Ekspert:"Azərbaycan Laçın dəhlizi üzərindən Ermənistana təzyiqləri artırmalıdır"
"Laçın dəhlizi üzərindən Ermənistana təzyiqləri artırmaqla rəsmi İrəvana Zəngəzur dəhlizi məsələsində daha konstruktiv mövqe ortaya qoymasına nail ola bilərik".
Yenixeber.org: Bunu nəqliyyat üzrə ekspert Yasin Mustafayev deyib.
Onun sözlərinə görə, Ermənistan bu məsələdə nə qədər çox dirəniş göstərsə, bir o qədər çox düşdüyü çuxurdan çıxa bilməyəcək və regionun dalanı kimi qalmaqda davam edəcək:
“Zəngəzur dəhlizinin açılmasında Ermənistanın özünün kifayət qədər maraqları var. Onun heç bir ölkə ilə dəmir yolu əlaqələri demək olar, yoxdur. Bu isə ağır yüklərin daşınması imkanlarını əhəmiyyətli dərəcədə məhdudlaşdırır, o cümlədən əsas müttəfiqləri olan İran və Rusiya ilə. Dəhlizin açılması bu mənada onlara üstünlük qazandıracaq. Digər tərəfdən Türkiyə Ermənistanla əlaqələrin bərpasını Zəngəzur dəhlizinin açılmasına bağlayıb. Yəni Ermənistanın mövcud dirənişdən iqtisadi itkiləri siyasi çıxarlarından qat-qat böyükdür”.
Ekspert hesab edir ki, Ermənistan tərəfinin gömrük məsələsini ortya atması Nikol Paşinyanın növbəti siyasi gedişidir:
“Baş nazir dəfələrlə çıxışlarından həm dünya ilə əlaqələrin yaradılması baxımından, həm də 10 noyabr Bəyannaməsinə uyğun olaraq Zəngəzur dəhlizinin açılmasının zərurətini vurğulayıb. Zəngəzur dəhlizində gömrük nəzarətinin olacağına dair fikirlərdən sonra Azərbaycan haqlı olaraq Laçın dəhlizində analoji yanaşmanı ortaya qoya bilər. Buna bütün beynəlxalq normalara görə tam haqqımız var və heç kim bu hüququmuzun rellaşdırılmasına mane ola bilməz. Azərbaycan onunla güc dilindən danışmağın əvəzinin nə olduğunu Vətən müharibəsi vaxtı bütün dünyaya göstərmiş oldu".
Y. Mustafayev düşünür ki, indiki halda Laçın dəhlizində hər hansı nəzarət alətlərinin işə salınmaması sırf Azərbaycan tərəfinin humanizmi və 10 noyabr Bəyanatının ruhuna uyğun gələn davranış kimi qəbul edilməlidir: "Təəssüflər olsun ki, Ermənistan cəmiyyətinin hələ də revanşist fikirlərlə yaşayan qismi bunu dərk etməkdə çətinlik çəkir. Nikol Paşinyan bu söhbəti ortaya atmaqla bir növ Azərbaycan tərəfinin istənilən demarşa adekvat cavab vermək imkanlarının olduğunu və bundan ən çox itirən tərəfinin elə Ermənistanın özünün olacağını həmin kütləyə göstərmək cəhdi kimi qiymətləndirilə bilər. Buna görə hesab edirəm ki, Ermənistan gömrük məsələsində dirəniş göstərməyə davam etsə, biz Laçın dəhlizinin bağlanması, orada postların qurulması və ya digər bu kimi təzyiq mexanizmlərini işə salmalıyıq. Əvvəlki təcrübələr də göstərir ki, hazırkı mərhələdə qarşı tərəfin başa düşdüyü ən effektiv dil budur”.
Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev Brüsseldə NATO-nun Baş katibi Yens Stoltenberqlə keçirdiyi görüşdə bildirib ki, Zəngəzur dəhlizinin hüquqi rejimi Laçın dəhlizinin eynisi olmalıdır. Prezident vurğulayıb ki, Azərbaycan Qarabağla Ermənistan arasında əlaqə üçün təhlükəsizliyi və maneəsiz çıxışı təmin edir: “Ermənistan Azərbaycanla Naxçıvan Muxtar Respublikası arasında əlaqələr üçün eyni maneəsiz çıxış və təhlükəsizliyi təmin etməlidir. Beləliklə, bu gün Laçın dəhlizində gömrük məntəqəsi yoxdur. Ona görə də Zəngəzur dəhlizində də gömrük olmamalıdır. Əgər Ermənistan yük və insanlara nəzarət etmək üçün öz gömrük qurumlarından istifadədə israr etsə, onda biz Laçın dəhlizində eynisində israr edəcəyik”.
Azərbaycan Prezidenti İlham Əliyev, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistanın Baş naziri Nikol Paşinyanın iştirakı ilə keçirilən üçtərəfli görüşün nəticəsi olaraq Zəngəzur dəhlizi boyunca dəmir yolunun çəkilməsi barədə razılıq əldə edilib.