Redaktor seçimi
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Günün xəbəri

“AZƏRBAYCAN İRANI YARALAYIB, ÖZÜ DƏ CİDDİ YARALAYIB” -"Ocaq Nejata qarşı atılan addımlar davamlı olmalıdır"

“İran Azərbaycana qarşı qeyri-hərbi güclərdən istifadə etməklə, strateji savaşı davam etdirəcək”

Son hadisələr göstərir ki, İrandakı rejim Azərbaycanın II Qarabağ Müharibəsindəki qələbəsini və regional müstəvidə ölkəmizin uğurlarını heç cür həzm edə bilmir. Bu səbəbdən də İranın gah generalları, gah mollaları, gah da ali dini lideri Azərbaycanı hədəfə alan fikirlərlə gündəmə gəlir, hətta Azərbaycanla sərhəddə hərbi təlimlər keçirilir. Hazırda İran-Azərbaycan münasibətləri öz tarixinin bəlkə də ən gərgin mərhələlərindən birini yaşamaqdadır.

Yenixeber.org: Bu mövzunu Azad Demokratlar Partiyasının sədri, təhlükəsizlik üzrə ekspert Sülhəddin Əkbərlə müzakirə etmişik.

- Sülhəddin bəy, İranla Azərbaycan arasında gərginlik davam edir, rəsmi Tehran sanki bilərəkdən münasibətləri kəskinləşdirməklə nələrəsə nail olmağa çalışır. Hazırda Tehran-Bakı xəttində müşahidə edilən bu gərginliyin səbəbini nədə görürsünüz?

- Əvvəla, deyim ki, bu gərginlik qəflətən baş verməyib, uzun və tarixi prosesin məntiqi nəticəsi kimi ortaya çıxıb. Sadəcə olaraq II Qarabağ Müharibəsində Azərbaycanın qalib gəlməsi və ondan sonra baş verən bir sıra hadisələr bu prosesi sürətləndirib. Qeyd edim ki, 2017-ci ildə nəşr etdirdiyim “Dövlət siyasətinin əsasları” adlı kitabımda teokratik İran İslam Respublikası Azərbaycana yönəlik və aktuallaşmağa meylli potensial təhdid kimi qiymətləndirilib, eyni zamanda qeyd olunub ki, bu təhdid çox qısa zaman kəsiyində dəyişən şərait və şərtlərdən asılı olaraq aktuallaşa bilər. Biz, hazırda buna şahidlik edirik. Əslində, prosesləri izləməyən insanlar bu gərginləşməni qəfil siyasi gediş kimi qavraya bilərlər. Amma bu, gözlənilən proses idi və bunun tarixi, dərin arxa planı da var.

- Nəyi nəzərdə tutursunuz?

- Nəzərə almaq lazımdır ki, müasir İran türk sülalələrinin min il boyunca - 1925-ci ilə qədər davam edən hakimiyyəti altında olan tarixi coğrafiyadır. Bu, Böyük Səlcuq İmperiyasının dağılmasından, Qaraqoyunlu və Ağqoyunlu dövlətlərinin qurulmasından, Səfəvilər, Əfşarlar, Qacarlar dövlətinə qədər davam edib. Rusiya İmperiyası ilə Britaniya İmperiyasının birləşərək bu coğrafiyada türk sülalələrinin hakimiyyətinə son qoyduğu1925-ci ilə qədər indiki İranın yerləşdiyi ərazidə türk etnosu hakim olub.

Əslində, İran adı siyasi və coğrafi anlayış olaraq sonradan ortaya atılıb. Keçmişdə İran adında dövlət olmayıb. Bu, bizim tarixi dövlətimizdir. Təəssüflər olsun ki, Rusiya İmperiyası ilə müharibələrdə Qacar dövləti məğlub oldu, Şimali Azərbaycan ruslar tərəfindən işğal olundu. Yəni müasir İran bu tarixi mənzərəni və gerçəkliyi nəzərə alaraq indiki Azərbaycan Respublikasına tarixi torpağının tərkib hissəsi kimi baxır.

