“PUTİNƏ GÖZLƏNİLMƏZ MEYDAN OXUNMASI...” –“Tokayev ABŞ, Çin və Türkiyə kimi ölkələrdə dayaq nöqtəsi axtarır”
Rusiya Ukraynaya hücum edəndən sonra Kollektiv Təhlükəsizlk Müqaviləsi Təşkilatındakı (KTMT) müttəfiqlərinin hardasa Belarus kimi davaranacağını düşünürdü. Amma Rusiyanın yaxın qonşuları Kremlin Ukraynadakı avantürasına qoşulmaq niyyətində olmadıqlarını göstərdilər.
Yenixeber.org: Qazaxıstan Prezidenti Tokayevin Ukraynada baş verənlər barədəki mövqeyi onların Rusiyadan asılılıq bağlarını tədricən qıracaqlarının işarəsidir. Qazaxıstanla yanaşı, digər Orta Asiya dövlətləri də Rusiyaya alternativ kimi regionda ABŞ, Çin və Türkiyə kimi digər güclərin təsirinin artmasına çalışırlar.
ABŞ-ın “The Wall Street Journal” qəzeti “Putinə gözlənilməz meydan oxunması: Orta Asiya müttəfiqlərinin ona qarşı biganəlikləri” başlıqlı məqaləsində sözügedən məsələyə toxunur.
Həmin məqaləni qısa ixtisarla təqdim edirik: ”İlin əvvəlində Rusiya Qazaxıstandakı hökumət əleyhinə iğtişaşları yatırmaq üçün müttəfiqinin köməyinə iki mindən çox hərbçi yollamışdı. Bu hadisədən altı həftə sonra Rusiya qoşunları Ukraynaya daxil oldu. Qazaxıstanın ona göstərilən xidmətə görə öz şimal qonşusunu dəstəkləmək imkanı yaranmışdı. Ancaq o, bunu etmədi.
Bunun əvəzinə, digər Orta Asiya ölkələri kimi, Qazaxıstan da öz neytrallığını saxladı. Qazaxıstan Moskvaya qarşı tətbiq edilən Qərb sanksiyalarına riayət edəcəyini bildirib və Avropaya neft ixracını artırmağı planlaşdırır. Bundan başqa, Qazaxıstan hərbi büdcəsini artırıb və Vaşinqtonla yaxınlaşmaq və onun orbitinə daxil olmaq perspektivi ilə Amerika nümayəndə heyətini qəbul edib.
Moskva ilə onun Orta Asiyadakı ən böyük müttəfiqi arasında genişlənən uçurum Putin üçün gözlənilməz çağırışdır. Sovet İttifaqının dağılmasınadan sonra Moskva hərbi və iqtisadi müttəfiqlik sistemi vasitəsilə keçmiş “qardaş” respublikalar üzərindəki təsirini saxlayırdı. Onların içərisində başlıca rolu neftlə zəngin və ərazisi bütün Qərbi Avropadan böyük olan Qazaxıstan oynayır. Rusiya ilə Qazaxıstanın 7,6 min kilometrlik ümümi sərhədi var və bu, ABŞ ilə Kanada arasındakı sərhəddən sonra dünyadakı ikinci ən uzun sərhəddir.
Rusiyanın Ukraynada apardığı müharibə onun Qazaxıstanla münasibətlərini dəyişib. Qazaxıstanın indiki və keçmiş məmurları, analitikləri deyirlər ki, Tokayev bu gün ölkənin xarici siyasətində Rusiyanın imtiyazlı mövqeyinə yenidən baxmaq niyyətindədir və ona görə də ABŞ, Çin və Türkiyə kimi ölkələrdə dayaq nöqtəsi axtarır.
Əsas həlledici məqam iyun ayında Prezident Kasım-Jomart Tokayevin Putinin Sankt-Peterburqdakı iqtisadi forumunda iştirakı zamanı baş verdi. Rusiya liderinin də iştirak etdiyi konfransda Tokayev bəyan etdi ki, Donbasdakı iki separatçı respublikanı tanımayacaqlar.
Həmin səfər zamanı Tokayev Rusiya dövlət televiziyasına bildirib ki, onun ölkəsi sanksiyalardan yan keçmək üçün Rusiyaya kömək etməyəcək, lakin onu da qeyd edib ki, Moskva əsas müttəfiq olaraq qalacaq. Bu, çox kövrək tarazlıqdır. Moskvanı acıqlandırmamaq üçün Qazaxıstan müharibə əleyhinə yürüşlər keçirilməsinə qadağa qoyub. Bununla yanaşı, Rusiyada təbliğat rəmzinə çevrilən “Z” işarəsinin açıq şəkildə nümayişinə də imkan verilmir.
