“Azərbaycanın sadə vətəndaşlarından, xüsusən də sosial şəbəkələrdə Ukraynaya dəstək üçün çoxlu telefon zəngləri və mesajlar aldıq. Bu, mənə İkinci Qarabağ müharibəsi zamanı sadə ukraynalıların Azərbaycanı necə dəstəklədiyini xatırladır. Ölkəmiz üçün belə çətin bir zamanda Ukrayna xalqı ilə həmrəylik nümayiş etdirən bütün azərbaycanlılara dərin təşəkkürümüzü bildiririk”.
Yenixeber.org: Bu sözləri Ukraynanın Bakıdakı səfiri Vladislav Kanevski Tvitterdə Azərbaycan xalqına təşəkkür müraciətində yazıb. Diplomat daha sonra ölkəsində yaranış vəziyyətlə bağlı mətbuat konfransı keçirib və qeyd edib ki, Azərbaycanın ATƏT-dəki nümayəndəsi Ukrayna dövlətinə dəstəyini ifadə edib.
Azərbaycan xarici işlər nazirinin müavini Araz Əzimov ATƏT-in Daimi Şurasının xüsusi iclasında Ukraynada və ətrafındakı vəziyyətin ciddi narahatlıq doğurduğunu qeyd edib. O, bildirib ki, problem dövlətlərin suverenliyi, ərazi bütövlüyü, sərhədlərin toxunulmazlığı, habelə ATƏT məkanında təhlükəsizliyin bölünməzliyi əsasında dinc və diplomatik yollarla həll olunmalıdır.
Prezidentin beynəlxalq məsələlər üzrə köməkçisi Hikmət Hacıyev də Ukraynada yaranmış vəziyyəti şərh edərkən məsələnin siyasi, diplomatik yollarla və dialoq əsasında həll edilməsini, atəşkəsə nail olunmasını vacib sayıb. O, bildirib ki, beynəlxalq hüququn norma və prinsipləri, dövlətlərin suverenliyi və ərazi bütövlüyü rəhbər tutulmalıdır.
Xatırladaq ki, fevralın 6-da Azərbaycan Prezidenti Ukrayna ilə diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümündə bu ölkənin prezidenti Volodimir Zelenskiyə ünvanladığı məktubunda bildirib ki, Azərbaycan və Ukrayna beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı prinsipinə sadiq qalaraq, bir-birinin ərazi bütövlüyünü dəstəkləyir. Bundan öncə, yanvarın 14-də prezident İlham Əliyev Ukraynaya rəsmi səfər edib.
Müharibədən iki gün əvvəl isə Moskvada Azərbaycanla Rusiya prezidentləri qarşılıqlı yardım və müttəfiqlik haqqında bəyannamə imzalayıblar.
Onun ardınca, Avropa Şurasının Nazirlər Komitəsi Rusiyanın üzvlüyünün dayandırılmasını səsverməyə çıxarıb. Azərbaycan bu səsverməyə qatılmayıb.
Fevralın 25-də Azərbaycan Ukraynaya böyük miqdarda humanitar yardım göndərib. Bundan başqa, SOCAR Ukraynada humanitar təyinatlı avtomobillərə yanacağı pulsuz payladığını elan edib.
Azərbaycanın Rusiya-Ukrayna müharibəsində tutduğu mövqe yetərlidirmi, rəsmi Bakı daha nələr edə bilərdi?
Politoloq Zərdüşt Əlizadə bildirib ki, Azərbaycan kifayət qədər yaxşı mövqe tutub: “Biz bundan artıq heç nə edə bilmərik. Diplomatik qaydada Ukraynanın ərazi bütövlüyünə və suverenliyinə dəstəyimizi bildirmişik. Daha nə etməliyik, ordu göndərəsi deyilik ki?!”
Politoloq əlavə edib ki, Azərbaycan Ukrayna dövlətinə və xalqına həmişə dəstək olub: “Lazım olanda, pul, neft vermişik, bizim də əlimizdən bu qədər gəlir”.
Politoloq Ərəstun Oruclu isə deyib ki, Rusiya-Ukrayna müharibəsi ilə bağlı Azərbaycan cəmiyyətində iki mövqe var: biri cəmiyyətin, digəri isə hakimiyyətin mövqeyidir. Onun sözlərinə görə cəmiyyətin əksəriyyəti Ukrayna dövlətinin və xalqının yanındadır, amma hakimiyyətin mövqeyi ortalıqda yoxdur:
“Yəqin ki, Rusiyadan ehtiyat edirlər. Amma onu unutmaq olmaz ki, 44 günlük müharibə zamanı Ukrayna dövləti bizi müdafiə edib, Rusiya başda olmaqla bəzi MDB ölkələri isə Ermənistana dəstək verib. Bu baxımdan, mənim üçün rəsmi Bakının Ukraynaya təcavüzlə bağlı mövqe qoymaması anlaşılan deyil. Bundan başqa, Rusiyanın Ukraynada yaratdığı qondarma rejimləri dövlət kimi tanıdığı gündə Moskva bəyannaməsini imzalamağa nə ehtiyac vardı? Türkiyə ilə müttəfiqliyimizi əks etdirən Şuşa bəyannaməsindəki bir çox bəndələr Rusiya ilə imzalanan sənəddə də var. Ola bilər, Moskva bəyannaməsi elə kağız üzərində qalsın, ratifikasiya edilməsin. Amma Rusiya bu sənədin qanun halına gəlməsi üçün Azərbaycana ciddi təzyiqlər edəcək”.
Ə.Oruclu vurğulayır ki, Moskva bəyannaməsi, ümumiyyətlə, Ukrayna məsələsində Azərbaycanın yerini müəyyənləşdirib: “Beynəlxalq prizmadan baxdıqda belə görünür ki, Azərbaycan hazırda Rusiyanın iki müttəfiqindən biridir. Belarusla bir sıradayıq. Hesab etmirəm ki, bizim yerimiz Rusiya və Belarusun yanıdır. Azərbaycan ən azı Ukraynaya diplomatik, siyasi dəstək verməliydi. Bildirməliydi ki, Ukraynada yaradılan qondarma rejimləri heç vaxt tanımayacaq. Ən azı ona görə ki, biz özümüz belə bir problemlə üzləşmişik. Heç kim təminat verə bilməz ki, Rusiya Qarabağda həmin hərəkətləri təkrar etməyəcək. Bəzi hakimiyyətyönlü ekspertlər əsas gətirirlər ki, Azərbaycan Moskva bəyannaməsini imzalamasaydı, təhlükəsizliyinə təhdid yarana bilərdi, Qarabağdakı separatçıları tanıya bilərdi və s. Rusiya onsuz da Qarabağda bildiyini edir. Bu arqumentlərin heç bir əsası yoxdur. Bu gün Ukraynada rus ordusu müəyyən qədər irəliləyib, ərazilər ələ keçirib və s. Amma bir qədər sonra biz onların itkilərini öyrənəndə dəhşətə gələcəyik. Yəni Rusiyadan qorxmağa dəyməz, onun yaratdığı mif də dağılır. Ona görə də təklif olunan Moskva bəyannaməsini imzalamamaq lazım idi. Əsas kimi də Türkiyə ilə imza atdığımız Şuşa bəyannaməsini göstərə bilərdik”.(pressklub)
Turqut