddi işlər həyata keçirilir. İki dost və qardaş ölkə arasında strateji əməkdaşlığı dərinləşdirən bu tarixi hadisə eyni zamanda regionda davamlı sülhün və təhlükəsizliyin təmin olunmasına, xüsusilə də Azərbaycanın sərhədlərinin toxunulmazlığına yeni imkanlar yaradır.
Bu sənəd regionda təhlükəsizliyin qorunub saxlanması, iqtisadi artımın güclənməsi, infrastrukturun inkişafı baxımından önəmlidir".
Politoloq vurğuladı ki, bəyannamənin ən vacib cəhətlərindən biri də hər iki ölkənin iqtisadiyyatının inkişaf etdirilməsidir. Hər iki ölkə üçün xüsusi əhəmiyyət daşıyan əməkdaşlıq iqtisadi inkişafın dayanıqlığı baxımından çox mühüm məsələ hesab olunur. Bu sırada Zəngəzur dəhlizindən danışmamaq mümkün deyil: “Bəyannamədə Zəngəzur dəhlizi ilə əlaqələrin qurulması xüsusi əksini tapır. Bütövlükdə isə Şuşa Bəyannaməsi iki qardaş ölkə arasındakı strateji tərəfdaşlığı gücləndirməklə iqtisadi sahədə yeni əməkdaşlıq imkanları yaradıb.
Şuşa Bəyannaməsi türk dünyasının birləşməsinə, Azərbaycan-Türkiyə İttifaqının formalaşmasına gətirib çıxarır. Ümumilikdə götürdükdə isə Şuşa Bəyannaməsi 100 il bundan əvvəl imzalanan Qars müqaviləsindən sonra Azərbaycanın təhlükəsizliyi üçün Türkiyənin önəmini bir daha təsdiqləyir. Əbəs yerə deyil ki, bu bəyannamə Qars müqaviləsinin davamı kimi qiymətləndirilir. Ümumiyyətlə, əgər Qars müqaviləsi təkcə Naxçıvan Muxtar Respublikasının qarantı idisə, Şuşa Bəyannaməsi birbaşa olaraq Azərbaycanın bütövlükdə təhlükəsizliyini təmin edən bir sənəddir. Bu müqavilənin ən əhəmiyyətli strateji əhəmiyyəti həm də budur.
Daha bir strateji əhəmiyyəti isə Zəngəzur dəhlizi məsələsidir. Naxçıvanla Azərbaycanı birləşdirəcək dəhlizin açılması regionda iqtisadi inkişafı artıracaq, davamlı sülhü özündə ehtiva edəcək. Bu, həm üçtərəfli bəyanatda, həm də Şuşa Bəyannaməsində özünü əks etdirən bir məsələdir. Zəngəzur dəhlizinin strateji əhəmiyyəti çox böyükdür. Zəngilan Şərqi Zəngəzur bölgəsində yerləşir və buradan keçən Zəngəzur dəhlizi bütün Türk dünyasını birləşdirəcək. Həm Azərbaycan, həm Türkiyə Zəngəzur dəhlizinin gerçəkləşməsi üçün əməli addımlar atır və bu addımlar yaxın gələcəkdə öz bəhrəsini verəcək. Cari ilin 26 oktyabr tarixində təməli qoyulmuş avtomobil yolu da Zəngəzur dəhlizinin bir hissəsidir. Avtomobil yolunun və dəmir yolunun çəkilişi nəticəsində ölkələrimiz istəklərinə nail olacaq.
İndi Ermənistanın yeganə çıxış yolu Azərbaycanla münasibətləri yaxşılaşdırmaq, Azərbaycan və Türkiyəyə qarşı ərazi iddialarından əl çəkmək, “Altılıq formatına” qoşulmaq və Zəngəzur dəhlizinin açılması üçün öz töhfəsini verməkdir".
Qeyd edək ki, iqtisadçılar da Zəngəzur dəhlizinin açılmasının region dövlətləri və türkdilli ölkələr üçün çox ciddi iqtisadi strateji əhəmiyyəti olacağını bildirirlər. Bildirilir ki, söhbət 1,1 trilyon dollardan çox nominal ümumi daxili məhsulu olan türkdilli ölkələri strateji və iqtisadi baxımdan birləşdirəcək dəhlizdən gedir. Belə ki, Türkiyə 761,4 milyard dollar, Qazaxıstan 181,7 milyard dollar, Özbəkistan 57,9 miyard dollar, Azərbaycan 48 milyard dollar, Türkmənistan 48 milyard dollar və Qırğızstan 8,5 milyard dollar nominal ÜDM-ə malikdir. Bu isə ondan xəbər verir ki, Zəngəzur dəhlizi kifayət qədər böyük iqtisadi potensiala və təbii resurslara malik olan regionu birləşdirəcək. Zəngəzur dəhlizinin istifadəyə verilməsi eyni zamanda Azərbaycanı regionun nəqliyyat qovşaqlarının habına çevirəcək. Zəngəzur dəhlizi Naxçıvanın Azərbaycanın əsas ərazisi vasitəsilə həmin nəqliyyat dəhlizlərinə çıxışını təmin edəcək. Dəhliz Azərbaycanın öz eksklavı olan Naxçıvan Muxtar Respublikası və Türkiyə ilə əlaqələri də gücləndirəcək, ölkəmizin geoiqtisadi əhəmiyyəti daha da artıracaq. Ən əsası, türk dünyası uzun illərdən sonra yenidən Zəngəzur dəhlizi vasitəsilə birləşəcək.
Zəngəzur indi türk dünyasının birləşməsi rolunu oynayacaq. Çünki Zəngəzurdan keçən nəqliyyat, kommunikasiya, infrastruktur layihələri bütün türk dünyasını birləşdirəcək, eyni zamanda digər ölkələr üçün əlavə imkanlar açacaq, o cümlədən Ermənistan üçün imkanlar yaradacaq. Zəngəzur dəhlizi bölgə ölkələri arasında xüsusilə iqtisadi-ticari əlaqələrə müsbət təsir göstərəcək. Türkiyə bu dəhlizdən istifadə edərək əsas iqtisadi tərəfdaşlarından biri olan Azərbaycana birbaşa quru yolu reallaşdıracaq. Şübhəsiz ki, bu da öz növbəsində, ikitərəfli iqtisadi və turizm əlaqələrinin daha sürətli inkişafına şərait yaradacaq. Digər tərəfdən, Zəngəzur dəhlizi həm də Türkiyə üçün Orta Asiyaya bir ticarət qapısı rolunu oynayacaq. “Müsavat”