Təəssüflər olsun ki, biz tarixi arxa planı unudur, bütövlükdə indi İran adlanan dövlətə öz dövlətimiz kimi baxa bilmirik. Mənə elə gəlir ki, bu, strateji düşüncə nöqsanımız, çatışmazlığımızdır. Biz indi İran adlanan dövlətə strateji baxışımızı dəyişməli, tarixi arxa planı nəzərə alaraq, oraya öz tarixi dövlətimiz kimi baxmalıyıq. Bu baxımdan İran Azərbaycana dünənə qədər də potensial təhlükə mənbəyi kimi baxırdı. Çünki müstəqil, dünyəvi və demokratik yol tutan, rifaha qovuşan, xüsusilə də artıq qalib gələn Azərbaycanı özünə təhdid hesab edir. Bu, Cənubi Azərbaycanda yaşayan türklər başda olmaqla bütün türk və müsəlman xalqları üçün ruhlandırıcı nümunədir.

Heç kimə sirr deyil ki, II Qarabağ savaşı təkcə Şimali Azərbaycandakı türkləri millətləşmə və dövlətləşmə baxımından yeni səviyyəyə qaldırmayıb, eyni zamanda türk-müsəlman dünyasına impuls verib. Bu da İranda yaşayan xalqlara, başda da Azərbaycan türklərinə aiddir. İranın narahatçılığı indi daha çox artıb.

İran görür ki, Azərbaycan II Qarabağ müharibəsindən qalib çıxdıqdan sonra iqtisadi potensialını və qurduğu beynəlxalq münasibətlər sistemini nəzərə alsaq, bundan sonra da sürətlə inkişaf edib güclənə bilər. Bu da İran üçün ciddi təhdid hesab olunur. Xüsusilə, burada Azərbaycan Ordusunun, kəşfiyyat və təhlükəsizlik qüvvələrinin güclənməsi də İran tərəfindən narahatlıqla qarşılanır. Amma İranın narahatlığı yalnız bununla da bitmir...

- Başqa hansı məqamlar və səhnə arxası proseslər İranın narahatlığına səbəb olur və Tehranı emosional davranışlara sövq edir?

- Azərbaycanın Türkiyə ilə strateji müttəfiqlik sazişi imzalaması, bundan sonra atdığı addımlar, ələlxüsus hərbi sahədə türk modelinə uyğun ordu quruculuğuna keçməsi, Türkiyə, Pakistan və Azərbaycan üçlüyünün yaranması və birgə təlimlərin keçirilməsi, Türk birliyinin yaranması, noyabrda keçiriləcək Türk Şurasında hansısa qərarların qəbul olunma ehtimalı, ümumiyyətlə Türkiyənin güclənməsi ilə birlikdə Azərbaycanın da güclənməsi, Zəngəzur dəhlizinin açılması ilə birlikdə Türkiyənin Türk dünyası ilə birbaşa əlaqələrinin qurulması perspektivi və bu kontekstdə İranın nəqliyyat-lojistika rolunun kəskin aşağı düşməsi, işğal zamanı qanunsuz olaraq çoxyönlü istifadə etdiyi torpaqların əldən çıxması İranı ciddi narahat edir. Ermənistanla əvvəlki kimi sərbəst əlaqə qurmaq imkanlarının aradan qalxmasını da bura əlavə etmək lazımdır. Bütün bunlar İranı ciddi şəkildə narahat edir. Təbii ki, Azərbaycanın beynəlxalq münasibətlər sistemində rolunun güclənməsi, xüsusilə, İsrail və Böyük Britaniya ilə əlaqələrinin güclü olması, Çinlə regionda maraqlarının üst-üstə düşməsi şübhəsiz ki, İranı narahat etməkdədir. 

- Son 30 ildə ilk dəfədir ki, İranın ali dini lideri Seyid Əli Xamenei açıq bəyanatla çıxış edərək, Azərbaycanı hədəf kimi göstərdi, sionistlərə işarə edərək bildirdi ki, regiona xarici qüvvələr buraxanlara “şapalaq” dəyəcək və s. Yəni vəziyyət bu dərəcədə gərgindirmi ki, İranın ali dini lideri bu cür kəskin danışmağa başlayıb?

