Müstəqil və suveren dövlətin ərazisini işğal edib, əhalisini öldürüb və qaçqın statusuna salıb, sonra da torpaqlarını işğal edib, öz ərazisinə birləşdirmək dünyada Rusiyaya olan hiddəti daha da artırıb. Bəzi proqnozları görə, Kollektiv Qərb bu hadisədən sonra Rusiya ilə münasibətləri davam etdirən ölkələrə qarşı ciddi təzyiqlər həyata keçirəcək. Bu ölkələrin başında isə Türkiyə gəlir.
Yenixeber.org: Məlum olduğu kimi, NATO ölkəsi olmasına baxmayaraq Türkiyə Rusiya ilə isti münasibətlərini davam etdirir, qardaş ölkənin prezidenti R.T.Ərdoğan isə V.Putinlə dostluq münasibətlərini nümayiş etdirməkdən çəkinmir.
Bəs son gəlişmə necə, Türkiyə-Rusiya münasibətlərinə təsir edəcəkmi?
Bir ölkənin ərazisini zorla işğal edib, ilhaqa qalxan prezidenti kimsə təqdir etmir, edə də bilməz. Artıq Türkiyənin özündə belə hakimiyyətə loyallığı ilə seçilən bir sıra siyasət adamları iddia edirlər ki, bu nöqtədən sonra Türkiyə-Rusiya münasibətləri əvvəlki kimi isti ola bilməz və olmamalıdır. Türkiyənin bir sıra tanınmış politoloqları əmindirlər ki, Putin Ukraynanın 4 vilayətini Rusiyaya birləşdirən qərarı imzalayan kimi, Ərdoğan - Putin münasibətləri də daha əvvəlki statusda qala bilməyəcək. Əks halda, Türkiyəyə və cənab Ərdoğana qınaq və şiddətli təzyiqlər başlayacaq.
Bu durumda Azərbaycan nə etməlidir? Rusiya ilə münasibətlərə yenidən baxmaq kimi bir zərurət yaranırmı? Bəzi müxalif siyasətçilər iddia edirlər ki, o halda Azərbaycan Rusiyadan tələb etməlidir ki, “sülhməramlı” adlanan qoşunlarını Azərbaycan ərazisindən çıxartsın.
Abdullah Ağar: “Rusiya-Qərb savaşında Türkiyə və Azərbaycan tələyə düşməməlidir”
Türkiyənin terror və təhlükəsizlik üzrə eksperti Abdullah Ağar mövzunu belə şərh etdi: “İlk olaraq nəzərə alınmalıdır ki, hazırda vəziyyət olduqca gərgindir. Araya girməmək lazımdır. Yəni bunu deməkdə məqsədim odur ki, döyüş bizim deyil. Bu, Rusiya ilə Atlantik arasında bir döyüşdür. Bizi maraqlandıran tərəfləri varmı? Var. Bizi narahat edən tərəfləri varmı? Var. Bizi təhdid edən tərəfləri də var. Biz deyərkən Azərbaycan və Türkiyəni nəzərdə tuturam. Ancaq bu bizim müharibəmiz deyil. Burada vacib olan nədir? Məsum, günahsız insanlar həyatını itirir. Bu dövlətlərin geopolitik savaşı nəticəsində sivil insanlar öldürülür. Bunun aradan qaldırılması üçün bir barış ortaya qoya bilərikmi? İnsanların həyatını xilas etmək üçün nə edə bilərik? Ölkəmizi və öz təhlükəsizliyimizi alovdan necə qoruya bilərik? Bunların son dərəcə önəmli olduğunu düşünürəm. Çünki bu bir geopolitik savaşdır. Digər tərəfdən bu artıq Rusiya üçün bir şərəf uğrunda mübarizəyə çevrilib. Bu anlamda Rusiya da çox gərgin, Rusiya qarşısında olan güclər də gərgindir. Çünki onlar da, xüsusilə də Avropa Birliyi də çox təsirlənir. İndi bu iki tərəf arasındakı savaşdan isə biz özümüzü qorumalıyıq”.
