İradə Cavadova: “Putin çalışır ki, bütün postosvet məkanını öz nəzarətində saxlasın”
Əhəd Məmmədli: “Saakaşvilini xaricdə müalicə adı ilə Gürcüstandan çıxaracaqlar”
Yenixeber.org: Ötən həftənin sonu Gürcüstanın həbsdə olan sabiq Prezidenti Mixail Saakaşvilinin səhhətində ciddi problemlər yaranıb. 50 gün aclıq aksiyası keçirən Saakaşvili Rustavi şəhərindəki 12 saylı cəzaçəkmə müəssisəsindən Tbilisidəki Qldani həbsxanasının klinikasına köçürülüb. Həbsxana klinikasında huşunu itirib yerə yıxılan keçmiş Prezidenti reanimasiyaya yerləşdiriblər.
Bu arada Gürcüstan Prezidenti Salome Zurabişvili Mixail Saakaşvilinin mülki klinikaya köçürülməsi üçün hakimiyyətə müraciət edib. Zurabişvili eks-prezidentin sağlamlığı ilə bağlı yarana biləcək problemin ölkədə qarşıdurmaya səbəb ola biləcəyini vurğulayıb: “Bu səbəbdən Saakaşvilinin sağlamlığı mütləq şəkildə qorunmalıdır”.
Qərb dövlətləri, demokratik təsisatlar Gürcüstan hökumətindən təcili olaraq Saakaşvilini azadlığa buraxmağı tələb edir. Aparıcı dünya KİV-ləri baş verənlərin arxasında Kremlin dayandığını bəyan edərək, Gürcüstan rəhbərliyini müstəqil siyasət yürüdə bilməməkdə ittiham edir.
Qonşu ölkədə baş verənləri şərh edən hüquq müdafiəçisi İradə Cavadova Saakaşvilinin Gürcüstanın inkişafında misilsiz xidmətləri olduğunu deyib: “Hər kəsə məlumdur ki, yaxın tarixə qədər, daha doğrusu, Eduard Şevardnadzenin ölkəyə rəhbərliyi dövründə Gürcüstan korrupsiyanın ən çox yayıldığı, demokratik dəyərlərin olmadığı, insan haqlarının pozulduğu dövlətlərdən biri olub. Məhz Mixail Saakaşvilinin hakimiyyətə gəlişindən sonra Gürcüstanda korrupsiya və rüşvətxorluğun kökü kəsilib, ölkədə demokratik dəyərlər bərqərar olunmağa başlayıb. Hətta onu müasir Gürcüstan dövlətinin memarı da adlandırmaq olar”.
“Ölkəsinin inkişafında bu qədər xidmətləri olan şəxsi həbsdə saxlamaq, onunla qeyri-insani rəftar yolverilməzdir. Saakaşvili bu gün də demokratiya mübarizəsini davam etdirir - hətta öz canı bahasına olsa belə. Bu gün onu həbsdə saxlamaqla Gürcüstan iqtidarı olan-qalan etimadını da itirir. Son günlər müəyyən geriçəkilmələr müşahidə olunur. Gürcüstanın Prezidenti də hökumətə çağırış edib. Onlar Sakkaşvilini ona görə azadlığa buraxmırlar ki, bu, ölkədə yenidən hakimiyyət dəyişikliyinə səbəb ola bilər. Bunun baş verməməsi üçün onu həbsdə saxlayırlar”, - deyə müsahibimiz bildirib.
Onun sözlərinə görə, bu gün Gürcüstanda baş verənlərdə Rusiya amili əsas rol oynayır: “Putin postsovet məkanında öz nəzarətindən kənar heç bir liderin hakimiyyətə gəlməsinə imkan vermək istəmir. Çünki bilir ki, bu, onun üçün pis nümunədir. Məhz bu səbəbdən keçmiş ittifaq ölkələrini daha bərbad günə salmaqla diqqəti özündən yayındırmağa çalışır. Nə qədər ki, Putin var, postsovet dövlətləri əsarətdən xilas ola bilməyəcək. Ən dəhşətlisi odur ki, demokratik keçid etmiş ölkələrdə belə, buna imkan vermirlər”.
“Saakaşvili ölərsə, bu, çox ciddi çalxalanmalara səbəb olacaq. Dünyada demokratiya müzakirələrini yenidən gündəmə gətirəcək. Gürcüstanda bunun fonunda hakimiyyət dəyişikliyinin baş verəcəyi qaçılmazdır. Artıq gürclərin demokratik cəmiyyət qurmaq ənənəsi formalaşıb və həm Gürcüstan iqtidarının, həm də onun hamilərinin əsas qorxuları məhz buna görədir. Bir tərəfdən Saakaşvilinin başına bir iş gəlməməsini, digər tərəfdən isə onun azadlığa çıxmamasını istəyirlər. Bütün hallarda Gürcüstan yeni dəyişikliyə hamilədir və yəqin ki, bunun qarşısını almaq mümkün olmayacaq”, - deyə Cavadova vurğulayıb.
Politoloq Əhəd Məmmədli isə hesab edir ki, Saakaşvilinin başına faciəli bir iş gəlməyəcək: “Bizim də həbsxana təcrübəmiz var. Bilirik ki, bəzən həbsxanadan şişirdilmiş informasiyalar sızdırılır. Yəqin ki, bu məsələdə də belədir. Təbii ki, Saakaşvili aclıq aksiyası keçirir və bu səbəbdən səhhətində müəyyən problemlər yaranıb. Lakin inanmıram ki, durumu iddia edildiyi kimi, ağırdır. Gürcüstan hökuməti hər vəchlə onun səhhətini qorumağa çalışacaq. Bunun üçün nə mümkündürsə, edəcək”.
“Güman ki, sabiq Gürcüstan Prezidenti Timoşenkonun taleyini yaşayacaq. O zaman Ukrayna müxalifətinin lideri ilə də bağlı oxşar vəziyyət yaranmışdı. Navalnının da başına eyni hadisə gəlib. Nəticədə onların hər ikisi müalicə adı ilə Almaniyaya aparıldı. Böyük ehtimalla, Saakaşvilini də müalicə adı ilə Avropaya çıxaracaqlar. Lakin burada vəziyyət fərqli olacaq. Yəni, Timoşenkonun başına gələnlərdən sonra Ukraynada inqilab olsa da, Gürcüstanda bu gözlənilmir”, - deyə analitik söyləyib.
Məmmədli əlavə edib ki, Saakaşvili ölkəyə qayıtdıqdan sonra ciddi elektorat toplaya bilmədi: “Onun rəhbəri olduğu siyasi təşkilat seçkilərdə məğlub oldu. Saakaşvilinin azadlığı üçün tələb olunan aksiyalar yetərli olmadı. Görünən odur ki, artıq Gürcüstan cəmiyyətində ona bir o qədər də ehtiyac duymurlar. Lakin bütün hallarda hər şey mümkündür və heç bir variant birmənalı şəkildə istisna oluna bilməz. Bütün bu suallara əlahəzrət zaman cavab verəcək”.(AYNA)