- Birincisi, müstəqil, dünyəvi və demokratik inkişaf yolunu tutan, rifah perspektivi açılan Azərbaycan Respublikası, bəli, Cənubi Azərbaycan, tarixi perspektiv və bizim bütövlükdə coğrafiyaya sahiblənmək niyyətinə düşə biləcəyimiz baxımından Tehranı narahat edir.

İkincisi, Türkiyə-Azərbaycan strateji müttəfiqliyinin yaranması, Türkiyə-Azərbaycan-Pakistan strateji tərəfdaşlığının qurulması.

Üçüncüsü, Türk yolunun açılması.

Bunlar kifayət deyilmi? Bunlar çox böyük tarixi əhəmiyyətli, taleyüklü dəyişikliklərdir. Bu baxımdan da teokratik Tehranın və Qumun baxışılarında bunlar təhlükəli inkişaflardır. Yəni İranın maraqlarından baxanda belə görünür.

Biz diqqət etsək görərik ki, əslində İran kifayət qədər təcrübəyə sahib dövlətdir, onun dərin dövlət ağlı var. Sadəcə olaraq, belə görünür ki, sürətli dəyişikliklər İranın dini-siyasi rəhbərliyinin ruhi-psixoloji balansını pozub.

- İranın bu cəhdləri yuxarıda dediyiniz tarixi inkişafı saxlamaq baxımından hansı potensiala sahibdir?

- İranın hədələrinin mənasız olduğu ortadadır. Əsassız olmaqla yanaşı, bunlar həm İranın özü üçün, həm də iki qonşu dövlət və xalq arasında münasibətlər baxımından ziyanlıdır. Çünki İranın elə potensialı da yoxdur ki, Azərbaycan Respublikasına meydan oxusun. Azərbaycan, əvvəla, əvvəlki dövlət deyil, qalib dövlətdir. Millətimiz əvvəlki deyil, artıq millətləşmə və dövlətləşmə baxımından yeni keyfiyyət müstəvisinə çıxan qalib və müzəffər millətdir. Üstəlik, Azərbaycanda millət-ordu genetik formulu işə düşməyə başlayıb. Xüsusən də Azərbaycanın qurduğu müttəfiqlik, əməkdaşlıq münasibətləri nəzərə alınmalıdır.

Dünyada İsrail, Böyük Britaniya, Çin, Pakistan kimi dövlətlərin mövcudluğunu və Azərbaycanla münasibətləri nəzərə aldıqda İranın gerçəkləri dəyişmək üçün potensialının olmadığı qənaətinə gəlmək olar. Məncə, son addımlar İran tərəfindən sadəcə yoxlama gedişi idi və bunun da hansı nəticələrə gətirib çıxaracağı göz önündədir. Azərbaycanın çəkinmədiyi, qorxmadığı aşkar görünür. Dövlət başçısının Cəbrayıldan verdiyi “Horoplu cavab”, sərhəd ərazilərindən minaların təmizlənməsi, Pakistan və Türkiyə ilə birgə hərbi təlimlər, habelə İsrail, Böyük Britaniya və ABŞ-ın ilkin reaksiyaları, mənə elə gəlir ki, İranı çəkindirıcək.

Xüsusilə, İranın Azərbaycana hava dəhlizini qapatmasından sonra Ermənistanın hava məkanını Azərbaycanın üzünə açması, eləcə də Moskvada Rusiya və İran xarici işlər nazirlərinin görüşü zamanı Lavrovun açıqlamalarını Tehran nəzərə almalıdır. Məncə, İran üçün bunlar ciddi gedişlərdir və Tehran bu məsələdə təkləndiyini görməyə bilməz. İranı nəinki Azərbaycan, onun müttəfiq və tərəfdaşları məyus etdilər, eyni zamanda Tehranın güvəndiyi dağlara da qar yağdı. İran Rusiya və Ermənistandan yəqin ki, bu addımları gözləmirdi.

- Sizcə, Moskvadakı Abdullahian-Lavrov görüşündən çıxan nəticə nədir, Kreml İranın regionda aktivləşməsinə qarşıdırmı?