Ekspert hesab edir ki, Türkiyə ilə Azərbaycan arasındakı işbirliyi çəkindirici qalxan kimi özünü göstərməlidir: “Yəni bizi kimsə ələ ala bilməməlidir, tələyə düşməməliyik. Burada hər kəs Türkiyə ilə Azərbaycanı öz mənfəətləri üçün mübarizəyə qatmaq, mövqe göstərməyə məcbur edir. Birləşmiş Millətlər çərçivəsində duruma uyğun hərəkət edərik. Amma bir şəkildə heç kimin qurbanı, oyuncağı deyilik. Biz Azərbaycan və Türkiyə olaraq insanlıq adına, öz dövlətlərimiz adına təhlükəsiz, güvənilən ortam yaratmaq niyyətindəyik. Nəticə etibarilə, referendumla bağlı məsələyə beynəlxalq hüquq müstəvisindən yanaşsaq, bu, bir ölkənin suverenliyi kimi qəbul edilə bilməz. Yəni sən ölkəyə gəl gir, ondan sonra referendum elan elə. Amma Rusiya geopolitik mübarizə aparır və bu mübarizədəki mətləbləri də yaxşı anlamaq lazımdır. Bu nöqtədə savaşın yayılma tendensiyası da müşahidə olunur. Yəni digər ərazilərə yayılma meyli var. Bu ərazilər Türkiyə və ya Azərbaycan olmamalıdır. Bizim haqlı davamız Qarabağımızdır. Qarabağda Zəngəzur dəhlizi ilə bağlı özümüzə uyğun mübarizə aparacağıq. Amma bu mübarizəni geopolitik savaşın bir parçası olaraq görməyəcəyik. Türkiyə və Azərbaycan bu savaşın ölkə daxilinə yayılmaması üçün birgə mübarizə aparmalıdırlar”.
Hikmət Babaoğlu: “İndiki Rusiya sülhməramlılarının Qarabağdan çıxarılmasını tələb eləmək yersiz olardı”
Milli Məclisin deputatı Hikmət Babaoğlu da mövzu ilə bağlı fikirlərini dedi: “Rusiya ilə Ukrayna arasında baş verən münasibətlər hazırkı mərhələdə dünya siyasətinin tarazlığını dəyişib. Beynəlxalq münasibətlər sistemində diplomatik davranışlarda bir ekstra-ordinar hadisə yaradıb. Amma məsələ nə qədər mürəkkəb olursa-olsun müstəqil dövlətlər beynəlxalq hüquq əsasında hərəkət etməklə və beynəlxalq hüququn əsas prinsiplərindən biri olan dövlətlərin ərazi bütövlüyü prinsipinə sadiq qalmaqla mürəkkəb vəziyyəti yaxşılığa doğru dəyişə bilərlər. Ona görə də Rusiya-Ukrayna münasibətləri kontekstində Azərbaycanın rəsmi mövqeyi hər zaman dövlətlərin ərazi bütövlüyünün dəstəklənməsi olub. Ancaq sonuncu hadisələrdən sonra, Ukraynanın 4 vilayətinin Rusiya Federasiyasına birləşdirilməsi qərarından sonra vəziyyət bir qədər daha da mürəkkəbləşib. Ancaq yenə də bu şərtlər içərisində yeganə çıxış yolu beynəlxalq hüququn prinsiplərinin qəbul olunmasından və ona riayət olunmasından keçir. Ona görə də bu mövqe dəyişməzdir.
Qaldı ki, bu mərhələdən sonra Türkiyə-Rusiya, Azərbaycan-Rusiya münasibətlərinə, düşünürəm ki, lap əvvəldən bəri qardaş Türkiyə də Ukraynanın ərazi bütövlüyünə sadiq qaldığını həmişə nümayiş etdirib. Krımın ilhaqı ilə heç vaxt barışmayacağını bəyan edib. Ukraynaya həmişə dəstək olub. Bu dəstək indi də davam etməkdədir. Eyni zamanda, Azərbaycan da bütün humanitar dəstəyinin bütün formalarını dost Ukraynaya edib. Yeni mərhələdə Qərb dövlətlərinin təzyiq etməsi, o cümlədən Türkiyə və Azərbaycanın da Rusiya ilə münasibətlərini məhdudlaşdırmağa çağırması, yaxud istəməsi hazırkı mərhələdə aktual deyil, real görünmür".