Qazaxıstanlı deputat Sayasat Nurbek Qazaxıstanın indiki siyasətini izah etmək üçün burundukun (gəmirici heyvandır) nəyə görə zolaqlı olması haqqında Sibir təmsilini misal çəkib. Nurbek deyib: ”Ayı ilə burunduk dostlaşırlar və günlərin bir günü kefi yaxşı olan ayı brundukun kürəyini tumarlamaq istəyir və burundukun kürəyini dırnaqları ilə cızır. Bu təmsilin məğzi belədir: sən ayının dostusunsa, onun kefi lap yaxşıdırsa belə, kürəyini həmişə qoruyacaqsan”.
Qazaxıstanın Rusiya ilə eyni yolu getməyəcəyinin ilk siqnalı müharibənin əvvəlindən də bəlli idi. Mart ayında BMT-nin Rusiyanın Ukraynaya müdxiləsinə son verilməsi ilə bağlı səsvermədə Qazaxıstan bitərəf qalmışdı. Bundan bir neç gün sonra Qazaxıstan “Boeing767” təyyarəsi ilə Ukraynaya 28 min tonluq dərman göndərdi, sonradan bu cür reyslər bir neçə dəfə davam etdi.
İyul ayının əvvəlində Qazaxıstan Maliyyə Nazirliyi bəzi ixrac məhsulları ilə bağlı Qərbin Rusiyaya qoyduğu sanksiyalara riayət olunması əmrinin layihəsini dərc etdi. Qazaxıstanın mövqeyi Rusiyada bir çoxlarını əsəbləşdirib. Rusiyanın tanınmış teleaparıcısı Tiqran Keosayan qəzəblə maraqlanıb: ”Qazaxlar, qardaşlar, bu nə nankorluqdur? Ukraynaya diqqətlə baxın, ciddi düşünün. Çünki əgər siz hesab edirsinizsə ki, bundan sonra da belə hiyləgər olacaqsınız və buna görə sizə heç nə olmayacaq, səhv edirsiniz”.
Qazaxlar bu cür bəyanatlara çoxdan alışıblar. Ölkə əhalisinin 20 faizi etnik ruslardır və rus millətçiləri Qazaxıstanın şimalını öz torpaqları hesab edirlər. 2014-cü ildə Rusiya Krımı ələ keçirdikdən sonra Putin bəyan etmidi ki, SSRİ dağılana kimi Qazaxıstanın öz dövləti olmayıb.
2014-cü ildə Ukraynada baş verənlərdən sonra onun sözlərinə çox ciddi yanaşmağa başladılar. Həm də Qazaxıstan Rusiya ilə sərhədləri olan yeganə Orta Asiya ölkəsidir. Orta Asiya dövlətlərindən heç biri Rusiyanın apardığı müharibəni dəstəkləmir, Özbəkistan isə hətta uca səslə Donbasdan ayrılan oyuncaq respublikaları tanımadığını bildirib.
ABŞ son illərdə bu regiondan geri çəkilmişdi, indi onun burada öz təsirini bərpa etmək üçün imkan yaranıb. Aprel ayından başlayaraq amerikalı məmurlar bir neçə dəfə regiona səfər ediblər.
Rusiya Elmlər Akademiyasının Orta Asiya üzrə təhqiqatçısı Andrey Qrozin deyib: ”ABŞ-ın Qazaxıstanla yaxınlaşması Moskvanı çaşdırıb. Hərçənd ki, Kreml hələ ki, narahat deyil. Əgər Qazaxıstan hökuməti Rusiya üçün düşmən mövqeyində dayanarsa, bu, Ukraynaya qarşı düşmənçilkdən daha qorxulu olar. Ölkələr arasındakı ümumi sərhədin uzunluğunu xüsusilə nəzərə almaq lazımdır. Amma mən düşünmürəm ki, vəziyyət elə bir həddə çatsın. Qazaxıstan elitasının özünüqoruma instinkti onların ukraynalı həmkarlarına görə daha güclü inkişaf edib”.
Baydenin insan haqları üzrə nümayəndəsi Qazaxıstana səfərindən sonra qonşu Qırğızıstana yollanmışdı. ABŞ nümayəndəsi ilə Qırğızıstanın o vaxtkı Xarici İşlər naziri Ruslan Kazakbekovun keçirdiyi mətbuat konfransında qırğız nazir bəyan etmişdi ki, çox yaxında iki ölkə arasında əməkdaşlıq haqqında ikitərəfli müqavilə imzalanacaq və Bişkek iqtisadiyyat və təhsil sahəsində kömək alacaq.
Lakin səkkiz gündən sonra Kazakbekov səhhəti ilə əlaqədar istefa verdi. Məlumatlı mənbələrin bildirdiyinə görə, bu, Moskvanın tələbi ilə olub. Kreml və Qırğızıstan XİN bu barədəki sorğuya cavab verməyiblər, Kazakbekovun özü isə hadisəni şərh etməkdən yayınıb.
