Deputat: “Azərbaycanla sülh sazişinin imzalanması Ermənistanın daxilindən gələn sosial sifarişdir”
TİAM sədri: “Ermənistanın Qərbə açılan pəncərəsi Türkiyədən keçir”
Yenixeber.org: Oktyabrın 6-da Praqada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Ermənistanın Baş naziri Nikol Paşinyan arasında görüş keçiriləcək. İddialara görə, Ərdoğan Paşinyana iki ölkənin xüsusi nümayəndələri arasında görüşlərin üçüncü ölkələrdə deyil, növbəli şəkildə Türkiyə və Ermənistanda keçirilməsi, bölgədə gərginliyin yaşanmaması üçün təxribatlardan uzaq durulması və Azərbaycanla sülh sazişinin imzalanması istiqamətində mesajlar verəcəyi gözlənilir. Bununla yanaşı, görüş zamanı Zəngəzur dəhlizinin istifadəyə verilməsi məsələsi ətrafında fikir mübadiləsinin aparılacağı da qeyd olunub.
Qeyd edək ki, 44 günlük Vətən müharibəsində Azərbaycanın əldə etdiyi tarixi zəfərdən sonra regionda yeni reallıqlar yaranıb. Ermənistan dəfələrlə təxribatlar yaradaraq üzərinə götürdüyü öhdəlikləri pozsa da, rəsmi İrəvanın Azərbaycan və Türkiyə ilə münasibətləri bərpa etməkdən başqa çıxış yolu qalmayıb.
Bəzi ekspertlər hesab edirlər ki, Ərdoğanla Paşinyan arasında görüş münasibətlərin inkişafında yeni mərhələ olacaq. Lakin bu təmasın sıradan bir təmas olacağını və ciddi nəticələrə gətirib çıxarmayacağını da iddia edənlər var.
Ərdoğanın Paşinyanla gözlənilən görüşünü şərh edən Azərbaycan Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü, Azərbaycan Demokratik İslahatlar Partiyasının (ADİP) sədri Asim Mollazadə deyib ki, Ermənistan təxribatçı siyasətindən əl çəkməli olacaq: “Uzun illər erməni əhalisini “qalib ölkə”, “böyük Ermənistan” kimi mənasız iddialarla nəzarətdə saxlayıblar. Lakin 44 günlük müharibədə Ermənistan ağır məğlubiyyətə uğradı, torpaqlarımız düşmən tapdağından azad olundu. Baxmayaraq ki, Paşinyan məğlub dövlətin başçısı idi, onun partiyası növbədənkənar seçkilərdə yenidən etimad qazandı. Ermənistan ictimaiyyəti revanşistlərə dəstək vermədi və bununla da sülhdən yana olduğunu nümayiş etdirdi”.
“Sülh sazişinin imzalanması, regional sabitliyin təmin olunması Ermənistanın daxilindən gələn sosial sifarişdir və Paşinyan bunu həyata keçirməlidir. Bunu etməsə, həm daxildə dəstəyini itirəcək, həm də qarşısında yenidən Azəraycanı görəcək”, - deyə deputat söyləyib.
Mollazadənin sözlərinə görə, Paşinyanla Ərdoğanın görüşü münasibətlərin inkişafı istiqamətində atılan növbəti addımdır: “Türkiyə açıq şəkildə mövqeyini ifadə edib ki, Ermənistan işğalçı siyasətindən əl çəkərsə, Azərbaycanla münasibətləri bərpa edib, sülh sazişi imzalayarsa, eləcə də saxta “soyqırımı” iddialarını dövlət siyasətinə çevirməzsə, bu halda münasibətlərin bərpası istiqamətində heç bir maneə qalmayacaq. Bununla da regional sabitlik tam mənada təmin olunacaq. Bu, Ermənistanın özünə də lazımdır. Bu yolla həm regional layihələrə çıxış imkanları əldə edəcək, iqtisadi inkişafa yol açacaq, həm də barışığa nail olacaqlar. Hesab edirəm ki, Paşinyan iqtidarı bu fürsəti qiymətləndirməli və öz işğalçı siyasətindən imtina etdiyini bəyan etməlidir”.
Türk-İslam Araşdırmalar Mərkəzinin (TİAM) direktoru Telman Nüsrətoğlu mövzuya dair bildirib ki, Ermənistanın ətrafında geosiyasi reallılqar getdikcə daralır: “Ermənistanın keçmiş prezidentləri Levon Ter-Petrosyanın və Robert Köçəryanın son bəyanataları da bunu deməyə əsas verir. Öz imkanları ilə üst-üstə düşməyən iddialarla çıxış edən erməni şovinizmi və faşizminin çarəsiz duruma düşdüyünü müşahidə edirik. Ermənistanın yeganə xilas yolu Azərbaycanla və Türkiyə ilə münasibətləri bərpa etməkdən və sülh sazişi imzalamaqdan keçir. Bunu hətta obyektiv erməni siyasətçiləri də etiraf edirlər. Bundan kənarda heç bir yol yoxdur”.
“Rusiyanın Ukraynaya qarşı hərbi təcavüzü, bu xüsusda geriləməsi, Qərblə total konfrantasiya şəraitində olması rəsmi İrəvanı yeni himayəçilər axtarışına sövq edib. Bu, əslində onların xislətidir. Deyək ki, Ermənistan Rusiyadan Qərbə doğru üzünü çevirdi. Amma burada bir məqam var ki, Türkiyə olmadan Qərbə inteqrasiya mümkün deyil. Coğrafi şərait də buna imkan vermir. Ermənistanın Qərbə açılan pəncərəsi Türkiyədən keçir. Yalnız bu yolla Avropaya çıxış imkanı qazana bilərlər”, - deyə həmsöhbətimiz vurğulayıb.
TİAM sədrinin fikrincə, Paşinyan Türkiyənin rolunu dərk edir və onunla hesablaşmaqdan başqa yolu yoxdur: “Cənab Rəcəb Tayyib Ərdoğanın da ifadə etdiyi kimi, Türkiyənin Ermənistan məsələsində “qırmızı xətti” Azərbaycanla bağlıdır. Yəni, Ermənistan Azərbaycanla sül sazişi imzalayarsa, işğalçı və təxribatçı əməllərindən əl çəkərsə, o zaman regionda sabitlik tam mənada bərqərar olacaq. Çünki Türkiyənin bununla bağlı aydın mövqeyi var. Bunlar kompleks məsələlərdir və rəsmi İrəvan bunu nəzərə almalıdır”.
“Praqada keçiriləcək bu görüşdə əsas müzakirələr də bununla bağlı olacaq. Paşinyan özü də Ərdoğanla görüşmək niyyətini bəyan edib. Türkiyənin marağı ondan ibarətdir ki, Ermənistanı rasional siyasət yürütməyə dəvət etsin. Yalnız bu yolla regional sülhü təmin etmək mümkündür. Ermənistan revanşist meyllərindən, Azərbaycan və Türkiyəyə qarşı düşmənçilik siyasətindən imtina edərsə, bu, münasibətlərin inkişafında yeni məhələ olacaq”, - deyə Nüsrətoğlu qeyd edib.
Əlavə edib ki, diplomatik münasibətlərin bərpa edilməsi bu görüşün əsas müzakirə predmeti olacaq: “Ermənistan həmçinin qondarma “soyqırımı” siyasətindən imtina etməlidir. Hansı ki, bunu rəsmi olaraq dövlət siyasətinə çeviriblər. Yəqin ki, bu məsələlər görüşdə əsas müzakirə mövzusu olacaq”.(AYNA)