Deputat əlavə edib ki, Türkiyə NATO üzvü olan və bəlkə də regionda NATO üzvü olub və olmayan bütün ölkələr içərisində yeganə ölkədir ki, Rusiyanın kollektiv Qərb və bütün dünya ilə əlaqələrini koordinasiya edir: “Əslidə qardaş ölkə hazırkı mərhələdə regional BMT funksiyasını yerinə yetirir. Hətta BMT-nin oynamalı olduğu, amma oynaya bilmədiyi rolu Türkiyə oynayır. Ona görə mən düşünürəm ki, belə bir aktor bütün tərəflərə lazımdır. Hər nə qədər Rusiyaya lazımdırsa, bir qədər də Qərbə lazımdır. Vaxtaşırı baş tutan telefon danışıqları ilə bu qədər mürəkkəb problemləri həll etmək, bunların içindən çıxmaq olmaz. Fikrimcə, Türkiyənin rolu kollektiv Qərb tərəfindən dəyərləndirilməlidir. İstər taxıl dəhlizinin açılması baxımından, istər sülhlə bağlı Ukrayna və Rusiya prezidentləri arasında ən intensiv telefon danışığı aparan bir lider kimi, bir ortaq nöqtə məxrəclərini həyata keçirən siyasətçi kimi qardaş ölkənin prezidentinin bu cəhdləri yüksək qiymətləndirilməlidir. Hətta mən düşünürəm ki, Nobel sülh mükafatına layiq olacaq qədər ciddi bir fəaliyyətdir. Ona görə də bu cür təzyiqləri gözləmək yersizdir.
Təkcə Türkiyə deyil, Macarıstan, Serbiya, bizim bilmədiyimiz üzdə başqa cür, amma dərin diplomatiyada Rusiya ilə tamamilə əlaqələri olan çoxlu sayda ölkələr var. Mən düşünürəm ki, bu əslində normaldır. Nəticə etibarilə, beynəlxalq münasibətlər sistemi milli dövlətlərin cəmləşdiyi və milli maraqların qorunduğu bir platformadır. Ona görə hər bir müstəqil dövlət öz maraqları istiqamətində qərarlar qəbul etməkdə azaddır, sərbəstdir. Bu onların hüququdur".
Millət vəkili qeyd edib ki, indiki mərhələdə bu proseslər kontekstində Azərbaycan ərazisində yerləşən Rusiya sülhməramlılarının Azərbaycandan çıxarılmasının tələb olunması tələskən, bir qədər yersiz olardı: “Ona görə ki, biz dünyanın başqa yerində baş verən mürəkkəb siyasi prosesləri bütün hallarda özümüzlə əlaqələndirib buna özümüzü bağlamalı deyilik. Sülhməramlıların Azərbaycana gəlişi Azərbaycanın razılığı ilə olub. Konkret müddət ərzində və qəti bir fəaliyyətdir. 4 ildən sonra bu, onsuz da lazımsız fəaliyyətə çevriləcək. Çünki kommunikasiyalar açıldıqdan sonra, regiona inteqrasiya baş tutandan sonra buna ehtiyac qalmayacaq. Ona görə də bu məsələni gündəmə gətirmək tezdir”.
Qeyd edək ki, sentyabrın 23-27-də Ukraynanın Rusiya işğalı altında olan Donetsk, Luqansk və Zaporojye vilayətlərində “referendum” keçirilib. Vətəndaşlar Rusiyanın tərkibinə daxil olmağa razı olub-olmadıqları barədə suala cavab veriblər. Elan olunan nəticələrə görə, “referendum”da iştirak edənlərin çoxu həmin vilayətlərin Rusiyanın tərkibinə daxil olmasına səs verib. Rəsmi Kiyev və dünyanın heç bir ölkəsi “referendum”ların nəticəsini tanımayıb. Sentyabrın 30-da Rusiya prezidenti Vladimir Putin Zaporojye və Xerson vilayətlərinin “suverenliyi”nin və “müstəqilliyi”nin tanınması haqqında fərman imzalayıb. Kremldə V.Putinin iştirakı ilə həmin ərazilərin Rusiyaya birləşdirilməsi barədə sazişlərin imzalanması gözlənilirdi.(musavat)
Afaq MİRAYİQ