Əliyevin postmünaqişə strategiyası:Qərb də reallığı qəbul edir - TƏHLİL
Azərbaycan Prezidenti İlham Əliyev, Fransa prezidenti Emmanuel Makron, Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel və Ermənistanın baş naziri Nikol Paşinyanın videoformatda keçirilən görüş rəsmi Bakının postmünaqişə dövründə diktə etdiyi gündəliyinin və regionun gələcəyinin məhz bu gündəlik əsasında qurulması reallığının növbəti dəfə qəbul edildiyini deməyə əsas verir.
Yenixeber.org: Görüşdə müzakirə edilən mövzular da bunu təsdiqlədi. Müzakirəni iki istiqamətdə dəyərləndirmək olar.
Birincisi, Ermənistan və Azərbaycan arasında münasibətlərin qurulmasıdır:
- İki ölkə arasında münasibətlərin normallaşması;
- Etimad mühitinin qurulması;
- Kommunikasiyaların açılması;
- Sərhədlərin delimitasiya və demarkasiya olunması;
Bu, Bakının münaqişənin artıq bitdiyi və Ermənistanla münasibətlərin normallaşmasının zəruriliyi ilə bağlı mövqeyinə uyğundur. Eləcə də 10 noyabr razılaşması, Moskva, Soçi və Brüssel razılaşmalarının icra edilməsi zərurətinin bəyan edilməsidir.
İkincisi, humanitar məsələlərin həlli ilə bağlıdır. Görüşdə Azərbaycan və Ermənistan arasında humanitar məsələlər, Azərbaycanın üzləşdiyi mina problemi müzakirə olundu.
Bununla Azərbaycan iki nəticə əldə etdi:
1. Postmünaqişə dövründə müzakirə və həll edilməli məsələlərin humanitar istiqamətdə olduğu mövqeyini qəbul etdirdi;
2. Diqqəti işğaldan azad edilməsi ərazilərdə mina probleminə və onun həllinə çəkdi, beynəlxalq ictimaiyyətin bu məsələdə dəstəyinin artırılmasını aktuallaşdırdı;
Əsas razılaşmalardan biri də UNESCO-nun Azərbaycana və Ermənistana missiyasının göndərilməsinə ilə bağlıdır. Müharibədən öncə rəsmi Bakı UNESCO-nun bu missiyaya başlamasını istəsə də, təşkilat bu istiqamətdə əməli addım atmayıb. Lakin indi bu razılaşma iki hədəfə nail olmaq baxımından əhəmiyyətlidir:
Birincisi, UNESCO-nun missiyası ilə işğaldan azad edilmiş ərazilərdə erməni vandalizmi beynəlxalq təşkilat tərəfindən sənədləşdiriləcək: bu, həm də beynəlxalq məhkəmələrdə Bakının əlini gücləndirə bilər;
İkincisi, “xristian abidələrinin dağıdılması ittihamı”nın yalan olduğu məhz beynəlxalq təşkilatın gözü ilə təsdiqlənəcək;
Görüşün nəticələri və verilən bəyanatların mətni Azərbaycanın müharibədən sonra növbəti diplomatik qələbəsidir, xüsusilə “münaqişə bitməyib” iddialarının gündəmə gətirildiyi Qərbdə reallığın qəbul edilməsi baxımından.
“Münaqişənin bitmədiyi”, “Qarabağın statusu” kimi qeyri-real iddiaları xüsusilə Fransa gündəmə gətirirdi. Bakının diplomatik manevrləri Fransanın Minsk qrupunun həmsədr ölkəsi kimi reallığı qəbul etməsi ilə nəticələndi.
Emmannuel Makron və Şarl Mişelin görüşün yekunlarına dair birgə bəyanatının mətni bunu təsdiq edir. Bəyanatda Brüssel görüşündə təsbit olunmuş uğurlu sülh gündəliyinin davam etdirilməsi, Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması və sülh danışıqlarına hazırlıq, Zəngəzur dəhlizi də daxil olmaqla kommunikasiyanın açılmasının vacibliyi, itkin düşmüş şəxslərin taleyinin müəyyən edilməsi, minaların təmizlənməsində Azərbaycana yardım və etimad quruculuğu kimi məsələlər öz əksini tapır. Bütün bunlar faktiki Bakının istədiyi postmünaqişə dövrünə aid olan məsələlərdir.
Və bəyanatda xüsusilə diqqət çəkən iki mühüm məqam var.
Birincisi, Minsk qrupuna istinad edilmir: Moskva, Soçi və Brüsseldə keçirilmiş görüşlərdə də Minsk qrupuna yer ayrılmadı və məhz bu görüşdə də eyni mövqe davam etdirildi;
İkincisi, “Dağlıq Qarabağ münaqişəsi” və hətta Qarabağ kimi ifadə yoxdur: bu bir daha Qarabağ mövzusunun tamamilə gündəlikdən çıxdığının nümunəsidir və Fransa da ATƏT-in MQ həmsədri olaraq bu reallığı qəbul edir; Fransanın görüşdə həmsədr kimi yox, Avropa İttifaqına sədrliyi qəbul etmiş ölkə kimi iştirak etməsi də bu yanaşmanın davamıdır;