- Sözsüz. Məncə, Ermənistanın hava dəhlizini dərhal açması və Lavrovun mövqeyi İran üçün ibrətamiz olmalıdır. İndi Avropa Birliyi və ABŞ-ın dəstəyi ilə Gürcüstan Azərbaycan və Ermənistan arasında vasitəçilik missiyası həyata keçirir, ən azı buna səy göstərir. Həm qlobal, həm də regional dəyişiklikləri İranın əvvəlcədən necə anlaya bilmədiyini izah etməkdə çətinlik çəkirəm. Görünür, qeyd etdiyim kimi, baş verən sürətli dəyişikliklər İranın siyasi-hərbi rəhbərliyinin ruhi-psixoloji balansını pozub və onlar hadisələri soyuqqanlı şəkildə dəyərləndirə bilməyiblər.

- Sizcə, bundan sonra Azərbaycanla İran arasında münasibətlər hansı formada inkişaf edəcək?

- Baş verənlər İranın əleyhinədir və Tehran bundan düzgün nəticə çıxarmalı olacaq. Əks halda getdikcə təklənəcək və itirdikləri daha çox olacaq.

Əlbəttə, mən münasibətlərdə sabitləşmə gözləməməklə yanaşı, İranın dayanacağını da düşünmürəm. Ona görə də, Azərbaycan hakimiyyəti, xüsusilə xüsusi xidmət orqanları ayıq-sayıq olmalıdırlar. İran çox yaxından izlənməlidir. Həm hərbi, siyasi, iqtisadi, təhlükəsizlik baxımından, həm də digər sahələrdə. İran Azərbaycana qarşı qeyri-hərbi güclərdən istifadə etməklə elan etdiyi strateji savaşı davam etdirəcək.

Əslində, İran hərbi güc tətbiq etməklə nəticə əldə etməyəcəyini görür. Bundan sonra qeyri-hərbi gücdən, yəni strateji savaşın digər komponentlərindən istifadə edəcək. Bu zaman kəşfiyyat savaşına, dini sahədə pozuculuq işlərinə üstünlük verəcək. Odur ki, İranın Azərbaycandakı “beşinci kolonu”na diqqət etmək və ona qarşı təsirli tədbirlər görmək lazımdır. Mənə elə gəlir ki, Azərbaycanın Ocaq Nejatla bağlı verdiyi qərar da, Xamenei başda olmaqla, İran rəhbərliyinə ciddi siqnal olmalıdır ki, Azərbaycan bundan sonra da qəti mövqe tutacaq. Azərbaycanın qəti mövqe tutması həm öz gücü ilə, həm də arxasında duran güclərlə əlaqəlidir. 

- İranın “beşinci kolonu” Azərbaycan üçün nə dərəcədə təhlükəlidir?

- Təbii ki, təhlükəlidir. Çünki Azərbaycan müstəqillik qazanar-qazanmaz, İranla olan sərhədləri xalqımız açdıqdan sonra Azərbaycanda kəşfiyyat fəaliyyətinə başlanılıb. Azərbaycanda bu fəaliyyət bir neçə istiqamətdə aparılıb. Həm dini, həm siyasi, həm hərbi, həm də xüsusi xidmətlər istiqamətində. Bu mənada diqqətli, hazırlıqlı olmaq lazımdır. Ocaq Nejata qarşı atılan addımlar davamlı olmalı, Bakı bununla kifayətlənməməlidir. Bu istiqamətdə atılan addımlar davamlı olmalıdır. Ocaq Nejat İranın ali dini rəhbərinin xüsusi nümayəndəsidir. Yəqin ki, Qumda bunu müharibə səbəbi sayacaqlar. Azərbaycan İranı yaralayıb, özü də ciddi yaralayıb. Azərbaycan düşünməməlidir ki, növbəti addımları atmadığı təqdirdə İran sakitləşəcək və dayanacaq. Belə olmayacaq. Odur ki, Azərbaycan indiyə qədər atdığı addımlardan sonra dura bilməz və durmamalıdır. Durduğu halda proseslər ziyanına işləyəcək.(azpolitika)

Rasim Əliyev


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam