Tarixin qaranlıqlarında batan Ermənistana şam tutan İran mollaları
Bu gün Ermənistanı özünün “kiçik qardaşı” adlandıran İran aşkar şəkildə Azərbaycanı hədələməkdən belə çəkinmir. Əvvəlcə İran tərəfindən mollalar ölkəmizə qarşı təhqirlər və təhdidlər səsləndirirdisə, indi bu hərəkətləri Tehran rəsmilərindən eşidirik. Əslində bütün bunlar gözlənilən idi. İran-Ermənistan “qardaşlığı”nın bir sıra səbəbləri var.
Yenixeber.org: Birincisi, İran tərəfi torpaqlarımızın 30 illik işğalı müddətində bu ərazilərdən öz mənafeyi hesabına istifadə edib. Burada narkotik becərib, terrorçu yetişdirib, bunun qarşılığında isə Azərbaycan xalqına qarşı soyqırım törədən erməni terrorçuları maliyyələşdirib, silahlandırıb ki, vaxtı, zamanı yetişəndə onlar Azərbaycan Ordusuna qarşı dura bilsinlər. Ancaq bütün bunlar əbəs idi. Azərbaycan 44 gün ərzində onların yersiz xəyallarını məhv etdi.
İkincisi, İran Azərbaycanın 44 günlük müharibədəki qələbəsini həzm edə bilmir. Çünki bu müharibə regionun geosiyasi vəziyyətini dəyişdi. İranın bölgədəki kiçik də olsa nüfuzunu yerlə-bir etdi. İndi İranın bölgədəki hadisələrə təsiri mümkünsüzdür. Rəsmi Tehran da baş verən hadisələrdən kənarda qalmamaq üçün Ermənistana özünü “böyük qardaş” kimi göstərir. Amma İranın “ağıllı” siyasətçiləri anlamır ki, bu gün Azərbaycan-Ermənistan münasibətlərində diqtə edən tərəf Azərbaycandır. Bunu Azərbaycan Prezidenti İlham Əliyev çıxışlarının birində xüsusilə vurğulayıb.
Üçüncüsü, İran iqtisadi zərərlə qarşı-qarşı olacağından qorxuya düşüb. Onsuz da iqtisadi baxımdan çox çətin vəziyyətdə olan, sanksiyalara məruz qalan Tehran Cənubi Qafqaz regionundan, daha dəqiq desək, işğal altındakı ərazilərdə əkib-becərdikləri narkotik tərkibli bitkilərdən əldə etdiyi gəlirdən məhrum olub. Bu isə fars mollalarının acığına gəlib. Onlar da regiondakı iqtisadi layihələrə qoşulmaq əvəzinə erməni terrorçuları ilə “din qardaşlığını” üstün tutublar. Rəsmi Tehran bununla müharibənin yenidən başlamasına və Ermənistanın qələbəsinə nail olacağını düşünür. Ancaq reallıq fərqlidir. 44 gün ərzində darmadağın olan erməni ordusunu yenidən müharibəyə sürükləmək intihara göndərməkdir.
Dördüncüsü, İran regionda İsrailin varlığını iddia edir. Bu iddialar da əsassızdır.
Prezident İlham Əliyev Cəbrayıla səfəri zamanı da bu məsələyə toxunub:
“Guya ki, Azərbaycan bu bölgələrə İsraili gətirib. Gözlərini açsınlar, görsünlər. Onlar İsraili burada harada görüblər?! Burada bir adam da yaşamır. Burada bir bina da yoxdur. Sübutlar var? Yoxdur. Sübutlar yoxdursa, hər kəs gərək dediyi sözlərə görə cavabdehlik daşısın. Biz imkan verə bilmərik ki, bizə qarşı kimsə əsassız iftira uydursun”.
Məsələyə digər tərəfdən baxaq. İran azərbaycanlıların qanını tökən ermənilərə “qardaşlıq” edir və İsraili Azərbaycana silah satmaqda günahlandırır. Başqa sözlə, İslam dini altında pərdələnən rəsmi Tehran erməni terrorçuları dəstəkləyir.
Dünən isə Azərbaycandan Naxçıvan Muxtar Respublikasına hərbi təchizat xarakterli yükdaşımaları həyata keçirən təyyarələr üçün İranın öz hava məkanını qapadığı məlum olub. Rəsmi Tehran bununla guya Naxçıvanı hərbi təchizatdan məhrum edəcəyini düşünür. Yenə fars mollaları əsas məqamı gözdən qaçırır: Şuşa Bəyannaməsini. Bu Bəyannamənin müddəaları onların qərarının nə qədər əhəmiyyətsiz olduğunu göstərir (Hələ Naxçıvana hərbi yüklərin aparılması üçün Azərbaycanın alternativ yollarının mövcud olmasını demirik).
Qısası, bu gün İranın Ermənistanın yanında olmasının səbəbləri çoxdur. Hər halda, rəsmi Tehranın yersiz addımları, qarayaxmaları qaranlığa qərq olan Ermənistana şam tutması kimidir. Ancaq o şam da İrəvanı həmin qaranlıqdan çıxarmağa bəs etməyəcək. Çünki İrəvanın işığı rəsmi Bakıdan asılıdır.