PUTİN NƏHAYƏT ETİRAF ETDİ –Kreml öz tərəfdaşlarını düşmənə çevirib
Rusiya Prezidenti Vladimir Putin noyabrın 18-də Xarici İşlər Nazirliyinin kollegiyasında çıxışı zamanı Avropa İttifaqını, NATO-nu, o cümlədən ayrı-ayrı ölkələri - ABŞ-ı, Fransanı, Almaniyanı, Polşanı və Ukraynanı ittiham etdi.
Yenixeber.org: Putin dedi ki, Qərb Rusiyaya təhlükəsizlik təminatı verməyənə qədər Kreml onlara hər zaman “qırmızı cizgiləri” xatırladacaq. “Biz heç kimlə münaqişə istəmirik” deyən Kreml sahibi əslində buna tərs siyasət yürüdür. Rusiya yaxın ətrafında həm münaqişələr yaradır, həm də onları idarə etməyə çalışır.
Vladimir Putin Belarus-Polşa sərhəddindəki son olaylara görə yenidən Polşanı ittiham etdi. Putin Polşa sərhədçilərinin sərhəddəki miqrantlara qarşı qeyri-insani davrandığını bildirdi. Putin bircə kəlmə də demədi ki, həmin miqrantlar necə olub ki, Belarus tərəfdən Polşa ilə sərhəddə toplaşıblar? Miqrantların təyyarələrlə və daha sonra avtobuslarla Polşa sərhədinə gətirilməsi xüsusi plan əsasında həyata keçirilib. Polşa isə istənilən dövlət kimi sərhəddini qoruyur, miqrantların bu ölkəyə daxil olmaları üçün vizaları yoxdur. Ümumiyyətlə, Kremlin nəzarətində olan Rusiya mediasında Polşaya qarşı nifrət siyasəti həyata keçirilir.
Putin Ukrayna hakimiyyətinə qarşı müxtəlif ittihamlar səsləndirib, guya rəsmi Kiyev Minsk razılaşmalarını yerinə yetirmir. Putin Kiyevi onda da ittiham etdi ki, Ukrayna hakimiyyəti ABŞ və NATO-nun hərbi qüvvələrinə Qara dənizdə fəaliyyət imkanı yaradıb. Minsk razılaşmalarını pozan Kremldir. Donbasda yaşayanlara Rusiya pasportlarının paylanması artıq bu ərazinin ilhaqı deməkdir. Rusiya Ukrayna ilə sərhəddə qoşunlarını cəmləşdirir. Bununla Kreml Kiyevi qorxutmağa çalışır ki, Ukrayna ərazi bütövlüyünü təmini barədə planları reallaşdırmasın. Əlbəttə, Ukrayna Prezident Vladimir Zelenski müharibə tərəfdarı deyil, ancaq o ölkəsinin ərazi bütövlüyünü təmin etmək üçün fəaliyyət göstərmək məcburiyyətindədir. Rusiya isə Kiyevi onunla hədələyir ki, Ukrayna ordusu Donbasa daxil olsa, Rusiya Ukraynanı yarıya qədər parçalayacaq, Xarkov, Dnepr, Odessa, Mariupol, Xerson, Xarkov kimi iri yaşayış məntəqələrini də ələ keçirəcək.
Vladimir Putin Xarici İşlər Nazirliyinin kollegiyasında çıxışı zamanı bir neçə cümlə ilə Azərbaycan-Ermənistan sərhədində baş verənlərə də toxundu. Kreml sahibi dedi ki, vəziyyətin nizamlanmasında rusiyalı sülhməramlı kontingentə böyük ehtiyacın yarandığı bir daha sübut olundu. Bu, ikibaşlı cümlədir. Putin bununla demək istəyib ki, Qarabağdakı rusiyalı sülhməramlılar vəzifələrinin öhdəsindən layiqincə gəlirlər, yoxsa rusiyalı hərbçilərin Ermənistan-Azərbaycan sərhəddində də yerləşməsinə ehtiyac var? Məsələ burasındadır ki, Azərbaycan-Ermənistan sərhədi qeyri-müəyyəndir, Azərbaycan ordusu SSRİ xəritələri əsasında sərhədi bərpa edir.
Beləliklə, Vladimir Putinin çıxışından bu qənaətə gəlmək olar ki, Rusiya qarşısında təhlükələr çoxdur. Ancaq bu təhlükələrin böyük qismini Rusiya hakimiyyətinin özü yaradıb. Elə Putinin özü də etiraf edib ki, bir müddət əvvəl Rusiyanın tərəfdaşları olan Qərb ölkələri Rusiyanın rəqiblərinə, hətta düşmənlərinə çevriliblər. Bunun səbəbi Rusiyanın son illərdə yürütdüyü siyasətlə bağlıdır. Kreml həmin dövlətlərə başqa seçim qoymadı.
“Atlas” Araşdırmalar Mərkəzi