Bu halda müharibənin arealı genişlənə bilər -Şərh
“Əslində, yaşanan bu müharibə məhz Qərbin istəyi idi və Ukrayna onsuz da qurban seçilmişdi. Onu nə NATO-ya, nə də Avropa Birliyinə qəbul etdilər. Hələlik üzvlüyə namizədlik məsələsi gündəmdədir. Lakin hələ də birliyə qəbuldan danışmaq olmaz”.
Yenixeber.org: Bunu “Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzi”nin sədri, siyasi ekspert Samir Hümbətov deyib.
Onun sözlərinə görə, Rusiya maliyyə baxımından elə bir vəziyyətə gətirilib ki, onun son bir neçə gündə itkisi təqribən 2 trilyon dollardan çoxdur: “Üstəlik, Qərb ölkələri hava məkanlarını Rusiyanın üzünə bağlayıb ki, bu da çox vacib məqamdır. Bu gün müharibə gedir və Rusiyanın Ukraynadakı qoşunları bəzi yaşayış məntəqələrini tutsalar da, tam mənada uğurdan söhbət etmək yersizdir. Ukrayna hazırda Kiyevi qorumaq üçün köklənib. Rusiya isə özü üçün strategiya qurub ki, Kiyevə hücumu çoxaltsın və bununla da digər şəhərləri rahatlıqla götürsün. Lakin məsələ burasındadır ki, Türkiyə istehsalı olan “Bayraktar TB2”lər həmin ərazilərdə çox sürətlə işləyirlər və Rusiyanın xeyli sayda silah-sursat və hərbi texnikası sıradan çıxarılıb. Rusiya demək olar ki, quru qoşunları ilə hansısa uğuru qazana bilmir və hazırda 2 əsas istiqamət üzrə hərəkət edir. Birincisi, hava hücumundan müdafiə sistemlərindən - hansı ki, raket komplekslərindən dinc əhaliyə atəş açmaqla, ikincisi, döyüş təyyarələri ilə hücum etməklə. Bunlar da zaman-zaman sıradan çıxarılır. Artıq Rusiyanın 30-dək təyyarəsi, 900-ə yaxın zirehli texnikası, 200-ə yaxın tankı məhv edilib. Bir sözlə, Rusiyanın xeyli sayda hərbi texnikasına ziyan dəyib, 6000-ə yaxın hərbçisi öldürülüb, 200 hərbçisi isə əsir götürülüb. Bütün bunlardan bir nəticə çıxır ki, Rusiyanın imici çox ciddi zərbə alıb və çətin ki, bundan sonra tez bir zamanda özünə gələ bilsin”.
S.Hümbətov əlavə edib ki, Rusiya hansısa ərazini tuta bilər, lakin Kiyevin əldə edilməsi o qədər asan iş deyil: “Hakimiyyəti dəyişməyə müvəffəq olsa belə, Rusiyanın Ukraynada ciddi bir uğur qazanacağı gözlənilmir. Çünki ukraynalılar artıq Rusiyaya nifrət edir və ona qarşı dirəniş göstərirlər. Bu da təbii ki, Ukraynanın gələcək istiqamətinin nə olduğunu göstərir. Bu gedişlə Rusiya ilə münasibətləri olan digər ölkələr də artıq yavaş-yavaş ondan uzaqlaşmağa başlayacaq və beləliklə Rusiya imicini tamamilə itirəcək. Qərbin əsas marağı Rusiyanı parçalamaqdır və bunun üçün bütün vasitələrdən istifadə edəcək. Belə olan halda isə əllərində 2 yem var - biri Gürcüstan, digəri Ukrayna. Dünən Belarus da müharibəyə qoşuldu və belə çıxır ki, Qərbin digər hədəfi isə artıq Lukaşenkodur. Bildiyiniz kimi, ABŞ Prezidenti Co Bayden bir neçə gün öncə öz vətəndaşlarına Rusiya və Ukraynadan çıxmaq barədə göstəriş vermişdi. Bu o deməkdir ki, artıq bu ərazilərdə müharibə ola bilər. Digər tərəfdən, NATO Polşa və Rumıniyaya hərbi texnika və 100 mindən çox qoşun yığıb. Bunun isə 2 nəticəsi ola bilər. Ya Ukraynanı bir gün içində NATO-ya qəbul edib ittifaqa üzv dövlət kimi dəstək verə bilər, ya da bir bəhanə ilə Belarusa soxula bilər. Bütün bunların fonunda müharibənin arealı genişlənə bilər”.