"Siyasi partiyalara maraq sıfır dərəcəsindədir"
“Bizim düşündüyümüz səviyyədə Azərbaycanda demokratiyaya dəstək yoxdur. Xalqın özü də kifayət qədər siyasi aktivlik nümayiş etdirmir. Siyasi partiyalara maraq sıfır dərəcəsindədir. Müxalifət də bunları və yerləşdiyimiz bölgədə baş verən hadisələri nəzərə alır. Bu şəkildə xüsusi aktivlik göstərmək təhülükəli tendensiyalara yol aça bilər”.
"Xeberinfo.com": Məlumata görə, bunu Modern.az saytına Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu deyib. O bildirib ki, müxalifət arasında baş verən qarşıdurmalar müxalifətə təsir edir:
“Bütövlükdə Azərbayacanda ümumi siyasi ətalət hökm sürür. Nə iqtidarda, nə də müxalifətdə siyasi inkişaf var. Cəmiyyət aportik vəziyyətdədir. Azərbaycanda indiki susqunluğun bir çox ciddi obyektiv səbəbi var. Bizim yerləşdiyimiz bölgədə çox ciddi hadisələr baş verir. Bu hadisələri nəzərə almadan ölkədə yerli-yersiz bir aktivlik göstərmək heç də yaxşı nəsə vəd etmir. Yəni faktiki olaraq təhlükəli tendasiyalara yol aça bilər. Ona görə də müxalifət müəyyən mənada özü də çalışır ki, əvvəlki illərdən fərqli olaraq çox ciddi fəallıq olmasın.
Onu da deyim ki, müxalifət eloktratı passiv də olsa, çox ciddi şəkildə inkişaf edir. Ölkə də sosial və iqtisadi vəziyyət yüksəldikcə, bu proses də inkişaf görünür. Amma təbii ki, bütünlükdə təşkilatlanma baxımından, müxalif eloktratı təşkilatlandırmada ciddi problemlər var. Bu problemlər də obyektivdir. Bunun bir səbəbi hökumətin yaratdığı problemlərdir, digər tərəfdən biz özümüz şüurlu şəkildə passivlik edirik. Məsələn, Türkiyədə dünənə kimi AKP-nin hakimiyyətdən getməsini istəyən qüvvələr ölkədə baş verən məlum səbəblərə görə bu gün onlarla birləşib. Hətta CHP AKP ilə koalisiya yaradır. Onların yeganə şərti də Türkiyədə olan hadisələr və təhlükələrdir. Eyni təhlükə Azərbaycan da da var. Ona görə biz məcburuq ki, istəsək və ya istəməsək də iqtidarla hansısa şəkildə yaxınlaşaq.
Müxalifətin öz içərisində baş verən hadisələr və qarşıdurmalar da var. Baş verən bu hadisələrin əsas səbəbi ondan ibarətdir ki, uzun müddət nailiyyət əldə eləməyən siyasi qüvvələr öz aralarında bir dənə günah keçisi tapmağa çalışırlar. Müsavatın və AXCP-nin bir-birinə və digər siyasi partiyaların hökumətə işləməsini ittiham etməsi, öz aralarında intiriqa aparma səbəbi bu nailiyyətsizlik sindiromu ilə bağlıdır”.
Sərdar Cəlaloğlu deyir ki, mümkündür ki, tezliklə Azərbyacanda da siyasi baxımdan müəyyən dəyişiklər olsun:
“Azərbaycanda xalqın özü kifayət qədər siyasi aktivlik göstərmir. Demək olar ki, siyasi partiyalara maraq sıfır dərəcəsindədir. Biz gedib camaatı inzibati qaydada YAP kimi öz sıralamıza yaza bilmərik. Biz o zaman ciddi siyasi işlər görə bilərik ki, xalq özü də siyasi partiyalara ehtiyac duysun. Onu təşkilatlandırsın, maliyyə və mənəvi dəstəyini versin. Bu isə bizdə yoxdur. Yəni Azərbaycan xalqı siyasi partiya istəmir. Bu zaman siyasi partiya neyləməlidir axı?
Amma bütün bunların hamısı keçiçidir. Tezliklə müəyyən bir situasiyadan sonra Azərbaycanın özündə də çox ciddi dəyişikliklər və siyasi fəallıqlar olacaq. Hər şey bir günün içində o qədər kəskin dəyişə bilər ki... O zaman heç ağlınıza gəlməz ki, bu sizin həmin gördüyünüz passiv xalq və ya müxalifətdir”.