ABŞ-ın təyyarədaşıyan gəmisi Rusiyaya qarşı beynəlxalq hücuma hazırdır -“Newsweek”
Rusiya Ukrayna və onun müttəfiqlərinə qarşı hücumları genişləndirərsə, ABŞ təyyarədaşıyan gəmisi beynəlxalq hücuma rəhbərlik etməyə hazırdır.
Yenixeber.org: Bu barədə populyar “Newsweek” yazıb.
Bildirilir ki, təyyarə gəmisi George H.W. Buş (CVN 77) NATO-nun “Neptun zərbəsi 2022” adlı təlimi çərçivəsində Adriatik dənizindədir.
Təlimlərdə iştirak edən müttəfiq və tərəfdaş ölkələrə Albaniya, Kanada, Xorvatiya, Finlandiya, Fransa, Almaniya, Yunanıstan, Macarıstan, İtaliya, Litva, Şimali Makedoniya, Polşa, Rumıniya, Slovakiya, Sloveniya, İsveç, Türkiyə, Böyük Britaniya və ABŞ daxildir.
ABŞ Altıncı Donanmasının və NATO-nun dəstək qüvvələrinin komandanı vitse-admiral Tomas İşi “Neptun zərbəsi 2022” təlimlərinin alyansın bütün fəaliyyət sahələrində gücünün və imkanlarının bariz nümayişi olduğunu elan edib.
Admiral bildirib ki, “Neptun zərbəsi 2022” NATO-nun kollektiv çəkindirmə və müdafiə qabiliyyətini təmin edərək, müttəfiq təyyarədaşıyan zərbə qrupunun yüksək texnologiyalı dəniz döyüş qabiliyyətlərini inteqrasiya etmək bacarığının əsas nümunəsidir.
Xatırladaq ki, təlimlərə Finlandiya və İsveç də daxil olmaqla 24 NATO müttəfiqi və tərəfdaşından 80-dən çox təyyarə, 14 gəmi və təxminən 6000 hərbçi daxildir.
“F-18” qırıcıları təlimi çərçivəsində ABŞ Hərbi Dəniz Qüvvələri son günlər Fransa, Latviya və Macarıstanla birlikdə bir təyyarədaşıyan gəmidən Litvaya uçub. Bundan əvvəl eyni qırıcının Rumıniya üzərində patrul xidməti aparan kanadalı döyüşçülərə qoşulduğu bildirilir.
ABŞ Hərbi Dəniz Qüvvələrinin Avropa və Afrikadakı sözçüsü kapitan Tamara Lourens təyyarədaşıyan gəminin “Neptun Strike” proqramında iştirak etdiyini təsdiqləyib.
Admiral Denis Velez deyib: “Biz Ukraynadakı müharibənin bitməsini, regionda sabitliyin bərpa olunmasını, sülh və sabit Avropanın olmasını istəyirik, lakin biz həm də döyüşə hazırıq”.
Onun sözlərinə görə, NATO-nun təlimlərini izləyən iki Rusiya hərbi gəmisi görünüb: “Onlar beynəlxalq hüquqa uyğun və beynəlxalq sularda öz təşəbbüsü ilə hərəkət edir”.
NATO-nun baş katibi Yens Stoltenberq çərşənbə axşamı “təsirli” təyyarədaşıyan gəmini ziyarət edərək, bunu ABŞ-ın qabiliyyətinin və alyansa sadiqliyinin nümayişi adlandırıb.
“Bu təlimlər transatlantik əlaqənin, Avropa və Şimali Amerikanın NATO çərçivəsində birgə işinin mükəmməl nümunəsidir”, - Stoltenberq bildirib. O, əlavə edib ki, bu, bizim müttəfiqlərimizi sürətlə gücləndirmək və gücümüzü alyans daxilində yaymaq qabiliyyətimizi nümayiş etdirir: “NATO müdafiə ittifaqıdır. Bizim çəkindirmə qabiliyyətimiz münaqişənin qarşısını alır və sülhü qoruyur. Gücümüz aydın mesaj verməklə hər hansı səhv hesablamanın qarşısını almağa kömək edir. NATO müttəfiq ərazisinin hər qarışını müdafiə edəcək”.
O, həmçinin Rusiyaya xəbərdarlıq edib ki, vəziyyəti daha da gərginləşmək üçün yalan bəhanələrdən istifadə etməsin.
Qeyd edək ki, bu arada Amerika Alimləri Federasiyasının Nüvə İnformasiyası Layihəsinin direktoru Hans Kristensen xəbərdarlıq edib ki, Rusiya NATO-nun “Steadfast Noon” nüvə təlimi ilə eyni vaxtda nüvə silahını sınaqdan keçirə bilər.(Reyting.az)