Orta Asiya ölkələrinin Rusiya ilə mədəni, iqtisadi və tarixi bağları dərindir. Bundan əlavə, Moskvanın Qırğızıstan və Tacikistanda hərbi bazaları var. Rusiya həmçinin Qazaxıstandakı poliqonda Hava Hücumundan Müdafiə raketlərinin sınaqlarını keçirir.
Rusiya bu regionun əsas ticarət əməkdaşıdır və milyonlarla miqrantı işlə təmin edir. Qırğızıstanın Ümumi Daxili Məhsulunun üçdə biri, Tacikistanın dörddə biri, Özbəkistanın isə ÜDM-nin 10 faizi pul köçürmələrindən təşkil edilir ki, bunun da əksər hissəsi Rusiyanın payına düşür.
Qərbin sanksiyalarından sonra Qazaxıstanın Rusiya ərazisindən Avropya gedən ənənəvi marşrutu demək olar ki, dayanıb. İndi Qazaxıstan məmurları bütün səyləri ilə ticarəti şaxələndirməyə çalışırlar. Dünya Bankı bu il Orta Asiya iqtisadiyyatının 4,1% geriləyəcəyini gözləyir. Ukraynada müharibə başlayandan bir neçə həftə sonra Qazaxıstan nümayəndə heyəti Çindən Avropaya Orta Asiya, Qafqaz regionu və Türkiyədən keçəcək “Orta dəhliz” adlandırılan ticarət marşrutunun dirçəldilməsi ilə əlaqədar danışıqlar aparmaq üçün Azərbaycan və Gürcüstana yollanıblar.
Türkiyənin “Asiya-Sakit okean Araşdırmaları Mərkəzi”nin direktoru Selcuk Çolakoğlu bildirib ki, əvvəllər bu ticarət yoluna Orta Asiyada, Çində və Türkiyədə çiddi yanaşmırdılar, həm də müəyyən mənada ona görə ki, bu ölkələrin hökumətləri Rusiyanı qəzəbləndirmək istəmirlər. Onun sözlərinə görə, Ukraynada gedən müharibə bölgə ölkələrinə, həmçinin də Çin və Türkiyəyə Moskvanın hökmdarlığına qarşı çıxmaq cəsarəti verib.
Ukrayna müharibəsi Orta Asiya respublikalarını həyəcanlandırıb və “Orta dəhliz” barəsində yeni mübahisələr qızışıb.
Ticarətin şaxələndirilməsi Qazaxıstan üçün həyatda qalmaq məsələsidir. Son bir neçə ay ərzində Rusiya iki dəfə Xəzər boru kəmərini bağlayıb. Qazaxıstan neftinin 80%-i bu kəmər vasitəsilə Qara dənizdəki Novorosiysk limanına, oradan isə Avropaya gedir. Qazaxıstan öz yüklərini Xəzər dənizindəki Aktau və Kurık limanları vasitəsi ilə göndərib.
İyul ayının əvvəlində Rusiya məhkəməsi ekoloji pozuntulara görə 30 günlük qaz boru kəmərinin işini dayandırıb. Prezdent Tokayev neft şirkətlərinə yeni marşrutlar üzərində işləməyi tapşırıb.
Uzun illər ərzində Moskva və Pekin arasında açıq bəyan edilməyən əmək bölgüsü mövcud olub. Rusiya regionun təhlükəsizliyini təmin edib, Çin isə iqtisadiyyatı inkişaf etdirib. İndi artıq bu vəziyyət dəyişir.
Aprel ayının sonunda Çinin Müdafiə naziri Vey Fenxe Qazaxıstana səfər edərək Prezident Tokayevlə görüşüb. Çin Müdafiə Nazirliyinin məlumatına görə, tərəflər hərbi əməkdaşlığın inkişaf etdirilməsində razılığa gəliblər. Bundan əlavə, Qazaxıstan Türkiyə ilə də münasibətləri möhkəmləndirir. May ayında Tokayev Ankaraya səfəri zamanı Qazaxıstanda döyüş PUA-larının müştərək istehsalı üçün Türkiyə ilə müqavilə imzalayıb. Nəhayət, Qazaxıstan öz hərbi büdcəsini 441 milyard tenqə artırıb (918 milyon dollar).
Qərbdəkilərin əksəriyyəti Rusiya ordusunu kağızdan pələnğ hesab edirlər, lakin Orta Asiyadan olan yüksək vəzifəli məmur deyib: ”Əksinə, Rusiya ordusundan qorxu yalnız möhkəmlənir. Rusların başqa problemləri varsa və Ukrayna və ya Şərqi Avropa ilə dalaşırlarsa, bu, ayrı bir məsələdir. Amma təsəvvür edin ki, Ukrayna olmasaydı, nə olardı. Növbədə kimi olacaqdı, biz?”
“Azpolitika”